Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5172/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı çoxmənzilli binanın saxlanılmasına dair müqavilənin bağlanması, kommunal xidmətlərin göstərilməsinə görə ödənişlərin həyata keçirilməsi və yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(011)-1040/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(011)-1040/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş 2 saylı Əlavəyə əsasən, apellyasiya şikayətinin yeni forması müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət həmin formaya uyğun şəkildə verilməmiş, şikayətdə apellyatorun tələbi konkret göstərilməmişdir. Belə ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırkı apellyasiya şikayətində isə apellyatorun tələbi “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(011)-1040/2022 saylı qətnaməsi ləğv edilməsi, tərəflərin mövqeyi və mənafeləri nəzərə alınmaqla, yeni qətnamə qəbul etmənizi xahiş edirik.” kimi formulə edilmişdir. Apellyasiya şikayətində tələbin dəqiq göstərilməməsi apellyasiya baxışının həddinin müəyyənləşdirilməsində, qərar qəbul olunarkən şikayətin tam, yoxsa qismən təmin olunması, habelə şikayətin təmin olunmaması barədə nəticəyə gəlməkdə müəyyən çətinliklər yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə görə, apelyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyatora izah olunmalıdır ki, apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(011)-1040/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5172/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5172/2022
30.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver