Məhkəmə qərarları › İş №2(103)-5162/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5162/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5162/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan “Cavabdeh” İB-nin ******* saylı, 29 dekabr 2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “abonentin saldosu” üzrə hesablanaraq onun **********00320 saylı abonent koduna vurulmuş 216.00 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvana qaz sayğacı quraşdırılmış, həmin vaxtdan onlar qaz sayğacından istifadə edirlər. Bundan sonra sayğacda olan nasazlığa görə onun müraciəti əsasında həmin ünvanda olan sayğac yeni elektron sayğac ilə əvəz edilmişdir. Həmin vaxt akt tərtib edilmiş, laboratoriya göndərilmişdir. Bundan sonra qaz sayğacının nominal qaz sərfi 4 kub.metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün qanunsuz olaraq hesabat aparılmış və 2160 kub.metr qazın sərf edilməsi qeyd edilmişdir. Bu əsasla da qanunsuz olaraq 216 manat borc yazılmışdır. 22 noyabr 2019-cu ildə onun tərəfindən qaza 20 manat pul yüklənmişdir. Sayğac dəyişdirilərkən pul olduğu halda əsassız olaraq üç ay əvvələ itirilmiş qazın bərpası hesablanmışdır. Yoxlama zamanı sayğacın qoruyucu klapan bağlı, sayğac “alarım” vəziyyətdə olmuşdur. Göründüyü kimi, cavabdeh orqan “Cavabdeh” İB-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız hesablanaraq İddiaçı **********00320 saylı abonent koduna vurulmuş 216.00 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən sayğaca müdaxilə edildiyi üçün yaranmış qaz itkisinə görə ümumilikdə 216 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ******* saylı, 21.11.2019-cu il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” X5 sayğacının yoxlanılması barədə 28 dekabr 2019-cu il tarixli MSK seriyalı 29Z171003443 nömrəli arayışın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilib və kənar təsir izləri aşkar edilməmişdir.. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 kub.metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün qanunsuz olaraq hesabat aparılmış və 2160 kub.metr qazın sərf edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli 25.04.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan əmlakın sahibi İddiaçı Bəxtiyar oğludur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü, həmin Qərarla təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 3.1.4, 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.5 və 5.6-cı bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Cavabdeh” İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar