Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5165/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(010)- 1457/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N saylı hərbi hissədə 26.04.1993-cü ildən N.08.1994-cü ilə qədər Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi falktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim N.Rzayeva, iş N 2(010)-1457/21) ərizə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəməyə verdiyi ərizəsində ona veteranlıq statusunun verilməsi ilə bağlı deyil, sadəcə onun həmin qeyd etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsini istəmişdir. Yalnız həmin ərizəsində qeyd etdiyi fakt müəyyən edildikdən sonra ona müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə bilər. Bu faktın müəyyən edilməsi barədə işlər mülki məhkəmədə baxılmalıdır. Həmin faktın müəyyən edilməsinin inzibati məhkəməyə heç vir aidiyyəti ola bilməz. Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən göstərmişdir ki, göstərilən tələb xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1ci, İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən Məhkəmənin nəzərinə çatdırılır ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuş, qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Rəşad Həsənov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5165/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5165/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver