Məhkəmə qərarları › İş №2(103)-519/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-519/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-519/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)-2686/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı xx.xx.2016-cı il tarixli hökmün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. Məhkum edilmiş şəxs X4 hazırki iş üzrə İddiaçı gəlinidir. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən imzalanmışdır) Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı Cavabdeh2 satmışdır. Alqı-satqı 240000 manata rəsmiləşdirilmişdir. xx.xx.2019-cu ildə vəfat etmiş X5 9 saylı notariat ofisində açılmış vərəsəlik işinin materiallarından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 - X5 qanun üzrə vərəsələridir. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı Cavabdeh1 satmışdır. Alqı-satqı 70000 manata rəsmiləşdirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 məxsusdur. Hazırda iddiaçı 19 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirir, eyni zamanda 22 aprel 2015-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş 240000 manatı cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilin mülkiyyətçisi olmuşdur, 25 ildir ki, həmin mənzildə yaşayır. Oğlunun həyat yoldaşı-gəlini Validə Bəxtiyarova 1975-ci ildə Ermənistanın Kalino rayonunda anadan olmuşdur. 2004-ci ildə iyunun 7-sində Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 177-də yaşayan Aida Yeganova xanımın evində xadiməçi olaraq işə başlamışdır. 2012-ci ildə Aida Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaları satışı ilə məşğul olub. Həmən evə tez-tez gedib gəlirmiş, X16 adlı xanımdan alış-veriş edirmiş, Aida Yeganova bir gün qərara gəldi ki, istifadə etmədiyi özünə məxsus olan bahalı qızıl brilyantdan olan əşyaları Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aida Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişmişdir. Bir müddətdən sonra Aida Yeganova özünə məxsus olan istifadə etmədiyi (Kolye boyunbağı 1ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa vermişdir. Aida Yeganova bir müddətdən sonra Türkiyəyə getmişdir. Bir vaxtdan sonra ona zəng vuraraq, bildirmişdir ki, “Gülnarə sənə əşyalar gətirəcək onları o, gələnə qədər saxla”. İddiaçı da həmin əşyaları Aida Yeganovanın yataq otağında saxlamışdır. X12 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil vermişdir. Bu neçə müddətdə də əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aida Yeganova özünə məxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirmişdir ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. İddiaçı Aida Yeganovaya bildirir ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, o, ona demişdir ki, saxlasın gələndə özünə verər. 2015-ci ilin mart ayında Aida Yeganova polis orqanına gəlini Validə Bəxtiyarova və Gülnarə xanımdan şikayət etmişdir. X4 dəfələrlə Aida xanıma deyib ki, mənim bu məsələdən xəbərim yoxdur. Buna baxmayaraq onu zorla Sabunçu rayon polis bölməsinə apardılar. Orada dəfələrlə ona zor tədbiq olundu və bədən xəsarətləri yetirildi. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişdir. Amma onun heç nədən xəbəri yox idi. Sonradan məlum olmuşdur ki, bunu edən, yəni brilyant daşqaşlar şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə X2 işgəncələr edib boynuna qoydular ki, güya o da əlbir olmuşdur. Sonra onu, oğlunu və nəvəsini məcbur edib, ondan zorla aldığı evi etibarnamə əsasında imza ilə müvəqqəti olaraq Bünyad Mehdiyevin adına keçiriblər. Bildirmişdir ki, qısa müddətdən sonra evi yenə onun adına keçirəcəkdir. Bu vədə inanaraq, iddiaçı 82.000 manat pulu toplayaraq Aida Yeqanovaya vermişdir. X14 ölümündən 4 il keçir və ona verilən sözün heç birini tutmadılar. Evi saxta yollarla məcbur əlindən aldılar. İndi hal-hazırda onları evdən çıxarmaq qərarına gəliblər. X6 Əhmədova onları verilən ərizə ilə evdən çıxarmaq istəyir. Yalnız məhkəməyə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bugünə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Əksinə bu günə qədər mənzilə dair bütün kommunal xərəclər iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə yaşamamaqları, mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməkləri, bu dövr ərzində mənzilin kommunal xərclərinin iddiaçının tərəfindən ödənilməsi aralarında bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu sübut edir. Yuxarıda göstərilən hallarda iddianın təmin olunması üçün kifayət qədər əsaslar vardır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzil onun daima mülkiyyətində olmuşdur. Həmin mənzillə bağlı 2 dəfə alqısatqı barədə notariat əməliyyatı aparılmışdır. 1-ci dəfə Aida Yeqanovanın təzyiqləri və hədə-qorxuları ilə Gənclik metrosunun yanında “Karvan” restoranının yanında yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır və mənzil həmin vaxtlar Aida Yeqanovanın və qızı Cavabdeh1 ailə sürücüləri olmuş Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Sonradan Nərimanov rayonu 9 saylı notariat kontorunda alqı-satqı ilə mənzil Cavabdeh2 Cavabdeh1 adına keçirilmişdir. Cavabdeh2 bildirmişdir ki, onun heç nədən xəbəri olmamışdır. Ona demişlər ki, “gəl bura imza çək”. Sonradan bilmişdir ki, onun evini əlindən alıblar. Mənzilin alqı-satqısı zamanı o, heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Aida Yeqanova dələduzluq yolu ilə mənzili onun əlidən almışdır, indi isə qızı Cavabdeh1 onun yolunu davam etdirərək onları evindən çıxarmaq istəyir. Bundan başqa İddiaçı Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən Ermənistan rayonundan qaçqın düşərək, 33 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzildə yaşayır. O, həmin mənzilin mülkiyyətçisi olmuşdur. Oğlunun həyat yoldaşı Validə Bəxtiyarova 1975-ci ildə Ermənistanın Kalino rayonunda anadan olmuşdur. 2004-ci ildə iyunun 7-də Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 177 də yaşayan Yeganova Aida xanımin evində xadiməçi olaraq işə başlamışdır. 2012-ci ildə Aida Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaları satışı ilə məşğul olub. Həmən evə tez-tez gedib-gəlirdi. X16 adlı xanımdan alış-veriş edirdi. Aida Yeganova bir gün qərara gəldi ki, istifadə etmədiyi özünə məxsus olan bahalı qızıl brilyantdan Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aida Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişdi. Bir müddətdən sonra Aida Yeganova özünə məxsus olan istifadə etmədiyi (kolye boyunbağı 1 ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa vermişdir. Aida Yeganova bir müddətdən sonra Türkiyəyə getmişdir. Bir vaxtdan sonra ona zəng vuraraq bildirmişdir ki, “Gülnarə əşyalar gətirəcək onları o, gələnə qədər saxla”. İddiaçı da həmin əşyaları Aida Yeganovanın yataq otağında saxlamışdır. X12 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil vermişdir. Bu müddətdə əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aida Yeganova özünəməxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirmişdir ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. İddiaçı Aida Yeganovaya bildirdi ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, ona demişdilər ki, saxla iddaçı gələndə özünə verərsən. 2015-ci ilin mart ayında Aida Yeganova polis orqanına gəlini Bəxtiyarova Validə və Gülnarə xanımdan şikayət etmişdir, X4 dəfələrlə Aida xanıma deyib ki, onun bu məsələdən xəbəri yoxdur. Buna baxmayaraq, onu zorla Sabunçu rayon polis bölməsinə aparmışdılar. Orada dəfələrlə ona zor tədbiq olunmuş və bədən xəsarətləri yetirilmişdir. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişdir. Amma onun heç nədən xəbəri yox idi, sonradan məlum olmuşdur ki, bunu edən, yəni brilyant daşqaşları şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə X2 işgəncələr edib boynuna qoydular ki, güya o da əlbir olmuşdur. Sonra onu, oğlunu və nəvəsini məcbur edib, 17 saylı notariat kontorunun notariusu axşam evə gələrək, ona alqı-satqı üçün razılıq ərizəsini imzalatmışlar. Həmçinin həmin vaxt da etibarnamə vermişdir. Notariat kontorundan əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzillə bağlı xx.xx.2015-ci il tarixdə Cavabdeh1 anası X9 onun adından etibarnamə ilə çıxış edərək, iddiaçının mülkiyyətində olan mənzili öz sürücüsü Cavabdeh2 adına 240.000 manata alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı bu faktdan notariat işini əldə etdiyi vaxt məlumatlı olmuşdur. Cavabdeh2 sonradan yenidən alqı-satqı müqaviləsi ilə mənzili Aida Yeqanovanın qızı Cavabdeh1 adına keçirmişdir. İddiaçı həmin mənzilin Cavabdeh1 adına keçməsini bilmirdi. Yalnız məhkəmə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bu günə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Həmçinin iddiaçı bildirir ki, notariat kontorundan əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzili ilə bağlı xx.xx.2015-ci il tarixdə iddiaçı Samirənin anası X9 onun adından etibarnamə ilə çıxış edərək, mülkiyyətində olan mənzili öz sürücüsü Cavabdeh2 adına 240.000 manata alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı bu faktdan notariat işini əldə etdiyi vaxtdan məlumatlı olmuşdur. Alqı-satqı müqaviləsində 240.000 manatı Aida Yeqanova almışdır. Bu onu göstərir ki, müqavilə formal bağlanmışdır. Əks halda iddiaçı və ailə üzvləri də birlikdə evdən çıxmalı idi. 9 ildir ki, müqavilədən sonra da iddiaçı həmin mənzildə yaşayır və mənzilə dair bütün kommunal xərcləri ödəmişdir. Məhkəmə prosesində bilmişdir ki, Cavabdeh2 sonradan mənzili X6 Əhmədovanın adına keçirmişdir. 9 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində onun mənzilin satılmasına razılıq ərizəsi alınmamış, onun mənzilin satışından xəbəri olmamışdır. Noratiat işini vəkil sorğusu əsasında əldə etdiyi zaman notariat işinin daxilində xx.xx.2019-cu il tarixli aktın mövcudluğunu müəyyən etmişdir. Həmin aktda qeyd olunur ki, “Mən, Cavabdeh2 bildirirəm ki, mülkiyyətçi olduğum ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan həmin kənar şəxslər onun ailə üzvləri deyillər. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə olarsa, məsuliyyəti öz üzərimə götürürəm.” xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində 2015-ci il tarixli razılıq ərizələrinin surətləri əlavə olunub. Göründüyü kimi, ondan alınmış etibarnamədən suiistifadə edərək, dələduzluq yolu ilə X9 onun mənzilini dolayı yolla öz qızının adına keçirmişdir. Hazırda isə Aida Yeqanovanın qızı Cavabdeh1 onun yolunu davam etdirərək onları evdən çıxarmaq istəyir. Belə ki, Cavabdeh1 Sabunçu Rayon Məhkəməsində bununla bağlı iddia qaldırmış və hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında 2(008)-338/2024 saylı mülki iş üzrə məhkəmə prosesi yekunlaşmışdır. İddiaçının iddiası təmin olunmuş və onun və ailə üzvlərinin mənzildən çıxarılması qət olunmuşdur. Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, onun mülkiyyətində olan mənzil Aida Yeqanova tərəfindən öz sürücüsü Cavabdeh2 satılmış və ona pul verilməmişdir.xx.xx.2019-cu ildə isə Aida Yeqanovanın qızı Cavabdeh1 da Cavabdeh2 alqı-satqı edərək, mənzili öz mülkiyyətinə keçirmişdir (70.000 manata), onları da mənzildən çıxarmışdır. Onda iddiaçı və ailə üzvləri əgər mənzildən çıxarılırsa mənzilinin satış qiyməti olan 240.000 manat ona ödənilməlidir ki, o, yenidən mənzil alıb orada yaşaya bilsin. Əks halda həm mənzildən çıxarılmaq, həm də pulun verilməməsi onun mülkiyyətindən qanunsuz məhrum olmağı deməkdir ki, bu da cinayətdir. Aida Yeqanova öldüyü üçün bu vəziyyətdə onun hüquqi vərəsəsi olan Cavabdeh1 mənzilinin müqabilində ona mənzilin dəyəri olan 240.000 manatı ödəməlidir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2686/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(011)-2686/2024 saylı və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e- 2(011)-3282/2024 saylı mülki işlər bir icraatda birləşdirilərək e-2(011)-2686/2024 saylı mülki iş kimi baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)- 2686/2024 nömrəli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi aldatma yolu ilə bağlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə (iddiaçıya) aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirir. Belə ki, həmin müddət - kəsici müddət hesab edilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30 ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısına dair mübahisələndirilən xx.xx.2015-ci il tarixli müqavilə iddiaçının səlahiyyətli nümayəndəsi X9 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanılmışdır. İddiaçı həmin müqavilənin mübahisələndirilməsinə dair iddia ərizəsini məhkəməyə xx.xx.2024-ci il tarixdə təqdim etmişdir. Əqd bağlanılarkən aldanılma nəticəsində iradənin zədələnməsi hallarında əqdin etibarsızlığının tələb edilməsi üçün 1 illik kəsici müddət tətbiq edildiyindən və iddiaçı həmin müddətdə öz hüququndan istifadə etmədiyindən - həmin hüquqa (müqavilənin etibarsızlığı barədə tələbin irəli sürülməsi barədə hüquqa) xitam verilmişdir. Kəsici müddətlər iş üzrə buna dair ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir. Buna görə də Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və daha sonra Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əqd əsasında verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı əqdin bağlanılması zamanı aldanılma nəticəsində iradəsinin zədələndiyini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat məbləğində pul vəsaitinin alınması” barədə iddia tələblərinə hüquqi qiymət verərək, hesab etmişdir ki, göstərilən hissədə də iddia tələbləri təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2015-ci il tarixli əqdin bağlanılmasından 8 ildən çox müddət keçmişdir və iş materialları müqavilənin bağlanılmasından sonrakı dövrdə iddiaçı ilə onun nümayəndəsi A.Yeqanova arasındakı pul vəsaitlərinin hərəkətinə dair münasibətləri əks etdirmir. Belə ki, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin X9 tərəfindən iddiaçıya verilməməsi (saxlanılması) və daha sonra həmin pul vəsaitinin A.Yeqanovanın vəfatından sonra miras kütləsinə daxil olub vərəsələri tərəfindən alınması iş materialları ilə sübuta yetirilmir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin A.Yeqanova tərəfindən iddiaçıya verilməməsi və daha sonra miras əmlak olaraq A.Yeqanovanın vərəsələri tərəfindən alınması sübuta yetirilmədiyindən qeyd olunan iddia tələbləri təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaların tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona və ailəsinə qarşı mənzildən çıxarılma tələbi ilə Sabunçu rayon Məhkəməsində iddia qaldırdıqdan sonra sözügedən alqı-satqı müqavilələrindən məlumatı olmuşdur. Bundan sonra notariat kontoruna verilmiş sorğu əsasında sözügedən alqı-satqı müqavilələrinin sənədlərini əldə etmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən olunmuş 1 illik müddət tərəfindən ötürülməmişdir. Yəni məhkəmənin bu əsaslandırması qanunsuz və əsassızdır. Digər tərəfdən mənzilin Cavabdeh1 adına keçməsini bilmirdi. Yalnız məhkəməyə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. 2 alqısatqı muqaviləsi olmuşdur. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bugünə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Əksinə bugünə qədər mənzilə dair bütün kommunal xərclər tərəfindən ödənilmişdir. Beləliklə göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə yaşamaması, mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində mənzilin kommunal xərcələrinin tərəfindən ödənilməsi ondan gizli, iştirakı olmadan bağlanmış alqı-satqı müqavilələrinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğunu sübut edir. Tərəfindən alqı-satqı müqaviləsinin bağlandığı bilinən 2015-ci ildən bugünədək mənzillə bağlı bütün kommunal xərclərin tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə arayışlar təqdim etmişdir. Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Bakıxanov bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və xx.xx.2024-cü il tarixə qədər borcu yoxdur. Həmçinin 147 saylı MKİS-nin arayışıdna qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilin məişət-kommunal ödənişləri 2015-ci ildən hazırki vaxtadək İddiaçı tərəfindən ödənilib və ödənilir. Bu arayışların məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə bu sənədlərə hüquqi qiymət verməmiş, qətnamədə bildirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 403.1- 403.2-ci maddələrinə görə üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir (mübahisəli əqd bağlandığı vaxt qüvvədə olan redaksiyada). 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 435-ci maddəsinə görə kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddia tələblərinin rədd edilməsinin əsaslandırılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat məbləğində pul vəsaitinin alınması barədə iddia tələbinə əsasən X9 vəfat etdiyindən müqavilə üzrə alınmış ödəniş A.Yeqanovanın vərəsələri-Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Digər iddia tələbi olan Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə tələb isə sözügedən alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanılması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin birinci tələb üzrə xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin A.Yeqanova tərəfindən iddiaçıya verilməməsi və daha sonra miras əmlak olaraq A.Yeqanovanın vərəsələri tərəfindən alınması sübuta yetirilmədiyi əsası, eləcə də digər iddia tələbi üzrə əqd bağlanılarkən aldanılma nəticəsində iradənin zədələnməsi hallarında əqdin etibarsızlığının tələb edilməsi üçün 1 illik kəsici müddət tətbiq edildiyindən və iddiaçının da həmin müddətdə öz hüququndan istifadə etməməsi əsası ilə rədd edərkən, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı xx.xx.2016-cı il tarixli hökmünün məzmununda göstərilənlərə diqqət yetirməmiş və iddia tələblərinin təmin edilməməli olmamasına dair nəticəsini qeyd edilən hökmdə müəyyən edilmiş hallar baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, qeyd edilən hökmün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. Hökmdən daha sonra görünür ki, X4 özgənin əmlakını gizli yolla talamaq məqsədi idə 2012-ci ilin oktyabr ayından 2015-ci ilin mart ayına kimi olan müddət ərzində X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrupp şəklində xadimə işlədiyi evin sahibəsi Aida Yeganovanın Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasından istifadə edərək ona etibar etdiyi Bakı şəhəri, N.İsmayılov küç. 39 saylı mənzilin yataq otağında yerləşən mebelin siyirməsində və saxlanc yeri olan dəmir seyfə qanunsuz olaraq 439.165 manat dəyərində qızıl əşyaların briliyant qaşlarını sökdürüb şəffaf şüşə ilə əvəz etməklə sonuncuya külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. İş materiallarından görünür ki, X4 (iddiaçının gəlini) xx.xx.2015-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2015-ci il tarixədək həbsdə olmuşdur. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən imzalanmışdır) Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı Cavabdeh2 satmışdır. Göründüyü kimi, sözügedən iş üzrə istintaq dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30 ünvanında yerləşən 1 saylı mənzil vurulmuş maddi ziyanla əvəzləşdirilmişdir. Təsadüfi deyildir ki, hökmdə məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi zərərin tam ödənilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması yüngülləşdirici hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri sayır ki, alqısatqı müqaviləsi bağlanmamışdan əvvəl İddiaçı tərəfindən X8 etibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin əqd bağlanmışdır. Başqa sözlə kollegiya hesab edir ki, sözügedən etibarnamə verilərkən onun hüquqi nəticələri İddiaçı tam aydın idi və alqı-satqı müqaviləsi bağlanana kimi bu etibarnamənin hansı şəraitdə verilməsi heç bir formada mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliklərin bu qaydada (vurulmuş ziyanın əvəzində əmlak (mənzil) verilməsi yolu ilə) icrası nəinki mülki qanunvericiliyə zidd deyil, hətta müvafiq normalarla tənzimlənir. Belə ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir (maddə 431.1, həmin dövrdəki redaksiyada). Beləliklə, müəyyən olunur ki, Bəxtiyarova Validənin əməlləri nəticəsində Aida Yeganovaya maddi zərər vurulmuş və Bəxtiyarova Validənin qayınanası, yəni İddiaçı həmin zərəri (onun bir qismini) özünə məxsus mənzillə ödəmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından və formalaşmış məhkəmə təcrübəsinə əsasən müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə yaradır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, iddiaçının tələb etdiyi vəsait mənzilin alqı-satqısı zamanı verilməməsi faktı mövcud olsa da, həmin müqavilə məhz cinayət işi zamanı ziyan əvəzinə əmlak verilməsi yolu ilə həyata keçirilməsi işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf olmayan İddiaçı bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasına dair diqqət yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və olanların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki qanunvericiliyə əsasən, pozulması ehtimal edilən hüququn aradan qaldırılmasını tələb etmək hüququ yalnız hüququ pozulmuş şəxsə məxsusdur. Belə ki, şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarına dəyən zərərə görə istənilən şəxsin tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır. Bu baxımdan da, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf olmayan İddiaçı bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsinin son iclasında iddiaçı tərəf 82.000 manat pul ilə bağlı şahidlərin dindirilməsinə dair vəsatəti elektron məhkəmə sistemi vasitəsilə təqdim edərək bununla əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsinin əsası kimi şahid ifadələri ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verilməməsini, həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında işə baxılarkən yeni sübutların təqdim edilməməsinin mümkünsüzlüyünü nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılmaları ilə razılaşmır və hesab edir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməlidir. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiaları göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və hər iki tələblərin əsaslandırılmış hallarının Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 379/2016 saylı xx.xx.2016-cı il tarixli hökmü ilə müəyyən edilmiş hallar baxımından təkzib edilməsi və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia üzrə iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin digər əsaslarla rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)- 2686/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizələri rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar