Məhkəmə qərarları › İş №2(103)-5225/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5225/2024

16.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5225/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(001)-3790/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Hazırda İddiaçı Şirkəti Cavabdeh özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmasını tələb edir. Cavabdeh da İddiaçı Şirkətində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Şirkəti Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaratdığından, “X9” şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Bununla yanaşı Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda faktiki yaşadığı fərdi yaşayış evinin 3 ha torpaq sahəsinə və 110 kv.m tikilidən ibarət fərdi yaşayış evinə dair zərərə görə qarşılıqlı cavabdeh “X10” Şirkətindən 50000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda faktiki yaşadığı fərdi yaşayış evi 3 ha torpaq sahəsindən və 110 kv.m tikilidən ibarət fərdi yaşayış evidir ki, həmin fərdi yaşayış evi 2003-cü il tarixdən etibarən tərəfindən inşa edilmiş və bu günə kimi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Belə ki, hazırki vəziyyətdə yaşadığı həyətyanı fərdi yaşayış evinin ətrafında və ərazisində heç bir mədən və ya neft çıxarma sahəsi mövcud deyildir. Yaşadığı fərdi yaşayış evi həmin ərazidə tək mövcud deyildir, ətrafında və qonşuluqda saylarla evlər mövcuddur ki, artıq ərazi yaşayış evlərindən, məhəllələrdən və kompleks yaşayış sahəsindən ibarətdir. Bu günə kimi faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair heç bir dövlət orqanı və ya hər hansı bir qurum tikiliyə dair etiraz bildirməmişdr. Qeyd olunan fərdi yaşayış evinə bütün kommunal qaz, işıq, su, telefon xəttləri çəkilmiş, istifadə üçün tam yararlı vəziyyətə gətirilərək həmin tarixdən etibarən qeyd olunan fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinin torpaq sahəsinə və tikiliyə görə əmlak vergisı tərəfindən hər il qanunvericiliyin müəyyən etdiyi qaydada vergi ödəyir ki, bu günə kimi ödəmələrlə bağlı heç bir etiraz və pritenziya qəbul etməmişdir. Göstərilən tələblər üzrə onun tərəfindən qeyd olunan ərazidə torpaq sahəsi alınıb fərdi yaşayış evi tikilərkən müvafiq qaydada hu prosesdən müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin və neft idarəsi qurumunun xəbəri olmuş, tikinti biləvasitə onların hər hansı bir qaydada verdiyi razılıqları üzərində və əsasında tikilmişdir. Fərdi yaşayış evi 2003-cü il tarixdən etibarən 21 ildir onun faktiki sahibliyində və istifadəsindədir. Fərdi yaşayış evinə tərəfindən 50000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Hazırki iş üzrə iddiaçı “X11” Şirkətinin iddiası məhkəmədə təmin olunduğu zaman hesab edir ki, iş üzrə qarşılıqlı iddiası təmin olunmaqla iddiaçı “X11” Şirkətindən onun xeyrinə zərərin əvəzi kimi 50000 manat məbləğində pul alınaraq onun xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(001)- 3790/2024 nömrəli qətnaməsi ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikili cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin istifadəsinə qaytarılması, qətnamənin neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Şirkətinə ödənilməsi, Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqı iddiasının rədd ediməsi və qarşlıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçının ərazisində yerləşir və hazırda yaşayış üçün təhlükəli deyil. Məhkəmə Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşıqlı iddiasının araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Mülki iş materiallarından görünür ki, hazırki halda Cavabdeh İddiaçı Şirkətindən zərərin əvəzinin ödənilməsini tələb etməyi əsassızdır. Belə ki, İddiaçı Şirkəti tərəfindən Cavabdeh heç bir zərər vurulmamışdır, əksinə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Bu halda da, həmin əmlakın İddiaçı Şirkətinin ərazi hüdudlarında yerləşdiyi təsdiq olunur. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşadığı fərdi yaşayış evi 21 ildir onun və ailəsinin istifadəsindədir. Bu günə kimi heç bir şəxs və dövlət qurumunun etirazına rast gəlməmişdir. Yaşadığı fərdi yaşayış evi saylarla fərdi yaşayış evlərinin içində yerləşir. Onun sökülməsi və ya orada hər hansı bir qaydada hansısa əməliyyatın həyata keçirilməsi qeyri-mümkündür. Məhkəmənin isə qətnamənin icra olunma üsulunun belə bir vəziyyətdə qeyd etməsi de fakto həmin qətnamənn icrasının qeyri-mükünlüyünü ortaya qoyur ki, bu halda məhkəmənin bu işə baxmasının nədən ibarət olması sualını yaradır. Məhkəmə işə baxarkən iş üzrə fərdi yaşayış evinə dair xüsusi biliyə malik olan tikinti və ya qiymətləndirmə üzrə ekspertiza təyin etməmişdir. Bu da işə səthi yanaşmadan xəbər verir. Faktiki yaşadığı fərdi yaşayış evi 3 ha torpaq sahəsindən və 110 kv.m tikilidən ibarət fərdi yaşayış evidir ki, həmin fərdi yaşayış evi 2003-cü il tarixdən etibarən tərəfindən inşa edilmiş və bu günə kimi faktiki olaraq sahibliyində və istifadəsindədir. Qeyd olunan fərdi yaşayış evinə dair bütün kommunal xətlər cəkilmiş, qaz, işıq, su, telefon xidmətlərindən istifadə edilir. Qeyd olunan ərazidə torpaq sahəsi alınıb fərdi yaşayış evi tikilərkən müvafiq qaydada bu prosesdən müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin və neft idarəsi qurumunun xəbəri olmuş, tikinti bilavasitə onların hər hansı bir qaydada verdiyi razılıqlar üzərində tikilmişdir. Onun tikili üzərində hüququ yoxdursa iddiaçının ona qarşı törətdiyi məhrumetmə tələbi qanunsuzdur. Mülki işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şirkətinin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi:

9. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Göründüyü kimi cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi halhazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikintinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə baxışı zamanı cəkişmə prinsipinə əməl edilməməsi, tərəfindən iş üzrə təqdim edilmiş sübutların və iş üzrə verilmiş dolgun izahatını qəbul etməməsinə dair dəlilləri ilə bağlı hesab edir ki, iş materiallarından görünür ki, araşdırma tərəflərin iştirakı ilə aparılmış və təqdim edilmiş sübutlar tədqiq edilərək qiymətləndirilmişdir. Apellyatorun izahatının qəbul edilməməsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, onu izahatı özü-özlüyündə ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının MPMnin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh inşa etdiyi evin kommunal xəttlər cəkilməsi, qaz, işıq, su, telefon xidmətləırindən istifadə etmələrini göstərsə də, müəyyən edilmişdir ki, ev statusuna görə özbaşına tikili olmaqla tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Apellyatorun göstərdiyi qaydada 2003-cü ildən mübahisəli tikilidən istifadə etməsi və hazırda yaşayış üçün təhlükəli olması müəyyən edilsə də, evin neft quyularının, texniki su xəttinin mühafizə zolağı və şirkətin saziş ərazisi hüdudları daxilində yerləşməsi gələcəkdə həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaratması labüddür və buna görə məhkəmə göstərilən nəticəyə gələrkən haqlı olaraq ilk növbədə yaşayış evinin potensial təhlükəli ərazidə mövcudluğu və vətəndaşların həyat üçün həyat və sağlamlıq hüququnun mühafizəsi baxımından onların təhlükəli ərazidə yaşamasının qarşısını alınmasının zəruri olmasını nəzərə almışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Cavabdehin iddia etdiyi kimi iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə hər hansı bir ziyan dəyməsi məhz iddiaçı tərəfindən törədilmiş hərəkətlər nəticəsində yarandığı da iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə həmçinin Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd edir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Odur ki, cavabdeh onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkmir və onun hər hansı hüquqları pozulmur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Əvvəla iş materiallarından görünür ki, cavabdehin mübahisəli ərazidə qonşularla arasında yol ilə bağlı mübahisələri olmuş və bununla əlaqədar mülki iş məhkəmənin icraatında olarkən iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. 18 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilən ərazidir (iş vərəqə 25). Həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında hər iki tərəfin izahatları ilə müəyyən edildi ki, cavabdehin yaşadığı evin ətrafında işlək vəziyyyətlə olan və olmayan neft çıxarılması avadanlıqları (kaçalkalar) mövcuddur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(001)- 3790/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fərrux Qasımov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar