Məhkəmə qərarları › İş №2(103)-5194/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5194/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5194/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı Nəcəfqulı̇ yeva Əsmət Kərı̇ m qızının və vəkili X5, Cavabdeh Nəcəfqulı̇ yev Fuad Nəcəf oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(002)-883/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzilinə istifadə hüquqlarına 6500 manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzilindən istifadə hüquqlarına 8000 manat kompensasiya ödəməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzillə bağlı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə təsdiq olunur. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə nəvəsidir. Oğlu ailəsi ilə birgə 1997-ci ildə Rusiyaya getmiş, təqribən 7 il əvvəl Azərbaycana qayıdaraq ona məxsus üç otaqlı mənzilin iki otağında yaşamığı başlamışdır. Həmin vaxtdan cavabdehlərlə və gəlini Lətifə ilə mübahisələri başlamışdır. Son illər mübahisələri daha da kəskinləşmişdir. Üç ildir ki, cavabdehlərdən ayrı yemək yeyir, birgə təsərrüfat aparmırlar. Daimi olaraq cavabdehlər və gəlini Lətifə tərəfindən təhqir və işgəncələrə məruz qalmışdır. Dəfələrlə polis orqanlarına şikayət vermişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında gəlini tərəfindən döyülüb evdən qovulmuşdur, hətta gəlini onu döydüyünə görə inzibati qaydada cərimələnmişdir, hazırda özünə məxsus evdə yaşaya bilmir. Daimi olaraq hədələndiyinə və döyüldüyünə görə dekabr ayından evə qayıtmağa qorxur. Oğlu Cavabdeh1 bunlara göz yumur, arvadını müdafiə edir, rus dilində onu daimi olaraq təhqir edir və hamıya “anamın başı xarab olub” deyir. Onun 74 yaşı var, belə şəraitdə, yəni daimi təhqir, hədə-qorxu, işgəncə görərək cavabdehlərlə birgə yaşaması mümkün deyildir. Cavabdehlər onun öz evində yaşamasına imkan vermirlər, özünə məxsus mənzildən faktiki olaraq məhrum edilmişdir. Bundan əlavə, cavabdehlərin Sabirabad rayonunda ayrıca evi vardır, oradan kənd təsərrüfatı malları gətirərək satırlar, həmçinin oğlu yüksək məbləğdə pensiya alır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində iki otaqlı mənzillərin kirayə haqqı təxminən 160-170 manat təşkil edir. Hesab edir ki, cavabdehlərə kompensasiya ödəməsə də, onlar öz yaşayışlarını rahatlıqla təmin edə bilərlər. Buna baxmayaraq, hazırda 8000 manat kompensasiya ödəməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmasını tələb edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(002)-883/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(002)-883/2021 nömrəli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ərazidə mənzillərin kirayəsi 250-300 manatdır. Kompensasiya kimi verilən məbləğə onlar heç nə tikə bilməzlər və heç nə ala bilməzlər. Bundan başqa, iddiaçı Cavabdeh1 həyat yoldaşını cavabdeh kimi qoymamışdır. Belə ki, onun həyat yoldaşı da 1997-ci ildən həmin mənzilə gəlin kimi köçmüşdür. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəcəfqulı̇ yev Fuad Nəcəf oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nəcəfqulı̇ yeva Əsmət Kərı̇ m qızı və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 4, 34 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, 34 saylı mənzildə yaşayır. Həmin mənzildə özü, Cavabdeh1, Cavabdeh2 daxil olmaqla yeddi nəfər yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan 30.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli, 3(002)-184/2021 saylı qərarının surətindən görünür ki, X4 16 dekabr 2020-ci il tarixdə yaşadıqları mənzildə İddiaçı döydüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan həmçinin görünür ki, işdə iştirak edən şəxslər izahatlarında birgə yaşadıqları mənzildə daim münaqişə olduğunu qeyd etmişlər. İş materiallarında olan Daşınmaz Əmlak Mərkəzi tərəfindən 10 saylı Vəkil Bürosuna ünvanlanmış 21.02.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi tərəfdə yerləşən 2 (iki) otaqlı mənzillərin kirayə haqqı təxminən 160 (yüz altmış) və ya 180 (yüz səksən) manat təşkil edir. İş materiallarında olan Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ev alqı-satqı ofisində fərdi qaydada fəaliyyət göstərən X11 (VÖEN: **********) tərəfindən verilmiş 11.03.2021-ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 8-ci döngə, 4 saylı bina istiqamətində və ona yaxın ərazilərdə yaşamaq üçün hər bir şəraiti olan bina evlərində yerləşən iki otaqlı mənzillərin kirayə haqqı 170-200 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 4, 34 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır, cavabdehlər isə onun oğlu və nəvəsi olmaqla həmin mənzildə yaşayırlar və mənzildən istifadə hüququna malikdirlər. İzahatlar, şahid ifadələri və iş materiallarında olan yazılı sübutlar təsdiq edir ki, mülkiyyətçi olan, 74 yaşlı iddiaçının özünə məxsus mənzildə yaşamasına cavabdehlər və onların ailə üzvü tərəfindən ciddi maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur, münaqişə nəticəsində iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Digər tərəfdən, həmin ərazidə eyni şəraitə uyğun mənzillərin kirayə haqqı barədə arayışları, cavabdehlərin özlərini yaşayış yeri ilə təmin etmə imkanına malik olmaları barədə şahid ifadələrini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq məhkəmə müəyyən edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mülki iş materiallarından və tərəflərin verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən mənzil Nəcəfqulı̇ yeva Əsmət Kərı̇ m qızının mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir. Məhkəmə kollegiyası mülkiyyətçinin öz əmlakından maneəsiz istifadə etmək və onun üzərində istədiyi kimi sərəncam vermək kimi konstitusion hüquqlarının təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, bu hüquqlarının həyata keçirilməsi üçün iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh şəxslərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsini və cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməsi tələb etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə verilməli olan kompensasiya məbləğinin 8000 manat olmaqla müəyyən edilməsini də məhkəmə kollegiyası əsaslı və işin hallarına uyğun hesab edir. Belə ki, iş materiallarında olan və tərəflərin mübahisələndirmədiyi sənədlərlə mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə müqaviləsinin ən yüksək qiyməti nəzərə alınarsa, 200 manat təşkil etdiyi müəyyən edilmişdir. Deməli, cavabdehlərə təklif edilən kompensasiya məbləği onların oxşar şəraitdə uzun illər ərzində kirayədə yaşamasına imkan verir. Cavabdeh Nəcəfqulı̇ yev Fuad Nəcəf oğlunun həyat yoldaşının cavabdeh kimi qoyulmaması ilə bağlı kollegiya qeyd edir ki, tələbin yönəldiləcəyi şəxslərin - cavabdehlərin dairəsini müəyyən etmək səlahiyyəti iddiaçıya aid olduğundan, X2 qarşı tələbin yönəldilməməsi, hazırkı cavabdehlərə qarşı iddianın rədd edilməsinə, apellyasiya şikayətinin isə təmin edilməsinə əsas ola bilməz. Bundan başqa, cavabdehlər, X3 iddiaçıya məxsus mənzildən istifadə hüququnun əmələ gəlməsi barədə sübutu da təqdim etməmişlər. Məhkəmə kollegiyası, həmin ərazidə mənzillərin kirayəsinin 250-300 manat olması, kompensasiya kimi verilən məbləğə onların heç nə tikə və heç nə ala bilməyəcəkləri barədə apellyasiya şikayətində göstərilənlərlə bağlı onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla həmin ərazidə mənzillərin kirayə haqqının 250-300 manat olması təsdiq olunmur. Bundan başqa, qanunvericilik aktı kompensasiya məbləğinin istifadəçiyə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etməli olduğunu nəzərdə tutsa da, istifadə hüququnun mövcud olduğu mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin edəcək mənzilin eyni ərazidə yerləşməli olmasını şərtləndirmir, əksinə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etməli olan mənzilin başqa yerdə yerləşməli olmasını nəzərdə tutur ki, bu hal da cavabdehlərin başqa yerdə iddiaçıya məxsus mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanını daha sərfəli qiymətlə təmin etmələrini istisna etmir. Kompensasiya institutu eyni zamanda istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini, yəni yeni mənzil əldə etmək və ya tikmək üçün yetərli vəsait tələb etmək hüququnu vermir. Apellyasiya baxışının gedişində iddiaçı Əsmət Nəcəfqulı̇ yeva bildirmişdir ki, cavabdehlər iddianı qəbul edəcəkləri təqdirdə, o, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 8.000 manat kompensasiya məbləğini artıraraq, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün onlara 10.000 manat verməyə razıdır. İddiaçı bununla bağlı məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Cavabdeh Fuad Nəcəfqulı̇ yev isə heç bir kompensasiya məbləğinə razı olmadığını, həmin mənzildən çıxmaq istəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təklif etdiyi artırılmış kompensasiya məbləğini cavabdehin iddianı qəbul etməsi ilə şərtləndirdiyindən, cavabdeh isə buna razı olmadığından, həmin artırılmış məbləğ cavabdehlərə təklif edilən kompensasiya məbləğinin artırılması kimi qiymətləndirilməməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(002)-883/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar