Məhkəmə qərarları › İş №2(103)-5176/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5176/2025

12.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5176/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı qızının Cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə və sərəncam hüququna xitam verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qızı və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin qismən ləğvi, pay hüququnun tanınması, bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi, payın müəyyən edilməsi, maneələrin aradan qaldırılması və mənzilə köçürülmə barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1603/2025 nömrəli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsin və qiymətləndirmə aktı məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılsın. Qərardad onunla əsaslandırılıb ki, mübahisənin düzgün həlli üçün əmlakın qiymətləndirilməsi zəruridir. Şikayətdə tələb olunub ki, ekspertiza təyin edilməsi əsası ilə iş üzrə icraatın dayandırılması barədə qərardad ləğv edilsin, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilərək məhkəmə icraatı davam etdirilsin. Şikayət onunla əsaslandırılıb ki, mübahisənin düzgün həlli üçün əmlakın qiymətləndirilməsinə zərurət yoxdur. Şikayət təmin edilə bilməz, qərardadın iş üzrə icraatın dayandırılmasına aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisə əmlak xarakterlidir. İnstansiyalar arası aidiyyətə görə həmin mübahisəni mahiyyəti üzrə həll etməli olan birinci instansiya məhkəməsi hesab edib ki, mübahisənin düzgün həlli üçün əmlakın qiymətləndirilməsi zəruridir. İşin hazırkı vəziyyətində bu mövqeni qanunsuz hesab etmək üçün apellyasiya instansiyası məhkəməsinin istinad edə biləcəyi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə görə, ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququdur. Həmin norma analogiya qaydasında əmlakın qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edildiyi hala da tətbiq oluna bilər. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1603/2025 nömrəli qərardadı iş üzrə icraatın dayandırılmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar