Məhkəmə qərarları › İş №2(103)-5201/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5201/2024

06.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5201/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 Ziyaddin qızına (DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5201/2024 (Açar sözlər: tyerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh, həmçinin Nazəni Eyyubovanın nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 Ziyaddin qızına qarşı “yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən müvafiq olaraq 5b, 5v, 5a və 5q saylı fərdi yaşayış evlərindən əsas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlərindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq X1 hər bir iddiaçıya 12.000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1.500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, fərdi yaşayış evləri aypara şəklində bir-biri ilə qonşuluqda yerləşir. Qonşular qeyd edilən fərdi yaşayış evlərini əldə etdikləri zaman evlərin ümumi istifadədə olan yola çıxışı əvvəl dörd mərtəbəli olan, sonradan iki mərtəbənin artırılması nəticəsində hazırda altı mərtəbəli olan qeyri-yaşayış sahəsində olan arkanın altındakı torpaq sahəsindən keçməklə olmuşdur. Hər bir evin qapısından əvvəlcə ümumi istifadədə olan boş torpaq sahəsinə çıxış və oradan da qeyd edilən binanın altında yerləşən ümumi istifadədə olan torpaq üzərində yerləşən arka vasitəsilə ümumi yola cəmi bir çıxış olubdur. Onların fərdi yaşayış evlərinə dair Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş texniki pasportlarda mövcud olan “Torpağın planı”nda da fərdi yaşayış evlərinin yola çıxışının həmin arkanın altında yerləşən torpaq sahəsindən olduğu öz əksini tapıb. Lakin hazırda onların ümumi yola çıxışını təmin edən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi istifadədə olan torpaq cavabdehlər tərəfindən zəbt edilərək, arka cavabdeh tərəfindən tikilərək bağlanıb və iddiaçıların ümumi istifadədə olan yola çıxışı kəsilib. Qonşuların cavabdehdən onların ümumi istifadədə olan yola çıxışını təmin edən torpağın zəbt edilməsi ilə nəticələnin arkanın tikintisinin dayandırılması və tikilinin sökülməsi ilə bağlı tələbləri nəticəsiz qalıbdır. Lakin cavabdehlərin onların öz əmlaklarına keçməsi üçün müəyyən edilmiş sahəni bağlaması nəticəsində onlar öz əmlaklarından istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu müddət ərzində əmlakından istifadə edə bilməmələri nəticəsində onların əlindən çıxmış faydanı ən azı 54.000 manat həcmində qiymətləndirirlər. Hər biri öz əmlakını aylıq ən azı 500 yüz manata icarəyə verə bilərdilər ki, cavabdehlərin yolu bağlaması nəticəsində onlar bu hüquqlarını reallaşdıra bilməyiblər. Nazəni Eyyubova xx.xx.2021-ci il tarixdən 15 saylı keçid sahəsinin müəyyən edildiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisi olub, həmin tarixdən bu günədək (aprel 2023) onların hər birinin əldən çıxmış fayda məbləği 13,500 manat edir. Bu məbləğin 12,000 manatı Nazəni Eyyubovanın mülkiyyətçi olduğu müddət üçün onun tərəfindən, 1500 manatı isə Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçi olduğu müddət üçün onlar tərəfindən müştərək qaydada ödənilməlidir.

3. Bundan sonra iddiaçıların vəsatətinə əsasən cavabdeh X5 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyəddin qızı ilə əvəz edilmiş, sonradan iddiaçıların ərizəsinə əsasən X5 da cavabdeh qismində işə cəlb edilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29- cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152.1-ci, 152.5-ci, 255.1-ci, 255.4- cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1ci, 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər.

7. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışlar və əlavə olaraq qeyd etmişdirlər ki, onların tələbi cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etmədiyindən, iddianın mahiyyətcə cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etməsi ilə bağlı birinci instansiya məhkəməsinin arqumentinin heç bir hüquqi əsası yoxdur. Müdaxilə o halda mövcud ola bilərdi ki, onlar məhkəmənin qətnaməsində yazdığı kimi servitut tələb etmiş olsunlar. Belə ki, onların ümumi yola çıxışı cavabdehlər həmin mülkiyyətlərə sahib olduqları ilk vaxtdan cavabdehlərin mülkiyyətindən keçməklə olubdur və bu öz təsdiqini 1 saylı Ərazi İdarəsinin verdiyi məktublarda da dəfələrlə öz əksini tapıb. Odur ki, onların tələbi mövcud olan yolun qanunsuz bağlanmasının aradan qaldırılmasıdır ki, onların bu tələbi heç bir halda cavabdehlərin mülkiyyət hüququna müdaxilə təşkil edə bilməz. Onların vəsatəti əsasında ekspertin məhkəmə prosesində dindirilməsi zamanı və eləcə də, bir ildən artıq davam edən məhkəmə prosesi zamanı hakim bir dəfə də olsun 15 saylı sahənin cavabdehlərin məhkəməyə təqdim edilmiş texniki pasportlarında bağlı və ya açıq olmasına dair ekspertə və tərəflərə sual verməyib, ekspertiza qarşısında bununla bağlı sual qoymayıb və ümumiyyətlə, bu məsələnin araşdırılmasına maraq göstərməyib. Hətta onların nümayəndəsi dəfələrlə məhkəmə prosesi zamanı bu sahənin texniki pasportlarda açıq təsvir edildiyini bəyan edən zaman da, hakim nümayəndəyə bununla bağlı sual verməyib. Hətta 1 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilərək, onların öz mülkiyyətlərinə gediş-gəliş yolunun sözügedən 15 saylı sahədən keçdiyinə dair veridyi məktublarına izah verilməsi, aydınlıq gətirilməsinin təmin edilməsinə dair onların vəsatətlərinə baxmayaraq, hakim bu vəsatətləri təmin etməyib. Lakin sonda hər hansı sübuta istinad etmədən, ekspertin yerli baxış zamanı həmin sahənin bağlı olduğunu bildirdiyinə istinad edərək, sadəcə bu əsasla qərar çıxarıb. Ekspert rəyi birinci instansiya məhkəməsinin qətnaməsində təhrif edilmişdir. Belə ki, ekspertizanın rəyində məhkəmənin yazdığının əksinə olaraq, onların texniki pasportlarında yolun göstərildiyi öz əksini tapmışdır. Üstəlik, ekspertizanın rəyində onların texniki pasportlarında göstərilən yolun onların evləri qarşısında olan torpaq sahəsinə açıldığı öz əksini tapmışdır. Bu o torpaq sahəsidir ki, onlar bu torpaq sahəsinə çıxaraq daha sonra 15 saylı sahədən ümumi yola çıxıblar ki, daha sonra 15 saylı sahənin cavabdehlər tərəfindən qanunsuz bağlanması nəticəsində onların texniki pasportlarında yol kimi göstərilən bu torpaq sahəsindən ümumi yola və evlərinə giriş-çıxış edə bilməyiblər. “Yol” dedikdə, hər kəsə bəllidir ki, gediş-gəliş üçün nəzərdə tutulan zolaq/yer başa düşülür və “yol” dedikdə hər bir yanı bağlı torpaq sahəsi nəzərdə tutulması mümkün deyil. Ekspertizanın rəyindən və eləcə də, onların evlərinə dair texniki pasportlardan müəyyən edildiyi kimi, onlara məxsus texniki pasportlarda onların ümumi yola çıxışının, yəni gediş-gəliş yollarının evlərinin qarşısında olan torpaq sahəsindən olduğu öz əksini tapıb. Əgər həmin torpaq sahəsi onların texniki pasportlarında yol kimi göstərilibsə, aydın məsələdir ki, həmin torpaq sahəsi bağlı ola bilməzdi. Çünki bağlı olan torpaq sahəsi yol anlayışını ifadə etmir. Əvvəla, məhkəmə 1 saylı Ərazi İdarəsinin onların ümumi yola çıxışının 15 saylı sahədən olduğuna dair məktublarını nə üçün sübut qismində nəzərə almadığını əsaslandırmayıb. Digər tərəfdən məhkəmə qanunsuz olan tikilinin sökülməsinin tərəflərin maraqları arasındakı mütənasibliyi hansı şəkildə pozduğunu da qətnamədə əsaslandırmayıb. Məhkəmə onların qanuni tələblərini təmin etmək əvəzinə, heç bir əsas olmadan onların hüquqlarının təminin servitut yolu mümkün olacağını yazıb. Onların hüquqlarının təmini o halda servitut yolu mümkün olardı ki, onların ümumi yola çıxışı ümumiyyətlə nəzərə alınmamış olsun və bu səbəbdən cavabdehlərdən “yol” istəmiş olsunlar. Halbuki, onlara məxsus evlərin texniki pasportlarından da göründüyü kimi, onların texniki pasportlarında yol müəyyən edilib. Sonradan həmin yolun qanunsuz bağlanılması qanunsuz tikilinin sökülməsini tələb etmək əvəzinə, servitut tələb etmək vəzifəsini yaratmır. Məhkəmənin iddianı təmin etməməklə bağlı mövqeyi qanunsuz tikili anlayışının aydın olmadığını göstərir. 15 saylı sahənin cavabdehlərin mülkiyyətində olması, avtomatik olaraq həmin sahə altında olan torpaq sahəsindən cavabdehlərin həmin sahənin təyinatını nəzərə almadan istənilən qaydada istifadə hüququnu yaratmır. Belə ki, 15 saylı sahə altındakı torpaq sahəsi gediş-gəliş üçün boş sahə olaraq nəzərdə tutulub və 15 saylı sahənin özü də onların və digərlərinin gedişgəlişi üçün açıq sahə kimi layihələndirilib. Bu torpaq sahəsindən təyinatına uyğun istifadənin qarşısının alınaraq heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə keçmənin bağlanması, bu bağlamanı tətbiq edən şəxslər tərəfindən torpağın zəbt edilməsini yaradıb. Eləcə də, 15 saylı sahə cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin həm 2014, həm də 2018-ci il tarixli texniki pasportlarında açıq şəkildə layihələndirildiyindən, sonradan heç bir icazə almadan bu sahənin dəmir qurğu/qapı İlə bağlanması həmin dəmir qapının qanunsuz tikili olduğunu təsdiq edir. Əvvəla, məhkəmə sözügedən texniki pasportlarda 15 saylı sahənin mübahisəli giriş hissəsinin bağlı nəzərdə tutulduğuna dair heç bir dəlilə istinad etməyib. Yeganə istinad edilən ekspertin yerli baxış zamanı şifahi şəkildə həmin hissənin bağlı olduğunu bildirməsidir ki, maraqlıdır ki, ekspertin həmin “bildirişi” də onların eşidə biləcəyi şəkildə baş verməyib. Əgər məhkəmə qeyd edilən texniki pasoprtlara diqqətlə baxmış olsaydı, həmin texniki pasportlarda mübahisəli giriş qapsının açıq şəkildə təsvir edildiyini görmüş olardı. Belə ki, hər iki texniki pasportda mübahisəli giriş qapısı və onunla qarşı-qarşıya olan hissə bir xətlə təsvir edilmişdir ki, bu da həmin sahələrin açıq olduğunu ifadə edir. Bunu çox rahat şəkildə görmək mümkün olduğu halda, məhkəmə qətnamədə həqiqəti təhrif etməyə çalışıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6081/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlak hazırda Cavabdeh2 Ziyyadın qızının mülkiyyətindədir. Hazırda həmin sahənin mülkiyyət baxımından cavabdeh X3 hər hansı aidiyyəti yoxdur. Bu baxımdan cavabdehlər Cavabdeh1 və X5 15 saylı sahənin altında olan torpaq sahəsini zəbt etmiş şəxs hesab edilə bilməzlər, habelə 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) sökülməsini və həmin sahənin altındakı torpaq sahəsinin boşaldılmasını həyata keçirə bilməzlər, bununla bağlı hər hansı hüquqa və səlahiyyətə malik deyillər. Başqa sözlə, qeyd edilən cavabdehlər hüquqi nəticə etibarı ilə bu iddia tələblərinə cavab verməli olan şəxslər deyil. Məhkəmə kollegiyası 15 saylı xidməti sahənin mülkiyyətçisi Cavabdeh2 Ziyyadın qızına münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, 15 saylı xidməti sahənin altında olan torpaq sahəsi Cavabdeh2 Ziyyadın qızı tərəfindən zəbt edilməmiş, rəsmi olaraq onun istifadəsinə verilmişdir. Həmin sahədən onun iddiaçılarla birgə istifadə etməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. İddiaçıların özünün də həmin sahədən istifadə etmək hüququnu təsdiq edən hər hansı sübut yoxdur. İddiaçıların müəyyən müddət həmin yerdən keçid kimi istifadə etmələri, onların bu sahədən istifadə hüquqlarını, habelə mülkiyyətçinin müddət etibarı ilə məhdudiyyətsiz şəkildə onlara belə bir hüquqi imkanın verilməsi öhdəliyini yaratmış olmur. Eyni zamanda, mövcud vəziyyət mülkiyyətçi tərəfindən iddiaçılara münasibətdə onların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Mülkiyyətçi onların qarşısında bu məsələ üzrə hər hansı öhdəlik götürməmişdir.

11. Məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri hesab etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulması onun bağlanmasının qeyri-mümkün olduğunu özündə ehtiva etmir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların mülkiyyətində olan evlərin çıxışı olan ümumi istifadə yolunun əsas yoldan gediş-gəlişinin cavabdehlərin ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olması barədə məlumatın isə cavabdehlərə hər hansı hüquqi təsiri (yükü) yoxdur. Əks halda, mülkiyyətçinin bu sahəyə olan mülkiyyət hüququ bir hüquq olaraq öz əhəmiyyətini itirmiş olur və faktiki vəziyyətinə görə bu sahəni qeyri-müəyyən dairədə (həmin yerdən yolu düşən ixtiyari şəxsə münasibətdə) şəxslərin ümumi istifadəsində olan bir yer səviyyəsinə endirir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, paylı mülkiyyət baxımından da, yəni Cavabdeh1 da bu tələblərə cavab verməli şəxs olduğu halda belə, məhkəmə kollegiyasının mövqeyi dəyişilməz qalır. 25. Məhkəmə kollegiyası maddi zərərin tutulması tələbi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilk növbədə qeyd edir ki, bu tələb yuxarıda hüquqi qiymət verilən əsas tələblərə münasibətdə törəmə tələbdir və əsas tələblərin təmin edilməməsi hüquqi nəticə etibarı ilə bu tələblərin də təmin edilməməsini şərtləndirir.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

13. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəmənin 07 dekabr 2023-cü il tarixli, 2(103)-6081/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddia tələblərini təmin edən yeni qərar çıxarılmasını xahiş etmişlər

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2288/2024 saylı qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 7 dekabr 2023-cü il tarixli 2(103)-6081/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubu ilə 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulmasının bildirilməsinin, 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların mülkiyyətində olan evlərin çıxışı olan ümumi istifadə yolunun əsas yoldan gediş-gəlişinin cavabdehlərin ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olması barədə məlumatların iddiaçıların müvafiq hissədən gediş-gəliş yolunun olması nəticəsinə gəlməyə əsas vermədiyini kifayət qədər əsaslandıra bilməmiş, eləcə də iddiaçılara məxsus daşınmaz əmlaklara başqa gediş-gəliş yolunun olub-olmamasını, iddiaçıların əvvəllər mülkiyyətlərində olan daşınmaz əmlaklara hansı yolla hansı əsasla gedib-gəldiklərini də kifayət qədər araşdırıb hüquqi qiymət verməmiş, iddiaçılara məxsus daşınmaz əmlaklar inşa edildikləri vaxt daşınmaz əmlakların inşa edildiyi torpaq sahəsinin avtomobil yoluna çıxışının haradan olduğu məsələsinə aydınlıq gətirməmişdir. Eləcə də həmin 200 kv.m sahənin son mülkiyyətçisi olan Cavabdeh2 həmin sahəni iddiaçıların hüquqları ilə yüklü əldə edib-etməməsinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən məsələlərə hüquqi qiymət verildikdən sonra iddia tələbinin sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması hissəsinin əsaslı olub-olmaması qənaətinə gəldikdən sonra, həmin əsas tələblərdən asılı olan maddi zərərin tutulması tələbinin əsaslı olubolmamasına hüqiqi qiymət verməli olduğu halda, belə istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır...”

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, həmçinin Nəzəni Eyyubovanın nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər.

18. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 13.2. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır;

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

39. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Kollegiya kassassiya instansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə hüquqi dəyərləndirmə prosesi iki istiqamətdə aparılmalıdır: 1) mübahisəli sahəyə iddiaçının mülkiyyət hüququ varmı? 2) Həmin sahədən zəruri keçid verilməsi üçün hüquqi əsaslar mövcuddurmu?

41. Belə ki, hazırki işin hallarından da göründüyü kimi iddia tələbi iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən müvafiq olaraq 5b, 5v, 5a və 5q saylı fərdi yaşayış evlərindən əsas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlərindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq X1 hər bir iddiaçıya 12.000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1.500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılması barədədir.

42. İddiaçılar ilkin olaraq mübahisəli sahənin sökülməli olmasını oranın qanunsuz tikili hesab edilməsi və bu tikilinin onların özlərinə məxsus əmlaklara giriş-çıxışına maneə törətməsi ilə əsaslandırmışlar.

43. Qeyd edilənlərə münasibətdə kollegiya bildirir ki, iddiaçıların öz mülkiyyətlərindən istədikləri kimi istifadə edə bilmələri üçün qanunsuz tikili hesab edilərək sökülməsini tələb etdikləri sahə özü də müvafiq mülkiyyət hüququ ilə başqa şəxsə mənsubdur. Belə ki, iş materiallarına əsasən mübahisəli sahənin üstündə yerləşən qeyri-yaşayış binası cavabdeh Nazəni Eyyubovanın mülkiyətinə keçməzdən əvvəl xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olmuş, sonradan həmin çıxarış itdiyi üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3489/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı əsasında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun faktiki ölçülərinə uyğun xx.xx.2018-ci il tarixdə Bayram Eyyubova yeni çıxarış verilmişdir. Bayram Eyyubovun vəfatından sonra qeyri-yaşayış binası qanun üzrə vərəsəlik qaydasında arvadı olan cavabdeh Nazəni Eyyubovanın mülkiyyətinə keçmiş (digər vərəsələr paylarını Nazəni Eyyubovaya bağışlamışlar), onun qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmaqla ona bu barədə Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Sonradan qeyri-yaşayış binası Nazəni Eyyubov tərəfindən Cavabdeh1 bağışlanmış, daha sonra isə sonuncu tərəfindən Qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan 15 saylı xidməti sahə Cavabdeh2 bağışlanmışdır və hazırda da sonuncunun mülkiyyətindədir.

44. Qeyd edilməlidir ki, ilkin olaraq xx.xx.2018-ci ildə Bayram Eyyubovun adına sözügedən qeyri-yaşayış sahəsinə dair çıxarış verilən zaman tərtib edilmiş texniki pasportda mübahisəli xidmət sahəsinin tikilinin birinci mərtəbəsində yerləşən sahə ilə üstüstə düşməsi və həmin sahənin giriş hissənin bağlı olması göstərilmişdir.

45. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühəndis texniki ekspertizasının 10/5359 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı yerləşkən (arka) olaraq qeyd olunan sahənin cavabdehin (Nazəni Eyyubova) mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli 04/3904 inventar nömrəli “Texniki pasport”da öz əksini tapan 15 nömrəli “xidmət sahəsi” olduğu müəyyən olunur. Həmçinin rəydə göstərilir ki, xx.xx.2018-ci il tarixli 04/3904 inventar nömrəli “Texniki pasport”da göstərilən qeyri-yaşayış sahəsinə aid olan 15 nömrəli “xidmət sahəsi”nin sahəsi (daxili sahə) 200 m2-dir və həmin sahə texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxildir. O cümlədən qeyd olunur ki, 15 nömrəli “xidmət sahəsi”nin tikinti altı sahəsi (divarların altı nəzərə alınmaqla) 205 m2 -dir. Qeyri-yaşayış sahəsinin ümumi tikintialtı sahəsinin 1149,7 m2 olduğunu nəzərə alaraq, 15 nömrəli “xidmət sahəsi”nin altındakı torpaq sahəsi nəzərə alınmadan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin ölçüsü 944,6 m2 müəyyən edilmişdir.

46. Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən texniki baxış zamanı iddiaçılara məxsus fərdi yaşayış evlərinin ümumi həyatyanı sahəsinin əsas yola çıxış hissəsi digər fiziki şəxs X2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi aşkar edilmişdir. Gediş-gəliş yolu evlərə dair verilmiş texniki pasportlarda nəzərdə tutulmamışdır. Fərdi yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir.

47. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun (S=970 kv.m) əsas yoldan gediş-gəlişi **********29- 06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olduğu, qeyd olunan 15 saylı sahənin qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil olduğu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixdən əvvəl texniki pasportunun mövcud olduğu qeyd edilir.

48. O cümlədən iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, sözügedən qeyri-yaşayış binasının texniki pasportunda heç bir yol nəzərdə tutulmasa da, yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun qeyd edilən yerləşkəndən başqa heç bir yerdən əsas yolla əlaqəsi yoxdur.

49. İşin qeyd edilən hallarına əsasən müəyyən olunur ki, həqiqətən də, yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir. Lakin bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının qarşılıqlı təhlilində də məlum olduğu kimi hazırda Cavabdeh2, öncədən isə digər cavabdehlərə məxsus olan qeyri-yaşayış sahəsi barəsində onun mülkiyyətçilərinin hüquqlarının qeydə alınması zamanı mübahisəli xidmət sahəsinin əsas yola yeganə giriş-çıxışı təmin etməsi, o cümlədən həmin hissələrin qapı və ya darvaza vasitəsilə bağlanma ehtimalı göz önünə alınmış, yenə də hər bir halda həmin şəxslərin sözügedən sahəyə məhz mövcud faktiki vəziyyətə uyğun olaraq hüquqlarının qeydə alınması məqbul hesab edilmiş və nəticə olaraq mülkiyyət hüquqları bu formada rəsmiləşdirilmişdir.

50. O cümlədən həmin sahə üzrə bütövlükdə mülkiyyət hüquqlarının təsbit edilməsi həmin hüquqlardan irəli gələrək əmlak üzərində qanunla qadağan olunmayan hər cür yaxşılaşdırılma və ya dəyişikliyin edilməsinin mümkünlüyünü də təsbit etmişdir. Təsadüfi deyil ki, iş materiallarından da göründüyü kimi istər xx.xx.2014-cü il tarixdə, istərsə də, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuş, həmçinin birinci instansiya məhkəməsində keçirilən ekspertiza çərçivəsində sözügedən qeyri-yaşayış sahəsinin mübahisəli olan 15 nömrəli “xidmət sahəsi”nə məhkəmə tərəfindən ekspertin də iştirakı ilə yerində müayinə zamanı ekspert xx.xx.2018-ci il tarixli 04/3904 nömrəli texniki pasportda 15 nömrəli “xidmət sahəsi”nin (yerləşkən (arka)) iddiaçıların da sökülməsini tələb etdikləri qapı olan tərəfdən giriş hissəsinin, əslində, bağlı olaraq layihələndirilməsi bildirilmişdir.

51. Göründüyü kimi mübahisəli xidmət sahəsi heç də qanunsuz tikili olmamaqla əvvəllər digər iddiaçıların və üçüncü şəxslərin, son olaraq isə Cavabdeh2 mülkiyyətində olmuş, iddiaçılar da cavabdehlərin həmin mülkiyyət hüququndan irəli gələrək müvafiq sahədən istədiyi kimi istifadə etməsi və bu istifadənin içində sahənin giriş və çıxışının bağlanması hüququnun da ehtiva olunmasını bilmişlər (bilməli olmuşlar). Buna görə də kollegiya hesab edir ki, Cavabdeh2 mübahisəli əmlakı əldə edərkən həmin əmlak iddiaçıların bu və ya digər formada təsbit edilmiş hər hansı istifadə hüquqları ilə yüklü olmamışdır.

52. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktublarında iddiaçılara məxsus fərdi yaşayış evlərinin ümumi həyatyanı sahəsinin əsas yola çıxış hissəsinin cavabdehlərə məxsus qeyri-yaşayış binasının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi və həmin keçidin əsas yola yeganə çıxış olduğu bildirilsə də, kollegiya buna münasibətdə qeyd edir ki, sözügedən məktublar sadəcə adı çəkilən qurumun mövcud vəziyyət barəsində müəyyən etdiyi faktdan ibarətdir və istər həmin məktublar, istərsə də sözügedən məktublarda barəsində danışılan texniki pasport göstəriciləri şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla bərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir.

53. Kollegiya qeyd edir ki, yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər.

54. Odur ki, kollegiya hesab edir ki, nə qədər ki istər cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi, istərsə də, həmin sahənin birinci mərtəbəsində yerləşən və hazırki mübahisənin mövzusu olan 15 saylı xidmət sahəsi üzrə Cavabdeh2 mülkiyyət hüquqları qüvvədədir və həmin hüquqların qeydə alınması tərtib edilmiş texniki pasport, o cümlədən onun nəticəsində verilən çıxarışlar hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir, bu halda mübahisəli sahənin qanunsuz tikili hesab edilməsi və bu əsasla sökülməsi üçün hər hansı qanuni və hüquqi əsaslar mövcud deyildir.

55. Kollegiya iddiaçıların öz əmlaklarına giriş-çıxışlarının təmin edilməsi məqsədilə mübahisəli sahədən onlara zəruri keçid hüquqlarının verilməsinin mümkünlüyü ilə bağlı isə aşağıdakıları qeyd edir.

56. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

57. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi zəruri keçidin ayrılmasını tələb edən şəxs bir sıra hallarla yanaşı bunun müqabilində nəzərdə tutulan əvəzin də tam şəkildə ödənilməsini nəzərə almalıdır. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən olunan hallardan da göründüyü kimi iddiaçılar nəinki həmin keçidin müqabilində əvəz ödəməyi nəzərdə tutmuş, hətta keçidin aid olduğu sahənin qanunsuz tikili olmasını hesab edərək cavabdehlərin ora, ümumiyyətlə, mülkiyyət hüquqlarının olmamasını hesab etmişlər. Bu halda iddia tələbinin qeyd edilən istiqamətdə də həlli ilə bağlı hər hansı hüquqi nəticə əldə edilməmişdir.

58. Məhkəmə kollegiyası maddi zərərin tutulması tələbi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bu tələb yuxarıda hüquqi qiymət verilən əsas tələblərə münasibətdə törəmə tələbdir və əsas tələblərin təmin edilməməsi hüquqi nəticə etibarı ilə bu tələblərin də təmin edilməməsini şərtləndirir.

59. Buna görə də kollegiya hesab edir ki, hazırki halda iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

60. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, iddia ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qanuni məhkəmə aktının ləğvinə əsas vermir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-48/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar