Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5197/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələrinin evində qeyri-qanuni, yəni kənar xəttin olmasını bəhanə edərək cərimə yazdıqlarını, halbuki evində heç bir kənar xəttin olmadığını, ondan 1176,01 manat pulun ödənilməsinin tələb edildiyini bildirmiş, buna görə də həmin cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu, iddiaçının kənar qaz xəttindən istifafdə etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan iddiaçı Cavabdeh abonentidir; Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.01.2020-ci il tarixdə tərtib olunmuş ******* saylı aktda həmin evdə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyi qeyd olunaraq akt əsasında iddiaçıya 1176,01 manat borc (zərər) hesablanmışdır. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, onda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən akt mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-716/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5197/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5197/2021
03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver