Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5160/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Nərimanov rayonu, Tolstoy küçəsi, dalan 5-də yerləşən 3 №-li evin su təchizatı ilə bağlı cavabdeh tərəfindən hesablanmış 1.000 manat borc silinsin. Tələb onunla əsaslandırılıb ki, həmin ünvanda yerləşən ev iddiaçıya məxsusdur, su xəttinə sayğac quraşdırılıb və **********001 saylı abonent kodu verilib. Bir müddət əvvəl özünü Yasamal Rayon Sukanal İdarəsinin nümayəndəsi kimi təqdim edən Aşur adlı şəxs həmin ünvana dəqiq tarixi və nömrəsi bilinməyən hesab-faktura gətirərək su sərfıyyatına görə 1.179,71 manat borc olduğunu bildirmişdir. Halbuki hər ay ünvana rəsmi qaydada təqdim edilən, Cavabdeh ASC-nin POS terminalından çıxarılan, üzərində ştrix kodu olan xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən ünvan üzrə istifadə edilmiş suya görə borc cəmi 179,71 manat təşkil edir. Odur ki, digər hesab-faktura ilə 1.000 manat borcun hesablanması əsassızdır. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin ünvan üzrə 1.000 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Sudan istifadə haqqında xx.xx.2022-ci il tarixli abonent kartından müəyyən olunur ki, abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 4 nəfər üçün 2014-cü il üzrə 264 manat, 2015-ci il üzrə 84,96 manat, 2016-cı il üzrə 109 manat, 2017-ci il üzrə 123 manat, 2018-ci il üzrə 122,5 manat, 2019-cu il üzrə 111,5 manat, 2020- ci il üzrə 122,5 manat, 2021-ci il üzrə 230,17 manat, 2022-ci il üzrə 77 manat borc olmaqla, ümumilikdə 1.161,71 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi müəyyən edib ki, sudan istifadəyə görə borc 4 nəfərə görə hesablansa da evdə 2021-ci ilə qədər yaşayış olmayıb. Lakin 2021-2022-ci illərdə evdə 2 nəfər yaşadığı halda 4 nəfər üçün, yəni iki dəfə artıq olaraq 307,17 manat borc hesablanıb. Odur ki, 2021-2022-ci illər üzrə 2 nəfər üçün borc 154 (307,17/2=154) manat təşkil edir. Həmçinin iddiaçı iki il ərzində cəmi 63 (5+20+19+19=63) manat ödəniş edib. Odur ki, 2021-ci ildən 2022-ci ilin aprel ayı da daxil olmaqla sudan istifadəyə görə cəmi 91 (154-63=91) manat borc yaranıb və 1.070 (1.161,71-91=1.070) manat borc artıq hesablanıb. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib və qətnamədə lazımi qaydada əsaslandırılıb. Evdə qeydiyyatda olan və yaşayan şəxslərin sayı barədə iddiaçı tərəfindən cavabdehə vaxtında məlumat verilməməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Məlumatın verilməməsi cavabdehə əsas vermir ki, istehlakçıdan istifadə etmədəyi suya görə haqq ödənilməsini tələb etsin. Belə qayda öhdəlik anlayışına (Mülki Məcəllə, maddə 385) ziddir. Sudan istifadə ilə bağlı münsibətlər öhdəlik münasibəti sayılır, heç bir kəsin istifadə etməyi suyun haqqını ödəmək öhdəliyi yarana bilməz. Beləliklə, məhkəmə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmuş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5160/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5160/2022
29.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver