Məhkəmə qərarları › İş №2(103)-5200/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5200/2021

07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5200/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı, Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-744/2021 saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: abonent saldosu (səh.10), sayğacın istismara qəbulu haqqında ******* saylı akta əsasən, qaz sayğacının abonentə təhvil verilməsi (səh.15),təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən, sayğacın çıxış plombasına baxış keçirilməsi və dəymiş ziyanın hesablanması müəyyən edilmişdir (səh.12), qaz sayğacının yoxlanılması barədə 22.07.2019-cu il tarixli akta əsasən, qaz sayğacının yararsız hesab olunması müəyyən edilmişdir (səh.13), itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktlarlarla **********00000 sayla qeydiyyata alınmış İddiaçı məxsus ünvanda 30 iyul 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 4860 kub metr ziyan hesablanmışdır (səh.16) . Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-744/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88; Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2, 443.1, 443.2, 448.1. və 448.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 486 manat borc silinməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9, 13.1, 16; “Qazdan istifadə Qaydaları”nın 4.8; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8; Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 360, 385.1.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. iddialarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, Hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Cavabdeh" İstehsalat Birliyinin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X8”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarsı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlərenerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdiyimiz qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, sübutlara tam qiymət verilmədiyini, akta əsasən cərimə məbləğinin iddiaçıdan tutulmalı olduğunu, iddiaçı tərəfindən sayğaca qanunazidd müdaxilə edildiyini, bunun əsasında akt tərtib edildiyini, ziyanın hesablanıldığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189- 1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097.1, 1098, 1115; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80 - 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, təmin olunan hissədə iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şəxsin pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə müvafiq tədqiqatlar aparılmamış və qərarlar qəbul edilməmişdir (inzibati xəta haqında protokol tərtib edilsə də qərar verilməmiş və inzibati xəta işi üzrə maddi zərərin məbləği müəyyən edilməmişdir). Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən tələblərə qiymət verilməsi sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393, 402,404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-744/2021 saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar