Məhkəmə qərarları › İş №2(103)-5219/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5219/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5219/2024 30.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 avqust 2024-cü il tarixli qərardadından iddiaçı ASC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehə qarşı “subroqasiya qaydasında pulun tutulması tələbi barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə Azərbaycan Respublikası Mülki Prosessual (MPM) Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv olunmasını və iş üzrə icraatın təzələnərək, iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməməsini və şikayətə baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olmuş tərəflər məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, iddia ərizəsi MPMin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. ASC-nin həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, ASCnin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında iştirak etmiş və iş üzrə sübutları məhkəməyə təqdim etmişdir. Lakin xx.xx.2024-cü il tarixə məhkəmə baxışına təyin edilmiş iclasda nümayəndə üzrlü səbəbdən, yəni səhhətində yaranmış problemə görə iclasda iştirak edə və bu barədə məhkəməyə məlumat verə bilməmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (maddə 185.4.). İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.6.). Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir (maddə 260.5.). İddiaçı ASC, onun tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətində bildirmişdir ki, ASC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında iştirak etmiş və iş üzrə sübutları məhkəməyə təqdim etmişdir. Lakin xx.xx.2024-cü il tarixə məhkəmə baxışına təyin edilmiş iclasda nümayəndə üzrlü səbəbdən, yəni səhhətində yaranmış problemə görə iclasda iştirak edə və bu barədə məhkəməyə məlumat verə bilməmişdir. ASC-nin Hüquq Şöbəsinin rəhbəri X2 isə növbəti əmək məzuniyyətində olduğundan və şöbədə digər hüquqşünas olmadığından məhkəmə baxışı iclasında nümayəndənin iştirakını təmin etmək mümkün olmamışdır. İddiaçı ASC-nin həmin müraciətinə əlavə edilmiş tibbi sənədlərdən və ASC-nin subroqasiya şöbəsinin mütəxəssisi (ASC-nin nümayəndəsi) Gülnar İbrahimovanın izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Gülnar İbrahimovanın səhhətində problemlər yaranmış və o, tibb müəssisəsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ASC-nin nümayəndəsinin xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında iştirak etməməsi üzürlü səbəbdən baş vermişdir. Buna görə də, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və iddiaçı ASC-nin “subroqasiya qaydasında pulun tutulması” tələbi barədə iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 06 avqust 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı irəli sürdüyü “subroqasiya qaydasında pulun tutulması tələbi barədə” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar