Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5212/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(006)-1839/21 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək haqqı ödənişləri üzrə ümumilikdə 12513.15 manat məbləğində olan pul vəsaitinin və həmin vəsaitin vaxtında ödənilməməsinə görə gecikmə faizi olaraq 2608.88 manatın Xəzər GETYM-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-1839/21) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08.12.2018-ci il tarixdən 30.08.2019-cu il tarixə qədər Xəzər GETYM-də mühasib vəzifəsində işləmiş və uzun müddət əmək haqqının verilməməsi səbəbindən ərizə ilə müraciət edərək 30.08.2019-cu il tarixli 216/k saylı əmrlə işdən çıxmışdır. O, həmin müəssisədə mühasibatlıqda hesabatların tərtib və təqdim edilməsi kimi işlər görmüşdür. 2018-ci ilin dekabr ayı üzrə 1303.50 manat, 2019-cu ilin yanvar ayı üzrə 1418.10 manat, fevral ayı üzrə 1037.10 manat, mart ayı üzrə 1428.10 manat, aprel ayı üzrə 1428.10 manat, may ayı üzrə 1428.10 manat, iyun ayı üzrə 1428.10 manat, iyul ayı üzrə 1428.10 manat və avqust ayı üzrə 2403.95 manat, cəmi 2019-cu il üzrə 12009.65 manat ödənilməmiş əmək haqqı borcu vardır. 01.09.2019-cu il tarixədək ona 13313.15 manat əmək haqqı cavabdeh Xəzər GETYM tərəfindən ödənilməmişdir. Yaranan borcdan ötən dövr ərzində 30.12.2019-cu il tarixdə 500.00 manat və 2020-ci ilin may ayında 300.00 manat, cəmi 800.00 manat vəsait ödənilmiş və hal-hazırda borc 12513.15 manat təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini, yəni Əmək Məcəlləsinin 12.1 a və b bəndlərini yerinə yetirməmişdir. Digər tərəfdən ödənilməmiş əmək haqqı – 12513.13 manat üzrə 761 gün ödənişin gecikdirilməsinə yol verilmişdir. Qeyd olunanları nəzərə alsaq və ən minimum illik 10%-lə hesablasaq, əmək haqqı üzrə 1251.32*2,0849=2608.88 manat gecikmə faizi ödənilməlidir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə 30.09.2019-cu ildə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisələrinin həllində pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı bir il ərzində məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür, ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası “Xəzər” Gənclərin ElmiTexniki Yaradıcılıq Mərkəzinin 01 dekabr 2018-ci il tarixli 893/K saylı əmrindən görünür ki, İddiaçı – 01.12.2018-ci il tarixdən "Xəzər" GETYM mərkəzinə (Əlavə iş yeri olaraq) 1580 manat əmək haqqı ilə mühasib vəzifəsi üzrə işə qəbul edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat pul vəsaitinin olmaması səbəbindən iddiaçıdan ona möhlət verilməsini istəmiş və əmək haqlarını ödəyəcəyinə dəfələrlə vədlər vermişdir. Belə ki, borc məbləğindən ona 30.12.2019-cu il tarixdə 500 manat vermiş və qalıq borcunu bütünlükdə 25.05.2020-ci il tarixdə ödəyəcəyini bildirmiş, həmin tarixədək ona möhlət verilməsini xahiş etmişdir. 25 may 2020-ci il tarixdə ona qalıq borcunun hamısını ödəmək əvəzinə 300 manat ödəniş olmuşdur. Bundan sonra heç bir ödəniş olmadığından ona olan borcun ödənilməyəcəyini bilmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən hesab edir ki, onun cavabdehə qarşı fərdi əmək mübahisəsi üzrə iddia müddətinin axımı məhz 25 may 2020-ci il tarixdən hesablanmalıdır və həmin müddət 25 may 2021-ci il tarixdə bitir. Məhkəmə iclasında cavabdeh tərəf borcun olduğunu təsdiq etmiş və bu borcun nə vaxt ödəniləcəyini bilmədiyini qeyd etmişdir. Hakim bu sözləri eşitmək istəməmiş və onlara barışıq təklif etmişdir. O, bu təklifdən imtina etmiş və borcun ödənilməsini tələb etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən göründüyü kimi, iddiaçı 01.12.2018-ci il tarixdən 30.08.2019-cu il tarixə qədər Xəzər GETYM-də mühasib vəzifəsində işləmiş və 30.08.2019-cu il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. 2019-cu ilin yanvar-avqust ayları üçün iddiaçıya cəmi 12640 manat əmək haqqı hesablanmış (i.v.8), lakin ödənilməmişdir. İddiaçı əmək haqqının ödənilməməsi ilə əlaqədar müxtəlif dövlət orqanlarına, hüquq mühafizə orqanlarıa, eləcə də əmək müfəttişliyinə şikayətlər etmiş, əmək haqqının və son haqqhesabın ödənilməsində qanun pozuntularına yol verildiyi aşkar olunduğuna görə işəgötürən Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçının tələbi cavabdehdən əmək haqqı ödənişləri üzrə ümumilikdə 12513.15 manat məbləğində olan pul vəsaitinin və həmin vəsaitin vaxtında ödənilməməsinə görə gecikmə faizi olaraq 2608.88 manatın tutulması barədədir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən hesablanmış və ödənilməmiş əmək haqqının mövcudluğunu və onun iddiaçıya ödənilməsinə etiraz etmədiklərini etiraf etmiş, lakin Mərkəzin (işəgötürənin) hesabında lazımi vəsait olmadığına görə hesablanmış həmin əmək haqqını ödəyə bilmədiklərini bildirmişdir (i.v.62). O, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq olunması barədə ərizə vermiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü göstərmiş və iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəni müzakirə edərək bu qənaətə gəlmişdir ki, İddiaçı həqiqətən də qanunvericiliklə məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulan 1 illik iddia müddətini ötürmüşdür və ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 372.1, 375-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da iş üzrə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu qənaət iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan hüquqlarını pozmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi: “Hər kəs onun mülki hüquq və vəzifələri haqqında mübahisə zamanı..., işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququna malikdir.” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmamış və nəticədə iddiaçı qanuni olaraq gözlədiyi, alacağı əmək haqqını (pul vəsaitini) almaq imkanından məhrum edilmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin özünün də etiraf etdiyi kimi, iddiaçının tələb etdiyi həmin əmək haqqı işəgötürən tərəfindən artıq hesablanmış və ödənilməli olan pul vəsaitidir (i.v.8). Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hazırkı işdə tələb etdiyi əmək haqqı Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan “əmlak” sayılır və məhkəmə tərəfindən qanunun düzgün tətbiq olunmaması ərizəçinin “mülkiyyət” kimi yanaşdığı, özününkü hesab etdiyi həmin əmlaka mülkiyyət hüququna, əmlakdan istifadə hüququna birbaşa müdaxilədir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə isə əmlakdan məhrum edilmə yalnız “toplumun mənafeyi naminə” və “qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində” nəzərdə tutulan şərtlərin olduğu təqdirdə məqbul sayılır. Belə bir hal isə hazırkı işdə mövcud deyildir. Bu baxımdan Mülki Məcəllənin 384.0.4-cü maddəsi bu kimi tələblərə iddia müddətinin tətbiq olunmasını qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır, məhkəmənin qənaəti əsassızdır və hüquqi baxımdan heç bir maddi hüquq normasına söykənmir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə kollegiyası əmək haqqının ödənilməməsinin işəgötürənin maliyyə vəziyyəti ilə bağlı olmasına dair cavabdehin etirazını da əsassız sayır və qeyd edir ki, işçinin əmək haqqının ödənilməsi zamanı işəgötürənin maliyyə durumunun hansı vəziyyətdə olmasının heç bir əhəmiyyəti yoxdur. Əmək haqqı işəgötürənin maliyyə durumunun nə vəziyyətdə olmasından asılı olmayaraq hər bir halda ödənilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və eləcə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalıdır. İddiaçı iddia ərizəsində 2018-ci ilin dekabr ayından 2019-cu ilin sentyabr ayının 1-dək 13313,15 manat ödənilməmiş əmək haqqı olduğunu, lakin ötən dövr ərzində həmin borcdan 30.12.2019-cu ildə 500 manat, 2020-ci ilin may ayında isə 300 manat vəsaitin ona ödənildiyini göstərmişdir. İşəgötürənin verdiyi arayışda iddiaçıya hesablanmış əmək haqqı məbləğinin 12640 manat olduğu qeyd edilmişdir. Həmin arayışın həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi izahatında həmin ödənilməmiş əmək haqqının mövcudluğunu etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətə hesablanmış və ödənilməmiş əmək haqqı məbləğini təsdiq edən mötəbər sübut kimi işəgötürənin verdiyi arayış əsas götürülməli və ödənildiyi iddiaçı tərəfindən etiraf edilən 800 (500+300) manat həmin məbləğdən çıxılmaqla qalan məbləğ ödənilməmiş əmək haqqı kimi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir (12640-800=11840). Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin 21.04.2021-ci il tarixə 12813,15 manat əmək haqqı borcu olduğunu bildirmiş və bu halın təsdiqi kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 22.04.2021-ci il tarixli məktubuna istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı işdə tələbi 12813,15 manat deyil, 12513,15 manatdır və məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən yalnız verilmiş tələblər üzrə işə baxır. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, əmək haqqının ödənilməsi gecikdirilmiş olsa da, bu hal sonradan əmək mübahisəsi yaratdığından iddia tələbinin əmək haqqının vaxtında ödənilməməsinə görə gecikmə faizi olaraq 2608.88 manat pul vəsaitinin tutulması hissəsi təmin edilməməlidir. Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. 01.12.2018-ci il tarixdən 30.08.2019-cu il tarixədək olan dövr üzrə cəmi 11 840 (on bir min səkkiz yüz qırx) manat məbləğində hesablanmış əmək haqqı cavabdeh X7 X3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Emin Mehdiyev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5212/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5212/2021
30.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver