Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5164/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(011)-1203/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının yaşadığı ünvanda qaz sayğacına baxışın keçirilməsi zamanı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, istismara qəbulu haqqında akt”lar tərtib edilmiş həmin aktlarda qeyd edilmişdir ki, “sayğacdan qeyri-qanuni istifadə edildiyi aşkar edildi”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3606,76 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir (abonent saldosu). Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixində - ünvan 1 ünvanına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 Cavabdehnə qarşı istifadəsində olan ünvan 2 ünvanına əsassız olaraq yazılmış 1095,4 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov ev 3 ünvanında yaşayır. Cavabdehlə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən evin qazla təchiz edilmiş və həmin ünvana smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda Cavabdeh İB tərəfindən iddiaçının evinə qazın verilməi dayandırılmış, iddiaçı bu barədə Cavabdeh İB-də isə iddiaçıya qazdan qanunsuz istifadə etdiyinə görə aktların tərtib edildiyi, həmin aktlara əsasən iddiaçıya 1095,4 manat məbləğində borcun hesablandığı bildirilmişdir. Lakin iddiaçı bu barədə heç bir sənəd təqdim edilməmiş, iddiaçı yalnız onlara müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, onlar iddiaçıya sənədləri təqdim edərək borcun silinməsindən imtina etmişlər. Cavabdeh tərəfindən aktlar tərtib edilən zaman iddiaçının iştirakı təmin edilməmiş, iddiaçının bunun barəsində heç bir məlumatı olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(011)-544/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanına (abonent kodu:**********00003) üzrə X2 hesablanmış 1095.40 (min altmış beş manat, qırx qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30,95 (otuz doxsan beş) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia hesablanmış borcun silinməsi hissəsində qismən təmin edilərək, iddia tələbinə uyğun olaraq itirilmiş qazın dəyəri görə iddiaçıya hesablanmış 1095.40 manat məbləğində borc silinməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9, 5.2 və 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan qaz sayğacından kənar qaz borusuna müdaxilə etmək vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla, yerində çəkilmiş fotoşəkillərlə rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında AzərbaycanRespublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, İddiaçının (abonentin) yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 1095.40 (min doxsan beş manat, qırx qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatları nəzərə alaraq iddia ərizəsinə sübut kimi əlavə edilmiş sənədlər əsasında təhqiqat aparsa da, bu təhqiqatı qarşılıqlı çəkişmə prinsipiylə deyil, yalnız iddiaçının iddia ərizəsində sərgilədiyi iddiaçının mövqeyi əsasında həyata keçirmişdir. Məhkəmə Qətnamə qəbul edərkən İddiaçının Qazpaylayıcı-İstehlakçı arasında bağlanmış Müqavilədən əsaslar gətirsə də, oradan yalnız İstehlakçıya münasibətdə öhdəlik və hüquqlarından müddəalara əsaslanmışdır. Qazpaylayıcının isə Müqavilə üzrə Hüquqları haqqında heç bir əsas gətirilməmişdir. Sənədlərdən, GASREP (ödəniş cədvəli)-dən məlum olmuşdur ki, iddiaçı sayğaca müdaxilə etmək nəticəsində borc məbləği yaranmışdır. Göründüyü kimi İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, aktlar, nəzərə alınmayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməsinə sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə yalnız iddiaçının mövqeyindən araşdırma aparmışdır. Cavabdehin isə məhkəmə qətnaməsində ancaq bir cümləsi qeyd edilmişdir. İşdə olan abonent saldosunda (GASREP)əks olunan iddiaçının ödəniş intizamı araşdırılmadan məhkəmə mövcud qətnaməni qəbul etmişdir. İddia ərizəsinə əlavə edilən abonent saldosundan görünür ki, cavabdeh iddiaçının ünvanına, onun təqsirli hərəkətlərinə görə akt tərtib etmişdir. Lakin məhkəmə bu akta münasibətdə yalnız iddiaçının iddia ərizəsində qeyd edilən və qoşma kimi əlavə edilən dəlillərdən istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün iş materiallarını mülki işlə birgə mühasibatlıq ekspertizasına göndərməmişdir. Trassoloji ekspertiza keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi R.Əliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilmiş: -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB-nin 28 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 3024 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB-nin 13 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4906 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB-nin 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1728 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpası üzrə 11880 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına baxışın keçirilməsi zamanı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, istismara qəbulu haqqında akt”lar tərtib edilmiş və həmin aktlarda qeyd edilmişdir ki, “sayğacdan qeyriqanuni istifadə edildiyi aşkar edildi”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı 1095,40 manat məbləğində borcu mübahisələndirir. Lakin hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları aktlarının və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası iddiaçının isteklakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımaması, qazpaylayıcısının zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin hesab edir ki, aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktdlara əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Daha sonra müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş aktlar iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktların tərtib edilməsinə digər dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müsahibatlıq və trasoloji ekspertizaların keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq aktlar əsasında hesablanmış 1095.4 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(011)-1209/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə