Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5170/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı Ayan Əlizadənin qanuni nümayəndəsi (anası) İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakı ilə, iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Təbriz qızının cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1715/2022 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçının atası X1 (miras qoyandan) miras qalmış, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 223,9 kv.m, köməkçi sahəsi 478,5 kv.m olan 6 otaqlı fərdi yaşayış evinə və "xxxx" Mənzil-Tikinti Kooperativindəki 1 faiz iştirak payına (bundan sonra – miras əmlak) dair 4 vərəsənin - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Bakı şəhəri 28 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-39 və 2V-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab olunsun, iddiaçıya münasibətdə mirasın qəbulu müddəti uzadılsın və miras əmlakda iddiaçının miras payı 1/5 hissə müəyyən edilsin. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı Ayan Əlizadənin qanuni nümayəndəsi (anası) İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddiaçı Ayan Əlizadə xx.xx.2010-cu il təvəllüdlüdür, hazırda 13 yaşı var. Miras qoyan iddiaçının atasıdır. İddiaçı Ayan Əlizadə onun anası İddiaçı miras qoyan Zabit Əliyev ilə qeyri-rəsmi münasibətindən doğulub. Miras qoyan xx.xx.2018-ci ildə ölüb. Həmin vaxt iddiaçının 8 yaşı olub. Miras əmlaka dair miras qoyanın qanun üzrə vərəsələrinə - anası Cavabdeh5, arvadı Cavabdeh3, övladları Cavabdeh2 və Cavabdeh4 xx.xx.2019-cu ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilib. Bundan 1 gün əvvəl – xx.xx.2019-cu ildə həmin 4 vərəsə notariusa verdikləri ərizədə bildiriblər ki, onlardan başqa vərəsə yoxdur, gələcəkdə hər-hansı başqa vərəsə çıxarsa, onların paylarını ödəməyi öhdələrinə götürürlər, bununla bağlı məsuliyyəti öz üzərlərinə götürürlər (iş v. 33). Vərəsələr bu ərizəni verərkən miras qoyanın başqa vərəsəsinin - iddiaçı Ayan Əlizadənin olduğunu biliblər, lakin bu faktı notariusdan gizlədiblər. Bu, apellyasiya icraatı zamanı iddiaçının qanuni nümayəndəsi (anası) İddiaçı və Cavabdeh2 verdikləri izahatlardan müəyyən olunur. Mülki Məcəllənin 1300-cü maddəsinə görə, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Göründüyü kimi, qanun hətta olduğu yer məlum olmayan vərəsənin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmək vəzifəsini qalan vərəsələrin üzərinə qoyub. İddiaçının isə olduğu yer məlum olub, lakin qalan vərəsələr - Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçının vərəsəliyə çağırılması üçün nəinki tədbir görməyiblər, əksinə, onu mirasdan məhrum etmək üçün belə vərəsənin olması faktını notarusdan gizlədiblər. Bundan başqa, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Lakin vərəsələr Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 başqa vərəsənin də olması faktını notariusdan gizlətdiklərinə, yəni ona bilə-bilə yalan məlumat verdiklərinə görə, notarius bu vəzifəsini yerinə yetirə bilməyib. İddiaçı mirasın qəbulu müddətini ötürüb. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı qanuni nümayəndəsi (anası) vasitəsilə xx.xx.2021-ci ildə, yəni mirasın açılmasından 2 il 11 ay 15 gün sonra mirasın qəbulu üçün ərizə ilə notariusa müraciət edib (iş v. 9). 2 il 11 ay 15 gün ərzində mirasın qəbul edilməməsi, vərəsənin susması hesab oluna bilməz. “Vərəsənin susması” anlayışı Mülki Məcəllənin 1273-1-ci maddəsində müəyyən edilib. Həmin maddədən görünür ki, vərəsənin bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməməsi və ya ondan imtina etməməsi vərəsinin susması hesab olunur, belə halda müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Əgər “vərəsənin susması” bir hüquq kimi qəbul olunursa, belə halda nəzərə alınmalıdı ki, hüquqdan yalnız bilikli istifadəyə yol verilir, yəni şəxs öz hüququndan istifadə edərkən onun doğuracağı nəticələri aydın şəkildə dərk etməlidir. Lakin iddiaçının qanuni nümayəndəsi “vərəsənin susması”nın doğuracağı nəticələri dərk etməyib. Belə ki, o, birinci instansiya məhkəməsinə verdiyi izahatda bildirib ki, miras qoyanın ölümündən sonra onun oğlu və qardaşı miras qoyanın ona hədiyyə etdiklərini qaytarmasını tələb etmiş və miras əmlakdan qızına çatacaq payı verəcəklərini bildirmişlər. Daha sonra miras qoyanın oğlu onu inandırmaq üçün, qızının da adını şəhadətnaməyə yazdırmaqla ona da mirasdan pay vermək məqsədilə müvafiq sənədləri ondan almış, lakin 6 aylıq müddət ərzində ona bununla bağlı hər hansı sənəd verməmişdir (iş v. 124). Bundan başqa, apellyasiya icraatı zamanı miras qoyanın oğlu - Cavabdeh2 bildirmişdir ki, atası sağlığında iddiaçının qanuni nümayəndəsinə daşınmaz əmlaklar verdiyinə görə, o, mirasa iddia etməmişdir. Lakin iddiaçının qanuni nümayəndəsi ona daşınmaz əmlaklar verilmədiyini bildirmiş, cavabdeh tərəf isə bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı (vərəsə) uşaqdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”. Ona görə də hazırkı mübahisə həll edilərkən əsas diqqət uşağın (iddaçının) mənafelərinin daha yaxşı təmin edilməsinə yönəlməlidir. Bununla yanaşı, Ailə Məcəlləsinin 55.5-ci maddəsinə görə, uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Göründüyü kimi, uşağın əmlakının idarə olunması qaydalarının müəyyənləşdirilməsi göndərici ifadə üsulu ilə Mülki Məcəlləyə göndərilib. Mülki Məcəllənin 36.2-ci maddəsində isə qeyd olunub: “Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum ... qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya səbəb olan əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz”. Nəzərə alınmalıdır ki, miras əmlak qəbul ediləcəyi təqdirdə uşağa məxsus əmlak sayılacaq. Əgər uşağın (vərəsənin) qanuni nümayəndəsi “vərəsənin susması” üsulu ilə uşağa mənsub hüquqdan (mirası qəbul etmək hüququndan) imtina barədə iradə ifadə edirsə, eyni məntiqlə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmalıdır. Lakin belə icazə alınmayıb. Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə mirasın açıldığı zaman iddiaçının 8 yaşı olmasını, digər vərəsələrin onun vərəsəliyə çağırılması üçün tədbir görmədiyini, əksinə, belə vərəsənin olması faktını notariusdan gizlədərək ona bilə-bilə yalan məlumat verdiklərini nəzərə alaraq hesab edir ki, gecikmənin səbəbi üzrlü saylmaqla mirasın qəbulu müddəti uzadılmalı, iddiaçı qanuni nümayəndəsi vasitəsilə artıq mirasın qəbulu barədə iradə ifadə etdiyinə (xx.xx.2021-ci ildə notariusa ərizə verdiyinə görə) miras onun tərəfindən qəbul olunmuş sayılmalı, miras əmlakda iddiaçının payı 1/5 hissə müəyyən edilməli, digər vərəsələrin adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli, iddiaçının miras payı nəzərə alınmaqla yeni şəhadətnamə verilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 1715/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri 28 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-39 və 2V-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab olunsun. X3 münasibətdə mirasın qəbulu müddəti uzadılsın və X1 qalmış miras X4 tərəfindən qəbul edilmiş hesab olunsun. X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 223,9 kv.m, köməkçi sahəsi 478,5 kv.m olan 6 otaqlı fərdi yaşayış evində və "xxxx" Mənzil-Tikinti Kooperativindəki 1 faiz iştirak payında miras qoyanın qanun üzrə vərəsələri X4, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 hər birinin miras payı 1/5 (beşdə bir) hissə müəyyən edilsin. Hazırkı qətnamə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi üçün əsasdır. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada iddiaçının qanuni nümayəndəsi İddiaçı Təbriz qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5170/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5170/2023
27.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver