Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5222/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh Həsənağa oğluna, (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı Notariat Ofisi və Maraqlı şəxs) qarşı mülki iş (Açar sözlər: «bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Həsənağa oğlunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-963/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, ev-, mənzil 125 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2020-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət üzrə qeydiyyata alınmışdır.
2. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamış və xx.xx.2022-ci il tarixdə həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına mülkiyyət üzrə qeydiyyata alınmışdır.
3. X2 xx.xx.2022-ci ildə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh Həsənağa oğluna qarşı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, 2014-cü ildə onun adına olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m mənzil xx.xx.2020-cı ildə ********* qeydiyyat nömrəli çıxarışa əsasən onun adına rəsmiləşdirilmişdir. 2017-ci ildən kooperativə ödənilən mənzilin borcu X2 tərəfindən ödənilmişdir. Onun razılığı olduğu yerdə həmin andan X2 oğlu Aydın və qızı Aygünün ixtiyarına vermişdir. Sədaqət rəhmətə gedən günə kimi həmin mənzildə yaşamışdır. 2020-ci ildə bütün özəlləşdirmə, çıxarışın onun adına alınmasına baxmayaraq, bütün rüsumları Sədaqətin qızı Aygün ödəmişdi. Hətta 2017-ci ildən 95% mənzilin Kooperativə ödənən pulların Maraqlı şəxs tərəfindən ödənilmişdir. Belə oldu ki, çıxarışı alandan sonra anası Sədaqətin adına rəsmiləşdirmə üçün külli miqdarda pul lazım olduğu üçün hələlik təxirə salınmağını Aygün xanım tərəfindən təklif olundu. Aygün ona bildirdi ki, xarici ölkəyə gedib bir müddət işləyib, pul toplayıb göndərər anasının adına, yəni Sədaqət xanımın adına alqı-satqı ilə sənədləşdirərlər. Bir müddətdən sonra 2021-ci ilin dekabr ayında Aygün xanım ona zəng edərək dayısı Cavabdeh Həsənağa oğlunun rəhbərliyi ilə göndərdiyi pulla notariusa gedib anası X2 adına rəsmiləşdirməyi xahiş etdi. Cavabdeh Həsəmıga oğlunun dediklərinə əməl edərək, ondan istədiyi sənədləri təqdim etdi və sonuncu ona xx.xx.2022-ci ildə, səhər saat 10-da 7 saylı notariusda olmağını bildirdi. Bütün sənədləri həmin notariusda imzalamışdır. Bir qəpik də pul Cavabdeh Həsənağa oğlundan almadan, evə qayıtmışdır. Orda nələrin baş verməyindən, Cavabdeh hərəkətlərindən xəbərsiz olmuşdur. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh Həsənağa oğlu onu aldatmış, söz verdiyi X1 adına rəsmiləşdirmədiyini və ağır xəstəlik keçirmiş bacısı Sədaqət xanımı və onu aldadaraq öz adına rəsmiləşdirmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-963/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbinin təmin edilərək İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş) iş üzrə tərəflər arasındakı danışıqların əks olunduğu CD diskdə: Ceyhun adlı şəxs bildirir ki, əmlakı 100.000,0 manata sata bilsə, ondan 20.000,0 özünə götürüb qalanını Aygünə verəcək. Xanım dayısından birdən evi satmaq istəməsə, öz adına keçirmək istəsə ondan nə qədər istəyəcəyini soruşanda digər şəxs 10-15000 manat pul tələb etdiyini bildirir. Bundan sonra o, Aygünə müraciət edərək deyir ki, ev sənindir, həmin evdə də yaşayırsan, mənə nə vaxt zəng etsən gəlib evini istədiyin adamın adına keçirəcəm. İşin hallarından və iddia tələbindən görünür ki, iddiaçı, öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, 125 nömrəli mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh bağışlamışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək həmin bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. İddiaçı öz tələbini onunla əsaslandırır ki, sözügedən bağışlama müqaviləsi bağlanarkən niyyəti əmlakı Maraqlı şəxs özgəninkiləşdirmək olmuşdur. Mübahisəli ev İddiaçı olmuş və o, həmin evin dəyəri tam almaqla satmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli evin tam dəyəri ödənilməklə İddiaçı alınmış, eyni zamanda Cavabdeh evi alınması üçün hər hansı vəsait ödəməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, mübahisəli evi Aygün deyil, cavabdehin bacısı Sədaqət almışdır və qızını sevmədiyinə görə həmin evi Ceyhuna bağışlamaq istəmiş və İddiaçı Sədaqətin istəyinə görə evi Cavabdeh bağışlamışdır. İddiaçı öz əmlakının dəyərini Maraqlı şəxs tam almaqla, hər hansı tanışlığı olmayan və hazırda həmin əmlakda yaşayan Maraqlı şəxs dayısı Cavabdeh bağışlaması həmin müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına dəlalət edir. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı ilə Cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin hallarından və hər iki tərəfin izahatından görünür ki, onlar müqavilədən əvvəl ümumiyyətlə bir-birini tanımamışdır. Cavabdeh bağışlama müqaviləsini bacısının tapşırığı ilə bağladığını, müqavilə bağlanarkən hər iki tərəfin niyyətinin notariat rüsumundan azad olmaq üçün bağışlama şəklində əslində alqı-satqı etmək olduğunu, əmlakın dəyərinin bacısı tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında tərəflər müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Belə olan halda, iddiaçının mübahisəli daşınmaz əmlakı heç bir əvəz almadan tanımadığı şəxsə – Cavabdeh bağışlamaq istəyində olması ağlabatan deyil. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin hər biri izahat verərək bildirmişdir ki, mübahisəli əmlak İddiaçı haqqı ödənilməklə əldə edilmişdir. Göründüyü kimi müqavilənin motivi bağışlama deyil, mübahisəli əmlakın alqı-satqı müqaviləsidir. Beləliklə, iddiaçının və cavabdehlərin izahatları, işin digər materialları məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli əmlak ilə əlaqədar bağlanmış bağışlama müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqddir. Beləliklə, iş üzrə müəyyən olunur ki, müqavilə tərəflərinin əsas niyyəti alqı-satqının həyata keçirilməsi, həmçinin həmin alqı-satqının Cavabdehlə deyil, əslində evin dəyərini ödəyən Aygünlə həyata keçirilməsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əslində başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış müqavilədir. Belə ki, iddiaçı və cavabdeh Maraqlı şəxs hər ikisinin izahatları ilə müəyyən edilir ki, mübahisəli əmlakın alqı-satqısı onlar arasında həyata keçirilmiş, Maraqlı şəxs hazırkı vaxtadək həmin ünvanda yaşayır. Digər Cavabdeh də əmlaka dair haqq ödəmədiyini etiraf edərək, müqavilə üzrə özünün “alıcı” kimi çıxış etməsini bacısının bunu ona tapşırması ilə əsaslandırmış, lakin öz etirazına dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin izahatları və işin hallarından görünür ki, iddiaçı müqavilə bağlanarkən əmlakı Maraqlı şəxs xeyrinə özgəninkiləşdirmək niyyətində olmuşdur. Bu hal, yəni mübahisəli evin İddiaçı dəyəri ödənilməklə alınmasının, Cavabdeh isə müəyyən pul müqabilində həmin evin Aygünə qaytara bilməsi, eyni zamanda həmin evin Aygünə məxsus olmaqla sonuncunun orada yaşaması məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş) iş üzrə tərəflər arasındakı danışıqların əks olunduğu CD diskdə olan Cavabdehlə Maraqlı şəxs arasında olan danışıqlardan da müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlandığından, əslində iddiaçının mübahisəli evi satmaq məqsədi ilə tərəfə bağışladığından, eyni zamanda cavabdehin əslində həmin müqavilənin tərəfi olmamaqla onun həmin evlə hər-hansı bağlılığı olmadığından xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə hesab etmişdir ki, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilə etibarsız hesab edildiyindən, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da etibarsızdır. Odur ki, Cavabdeh adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Həsənağa oğlu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasının xahiş edib göstərir ki, iddiaçı pretenziya qaydalarına əməl etməmiş, yəni, imtina haqqında bildirişin hədiyyə alana çatması, onun qüvvədə olması barədə məlumatı iş materiallarına əlavə etməmişdir. Mübahisənin predmeti bağışlama müqaviləsi olsa da, məhkəmə həmin müqaviləyə aid normalara istinad etməyərək maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, iddiaçının izahatlarını sübut kimi qəbul etsə də, cavabdeh tərəfin verdiyi izahata inanmayaraq sübut kimi qəbul etməmiş, obyektiv yanaşılmamış, işə baxan hakim ehtimallarla yanaşmış, belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. İddiaçı onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq çıxarışın ləğv olunmasını qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh Həsənağa oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Əvvəlki məhkəəmə iclasında iştirak edən İddiaçı da apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, sonuncu məhkəmə iclasında isə iştirak etmədi. Eyni zamanda, üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat Ofisi də nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Madə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1.Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2.Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1 və 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı. 21.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etməsi, əslində isə çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın və çıxarışın ləğv edilməsini tələb etməməsi iddianın yalnız bu hallara görə rədd olunması və fərqli qərar qəbul edilməməsi üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM.mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu mənada məhkəmənin qətnamənin nəticə hissəsində çıxarışın ləğv edilməsini qət etməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında göstərildi ki,... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə... mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. ...Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz... MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
26. Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Əks halda iddiaçının da xüsusi mülkiyyətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıdır. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı aldadılma olmasaydı mənzili bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə formal olaraq mülkiyyətində qalan mənzili Aygun Yarməmmədova yaxud onun anasının adına qeydə alınmasına nail olmaq istəmişdir. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçının aldanmasaydı onu zənginləşdirmək niyyəti olmamışdır. Buna görə aldadılması iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Ona görə də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. 27.B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstiutsiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İşə baxan məhkəmələr isə B.Qasımovun iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
28. Göründüyü kimi,Mülki Məcəllənin yuxarıda şərh olunan müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Başqa sözlə, hazırki işdə bağışlama müqaviləsini tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyil və işin mübahisəsiz halıdır. Göründüyü kimi, cavabdehin müqavilənin bağlanmasına dair aparılan danışıqlar və müqavilənin bağlanması zamanı yalan məlumat vermədiyini yaxud məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat verməmək kimi bir niyyətinin olmadığını və bununla da iddiaçını aldatmadığını sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, ağlabatan mühakimə də təsdiq edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmasaydı hansı səbəbdən öz əmlakını əvəzsiz olaraq cavabdehin mülkiyyətinə verməlidir. Şübhəsiz ki, aldadılma olmasaydı, nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin öz əmlakını başqasının mülkiyyətinə əvəzsiz verməsinə dair bağışlama müqaviləsinin bağlaması əlbətdə ki, inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi, cavabdeh bu halları sübuta yetirə bilmir. Ona görə də, müqavilənin etibarsız hesab edilməsinə dair tələb əsaslı olduğundan təmin olunması da düzgün olmuşdur.
29. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq).
30. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, hazırki iş üzrə mübahisələndirilən bağışlama müqaviləsini birinci instansiya məhkəməsi əhəmiyyətsiz əqd, yəni yalan əqd kimi qiymətləndirsə də etibarsızlıq nəticəsini yaradan halların müqavilənin etibarsızlığının səbəbi kimi mübahisə edilən əqdlər növünə aid olduğuna dəlalət edir. Əlbətdə ki, tərəflər və üçüncü arasında mübahisə predmeti olan mənzillə bağlı münasibətlər o qədər qarışıq olmuşdur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən əqdi yalan əqd hesab etməsi açıq-aşkar əsassız görünməyə bilər. Belə ki, apellyasiya baxışı zamanı da müəyyən olundu ki, mübahisə predmeti olan mənzil hələ alındığı vaxtdan və sonradan xx.xx.2020-ci ildə iddiaçının adına mülkiyyət hüququ üzrə formal qeydə alınsa da, faktiki olaraq həmin mənzil Aygun Yarməmmədovaya və onun ailəsinə məxsus olmuşdur. Mənzildə iddiaçı heç vaxt yaşamamış, yalnız Aygun Yarməmmədova, onun qızı və mərhum anası Sədaqət Yarməmmədova yaşamışdır. Mənzilin dəyəri də onlar tərəfindən ödənilmişdir. Aygun Yarməmmədova iddiaçının bibisi oğlu Rövşən Yarməmmədovun əmisi qızıdır və mənzili də Rövşən Yarməmmədovun vasitəsilə əldə etmişlər. Bu işin mübahisəsiz halıdır. Mənzil formal olaraq iddiaçının mülkiyyətində qaldığından, həm iddiaçı, həm də üçüncü şəxs mənzilin anası Sədaqət Yarməmmədovanın adına rəsmiləşdirmək barədə razılığa gəlmişlər. Əlbətdə ki, mənzilin Sədaqət Yarməmmədovanın adına rəsmiləşdirmək üçün hansısa özgəninkiləşdirmə üsulundan istifadə edilməli idi. Bunun alqı-satqı müqaviləsi olması da yuxarıda qeyd olunan səbəblərdən mümkünsüz idi. Çünki, onsuz da mənzilin dəyərini Aygun Yarməmmədova və onun ailəsi ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlanması üçün əsas yaranmamışdır. Çıxış, yolu kimi iddiaçı ilə üçün şəxs bağışlama yolu ilə mənzilin Sədaqət Yarməmmədovanın mülkiyyətinə keçirilməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh Aygun Yarməmmədovanın ölkədə olmamasından və anasının etibarından sui-istifadə edərək faktiki olaraq iddiaçını aldatmaqla bağışlama müqaviləsi əsasında mənzilin mülkiyyətinə keçməsinə nail olmuşdur.
31. Demək, hazırki iddianın predmeti baxımından, yəni iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsızlığının səbəbi aydınlaşdırılmaqla onun növü müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi müqavilə tərəflərinin başqa əqdi pərdələmək üçün görünüş üçün yalan əqd-bağışlama müqaviləsi bağladıqları qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunduğu kimi, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Baxmayaraq ki, iddiaçının yalan əqdi bağlamaq niyyəti olmamışdır, onun niyyəti yalnız özünə aid olmayan mənzili aid olan şəxsin mülkiyyətinə keçirmək olmuşdur. Hətta bu belə olmasaydı da, yəni bağışlamaq yolu mənzili üçüncü şəxsin anasının mülkiyyətinə vermək niyyəti başqa əqdi pərdələmək kimi görünsə belə, cavabdehin niyyəti ümumiyyətlə yalan əqd bağlamaq olmamış, yaranmış şəraitdən istifadə edərək iddiaçını aldatmaqla mənzili öz mülkiyyətinə keçirmək olmuş və buna da nail olmuşdur. Ona görə də məhkəmə tərəfindən əqdin etibarsızlığının növü yalnız müqavilə tərəflərin niyyətinə və işin həqiqi hallarına uyğun müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdın etibarsızlığının növünü mübahisələndirilən əqdlər kimi deyil, əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir.
32. Məhz qeyd olunan səbəblərə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilməsini apellyasiya isntansiya məhkəməsi məqsədəmüvafiq hesab etmir. Çünki, məhkəmənin gəldiyi yekun nəticə düzgün olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı və hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-963/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Həsənağa oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-963/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.