Məhkəmə qərarları › İş №2(103)-5220/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5220/2022

04.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5220/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5220/2022 (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsinin boşaldılması) Bakı şəhəri 04 oktyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-591/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-dən verilmiş MA seriyalı,0242632 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən ümumi sahəsi 39.2 kv.m sahəsi olan 4 saylı 2 otaqlı mənzilə Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir və Cavabdeh mülkiyyətindədir.

2. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli,xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mübahisəli mənzildə Cavabdeh,X7,Nümayəndə1,X1, X13, X15, X5 qeydiyyatdadırlar.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 230-cu hərbi hissəsindən verilmiş arayışdan görünür ki,əsgər Nümayəndə1 xx.xx.2020-ci il tarixdə sağ pəncənin dəlibkeçən odlu silah yarası almışdır.Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Aldığı xəsarət yüngül xəsarət kateqoriyasına aiddir.

4. Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 002764 saylı vəsiqədən görünür ki, Nümayəndə1 müharibə iştirakçısıdır.

5. Cavabdeh mülkiyyətində olan mənzilinin qarşısında yerləşən təxminən 40-50 kv/m olan sahədə özbaşına tikili tikmiş və mənzilinə birləşdirmişdir, yəni tikili rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmamışdır.

6. Qeyd edilən mülkiyyətdə olan mənzil və qanunsuz tikili yuxarıda göstərilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün “Karayev City’’ MMC-yə ayrılan ərazidə yerləşir və söküntü-tikinti işlərinin aparılmasına maneə törədir.

7. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının məzmunundan görünür ki, "xxxx"MTK-nin xx.xx.2014cü il tarixli 01 saylı müraciəti nəzərə alınmış,Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi həmin MTK-nin istifadəsinə verilmişdir.

8. Həmçinin, Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və akt tərtib olunaraq müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.

9. Həmin sərəncam əsasında təsdiq olunmuş 14/102 saylı ayrıc aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə "xxxx"MTK 1.9276 hektar torpaq sahəsi ayrılmışdır.

10. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamının məzmunundan görünür ki, "KARAYEV CİTY” Mənzil- Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli173 saylı müraciəti və "xxxx"MTK-nin xx.xx.2018-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir.

11. 10 fevral 2016-cı il aktın məzmunundan görünür ki, Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə texniki baxış keçirilib.Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1961-ci ildə inşa olunub,iki mərtəbəli,8 mənzillidir,bəzi hissələrdə çatlar var,yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, istismar müddəti bitib, texniki vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.

12. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə "xxxx"MTK-ya, daha sonra isə hazırkı iş üzrə iddiaşı mənzilini "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.9276 hektar torpaq sahəsi ayrılmışdır.Həmin ərazıdəki 26 saylı evin 4 saylı mənzilində Cavabdeh 39.2 kv.m. ölçüdə qeyri yaşayış sahəsi məxsusdur.Hazırda iddiaçı həmin qeyri-yaşayış binasının sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçiyə 20% çox-47.4 kv.m qeyriyaşayış sahəsi təklif edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı MTK-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Məhkəmədə işə baxılarkən iddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək İddiaçı MTK tərəfindən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin(iddia ərizəsində və qarşılıqlı iddia ərizəsində mənzilin nümrəsi səhvən 7 kimi göstərilmişdir) əvəzinə yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilib. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh mənzilinin qarşısında yerləşən təxminən 40-50 kv/m olan sahəni də qanunsuz zəbt edərək orada özbaşına tikili tikib və mənzilinə birləşdirib. Həmin özbaşına tikili rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmayıb. Qeyd edilən qanunsuz tikili yuxarıda göstərilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün “Karayev City’’ MMC-yə ayrılan ərazidə yerləşir və söküntü-tikinti işlərinin aparılmasına maneə törədir. Həmçinin, Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və akt tərtib olunaraq müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.

16. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı ilk iddia ərizəsi imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qiytarılması barədə qarşılıqlı iddia vermişdir.

17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi ilə razı deyil, iddia ərizəsi qanunsuzdur, iddianı qəbul etmirlər.İddia ərizəsi prosessual pozuntularla müşayiət olunan ciddi nöqsanlarla tərtib edilib və imzalanıb. Belə ki, xx.xx.2022-ci il tarixdə Nizami rayon Məhkəməsinə gələrək iddiaçının iddia ərizəsini və ona qoşma olunan sənədləri alıb tanış olub. Ona məlum oldu ki, iddiaçı "Karayev City” MTK məhkəməni və cavabdehi aldadaraq qanunazidd hərəkətlər edərək həqiqətə uyğun olmayan sənədləri məhkəməyə təqdim edib. Qeyd olunanları nəzərə alıb, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının iddia tələbləri, məhkəməyə təqdim etdiyi sənədlər, etibarnamə və iddia ərizəsi buna hüquqi olmayan şəxs tərəfindən imzalanıb. İddia ərizəsinə əlavə olunan binanın qəzalı vəziyyətdə olması barədə tərtib olunan aktda nə imzalar, nə də möhür yoxdur. Belə ki, xx.xx.2022-ci ildə Nizami ravon Məhkəməsinin inzibati binasının dəftərxanasından iddia ərizəsinin və ona əlavə edilən sənədləri aldıqdan sonra məlum olmuşdur ki, onlar cavabdeh olaraq iddiaçının iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətindədirlər. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 1 ünvandakı 7 saylı mənzil xx.xx.1989-u ildə Azərbaycan SSR X10 rayon İcraiyyə Komitəsi Tərəfindən 105821 nömrəli orderinə əsasən verilib. Həmin mənzil Vladimir şəhərində olan 2 otaqlı mənzil Bakı şəhərində halhazırkı mənzillə dəyişilərək verilib.O, həmin ünvanda olan mənzilə köçərkən 1-ci mərtəbədə verləşən mənzlin balkonu binanın baxçasına tərəf çıxarılmış halda təhvil verilib, hal-hazıra kimi mənzil iddiaçının mülkiyyətində və baxçaya çıxarılan balkon isə mənzilə bitişik olaraq istifadələrindədir. Deməli 33 ildir ki, həmin mənzil və mənzilə bitişik baxçaya çıxarılan balkon onun ailəsinin istifadəsindədir. O vaxt “Karayev City" MTK heç mövcud olmayıb. Hal-hazırda iddiaçı başqa kooperativə aid olan sənədləri hansı yollarla isə adlarına keçirərək həqiqətə uyğun olmayan sənədlərlə mülkiyyətçini və istifadəçini aldadıb əmlakını ələ keçirtmək istəyir. Mənzildə yaşayan və qeydiyyatda olan 6 nəfər ailə üzvü var X7- xx.xx.1991,Nümayəndə1-xx.xx.1999, X1-xx.xx.1988, X13xx.xx.1969, X15-xx.xx.2010, X5-xx.xx.2021-ci il doğumlu. Bundan əlavə, oğlu əsgər Nümayəndə1 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, qazidir. xx.xx.2020-ci il tarixdə sağ pəncəmi dəlib keçən odlu silah varası almışdır, hal-hazırda müharibə iştirakçısı kimi qeydiyyatdadır. Onların hüquqi savadı olmadığından istifadə edərək saxta sənədlərlə mənzillərini əllərindən alıb sökmək istəyirlər. Buna sübut olaraq, iddia ərizəsinə qoşma olunan sənədlərə diqqət yetirmək kifayətdir. ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli akt adları çəkilən şəxslər tərəfindən imzalanıb. “Karayev City" MTK tərəfindən Vəkil1 verilən 23 noyabr 2021-ci il tarixli (09 avqust 2023-cü ilə qədər qüvvədədir) etibarnamə başqa bir hüquqi şəxs “İmperial" MTK-nın direktoru Elşən İsmayılov tərəfindən imzalanıb "xxxx" MTK-nın möhürü ilə təsdiqlənib. ********** nömrəli VÖEN-i olan xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində Kommersiya X4 haqqında şəhadətnamə alan “Karayev City" MTK-nın blankını tamam başqa bir hüquqi şəxs imzalayır. Həmin etibarnaməyə əsasən “Karayev City" MTK-nın nümayəndəsi Vəkil1 iddia ərizəsini imzalayıb. Yuxarıda göstərilənlərə əsasən etibarnamə və iddia ərizəsi imzalanmadığından etibarsızdır. Binanın baxış aktının isə heç bir hüquqi əsası yoxdur. Çünki akt imzlarla təsdiq olunmayıb.Qeyd olunanları nəzərə alıb,cavabdeh “Karayev City" MTK-nın iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlrərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

18. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-591/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, İddiaçı MTK tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin əvəzində yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi, iddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qiytarılması barədə qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı "KARAYEV CİTY” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan qeyri-yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır.

20. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir.

21. Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

22. Məhkəmə onu da vurğulamışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli qeyri-yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu suiistifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur.

23. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı ilk iddianın geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, ilk iddianı imzalayan şəxsin-Vəkil1 iddia ərizəsi imzalanarkən bu ərizəni imzalamaq səlahiyyəti olmamışdır.

24. Belə ki, işdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Vəkil1 xx.xx.2021-ci il tarixdə,İddiaçı MTK-də əmək haqqı 250 manat müəyyən edilməklə müddətsiz olaraq işə qəbul edilmiş,23 noyabr 2021- ci il tarixdə iddia ərizəsini imzalamaq səlahiyyəti daxil olmaqla Vəkil1 iddiaçının səlahiyyətli nümayəndəsi kimi qanunla müəyyən olunan qaydada etibarnamə verilmiş, xx.xx.2022ci il tarixdə onunla vəkil kimi 15 saylı hüquqi yardım müqaviləsi bağlanmış və ona Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən İddiaçı MTK-ni məhkəmədə təmsil etmək üçün eyni tarixli order verilmişdir.İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur.Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi imzalanarkən Vəkil1 həmin ərizəni imzalamaq səlahiyyəti olmuşdur.

25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü, 10-cu maddəsinə, 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, 5.3-cü maddəsinə, 16.1-ci maddəsinə, 152.6-cı maddəsinə, 560.1-ci maddəsinə, 560.2-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına, “İnsan Hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

26. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 591/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

27. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 7 saylı mənzili xx.xx.1989-cu ildə AZ SSR X10 rayon İcraiyyə Komitəsi tərəfindən 105821 nömrəli orderinə əsasən verilmişdir. Həmin mənzil Vladimir şəhərində olan 2 otaqlı mənzillə Bakı şəhərində hal-hazırkı mənzillə dəyişilərək verilmişdir. O, həmin ünvanda olan mənzilə köçərkən 1-ci mərtəbədə yerləşən mənzilin balkonu binanın baxçasına tərəf çıxarılmış halda ona təhvil verilib. Hal-hazıra kimi mənzil onun mülkiyyətində və baxçaya çıxarılan balkon isə mənzilə bitişik olaraq istifadəsindədir. 33 ildir ki, həmin mənzil və mənzilə bitişik baxçaya çıxarılan balkon onun istifadəsindədir. O vaxt İddiaçı MTK heç mövcud olmamışdır. Hal-hazırda başqa kooperativə aid olan sənədləri hansı yollarla isə adlarına keçirərək həqiqətə uyğun olmayan sənədlərlə mülkiyyətçini və istifadəçini aldadıb əmlakın ələ keçirtmək istəyir. Mənzildə yaşayan və qeydiyyatda olan 6 nəfər ailə üzvü var: X7, xx.xx.1991; Nümayəndə1Ağa Əli oğlu, xx.xx.1999; X1, xx.xx.1988; X13, xx.xx.1969; X15, xx.xx.2010; X8, xx.xx.2021-ci il. Bundan əlavə, oğlu Əsgər Nümayəndə1 2-ci Qarabağ müharibəsinin iştirakçısı, qazidir. xx.xx.2020-ci il tarixdə sağ pəncəsini dəlib keçən odlu silah yarasıalmış, hal-hazırda müharibə iştirakçısı kimi qeydiyyatdadır (sənədlərəlavə olunur). Onların hüquqi savadları olmamağından istifadə edərək saxta sənədlərlə mənzillərini əllərindən alıb sökmək istəyirlər. Buna sübut olaraq, iddia ərizəsinə qoşma olunmuş sənədlərə diqqət yetirmək kifayətdir.ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli akt adları çəkilən şəxslər tərəfindən imzalanmamışdır. İddiaçıMTK tərəfindən Vəkil1 verilmiş 23 noyabr 2021-ci il tarixli etibarnamə başqa bir hüquqi şəxs "xxxx" MTK-nın direktoru Elşən İsmayılov tərəfindən imzalanmış və İddiaçı MTK-nın möhürü ilə təsdiqlənmişdir. ********** nömrəli VÖEN-ü olan xx.xx.2017-ci ildə AR Vergilər Nazirliyində Kommersiya X4 haqqında şəhadətnamə alan İddiaçı MTK-nın blankını tamam başqa bir hüquqi şəxs imzalayır. Həmin etibarnaməyə əsasən İddiaçı MTK-nın nümayəndəsi Vəkil1 iddia ərizəsini imzalamışdır. Yuxarıda göstərilənlərə əsasən etibarnamə və iddia ərizəsi imzalanmadığından etibarsızdır. Binanın baxış aktının isə heç bir hüquqi əsası yoxdur. Çünki akt imzalarla təsdiq olunmamışdır. Bütün bunlara baxmayaraq hakim iddia ərizəsini geri qaytarmaq əvəzinə məhkəmənin gedişində özü də bilmədən icraatına qəbul etdiyi sənədləri qanuna zidd olaraq dəyişdirmiş və heç bir hüquqi əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasının aparılma halları pozulmuş, məhkəmənin hazırlıq iclasında sənədlərin toplanması vəsatətlərinə baxmayaraq məhkəməyə aktın əsli gətirilməmiş, məhkəmə baxışa çıxarılmamışdır. Hakim məhkəmə qətnaməsinin 4-cü səhifəsinin 4-cü abzasında qeyd etdiyi 10 fevral 2016-cı il tarixli akta istinad edir. Həmin aktın imzalanmadığını məhkəmənin diqqətinə çatdırmış və həmin aktın əslini vəsatət qaydasında tələb etmişlər. Hakim həmin aktın məhkəməyə gətirilməsini təmin etməmiş və teztələsik məhkəməni bitirmişdir. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 26 ,4 saylı mənzil onun yəni Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçıMTK onların mülkiyyət hüquqlarını pozaraq öz istədiyini etmək istəyir yəni, razılaşma yolu ilə onların xüsusi mülkiyyətində olan mənzili və 33 il istifadələrində olan 45 m2-lik torpaq sahəsini qanunsuz olaraq ələ keçirmək istəyir. Xüsusi mülkiyyətlərində olan mənzili və 45 m2-lik torpaq sahəsi iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Onlar İddiaçı MTK-dan razılaşma yolu ilə mülkiyyətlərində və istifadələrində olan yaşayış və qeyriyaşayış sahəsinin müqabilində onların tikəcəyi binanın 1-ci mərtəbəsində qeyriyaşayış sahəsi istəmişik. Yəni ümumi yaşayış və qeyri-yaşayış sahəsində 20% artıq sahə və 2-ci Qarabağ müharibəsi iştirakçısı qazi oğlu Nümayəndə1 Əli oğlunun müharibə iştirakçısı olmağını nəzərə almalarını xahiş etmişlər. Nizami rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsinin 7-ci səhifəsinin 1-ci abzasında məhkəmənin hakimi Fikrət Mirzəyev qeyd edir ki, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli qeyri-yaşayış sahəsi təklif edən İddiaçı MTK ilə razılaşmaması onun hüququndan sui-istifadə etməsi ilə qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və.s. hərəkətlərdə ifadə olunur. Halbuki İddiaçıMTK onun mülkiyyət hüququnu pozur. Qətnamədə göstərilən şərtlərlə onlar razı olmuşlar, lakin onlara tikəcəkləri binanın 1-ci mərtəbəsində deyil yüksək mərtəbədə mənzil təklif etmiş və sonda onların mülkiyyət hüquqlarını pozaraq özlərinin istədiklərini tətbiq etmək istəmişlər. Birinci instansiya məhkəməsi bu iş üzrə öz şəxsi mülahizələri əsasında qətnamə qəbul edərək cavabdeh tərəfindən məhkəməyə təqdim olunan təkzib olunmaz faktları rədd etmişdir. Bundan əlavə, binanın qəzalı vəziyyətdə olması barədə tərtib olunan aktın surətini məhkəməyə təqdim edən cavabdehdən aktın əslini məhkəməyə təqdim edilməsi tələb olumuşdur. Nə iddiaçı, nə də hakim bu tələbi təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosses iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclaslarında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şiakyətinin dəlillərinə istinad edərək apellyasiya şikyətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilki iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilk iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.

31. İş üzrə ilk iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

32. Həmçinin məhkəmə qətnaməsi tərəflərin iştirakı olmadan elan olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

33. 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;

34. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

35. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;

36. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;

37. 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

38. 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz;

39. 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

42. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;

43. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;

44. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

45. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X9 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.

47. “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 48.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X6rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

60. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia tələbi rədd olunmalıdır. (Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5220/22 saylı Qərardadı ilə qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilmişdir.)

62. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, ilk iddia tələbi əsassızdır.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, qətnamə yoxlanılan hissədə əsassız olmuş, maddi və prosessual hüquq normalarının tələbləri, həmçinin ilk iddia üzrə cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur. 64.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X6rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz. 65.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. 66.Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 67.Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. 68.Qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamında olan tələblərə əsasən qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitini ödəməlidir. İddiaçı cavabdehlərə mülkiyyətlərinin əvəzinə həmin ərazidə inşa ediləcək hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğunluğu müəyyən edilmir. 69.Həmçinin istər irəli sürülmüş iddia tələbi, istərsə də birinci instansiya məhkəməsinin mövqeyi cavabdehlərin mülkiyyət hüququnun ədalətli əvəzi (kompensasiyası) qismində çıxış etməmiş, bununla da mülkiyyət hüquqlarına əsassız müdaxilə baş vermişdir. 70.İddiaçı qanunvericiliyin tələbləri çərçivəsində mülkiyyətçilərlə razılıq əldə etməmiş, həmçinin məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq mübahisənin həlli istiqamətində hər hansı razılıq əldə olunmamışdır. 71.Eyni zamanda, mübahisəli yaşayış sahələrinin ölçüsünün faktiki olaraq daha artıq olmasına baxmayaraq, cavabdehlərə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəyə əlavə 20 faiz əlavə olmaqla (kirayədə olma müddəti ərzində hər ay 300 manat kirayə haqqı verilməklə) yeni mənzil verilməsi barədə tələb irəli sürülmüşdür ki, bu da özü-özlüyündə mülkiyyətin əvəzinin ədalətli kompensasiyası kimi qəbul edilə bilməz. 72.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında qeyd olunan göstərişlərə uyğun olmayan tələblər, yəni ədalətli kompensasiya ilə təmin edilmədən və mülkiyyətçilərlə razılığı müvafiq müqavilə ilə şərtləşdirilmədən hazırki tələb əsaslı hesab edilə bilməz.

73. Belə ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının 1 və 1.1 bəndinə əsasən əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir. 74.Əks hal, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nəticələ bilər ki, bu da istər milli, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə zidd olardı.

75. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehlərin yaşayış sahələrinin qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq akta istinad edir, lakin iddia üzrə iddiaçının həmin əsasla iddia tələbi irəli sürməsi yolverilən deyildir. Çünki həmin əsasla tələb irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına aiddir. Müvafiq icra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi tələb hüququnun hazırkı iddiaçıya keçməsi əsası kimi qəbul oluna bilməz. 76.Mənzil Məcəlləsi isə qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. 77.Belə ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. 78.Göründüyü kimi, hazırki iddia tələbi qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, onunla ziddiyyət təşkil edir. 79.Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. 80.Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: 81.- «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» 82.Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (konvensiyanın) normalarını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi əsassız olmaqla yanaşı, mülkiyyətin ədalətli əvəzinə (kompensasiyasına) yönəlməmişdir. 83.Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

84. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.

85. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, iddianı yoxlanılan hissədə təmin etməklə səhv nəticəyə gəlmişdir. Bu hal isə MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün tam əsasdır.

86. Göründüyü kimi iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

87. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, qarşılıqlı iddiaçı ilk iddianın geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, ilk iddianı imzalayan şəxsin-Vəkil1 iddia ərizəsi imzalanarkən bu ərizəni imzalamaq səlahiyyəti olmamışdır. 89.Məhkəmə Kollegiyası qeyd edir ki, işdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Vəkil1 xx.xx.2021-ci il tarixdə,İddiaçı MTK-də əmək haqqı 250 manat müəyyən edilməklə müddətsiz olaraq işə qəbul edilmiş,23 noyabr 2021- ci il tarixdə iddia ərizəsini imzalamaq səlahiyyəti daxil olmaqla Vəkil1 iddiaçının səlahiyyətli nümayəndəsi kimi qanunla müəyyən olunan qaydada etibarnamə verilmiş, xx.xx.2022-ci il tarixdə onunla vəkil kimi 15 saylı hüquqi yardım müqaviləsi bağlanmış və ona Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən İddiaçı MTK-ni məhkəmədə təmsil etmək üçün eyni tarixli order verilmişdir.İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur.Beləliklə məhkəmə Kollegiyasıhesab edir ki, iddia ərizəsi imzalanarkən Vəkil1 həmin ərizəni imzalamaq səlahiyyəti olmuşdur 90.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamaldır. (Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5220/22 saylı Qərardadı ilə qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilmişdir.)

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(007)-591/2022 nömrəli qətnaməsi ləğv olunsun. İlk iddia tələbi rədd olunsun. (Qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilmişdir.) Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar