Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5149/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-487/2022 saylı, 08 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 2915,78 manat məbləğində borcun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9, ev 8 yaşayır. Müqaviləyə əsasən ona məxsus ünvan 1 yerləşən yaşayış sahəsi elektriklə təchiz olunmuşdur. Cavabdeh təşkilatla aralarında bağlanılmış müqavilə əsasında elektrik enerjisindən istifadə edərək dəyərini ödəyir. Cavabdeh təşkilatın əməkdaşları akt tərtib etmiş və akt əsasında 2915,78 manat cərimə hesablanmışdır. İstifadə olunan elektrik xəttinə quraşdırılmış sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfndə yerləşdirilmişdir. Hesab edir ki, bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, lakin indiyə qədər akt təqdim olunmammışdır. 17 noyabr 2021-ci il tarixdə fərdi yaşayış evinin elektrik enerji xəttini kəsmişlər, yalnız bir gün sonra ona bildirdilər ki, işıqla bağlı akt tərtib olunmuş, cəmi 2915,78 manat elektrik sərfiyyatına görə borcu vardır. Cavabdeh qurumun əməkdaşlarından aktı, hesabdan çıxarış-saldonu əldə etmək mümkün olmamışdır. O sayğac göstəricisinə əsasən istehlak olunmuş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. Əməkdaşların dedikləri akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bu səbəbdən də hesab edir ki, akt tərtib olunduğu andan etibarsızdır. Qeyd olunan aktn əsassızlığı barədə "xxxx" ASC-yə müraciət etsə də hər hansı bir nəticəsi olmamışdır. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair (abunə kodu **********90008) hesablanmış 2589,35 manat borc silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan **********90008 saylı abunə haqqında məlumatın və 25 noyabr 2021-ci il tarixli razılaşma protokolunun təhlilindən aydın olur ki, iddiaçının silinməsini tələb etdiyi 2915 manat borc iddiaçı tərəfindən Elektrik enerjisindan İstifadə Qaydalar"ının pozulması nəticəsində sayğaca müdaxilə faktına görə "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli Rİ094080 saylı, xx.xx.2020-ci il tarixli Rİ197503 saylı və xx.xx.2021-ci il tarixli NDM 027089 saylı aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri olmaqla cəmi 1055 manat və elektrik enerjisinin sərfiyyat borcu 1860 manat, ümumilikdə iddia verilən tarixədək 2715 manat borc təşkil edir. İddiaçının tələb etdiyi borc məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri, həmçinin iddiaçı tərəfindən sərf edilmiş lakin dəyəri ödənilməmiş elektrik enerjisi sərfiyyatı borcudur və iddiaçı tərəfindən ödənilməlidir. Lakin məhkəmə iş üzrə sübutların (abunə haqqında məlumatın və razılaşma protokolunun) qiymətləndirməsini düzgün aparmamış və bu hal əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunduğu hissədə yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd olunan hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Kollegiya tərəflərin izahatlarını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AR ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9, ev 8 X2 mülkiyyətindədir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZİ941746 nömrəli xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki. X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı qərarının 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.4.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Həmin qərarın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş **********0008 abonent kodu üzrə (xx.xx.2021-ci il tarixli arayış) ümumilikdə 2915,75 manat borc yaranmışdır. Öhdəliklərin xitamı üçün müddətləri nəzərdə tutan Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;.. . İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin aprel ayının 21-ci günündə müraciət etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi abonent kartı üzrə borc xx.xx.2016-cı il tarixindən hesablanmalıdır. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC-nin iddiaçıdan abonent kartı üzrə hesablanmış borc məbləği 5432,19 manat olsa da, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə son 5 il üzrə aparılmış hesablamalarla cavabdehin elektrik enerjisi sərfiyyatına görə yaranan borcu (2016 - 77,42/12x2=12,90, 2017-81,27, 2018-191,24, 2019-0, 2020-ci il tarixə 28,56, 2021-ci il tarix üçün 12,46 manat) ümumlikdə 326,43 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən, 2589,35 manat həddində təmin edilməlidir. Cavabdehin sübut kimi istinad etdiyi aktın surətindən görünür ki, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı da aktın məlumatlarının mötəbərliyini mübahisələndirir və borcunun olmadığını bildirir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-487/2022 saylı, 08 fevral 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5149/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5149/2022
20.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver