Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5213/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 869/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvannda yerləşən fərdi yaşayış evi üzrə əvvəllər **********10000 saylı abonent kodu ilə abonent kimi X8 qeydiyyata alınmışdır. Onun abonent kimi qeydə alındığı və həmin evdən istifadə və ona sahiblik etdiyi dövrdə, yəni 2019-cu ilin fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 11 dəfə Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar çəkilmiş xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmaqla, qəbul edilmiş qərarlarla ümumilkdə (399,60 + 799,20 + 64,80 + 32,40 + 32,40 + 32,40 + 165,60 + 295,20 + 295,20 + 295,20 + 255,80 = 2.667,80) 2.667,80 manat məbləğində maddi zərər hesablanmışdır. Eyni zamanda, həmin ünvan üzrə təbii qazdan istifadə nəticəsində 1.493,91 manat məbləğində sərfiyyat (debitor) borcu yaranmışdır. Ümumi borc məbləği isə 4.161,71 manat təşkil etmişdir. Həmin fərdi yaşayış evi 2022-ci ildə İddiaçı (bundan sonra iddiaçı) satılmış və onun xx.xx.2022-ci il tarixli ərizəsi əsasında iddiaçı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilə bağlanmış, fərdi yaşayış evi üzrə qeydiyyata alınmış abonent hesab nömrəsi iddiaçının adına keçirilmiş, iddiaçıya yeni smart kart təqdim edilmişdir. Eyni zamanda, İddiaçı ərizə ilə Cavabdehn’ müraciət edərək, həmin aktlar üzrə yaranmış 4.161,71 manat məbləğində borcu qəbul etdiyini, borcun müəyyən müddət ərizində hissəhissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürdüyünü bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, etdiyi ödənişlərdən cavabdeh tərəfindən əsassız olaraq tutulmuş 42 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və Zeynalov Qurbana hesablanmış borcun ondan tələb edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvannda yerləşən fərdi yaşayış evində (abonent kodu **********10000) yaşayır. Cavabdehin nümayəndələri tərəfindən həmin yaşayış evində sayğac dəyişdirilərək yeni smart tipli sayğac quraşdırılmış və köhnə qaz sayğacı aparıldıqdan sonra ona məlumat verilmişdir ki, sayğacda problem var və o, cəriməni ödəməlidir. Həmin evdə istifadəyə görə yaranmış borclar evin köhnə sahibindən qalmışdır, X8 Cavabdeh əməkdaşı kimi təqdim etdiyi şəxsləri mübahisəli ünvana gətirmiş və borcu ödəmək üçün ondan həmin pul məbləğini almışdır. Ev sahibi ona bildirmişdir ki, borc 1.400 manat təşkil edir, lakin sonra ona məlum olmuşdur ki, 4.138,41 manat borcu qalıb.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4.122,41 manat məbləğində borc pulun məcburi qaydada tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-869/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi səbəbindən geri qaytarılması, ödənilmiş 61,63 manat dövlət rüsumunun cavabdehə qaytarılması qərara alınmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-869/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10000) dair Zeynalov Qurbana məxsus borcun İddiaçı tələb edilməməsi, 42 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvanında yerləşən fərdi yaşayış evinə dair qazdan istifadəyə görə alqısatqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış, yalnız bundan sonra iddiaçı qazdan istifadə ilə bağlı üzərinə müqavilə üzrə müvafiq öhdəliklər götürmüşdür. İddiaçının ondan tutulmamasını tələb etdiyi borc isə 2022-ci ilin may ayınadək, yəni əvvəlki mülkiyyətçinin yaşadığı dövrdə qazdan istifadəyə görə yaranmış borcdur. Cavabdeh onunla qazdan istifadə ilə bağlı hər hansı hüquq münasibətinin yaranmadığı zaman başqa bir abonentin istifadə edərək ödəmədiyi qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Çünki, həmin borcun yaranması iddiaçının öhdəliyindən kənar baş vermiş və buna görə iddiaçının heç bir məsuliyyəti yaranmamışdır. Cavabdeh qeyd edilən borcu iddiaçıdan tələb edərkən ona istinad edir ki, iddiaçı özü cavabdehə ünvanladığı ərizəsində fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin borcun qəbul etmiş və onu ödəcəyini bildirmişdir. Məhkəmə həmin ərizəyə münasbətdə qeyd etmişdir ki, həmin ərizə iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyinin yaranması üçün əsas ola bilməz. Belə ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması və s. ilə yalnız Cavabdeh məşğul olur. Yaşayış və qeyri-yaşayış sahələrinə təbii qazın verilişi də yalnız istehlakçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısına dair müqavilə əsasında mümkündür. İddiaçı fərdi yaşayış evinə təbii qazın verilməsi və qaz sayğacına smart kartın əldə edilməsi üçün yalnız cavabdehlə qazın alqı-satqısı müqaviləsi bağlamalı idi. Sözügedən müqavilənin bağlanması isə iddiaçının əvvəlki mülkiyyətçinin borcunu qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçıdan tələb olunan borc cavcabdeh tərəfin özünün də etiraf etdiyi kimi əvvəlki mülkiyyətçinin fərdi yaşayış evinin iddiaçıya satılan dövrə qədər olan borcu olmuşdur. Əgər təbii qazdan istifadə ilə bağlı əvvəlki mülkiyyətçinin borcu var idisə, cavabdeh ilk öncə həmin borcun və dəymiş ziyanın ödənilməsini keçmiş mülkiyyətçidən tələb etməli, borc ödənildikdən sonra borcun olmaması barədə arayış iddiaçıya təqdim edilməli idi. Sözügedən borc fərdi yaşayış sahəsinin əvvəlki mülkiyyətçisninin borcu olduğundan və həmin borcun ödənilməsi öhdəliyi iddiaçının üzərində olmadığından iddia həmin hissədə təmin edilməlidir. Belə ki, başqa bir şəxsin öhdəliyinin iddiaçıdan tələb edilməsi əsassızdır. “GASREP” saldosuna əsasən 2022-ci ilin avqust ayından başlayaraq iddiaçının ödədiyi vəsaitdən borca görə pul tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, borca görə iddiaçının ödədiyi vəsaitdən tutulmuş 42 manat pul ona geri qaytarılmalı, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, dövlət rüsumu cavabdehdən tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 386.1-ci, 389.1-ci, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqın” AR Qanununun 8-ci, “Qazdan istifadə Qaydaları”nın 1.3-cü, 4.2-ci, 6.4-cü, “Dövlət “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci, 9.1.5-ci madddələrinə istinadla əsaslandırmışdır. .
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ onun qanunazidd, təqsirli hərəkətləri nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olubolmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir. Məhkəmə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərilən nəticə işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı həmin ünvan üzrə qanunsuz qoşulma nəticəsində Cavabdehnə vurulmuş maddi zərərin əvəzini ödəməyi öz üzərinə götürmüş və bu barədə ərizə təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun Cavabdehnə müraciəti abonent kodunun alınması ilə bağlı olmuşdur. Onun tərəfindən hər hansı qanunsuz qoşulmaya yol verilməmişdir. Həmin evdə ondan əvvəl yaşamış şəxs tərəfindən qanunsuz qoşulmaya yol verilmişdirsə, o bunun məsuliyyətini daşıya bilməz. Hər hansı zərər məbləğinin onun əvəzinə ödənilməsi barədə öhdəlik də götürməmişdir. Ona deyilmişdir ki, abonent kodunu əldə etmək üçün ərizə yazmaq lazımdır və ona hazır mətni olan ərizə verilmişdir. O, da həmin ərizəni imzalamışdır. Məzmunu ilə tanış olmamışdır. Hazırda yaşadığı evi 32.000 manata almışdır. Təbii qazdan istifadə nəticəsində yaranmış borcu da həll etmək vəzifəsini evin əvvəlki sahibi, yəni X8 öz üzərinə götürmüş və bu məqsədlə özünü Cavabdeh nümayəndəsi kimi təqdim edən bir şəxsi də evə gətirmişdir. Sonra isə məsələləri həll etdiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir; 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 560.3.5-ci və 560.3.5.2-ci maddələrinə əsasən bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən suiistifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui istifadə sayılır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
24. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Bununla belə, Cavabdeh tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, habelə işin hallarına istinadən qeyd edir ki, iddiaçı qanunsuz qoşulma halına yol vermədiyini, onun evinə sayğacın xx.xx.2022-ci il tarixdə quraşdırıldığını, qanunsuz qoşulma hallarının aşkar edilməsinə dair aktların isə 2019-cu və 2020-ci illərdə, yəni həmin ünvan üzrə X8 adlı şəxsin abonent olduğu dövrdə tərtib edildiyini, bu evi 2022-ci ildə aldığını və orada yaşamağa başladığını bildirir.
27. Cavabdeh bu halları inkar etmir və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə əsaslanaraq, X8 tərəfindən yol verilmiş qanunsuz qoşulma nəticəsində vurulmuş maddi zərər məbləğinin əvəzini iddiaçıdan tələb edir. Belə ki, Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə iddiaçı borcla tanış olduğunu bildirmiş və hesablanmış 4.161,71 manat məbləğində borcun hissə-hissə ödənilməsinin təmin edilməsini öz öhdəsinə götürdüyünü qeyd etmişdir.
28. Belə olan halda, Cavabdeh ilk növbədə iddiaçının bu qanunsuz qoşulma barədə məlumatlı olduğunu və qeyd edilən ərizənin məzmunu ilə həqiqəqtən də tanış olduğunu sübut etməli idi. Belə ki, iddiaçı belə bir ərizə yazmadığını və yazdığı ərizənin ona abonent kodunun və kartının verilməsi ilə bağlı olduğunu qeyd edir.
29. Lakin cavabdeh iddiaçının bu qanunsuz qoşulmada iştirakının olması, habelə onun bu barədə məlumatlı olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 4.161,71 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi də bu məbləğin ondan tutulması üçün əsas ola bilməz.
30. Belə ki, xx.xx.2022-ci il tarixdə ərizə ilə yanaşı, həmçinin tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə də bağlanmışdır. Həmin müqavilədə də belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə də həmin müqavilənin tərkib hissəsi kimi qəbul edilə bilməz. Həmin ərizədə göstərilən məbləğin 2.667,80 manat hissəsi təbii qazdan adi qaydada, yəni sayğac üzrə istifadə edilməsi nəticəsində yaranmış debitor borcu deyil, başqa bir abonentin təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi nəticəsində yaranmış zərər məbləğidir. Qalan hissəsi isə yenə də əvvəlki abonentə aid qaz borcudur. Bu baxımdan həmin məbləğ ondan deyil, məhz qanunsuz əmələ yol vermiş və istifadə etdiyi təbii qazın dəyərini ödəməmiş X4 tələb edilməlidir. Bu məbləğin iddiaçıdan tələb etmək üçün hər hansı əsas yoxdur.
31. İddiaçının məqsədi və iradəsi müqavilə bağlayıb, abonent kodu əldə edib, qanuni əsaslarla təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması yalnız vacib əhəmiyyətli yanılmanın təsiririn nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasına və hər hansı hüquqi nəticə yaratmamasına dəlalət edir. Bu ərizəni iddiaçıya imzalatdırmaqla Cavabdeh özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Bu da öz növbəsində bu ərizədə göstərilən məbləğin ididaçıdan tələb edilməsini istisna edir. Artıq ödənilmiş məbləğin isə geri qaytarılmasını şərtləndirir. Başqa sözlə, ərizədə yazılan borcun iddiaçıya hər hansı aidiyyətinin olması açıq və aşkardır.
32. Məhkəmə kollegiyasının bu mövqeyi 2019-2020-ci illər ərzində ümumilikdə tərtib edilmiş 11 akt və onların əsasında qəbul edilmiş qərarlar üzrə hesablanmış zərər məbləğinin, habelə debitor borcunun həmin aktların tərtib edildiyi və borcun yarandığı zaman qeyd edilən ünvan üzrə abonent kimi qeydə alınmış X4 tələb edilməsini istisna etmir.
33. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, iddiaçı təbii qazdan sayğacdan kənar, qanunsuz çəkilmiş xətt vasitəsi ilə istifadə etməmiş və cavabdehə hər hansı maddi zərər vurmamışdır. Onun tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış ərizə isə etibarsızlığı səbəbi ilə ondan bu pulun tutulması üçün əsas ola bilməz, eyni zamanda bu məbləğ üzrə ödəniş qismində tutulmuş pulun qaytarılmasını şərtləndirir. Bu baxımdan cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-869/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.