Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5179/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə5 ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1516/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Fİ-0008/2023 saylı sığorta aktına əsasən sığortalı X1 məxsus ünvan 1 ünvanında yerləşən 80.000 manat dəyəri olan əmlak "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə sığortalamışdır.
2. xx.xx.2023-cü il tarixində baş vermiş sığorta hadisəsi (subasma) nəticəsində əmlak sahibinə dəyən maddi zərər 10.300 manat məbləğində müəyyən edilmiş, azadolma məbləği 1.600 manat göstərilmiş, faydalanan şəxsə 8.700 manat məbləğində sığorta ödənişi edilmişdir.
3. 142 saylı MKİS-in rəisi, mühəndisi və ticarət obyektinin sahibi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyekt sahibinə külli miqdarda ziyan dəymişdir. İstilik kommunikasiya xəttləri MKİS-in balansından çıxmışdır.
4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır.
5. "xxxx" ASC tərəfindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, 5 gün müddətində 8700 manat məbləğində pulun ASC-yə ödənilməsi, əks təqdirdə ASC tərəfindən sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbardar edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən 8.700 manat məbləğində sığorta ödənişinin və 107 manat dövlət rüsumunun, cəmi 8.807 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AZ082985 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən, sığortalı X1 məxsus ünvan 6 ünvanında yerləşən daşınar əmlaklara sığortaçı "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində həmin ünvanda yerləşən daşınar əmlaklara binanın zirzəmisində mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddətinin keçdiyinə görə çürümə baş verməsi və istilik xəttindən axan suların zirzəmidə olan obyektə dolması nəticəsində qismən zərər dəymişdir. Müstəqil ekspert Zeynalov İlqar tərəfindən hazırlanan dəymiş zərərin ilkin hesabatına əsasən daşınar əmlaklara ümumilikdə 10.300 manat məbləğində maddi zərər dəymişdir. Fİ-0008/2023/AKT956/23 saylı, xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən 1.600 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 8.700 manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Yuxarıda qeyd olunan sığorta hadisəsinin baş verməsi barədə 142 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli aktda qeyd olunur: “xx.xx.2023cü il tarixində həmin binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyektin sahibinə küllü miqdarda ziyan dəymişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 2 ünvanında yerləşən bina cavabdehin balansındadır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1516/2025 nömrəli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə maddi zərər vurmuş və həmin zərər sığorta təşkilatı tərəfindən sığortalıya ödənilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş verdiyindən sığortalı əmlaka zərər dəymişdir. Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilməlidir.
10. Məhkəmə hesab edir ki, dolayı yolla mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarət müvafiq mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən iddiaçı "xxxx" Sığorta Şirkəti ASC zərərçəkənə ödədiyi 8.700 manat məbləğində sığorta ödənişini nəzarət funksiyası daşıyan və xidməti vəzifəsini yerinə yetirməyən Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən tələb etməkdə haqlı olmuşdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə, Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarının 4-cü bəndinə, Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.9.1, 39.9.2-ci bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 3-cü abzasına müvafiq olaraq, yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sığortaçı da daxil olmaqla, ünvan 7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçiləri müvafiq idarəetmə üsulunun birini seçməyə borclu olsalar da, Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən hal-hazıradək idarəedici təşkilatı bilərəkdən seçməyərək binanın saxlanılması üçün xərclərdən birbaşa yayınaraq öhdəliklərinə düşən vəzifələri yerinə yetirməmişlər. Məhkəmə öz qətnaməsində sübutları düzgün dəyərləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməli olduğu halda, qanunvericiliyin bu tələblərini pozmuş, qətnaməsini əsaslandırmaq üçün, işin hallarını təhrif etmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə təsdiq edilmiş "3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsinə" əsasən Birlik, təsərrüfat hesabı əsasında fəaliyyətini həyata keçirir, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyən edilmiş hədlərdə təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir, müstəqil balansa malik olan hüquqi şəxsdir. Əlavə olaraq bildirilir ki, sğortaçı tərəfindən istilik dik dayaq xəttinə (mənzillərə qalxan əsəs xətt) mülkiyyətçi tərəfindən texniki şərt olmadan müdaxilə edilmişdir. Belə ki, əsas istilik xəttti sğortaçının mülkiyyətində olan mənzilin daxilindən keçir.
14. Cavabdeh sonradan apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə görə Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilər. ünvan 8 ünvanda yerləşən Mənzil Kommunal İstismar Sahəsi ilə həmin mülkiyyətçilər arasında heç bir müqavilə bağlanılmamışdır. Hazırda ünvan 9 ünvanında 117 ədəd mənzil varki, onlardan 115 mənzil özəl, 2 mənzil isə qeyriözəldir (siyahı əlavə olunur). Əlavə olaraq bildirilir ki, təsərrüfat təyinatlı təşkilat olduğundan heç bir maliyyə dəstəyi mövcud deyil. Nazirlər Kabinetinin 10 mart 2000-ci il, 40 saylı qərarının 4-cü bəndində müəyyən edilmişdir ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir. Qeyd olunan Qanundan görünür ki, bina daxilindən keçən İstisu, istilik və.s xətlərinin təmiri üçün müvafiq təşkilatlar tərəfindən aidiyyəti üzrə MKİS-ə ödənişlər olmalıdı. Lakin hazırki vaxta kimi "xxxx" ASC tərəfindən heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamının 1-ci hissəsində əhalinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqdisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədi ilə qərara alınır: 2. Müəyyən edilsin ki, "xxxx" ASC AR yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir. 3.2. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilsin, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə "xxxx" ASC-ə verilsin. Göründüyü kimi, vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan İstilik İdarələri ləğv edilərək istilik şəbəkəsi balansdan əmlakla birlikdə "xxxx" ASC-nin balansına verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olması faktını həmin qurum xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiq etmişdir. Yəni, binaya münasibətdə ümumi nəzarət funksiyasını və bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərində yaranmış texniki nasazlıqlara nəzarət funksiyası birbaşa cavabdehin vəzifəsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, ... ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Qərardan göründüyü kimi, yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olan və ondan yararlanan şəxs yəni, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti - əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Cavabdehin nümayəndəsi hansı əsaslarla zərərin əvəzini ödəmək öhdəliyinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə düşmədiyini sübutlar təqdim etməklə əsaslandırmalıdır. Hazırkı halda isə cavabdehin bildirdiyi hal (zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə düşməməsi) onun özü üçün əlverişli olan haldır və bu halı sübut etmək vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür. Lakin iş üzrə çoxsaylı iclasların keçirilməsinə baxmayaraq, cavabdeh tərəf bu vaxta qədər istinad etdiyi özü üçün əlverişli olan halın mövcudluğuna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı halda isə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması və baş vermiş sığorta hadisəsi ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı öhdəliyin onun üzərinə düşməməsi faktı ilə bağlı mötəbər sübut təqdim edə bilməmiş və mövqeyini əsaslandıra bilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 40 nömrəli qərarı: Bənd 4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə: Bənd 3.9. Yerli icra hakimiyyəti başçısının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində vəzifələrinə daxildir: 3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir.
22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunu: Maddə 9. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 299 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi Bənd 3.1. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Bənd 5.1. Cəmiyyət onun tərkibinə daxil olan müəssisə və təşkilatlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və Cəmiyyətin digər funksiyalarının həyata keçirilməsini təmin edir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İşdən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin istismar müddəti keçdiyinə görə axan su zirzəmidə olan ticarət obyektinə dolmuş, nəticədə obyekt sahibinə külli miqdarda ziyan dəymişdir. Bununla bağlı iddiaçı tərəfindən obyekt sahibinə 8.700 manat məbləğində sığorta ödənişi edilmişdir.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, sığorta ödənişi vermiş sığortaçının dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
30. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
31. Belə ki, cavabdeh Birlik tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilir ki, sözügedən bina onun balansındadır.
32. İşdə olan Əsasnamədən görünür ki, cavabdeh Birlik təsərrüfat hesabı əsasında fəaliyyət göstərir (bənd 1.3), müstəqil balansa malik olan təsərrüfat subyektidir, onun ayrıca əmlakı, bank və kredit təşkilatlarında hesablaşma və digər hesabları var (bənd 1.7). Birliyin vəzifələri: əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin təşkili, keyfiyyətinin yüksəldilməsi üçün sakinlərin müraciətlərinə vaxtında və diqqətlə baxılması, tabeliyindəki struktur bölmələrinin bu sahədəki fəaliyyətinə nəzarət edilməsi (bənd 2.7), mənzil fondunun əsaslı və cari təmirinin təşkil edilməsi (bənd 2.13) və s.
33. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 40 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.
34. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən binanın daxilində istilik sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən cavabdeh Birliyə ödənilir.
35. Beləliklə, həm cavabdeh Birliyin nizamnaməsindən, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarından müəyyən edilir ki, binanın daxilində istilik sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən cavabdeh Birliyə ödənildiyinə görə həmin texniki xidmət və təmir xərcləri də onun tərəfindən həyata keçirilməlidir.
36. Kollegiya həmçinin qeyd edir ki, sözügedən təşkilatlar tərəfindən cavabdeh Birliyə ödənişlərin edilməməsi sonuncunun binanın daxilində yerləşən istilik sisteminə texniki xidmət və təmirin həyata keçirilməməsi nəticəsində vurulmuş ziyanla bağlı məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Cavabdeh birliyin həmin təşkilatlardan ödənişlərin tələb edilməsi, tələbi təmin edilmədiyi təqdirdə məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1516/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.