Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-517/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-187/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ sahəsində qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmiş, bu barədə müxtəlif tarixli aktlar tərtib edilmişdir.
2. 12 oktyabr 2023-cü il tarixli 3-16-16/2-3/1288 №li ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə və iz aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir.
3. 14 iyun 2024-cü il tarixli 3-16-16/2-3/588 №li ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə və iz aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir.
4. Abonent saldosuna əsasən, iddiaçıya qalıq və aktlar üzrə 2020-ci il üzrə cəmi 1.180,80 manat; 2021-ci il üzrə cəmi 3.952,80 manat; 2022-ci il üzrə 6.043,68 manat; 2023-cü il üzrə 2.937,60 manat olmaqla, ümumilikdə 14.174,28 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ sahəsinə - **********00029 saylı abunə koduna əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 14.089 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin yayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 4 sot torpaq almışdır. Həmin torpaq sahəsindən bağ sahəsi kimi istifadə etmişdir. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında bağ sahəsinə təbii qaz çəkdirmək üçün Xəzər rayon qaz istismar idarəsinə müraciət etmişdirlər. Buna baxmayaraq həmin vaxtdan 2021-ci ilin iyul ayınadək bağ sahəsi təbii qazla təmin olunmamışdır. xx.xx.2021-ci il tarixdən isə o ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasına qayıtdıqdan sonra təxminən 2023-cü ilin yanvar ayında sözügedən bağ sahəsinə getdikdə iddiaçı orada işləyən qaz sayğacının quraşdırıldığını görmüşdür. Lakin sayğacın smart kartı iddiaçıya təqdim edilmədiyindən və qış ayları olduğundan sayğacın kartını qaz idarəsindən götürməmişdir. Cari ilin aprel ayında yay mövsümü yaxınlaşdığından smart kart alınması üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə smart kart ona təqdim edilmişdir. O, vaxtlı-vaxtında qazdan istifadəyə görə xərcləri ödəmiş və qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Smart karta qazdan istifadə üçün pul yükləyən zaman onun abonent koduna 14089 manat borc hesablandığının şahidi olmuşdur. Ona Cavabdeh İB tərəfindən 14.089 (on dörd min səksən doqquz) manat cərimə borcu hesablanmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-187/2024 nömrəli, 12 avqust 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə kənar xətt, sayğacın quraşdırılması, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonent saldosuna əsasən iddiaçının abonent koduna ümumilik 14174,28 manat borcun hesablandığını müəyyən edilsə də iddiaçı 14089 (on dörd min səksən doqquz) manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz İstehsalat Birliyi tərəfindən iddiaçının abonent koduna 27 akt əsasında cərimələrin hesablanması abonent saldosuna əsasən öz təsdiqini tapır. İddiaçı aktların əldə edilməsi ilə bağlı X3 müraciət etsə də aktların hər birinin ona təqdim edilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbindən kənara çıxmamış və hesab etmişdir ki, 27 akt əsasında iddiaçının abonent koduna hesablanmış 14089 (on dörd min səksən doqquz) manat məbləğində cərimə borcu silinməlidir
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.1, 551.2, 551.2.1, 614.3, 1096.1 və 1096.2-ci maddələrinə; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”na istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-187/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmişdir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa, abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı Məhkəmə mülki iş tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, istifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə doğuduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmiş qanunverciliyini yuxarıda qeyd edilən müddəasına zidd qətnamə qəbul etmişdir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apelrlyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-187/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 24.433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 25.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 27.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
28.1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 29.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 30.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 31.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 32.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 33.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
34.11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 35.13-cü maddəsinin 8-ci bəndinə (köhnə redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 36.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 39.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən evinin **********00029 saylı abonent koduna xx.xx.2022-ci il tarixinə qədər tərtib olunmuş aktlar üzrə hesablanmış borcun 599,4 manat məbləğində silinməsi” hissəsində ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir.
41. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacsız təbii qazdan istifadə halları aşkar edilmiş, bu barədə tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ sahəsi üzrə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tərtib olunmuş aktları qanuni və əsaslı hesab etməmiş, həmin aktların həqiqiliyini şübhə altına salmış, aktlara əsasən iddiaçının abonent koduna hesablanmış 14.089 manat borcun silinməli olması qənaətinə gəlmişdir
42. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna tərtib olunmuş aktlara əsasən hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.
43. Belə ki, məhkəmə abonentin saldosuna əsasən müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçının abonent koduna 2020-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına qədər dörd ay istisna olmaqla ardıcıl olaraq hər ay, ümümilikdə 27 akt üzrə cərimə borcu yazmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş aktlara nəzər yetirdikdə cavabdeh tərəfindən tərtib edilmiş aktlarda ayın tarixlərinin qeyd edilmədiyini müəyyən etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir. İddiaçıya yazılmış iyirmi yeddi aktdan onu 2022-ci ilin may ayından sonrakı dövrdə yazılmışdır. İddiaçının abonent koduna yazılmış cərimə aktı 2022-ci ilin fevral ayından sonraya təsadüf etdiyindən, həmin aktlar tərtib edilərkən Qanunun 13.8-1-ci maddəsində qeyd edilən şərtlərə müvafiq qaydada əməl edilmədiyini nəzərə almışdır.
44. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilə bilməz.
45. Belə ki, məhkəmə kollegiyası iddiaçının **********00029 abonent hesabı üzrə mövcud borcun yaranması əsasları ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinə müracət etmişdir.
46. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavaba əsasən, abonent İddiaçı kənar xətt vasitəsilə qazdan qanunsuz istifadəyə görə 2020-ci ilin yanvarından 2023-cü ilin may ayına qədər 27 aktla 14.114,08 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. İtirilmiş qazın həcmi 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 ay üzrə x 432 m3=864 m3 – 86,40 manat; 2021-ci ildə tərtib edilmiş 11 akt üzrə: 11 ay üzrə x 432 m3=4752 m3 – 967 manat; 2022-ci ildə tərtib edilmiş 10 akt üzrə: 10 ay üzrə x 432 m3=4320 m3 – 859 manat; 2023cü ildə tərtib edilmiş 4 akt üzrə: 4 ay üzrə x 432 m3=1728 m3 – 249,60 manat miqdarda hesablanmış zərərin, müvafiq olaraq 2.162 manat məbləğində olması müəyyən edilmişdir. Bundan əlavə abonent saldosunun təhlili ilə iddiaçı tərəfindən bu borcdan 135 manat ödənildiyi müəyyən edilmişdir.
47. 2022-ci il mayın 1-dən sonra **********00029 abonent hesabına akt tərtib edilməklə hesablanmış borc, iddiaçı tərəfindən qanunsuz hərəkətlərə yol verildiyi halların mövcudluğu icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun, cinayət tərkibinin əlamətləri olduğu halda isə cinayət təqibi orqanının tərtib etdiyi aktlarla öz təsdiqini tapmadığı üçün silinməlidir. Qeyd olunan aktlar üzrə hesablanmış borc ilə əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşır.
48. Bununla belə nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, mübahisələndirilən aktlardan 17-si Qanuna edilmiş bu dəyişikliyin mövcud olmadığı dövrdə tərtib edilmişdir.
49. Həmin maddəyə əsasən də qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
50. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabdan müəyyən edilir ki, iddiaçının qaz paylayıcısına vurulmuş maddi zərər - 2020-ci ilin 2 ayı ərzində istehlak edilmiş təbii qazın həcmi 864 m3, 2021-ci ilin 11 ayı ərzində istehlak edilmiş təbii qazın həcmi 4752 m3, 2022-ci ilin 4 ayı ərzində istehlak edilmiş təbii qazın həcmi 1728 m3, cəmi 7344 m3 olaraq təşkil edir.
51. İddiaçı **********00029 saylı abonent kodu verilmiş evdə yaşamadığına dair dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, abonent saldosundan göründüyü kimi həmin evdə kimin yaşamasından asılı olmayaraq qaz sərfiyyatı olmuşdur.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli 3-16-16/2-3/1288 saylı və 14 iyun 2024-cü il tarixli 3-16-16/2- 3/588 saylı məhkəmə-trasoloji ekspertizasının rəyləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.
53. Göründüyü kimi sözügedən rəylərə əsasən tədqiqata təqdim olunan borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Halbuki iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, qazın alqı-satqısı barədə müqavilə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Beləliklə də istehlakçının yalnız xx.xx.2023-cü il tarixdən sonra qoşulduğu qazpaylayıcı borunun və sayğacın üzərində qeyri-qanuni qoşulma üçün xarakterik izlərin aşkar olunmaması hazırki iş üzrə məhkəmə kollegiyasının gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir.
54. Kollegiya cavabdehin 27 akt tərtib etməklə, bununla da abonent tərəfindən təbii qazdan qanunsuz istifadə hallarını və təbii qazın talan etməsini daha sərt tədbirlər ilə qarşısını almamaqla, öz davranışı ilə zərərin yaranmasına və artmasına müəyyən həcmdə şərait yaratması hallarına yol verdiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən aktlar üzrə qaz itkisinə görə ziyanın məbləği itirilmiş təbii qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablanmaqla müəyyən edilməlidir.
55. Beləliklə də, 2020-ci ildə tərtib edilmiş digər 2 akt üzrə 864 m3 həcmdə hesablanmış zərərin 86,4 manat; 2021-ci ildə tərtib edilmiş 11 akt üzrə 4752 m3 həcmdə hesablanmış zərərin 475,2 manat; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə 1728 m3 həcmdə hesablanmış zərərin 172,8 manat olmaqla, cəmi 734,4 manat məbləğində olması müəyyən edilməli, bu borcdan 135 manat ödənildiyindən isə iddiaçının silinməsini tələb etdiyi 14.089 manat məbləğindən 599,4 manat məbləği saxlanılmaqla, qalan məbləğ əsassız hesablandığı üçün silinməlidir.
56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
58. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-187/2024 nömrəli, 12 avqust 2024cü il tarixli qətnaməsi qismən - “Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən evinin **********00029 saylı abonent koduna xx.xx.2022-ci il tarixinə qədər tərtib olunmuş aktlar üzrə hesablanmış borcun 599,4 manat məbləğində silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev