Məhkəmə qərarları › İş №2(103)-5219/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5219/2021

17.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5219/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən İddiaçı ASC-nin nümayındəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin tam olmayan ekspert rəyinə istinad etdiyini, təkrar ekspertiza haqqında vəsatətlərinə əhəmiyyət vermədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-103/2020 saylı, 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2018 saylı iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “magistral su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılması” tələblərinə dair iddiası qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən diametri 300 mm olan magistral su xəttinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin 9,5 metr hissəsi əvəzi ödənilmədən Cavabdeh hesabına sökülməsi və mühafizə zonası boşaldılması qərara alınmışdır. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 394/2021 saylı, 18.03.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-103/2020 nömrəli iş üzrə 23 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Qurbanova apellyasiya müdafiə edərək və şikayətininin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, əlavə olaraq, bildirdi ki, İddiaçı ASC-nin Yasamal rayon Sukanal İdarəsinin müdiri onun obyektinin yanında olan su boru xəttindən yaxınlıqda olan “moyka”ya qanunsuz olaraq pul müqabilində əlavə bir su xətti vermiş, bu qanunsuz olduğu üçün onun müraciəti nəticəsində həmin əlavə xətt kəsilmiş, bundan sonra həmin idarənin rəhbəri onu hədələyərək “başına oyun açacağını” bildirmişdir. Bundan sonra isə ona qarşı hazırkı iddia tələbi verilmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, onun obyekti müvafiq sərəncam əsasında və zəruru idarələrin, o cümlədən də o vaxtkı su idarəsinin razılığı əsasında tikilmişdir, onun obyektinin yanında eyni su xəttinin yaxınlığında çoxlu obyektlər var, hazırkı halda yalnız onun obyektinin sökülməsi barədə iddia tələbi də iddiaçının qərəzli mövqeyini təsdiq edir. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2017- ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 1470 saylı, 30 aprel 2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa olunmuş tikilinin (qeyri-yaşayış sahəsi) İddiaçı ASC-yə məxsus diametri 300 mm. olan magistral su xəttinin mühafizə zonasına (üzərinə) düşübdüşməsinin müəyyən edilməsinə dair tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Belə ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi İddiaçı ASC-nin nümayəndələri, tədqiq olunan ərazidə, qeyri-yaşayış sahəsinə yaxın olan məsafədə qazıntı işlərinin aparılmasının qeyri-mümkün olduğunu göstərərək, obyektin yaxınlığında qazıntı işlərini aparmamışlar. Bu səbəbdən də, iddiaçının iddia etdiyi yeraltı su boru kəmərinin mübahisəli qeyri-yaşayış sahəsinə nisbətdə hansı məsafədə keçməsini və digər texniki göstəricilərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən ekspertiza təyin olunmuş və 01 iyul 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon Əsəd Əhmədov küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili İddiaçı AS-yə məxsus yeraltı magistral su xəttindən 0,5 m məsafədə yerləşdiyinə görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»-nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmər 10,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. İddiaçı ASC-nin balansında olan magistral su xətti ilə Bakı şəhər Yasamal rayon Əsəd Əhmədov küçəsində yerləşən cavabdehin istifadəsində olan qeyri-yaşyaış sahəsi arasında 0,5 məsafə olduğuna görə su xəttində baş verə biləcək qəza hadisəsinin qarşısının alınmasında (təmir işlərinin aparılması və s) maneçilik törədə bilməsi istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən ekspertiza təyin olunmuş və 10 fevral 2020-ci il tarixli rəylə müəyyən olunur ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və ekspertizaya təqdim olunmuş sənədləri nəzərə alaraq Bakı şəhər Yasamal rayon Əsəd Əhmədov küçəsində yerləşən, tədqiq olunan ərazinin ayrıc aktının göstəricilərinin o cümlədən sahəsinin, konfiqurasiyasının və digər texniki parametlərinin tədqiq olunan ərazinin faktiki (mövcud) vəziyyətindən (sahəsi, quruluşu və s.) fərqli olduğu müəyyən edilir. Bundan əlavə mütəxxəsis rəyində mübahisələndirilən torpaq sahəsinə dair hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və ya hər hansı hüquqi və texnik sənəd verilməsi barədə məlumat elektoron kadastr bazasında olmadığı qeyd olunmuşdur. Bu səbəbdən mübahisəli tikilinin ayrıcı akt ilə ayrılmış 518 kv.m torpaq sahəsindəki tikilinin olub-olmamasını, həmçinin həmin tikilinin torpaq sahəsinin hüdudları daxilində və ya hüdudlarından kənara çıxıb-çıxmamasını müəyyən etmək mümkün deyildir. Bakı şəhəri Yasamal rayon Əsəd Əhmədov küçəsində yerləşən mübahisəli tikilinin (çörək sexi) faktiki vəziyyəti üzrə su kəmərindən 0,5 metr aralıda yerləşdiyi və bununla da həmin tikilinin 9,5 metr olan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 saylı qərarı ilə təsdiq edilmiş «mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmərin 10,0 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Mülki iş materiallarından görünür ki, tikilinin yerləşdiyi həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli sərəncamı ilə ayrılmış, həmin sərəncam 28.01.1998-ci il tarixdə X3 Su Cəmiyyəti ilə razılaşdırılmış, 04.03.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin 04.03.1998-ci il tarixli qərarı ilə çörək istehsalı müəssisəsinin layihələndirilməsinə və tikintisinə aid torpaq sahəsi ayrılmasına dair 103356 saylı inşaat pasportu verilmişdir(i/v 26-28) Məhkəmə Kollegiyası tərəfindən həmin Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki sökülməsi tələb edilən ünvanda yerində müayinə keçirilən zaman məlum olmuşdur ki, həmin tikilinin həm sağ, həm də sol istiqamətində magistral su xəttinə münasibətdə eyni məsafədə çoxsaylı tikililər mövcuddur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Ali Məhkəmənin 2(102)-394/2021 saylı, 18.03.2021-ci il tarixli qərarında qeyd edilir ki, cavabdehə mübahisəli ərazidə torpaq sahəsinin ayrılması, həmin sahənin ölçüsünün 518 kv.m olması işin mübahisəsiz halıdır, iddiaçı tərəf də belə sənədlərin mövcud olmamasına istinad etmir. Məlumatların (sərəncam və inşaat pasportunda olan məlumatların) elektron kadastr bazasında qeydə alınmaması hüquqmüəyyənedici sənədlərin mövcud olmaması anlamına gəlmir. Bununla yanaşı iş materiallarında olan torpaq sahəsinin ayrılmasına dair 1990-cı ildə tərtib olunmuş inşaat pasportdan görünür ki, həmin inşaat pasportu müvafiq olaraq mümkün orqanlarla, o cümlədən İddiaçı ASC-in pasportun tərtib olunduğu zaman səlahiyyətli orqanı olan X3 Su Cəmiyyəti ilə razılaşdırılmışdır. Həmin vaxt tikinti aparılan ərazidə yeraltı su xəttinin keçməsi və bu səbəblə tikintinin mövcud layihə əsasında aparılmasının mümkün olmamasına dair xüsusi qeyd edilməmiş və həmin razılıqlara əsaslanmaqla cavabdeh tərəfindən tikinti işləri həyata keçirilmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, apelyasiya instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmadan əsassız olaraq mübahisəli tikilinin qanunsuz tikili olması nəticəsinə gəlmişdir. Göstərilən hallar tam və hərtərəfli qiymətləndirildikdən sonra isə iddiaçının dəlillərinin, tikilinin sökülməsini mümkün etməsi müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hazırkı tələbi göstərilən qaydada araşdırması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin hazırkı iş üzrə yuxarıdakı göstərişlərini nəzərə alaraq qeyd edir ki, İddiaçı ASC Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində özbaşına tikilinin inşa edildiyini, həmin özbaşına tikilinin İddiaçı ASC-yə məxsus magistral su xəttinin mühafizə zonasına düşdüyünü iddia etmişdir. Mülki iş materiallarından görünür ki, tikilinin yerləşdiyi həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli sərəncamı ilə ayrılmış, həmin sərəncam 28.01.1998-ci il tarixdə X3 Su Cəmiyyəti ilə razılaşdırılmış, 04.03.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin 04.03.1998-ci il tarixli qərarı ilə çörək istehsalı müəssisəsinin layihələndirilməsinə və tikintisinə aid torpaq sahəsi ayrılmasına dair 103356 saylı inşaat pasportu verilmişdir(i/v 26-28) Göründüyü kimi, iddiaçının hazırda sökülməsini tələb etdiyi tikilinin özbaşına tikili olmayıb,10.12.1997-ci il tarixli sərəncam əsasında, həm də mümkün orqanlarla, o cümlədən İddiaçı ASC-in pasportun tərtib olunduğu zaman səlahiyyətli orqanı olan X3 Su Cəmiyyəti ilə razılaşdırılmaqla inşa edildiyi müəyyən olunur. Bundan əlavə, Məhkəmə Kollegiyası tərəfindən həmin Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki sökülməsi tələb edilən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, həmin tikilinin həm sağ, həm də sol istiqamətində magistral su xəttinə münasibətdə eyni məsafədə çoxsaylı tikililər mövcuddur. Beləliklə, hazırkı iddia tələbinin cavbdehin, qanunsuz hərəkətlərindən şikayət etdiyi Yasamal si idarəsinin sabiq müdirinin qərəzli münasibəti səbəbindən verildiyi məlum olmuş, eyni zamanda da iddiaçı tələbinin əsalı olmasına dair yetərincə sübutlar verə bilməmişdir. Halbuki, MPM-in 77-1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə Kollegiyasının araşdırmalar nəticəsində iddiaçının apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar