Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-520/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “sığorta hadisəsi ilə bağlı zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(004)-3304/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Yahya oğlu 24 oktyabr 2019-cu il tarixində yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində bədən xəsarəti almış, əmək qabiliyyəti 40% itirmiş və ona 3-cü dərəcəli əlillik verilmişdir. Baş vermiş hadisə, iddiaçının öz əmək funksiyasını yerinə yetirən zaman baş vermişdir, bununla bağlı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisə haqqında akt tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt, İddiaçı Yahya oğlu icbari sığorta müqaviləsi üzrə sığorta olunmamış, yalnız hagisənin baş verməsindən 2 aya yaxın müddət keçdikdən sonra icbari qaydada sığortalanmışdır. Ona görə də, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 İddiaçı müvafiq sığorta ödənişinin verilməsi barədə müraciətinə cavab olaraq, İddiaçı sığorta təminatında olmadığının müəyyən edilməsi səbəbindən sığorta ödənişinin həyata keçirilməsinın mümkünsüz olduğu bildirilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi ilə bağlı zərərin əvəzinin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən öhdəliklərinin icra edilməməsi ilə bağlı iddiaçıya ödənilməli sığorta ödənişinin əvəzi kimi 29269,54 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və İqtisadiyat şöbəsinin rəisi baş mühasib vəzifəsində işləmişdir. O, 24 oktyabr 2019-cu il tarixdə saat 9 radələrində xidmətin inzibati binasına iş yerinə gəlmiş, əmək funksiyalarının icrası ilə məşğul olmuşdur. Təxminən saat 11:30 radələrində rəhbərliyin tapşırığına əsasən əmək funksiyalarına aid işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə getmişdir. Geriyə şəhərdaxili marşrut avtobusu ilə gələrək xidmətin inzibati binasına ən yaxın avtobus dayanacağında metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında avtobusdan düşmüşdür. Sonra xidmətin inzibati binasına getmək üçün təxminən saat 13 radələrində ünvan 1 ünvanında piyadalar üçün nəzərdə tutulmuş yerdən yolu sağdan-sola keçmək üçün hərəkət edərkən, sürücü Adnan Əsgərov idarə etdiyi “Hyundai Elantra” markalı, 90 FT-800 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, nəticədə o, sağ ayağından xəsarət almış, əmək qabiliyyətini müvəqqəti itirmiş, 3cü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Əlillik və ya sağlamlıq imlankarının məhdudluq müddəti “müddətsiz” kimi göstərilmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti 25 yanvar 2021-ci il tarixdə "xxxx" ASC-nin Müştəri Xidmətləri və Sığorta hadisələrinin tənzimlənməsi Departamentinə müraciət edərək, müvafiq sığorta ödənişinin verilməsinə göstəriş verilməsini xahiş etmiş, alınmış cavab məktubunda göstərilmişdir ki, “Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə (hadisə tarixi) “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” və "xxxx" ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən İddiaçı sığorta təminatında olmadığı məlum olmuşdur. Bu səbəbdən baş vermiş hadisənin qeydə alınması və sığorta ödənişinin həyata keçirilməsi mümkünsüzdür.” Onun sığorta kapitalının məbləği 73173,85 manat təşkil edir. Beləliklə, işin halları ilə müəyyən edilir ki, o, məlum sığorta hadisəsi baş verən vaxt, yəni 12 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və İqtisadiyyat şöbəsinin rəisi baş mühasib vəzifəsində işləsə də, sığorta etdirmək vəzifəsi daşıyan “sığortalı” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “sığortaçı” ilə müvafiq müqaviləni bağlamadığından İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta ödənişi verilməmişdir. Belə olan halda sığorta təminatı həcmində öhdəliyi məhz cavabdeh daşıyır. Sığortanın həcmi 29269,54 manat (sığorta məbləği olan 73173,85 manatın 40 faizi) təşkil edir və bu məbləğ onun əlilliyi müddətsiz olaraq təyin edildiyindən, birdəfəlik qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(004) 3304/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ödənilməli olan sığorta ödənişinin əvəzi kimi 29269,54 (iyirmi doqquz min iki yüz altmış doqquz manat əlli dörd qəpik) (73173,85x40%:100=29269,54) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalı, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 iddiaçıya münasibətdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək vəzifəsini yerinə yetirmədiyindən, onun qarşısında qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Bu səbəbdən qanunla ona ödənilməli olan sığorta ödənişi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 tərəfindən ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxsin iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı dəlilini əsasız hesab edərək, qeyd etmişdir ki, dəymiş zərərin ödənilməsi, əmək qabiliyyətinin itirilməsi hallarına görə icbari həyat sığortasının nəzərdə tutduğu təminatları özündə ehtiva etmir. Məhkəmə iddiaçıya ödənilməli olan sığorta məbləğinə münasibətdə qeyd etmişdir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 16.3 və 16.3.1-ci maddəsinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə birdəfəlik sığorta ödənişi verilir. İcbari sığortalar haqqında Qanunun 14.2., 14.2.3 və 14.2.3.3-cü maddəsinə (14.2.3.3-cü maddənin əvvəlki redaksiyasında) əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması halında İİİ dərəcə əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə sığorta məbləğinin 40 faiz nisbətində ödənilir. Qeyd edilən normalara və iş materiallarına əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçı müddətsiz olmaqla üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmçinin iddiaçıya İddiaçı Yahya oğlu üçün sığorta məbləği 73173,85 manat müəyyənləşdirilmişdir. Belə olduğu halda, cavabdeh tərəfindən iddiaçıya həmin məbləğin 40% həcmində, birdəfəlik qaydada 29269,54 manat (73173,85x40%:100=29269,54) manat məbləğində ödəniş edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin 6-cı səhifəsinin 2-ci və 7-ci abzasında gəldiyi nəticə iddianın təmin etməklə bağlı olsa da, məhkəmə cavabdehə münasibətdə zidiyyətli qənaətə gəlmişdir. Yəni birinci halda məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli məbləğ X2 tutulmalı, ikinci halda isə bu vəsaitin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ödənilməli olduğunu bildirmişdir. Qətnamənin nəticə hissəsində isə sözügedən məbləğin ödənilməsi ilə bağlı öhdəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymuşdur. Göründüyü kimi qətnamənin nəticə hissəsi onun əsaslandırma hissəsi ilə qismən uyğunsuzluq təşkil etmişdir. Digər tərəfdən məhkəmə qətnamədə tərəflər arasında olan münasibətlərə “İcbari sığorta haqqında” Qanununun 14.2, 14.2.3 və 14.2.3.3-cü maddələrinə istinad edərək dəymiş ziyanın hesablamışdır. Həmin Qanununun sözügedən mübahisəyə tətbiq edilməsi əsassızdır. Belə ki, Qanununun preambulasında həmin normativ hüquqi aktın nizama saldığı münasibətlər müəyyən edilir. Həmin mətndən açıq aşkar görünür ki, bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Yəni bu Qanun şəxsin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarını tənzimləmir. Məhkəmə qətnaməsində mübahisənin həlli məqsədilə digər bir Qanuna da istinad edilmişdir. Həmin normativ hüquqi akt “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunudur. Həmin Qanununun preambulasında həmin normativ hüquqi aktın nizama saldığı münasibətlər müəyyən edilir. Həmin mətndən açıq aşkar görünür ki, bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Məhkəmə iddiaçıya verilməli olan birdəfəlik sığorta ödənişini düsturla hesablayarkan səhvə yol vermişdir. Belə ki, həmin dövrdə İddiaçı aylıq əmək haqqısı 725 manat olmuşdur. Müvafiq olaraq illik əmək haqqı fondu isə 8700 manat olacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, istehsalat zədəsi səbəbi ilə müddətsiz olmaqla üçüncü dərəcəli əlillik təyin edilmiş, onun əmək qabiliyyətinin 40% itirməsi müəyyən edilmişdir. İddiaçının yaşı həmin dövrdə 57 yaşı olmuşdur. Göründüyü kimi İddiaçı müavinət veriləcəyi təqdirdə birdəfəlik sığorta ödənişi aşağıdakı qaydada hesablanmalı idi. 8700 manat (sığorta olunanın illik əmək haqqı fondu) x 40 % (sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsi) x 10.0194 (bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli cədvələ uyğun hesablanmış əmsal) = 34.867.512 manat / 100 = 348.67 manat. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə İddiaçı bədbəxt hadisə nəticəsində qəzaya düşməsi zamanı onunla işəgötürən arasında sığorta müqaviləsi olmadığını nəzərə almamışdır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərini pozaraq cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyini qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı öhdəliyi daşıması olduğu halda, sığorta hadisəsi baş verdikdən sonra iddiaçı ilə sığorta şirkəti arasında bağlanmış sığorta müqaviləsi üzrə öhdəlik daşımalı olması qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə araşdırması aparılarkən hakim iddiaçıya agentlik tərəfindən hər ay verilən aylıq ödəncləri nəzərə almamışdır. Bundan başqa məhkəmə iş üzrə cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmasına baxmayaraq Nazirliyin tabeliyində olan qurumunun rəhbərinin etibarnaməsi əsasında qurumun nümayəndəsini Nazirliyin səlahiyyətli nümayəndəsi kimi qəbul etmişdir. Məhkəmə hazırki mübahisəyə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6832/2023 saylı 12 dekabr 2023 cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/6851/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 9-cu maddəsinin j bəndinə əsasən, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək işçinin hüquqlarından biridir. 225.1-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. 225.2-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunun: 2.0.3-cü maddəsinə əsasən, sığorta olunan – xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslərdir. 2.0.4-ci maddəsinə əsasən, sığortalı – sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarıdır. 2.0.12-ci maddəsinə əsasən, sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. 3.1 və 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. 7.3-cü maddəsinə əsasən, bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. 14.1-ci maddəsinə əsasən sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.1-ci bəndinə əsasən: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildiyi halda, birdəfəlik sığorta ödənişinin məbləği göstərilən düsturla hesablanır: BSÖ=P x W x A/100 Burada: BSÖ — birdəfəlik sığorta ödənişinin məbləği; P — sığorta olunanın illik əmək haqqı fondu; W — sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə olunur); A — bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli cədvəlin “Müddət müəyyən edilmədikdə” adlı sütununda nəzərdə tutulan, sığorta olunanın yaşına uyğun hesablama əmsalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nörməli Qərarı ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydasının 2.1-ci bəndinə əsasən sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin təmin edilməsi (başqa əsasla) barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı Yahya oğlu 24 oktyabr 2019-cu il tarixində yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində bədən xəsarəti almış, əmək qabiliyyəti 40% itirmiş və ona 3-cü dərəcəli əlillik verilmişdir. Hadisə iddiaçının öz əmək funksiyasını yerinə yetirən zaman baş vermişdir, bununla bağlı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisə haqqında akt tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt, İddiaçı Yahya oğlu icbari sığorta müqaviləsi üzrə sığorta olunmamış, yalnız hadisənin baş verməsindən 2 aya yaxın müddət keçdikdən sonra icbari qaydada sığortalanmışdır. Ona görə də, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 İddiaçı müvafiq sığorta ödənişinin verilməsi barədə müraciətinə cavab olaraq, İddiaçı sığorta təminatında olmadığının müəyyən edilməsi səbəbindən sığorta ödənişinin həyata keçirilməsinın mümkünsüz olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan sığorta məbləğinə münasibətdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 16.3 və 16.3.1-ci maddəsini qeyd etsə də, hesablama zamanı “İcbari sığortalar haqqında” Qanunun 14.2., 14.2.3 və 14.2.3.3-cü maddəsinə (14.2.3.3-cü maddənin əvvəlki redaksiyasında) istinad etmişdir. Halbuki, həmin qanununun sözügedən mübahisəyə tətbiq edilməsi əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nı tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi başqa əsasla təmin edilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin İddiaçı bədbəxt hadisə nəticəsində qəzaya düşməsi zamanı onunla işəgötürən arasında sığorta müqaviləsi olmadığını nəzərə alınmamasına dair dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalı, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 iddiaçıya münasibətdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək vəzifəsini yerinə yetirmədiyindən, onun qarşısında qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Bu səbəbdən qanunla ona ödənilməli olan sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ödənilməlidir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya verilməli olan birdəfəlik sığorta ödənişini düsturla hesablayarkan səhvə yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun - 7.3-cü maddəsinə əsasən bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. - 14.1-ci maddəsinə əsasən sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********51 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 4-cü bəndinə əsasən, müqavilə üzrə hər bir sığorta olunana münasibətdə sığorta məbləğləri, habelə ümumi sığorta məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 21 dekabr tarixli Q-10 nömrəli Kollegiya Qərarı ilə təsdiq etdiyi «istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydaları»na uyğun olaraq hesablanmaqla müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavədə müəyyən edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********51 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə **********51/10 nömrəli əlavədən görünür ki, İddiaçı Yahya oğlu üçün sığorta məbləği 73173,85 manat müəyyənləşdirilmişdir.(cild 1, iş vərəqə 162) Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.1-ci bəndinə əsasən: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildiyi halda, birdəfəlik sığorta ödənişinin məbləği göstərilən düsturla hesablanır: BSÖ=P x W x A/100 Burada: BSÖ — birdəfəlik sığorta ödənişinin məbləği; P — sığorta olunanın illik əmək haqqı fondu; W — sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə olunur); A — bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli cədvəlin “Müddət müəyyən edilmədikdə” adlı sütununda nəzərdə tutulan, sığorta olunanın yaşına uyğun hesablama əmsalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nörməli Qərarı ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydasının 2.1ci bəndinə əsasən sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir. Göründüyü kimi qanunvericilikdə ödənilməli olan sığorta məbləğinin hesablanmasının fərqli qaydası müəyyən edilsə də, birinci instansiya məhkəməsi həmin halları nəzərə almayaraq sığorta məbləğini iddia tələbində göstərilən həddə təmin etsə də, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırda iddiaçıya ödənilməli olan sığorta məbləğinin hesablanması cavabdeh tərəfindən mübahisələndirildiyindən, eləcə də, sığorta məbləğinin hesablanması xüsusi bilik tələb etsə də, birinci instansiya məhkəməsi həmin hesablamanı özü apardığından iş üzrə obyektiv nəticəyə gəlmək üçün apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 9/6851 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iddiaçıya ödənilməli olan sığorta məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nörməli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"nın 2.1.1-ci bəndinə əsasən 34867,51 manat məbləğində müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iddiaçıya ödənilməli olan sığorta məbləği "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən sığorta məbləğinin 40% həcmində, birdəfəlik qaydada 29269,54 manat (73173,85x40:100=29269,54) manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza rəyində ödənilməli olan məbləğ 34867,51 manat göstərilsə də, Azərbaycan Respublikasının MPM-nin 218-ci maddəsinin tələbləri baxımından iddia tələbi 29269,54 manat olduğu üçün iddiadan kənara çıxılmağa yol verilmir. Buna görə də kollegiya hesab edir ki, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ödənilməli olan sığorta ödənişinin əvəzi kimi 29269,54 (iyirmi doqquz min iki yüz altmış doqquz manat əlli dörd qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni sığorta məbləğinin hesablanmasının xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 9/6851 saylı rəyinə istinad edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, eləcə də ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e- 2(004)-3304/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ödənilməli olan sığorta ödənişinin əvəzi kimi 29269,54 (iyirmi doqquz min iki yüz altmış doqquz manat əlli dörd qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə