Məhkəmə qərarları › İş №2(103)-5226/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5226/2022

01.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5226/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(010)- 1764/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarəsi tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 3539,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 3-cü Mədən ev 1, mən 8 ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin fevral ayının 02-də cavabdeh tərəfindən ünvana daxil olmuş qəbzdə qaz sərfiyyatı üzrə borc məbləği 2604,62 manat göstərilmiş, həmin ilin fevral ayının 25-də isə cavabdehin əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında ona 3539,30 manat borc yazılmışdır. Qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir və o, daimi sayğaca nəzarət edə bilmir. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh öhdəsinə düşür və onun səlahiyyətindədir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(010)- 1764/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu:**********00080) hesablanmış 3539,30 manat məbləğində debitor borcunun Cavabdeh tərəfindən silinməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1764/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, təqdim etdiyi etirazda borcun yaranma əsaslarını ayrı-ayrılıqda qeyd etməklə sərfiyyat məbləğinə görə yaranmış 09/2011-ci il tarixli borc-803 manat, Sayğaca 1102AQ**********1 saylı sayğaca müdaxilə faktına görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğ-1944 manat, küçə qazxəttinə sayğacdan kənar qeyri qanuni qoşulma həyata köçürülməklə qazdan qeyri-qanuni istifadə edilməsinə görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğ -944,64 manat, xx.xx.2022-ci il tarixdə quraşdırılmış**********015 saylımexaniki sayğac üzrə sərfiyyat borcu - 62.50 manat, mexaniki sayğac üzrə ödəniş -31.50 manat, borca görə smart karta yüklənmiş məbləğdən tutulmuş məbləğ 170 manat təşkil etdiyini aktlarla, saldolarla, fotoşəkillərlə, kəsim aktı ilə birlikdə əsaslandırılmış şəkildə məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə sübutlara qiymət verərkən onları qarşılıqlı şəkildə araşdıraraq qiymət verməmiş, maddi və prossesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə İddiaçı hesablanmış ümumi borcundan 803 manat 2011-cı il tarixinə qədər hesablandığını qeyd edərək bu qənaətə gəlmişdir ki, beş ildən artıq müddət ərzində Cavabdeh tərəfindən həmin borcların tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından 2011-ci ilə qədər hesablanmış borca görə iddia tələbi təmin həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-552-ci maddələrinə əsasən təmin olunmalıdır. Lakin məhkəmə Smart sayğac üzrə ödəniş cədvəlini araşdırmamış, nəticədə 2012-ci ilin may ayından başlayaraq smart karta yüklənən borca görə tutmanın aparılması faktına göz yummaqla iş üzrə müddətin axımının kəsilməsinə əsas verən digər hal olduğunu, öhdəliyin məzmunu hərəkətsiz qalmadığını inkar etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyır müddəasına əsaslanan məhkəmə cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməməsini qeyd etmiş, Qaydaların 4.9- cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyünü vurğulamışdır. Bu halda da məhkəmə sübut qismində təqdim edilmiş Smart sayğacın saldosunu tətqiq etməmişdir. Belə ki, sayğaca müdaxilə ediən dövrdə 2018-ci ilin yanvar-noyabr aylarında cəmi ödəniş 8 manat təşkil etmişdir. 2019-cu ildə isə ümumiyyətlə ödəniş olmamışdır. 1 ədəd 4 gözlü qaz piltəsi, 1 ədəd “samovar”, 1 ədəd qızdırıcıradiator peçi istifadədə olan ünvanda 8 manat ödəniş etməklə 24 ay ərzində qazdan istifadə edilməsi mümkün deyildir. Bu halda sayğaca müdaxilə faktının mövcudluğu və müdaxilənin məhz istehlakçının təqsirli hərəkətləri nəticəsində baş verməsi sağlam məntiqlə şübhə doğurmamalıdır. Lakin bu hala münasibətdə də məhkəmə birtərəfli münasibət nümayiş etdirmiş, iddiaçının təqsirinin sübuta yetmədiyi qənaətinə gəlmişdir. Etitazda öz əksini tapan, sənədlərlə sübut olunan küçə qaz xəttinə sayğacdan kənar qeyriqanuni qoşulma həyata köçürülməklə qazdan qeyri-qanuni istifadə edilməsinə görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğ 944,64 manat məbləğdə borcun da silinməsi barədə qətnamə çıxararkən gəldiyi qənaətin nəyə əsaslandığını ümumiyyətlə şərh etməmişdir. Bu barədə hər hansı normaya əsaslanmamış, yerli baxış və ya məhkəmə texniki-tikinti ekspertiza təyin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir) tələbinə istinad etmiş olsa da xx.xx.2022-ci il tarixdə quraşdırılmış **********015 saylı mexaniki sayğac üzrə 62.50 manat sərfiyyat borcunun da silinməli olduğu, istehlakçının debitor borcun da ödənilməsindən azad edilməli olması qənaətinı gəlmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan akrları, abonentə dair SALDO-da yer almış və rəqəmlərlə təsdiqləyən faktları araşdırmamışdır. 803.00 manat borcun tələb edilmə müddəti ilə bağlı axımın dayanması halının mövcud olmaması faktı sübut edilməmişdir. (həmin borc üzrə 2012-ci ilin may ayından 2021-ci ilin aprel ayına qədər tutmalar aparılmışdır). İş materiallarında yer alan sübutlardan iddiaçının qanunazidd hərəkətləri öz təsdiqini tapsa da 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Bununla bağlı bir daha bildiririk ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyul 2022-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək əmək məzuniyyətində olmağını üzürlü səbəb kimi qəbul edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 25 fevral 2022-ci il tarixli, ******* saylı “Qaz sayğacınıb çıxarılması, quraşdırılması və istismara qəbulu” barədə AKT-dan görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanı Cavabdeh tərəfindən qazla təchiz edilmişdir. Sayğac yenisi ilə əvəz edilmiş və tərtib edilmiş və istehlakçıya 3539,30 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan ilk olaraq qeyd edilməlidir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən və ona əlavə olunmuş abonent saldosundan görünür ki, İddiaçı hesablanmış ümumi borcundan 803 manat 2011-cı il tarixinə qədər hesablanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zərurui hesab edir ki, beş ildən artıq müddət ərzində Cavabdeh tərəfindən həmin borcların tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından 2011-ci ilə qədər hesablanmış borca görə iddia tələbi təmin həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-552-ci maddələrinə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti 5 il kimi müəyyən edilməlidir və həmin müddətin keçməsi halı aşkardır. Bu isə ona dəlalət edir ki, iddiaçıya 2011-ci ilə qədər hesablanmış 803 manat borcun tələbi qüvvəsini itirmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə və vurulmuş ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin olunması və İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu:**********00080) hesablanmış 3539,30 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(010)- 1764/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar