Məhkəmə qərarları › İş №2(103)-5169/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5169/2022

07.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5169/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-211/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2021-ci il üçün 2937.89 manat borcu vardır. Belə ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/21 saylı, 14 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında qaz sayğacından kənar qoşulma təbii qazdan istifadə halı, eləcə də daşıyıcı qaz xətti üzərində sayğacdan kənar qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1782 (bir min yeddi yüz səksən iki) manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırımışdır ki, Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan ona məxsus ünvan 1 ünvanına gəlmiş, guya onun təbii qazdan sayğacdankənar istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1782 manat məbləğində əsassız borc yazmışdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən ünvanda o, əsasən yay aylarında fasilələrlə qısa müddət yaşamışdır. Yaşadığı dövr ərzində təbii qazdan qanuni formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini ödəmişdir. Cavabdeh İB tərəfindən tərtib olunmuş “dəymiş ziyanın bərpasına dair tələbnamə”lərdə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi müxtəlif tələbnamələrdə müxtəlif formada qeyd olunmuşdur. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş tələbnamələrdə göstərilən hesablamalar işin faktiki hallarına uyğun deyildir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 02 fevral 2019-cu il tarixli tələbnamədə PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 6 saat, QSSQ-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, oıta günlük iş rejimi 8 saat, Dəmir sobanın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat götürülsə də 14 aprel 2020-ci il tarixli tələbnamədə PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat, QSSQ-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 24 saat, Dəmir sobanın saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat qeyd olunmuşdur. Əslində aprel ayı fevral ayından daha soyuq aydır. Fevral ayında məişət qaz cihazlarının günün daha çox hissəsində işlək olması ağlabatandır. Bakı şəhərində aprel, may aylarında mənzillərin və fərdi yaşayış evlərinin isidilməsinə zərurət yaranmadığı üçün Birliyin əməkdaşları tərəfindən belə hesablamaların aparılmasını ağlabatan hesab etmir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il tarixli tələbnamədə hesablama aparılarkən adi riyazi hesablamara belə riayət olunmamışdır. Belə ki, tələbnamədə PQ-4 tipli qaz peçinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 16 gün olmaqla hesablama aparılmışdır. Belə olduğu halda itirilmiş qaz sərfiyyatının ümumi həcmi 1574 kub metr olmalı idi (1,2x24x16=460; 1,5x24x16=576; 1,4x24x16=537,6.460+576+537,6=1574,6). Lakin buna baxmayaraq, Birlik bu tələbnamə əsasında ona itirilmiş qaz sərfiyyatının həcmini 5462 kub metr hesablamışdır. Birliyin əməkdaşları riyazi hesablamanı doğru formada aparsaydılar belə o, həmin məbləğ ilə də razı deyil. Ona görə ki, yay aylarında, xüsusi ilə iyun, iyul və avqust aylarında hər hansı məişət qaz cihazından 24 saat fasiləsiz istifadə etmək üçün hər hansı bir zərurət yaranmır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, biz həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadıqları üçün həmin ünvanda istilik cihazı quraşdırılmamışdır, təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Lakin Cavabdeh İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya ona məxsus sözügedən ünvanda təbii qaz ilə işləyən “QSSQ” istilik cihazının və Dəmir sobanın mövcud olması qeyd olunmuş, həmin cihazlara görə müvafiq olaraq ona müxtəlif vaxtlarda müxtəlif həcmdə sərfiyyat hesablanmışdır. Cavabdeh Birlik ona mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. İstilik cihazları mövcud olmadığı halda, buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfiyyatının, bu sərfiyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Belə ki, Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti yuxarıda qeyd etdiyi kimi götürülmüşdür. Məhkəmənin nəzərinə onu da çatdırır ki, istənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 24 saat fasiləsiz işləməsi qeyri-mümkündür. Bu cihaza görə gündəlik qazsərfiyyatını 200-300 kub metr, bu sərfiyyata görə ona gündəlik 2-3 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 2-3 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfıyyatmm 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-211/2022 saylı 05 may 2022ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvana (abonent kodu: **********00000) dair əsassız hesablanmış 1782 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3, 18 və 26-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği iddiaçıya qaz sayğacından kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə nəticəsində yazılmışdır. Faktla bağlı Birliyin əməkdaşları tərəfindən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğacdan kənar xəttdən istifadə etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1782,00 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildirir ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 1782,00 manat təşkil etmişdir. Lakin, 1-ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Mübahisələndirdikləri qətnamənin “Qət etdi” hissəsinə nəzər yetirsək görərik ki, cavabdehdən təbii qazdan istifadəyə görə 1782,00 manat borcun silinməsi, qət edilmişdir. Göründüyü kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 18. mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanu

12. Maddə 3. öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

13. Maddə 18.1. dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir.

14. Maddə 18.2. istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdətutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

15. Maddə 26. istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-211/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materiallarından görünü ki, cavabdeh Camalov Vüqar Həxi oğlu 01 iyun 2015-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilmiş əsas və faiz borcunun "xxxx" ASC-yə

25. Belə ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 aprel 2020-ci il tarixli, ******* nömrəli aktda “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 1782 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/21 saylı, 14 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus ünvan 1 ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

26. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-211/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar