Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5232/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, X1, X6 və onların nümayəndəsi və vəkili X13, Cavabdehlər Cavabdeh2, X14 və X18 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-232/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən X2 və X19 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 və X19 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Binəqəfi qəsəbə hüdudları daxilində X8 xx xxxx 2004-cü il tarixli qərarı ilə ev tikmək üçün ayrılmış 445 kv.m və 440 kv.m ölçüsü olan onlara məxsus torpaq sahələrində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, X15 özbaşına inşa etdikləri hasar tikintisinin onların hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 və X19 iddia tələbini onunla əsaslandırmışdılar ki, 2004-cü ildə bacısı ilə bir ərazidə ev tikmək məqsədi ilə X8 xx xxxx 2004-cü il tarixli Qərarı ilə 445 kv.m və 440 kv.m sahədə torpaq almışlar. Bundan sonra hasar tikmişlər. Lakin əraziyə su dolmuş, nəticədə hasar uzun müddət suyun içində qalmışdır. 2014-cü ildə həmin sahəni xərc çəkərək torpaqlayıb, yararlı vəziyyətə salmışlar. Həmin torpağa bəzi şəxslər iddia edirdilər. Müraciəti əsasında X8 keçmiş arxitektoru yerində aydınlaşdırma apararaq, sahənin onlara məxsus olduğunu təsdiq etmişdir.2017-ci ilin yay ayında torpaq sahəsinə baş çəkdikdə sahədə hasar tikintisini görmüşlər. Bələdiyyəyə, yerli sahə müvəkkilinə, icra nümayəndəliyinə, rayon icra hakimiyyətinə müraciətləri nəticəsində araşdırma aparılmış və cavabdehlərin sənədlərinin, o cümlədən cizgi-planda çəkilən yerin başqa yer olduğu onlara izah edilsə də, cavabdehlər özbaşnalıq edərək, torpaq sahəsinitərk etməmiş və bununla da onların qanunla qorunan hüquqlarını pozmuşlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1187/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri X8 xx xxxx 2004-cü il tarixli qərarı ilə Binəqədi qəsəbəsinin inzibati ərazi hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün X10 ayrılmış 445 m2, X5 ayrılmış 440 m2 torpaq sahəsində Cavabdeh1, Cavabdeh2, X27 və X23 tərəfindən inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Bundan sonra Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1187/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1187/2018 saylı, xx xxxx 2018ci il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1187/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-232/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə X1 və X6 cavabdehlər Cavabdeh2, X21, X20 və X24 qarşı “özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi,ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən X2 və X19 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında X2, X16 və onların nümayəndəsi və vəkili X25 apellyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, X26 və X27 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh X28 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsiməhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-232/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, xx xxxx 2004-cü il tarixli X8 torpaq sahəsinin X6 və X4 ümumi paylı mülkiyyətinə satılması haqqında qərara əsasən Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində yerləşən hər biri ayrı-ayrılıqda müvafiq olaraq 445 kv.m və 440 kv.m olan torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə X10 və X5 verilmişdir. X8 xx xxx 2004-cü il tarixli Cavabdeh1 torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında sərəncamına əsasən Binəqədi qəsəbə ərazisində istifadədə olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh1alğı-satqı qaydasında verilmişdir. Sonradan Cavabdeh1 ölmüşdür. Hazırda iddiaçılar X19 və X3 Qəsəbə Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli qərarına əsasən onların istifadə və sahibliyinə verilmiş torpaq sahəsinin hazırda cavabdehlər Cavabdeh2, X27, X26 və X28 tərəfindən zəbt edildiyini və orada tikinti apardıqlarını iddia edirlər və həmin tikilinin onların hesabına sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edirlər. Cavabdehlər iddianı qəbul etmir. İddiaçılar tərəfindən mübahisələndirilən torpağın başqa yerdə yerləşdiyini bildirirlər və iddianın rədd edilməsini tələb edirlər. Bakı şəhəri X8 rəyinə əsasən cavabdehlər tərəfindən inşa edilmiş tikililər iddiaçıları tərəfindən mübahisələndirilən torpaq sahəsinin daxilində inşa edilmişdir. Cavabdehlərin təqdim etdikləri və Cavabdeh1 məxsus cizgi planda göstərilmiş torpaq sahəsi ayrı yerdə yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12063 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən məhkəmə tərəfindən tədqiqatın aparılması mümkün olmamış, Mərkəzin 22511 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən X8 qərarları ilə iddiaçılara və Cavabdeh1 verilmiş torpaq sahələrinin sənədlərində göstərilmiş sxemlərdə miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən həmin sxemlərə əsasən torpaq sahələrini naturada, habelə onların biri digərinə münasibətdə hansı qaydada yerləşməsini və ölçülərini (sənəd üzrə və faktiki olaraq) müəyyən etmək mümkün olmamışdır. Həmçinin, rəydə göstərilmişdir ki, tərəflərin iddia etdikləri mübahisəli ərazi dövlət mülkiyyətidir və Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçihəmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; Həmin Məcəllənin 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göründüyü kimi, X9 rəyi istisna olmaqla, digər sənədlərlə, o cümlədən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və qəbul edilmiş ekspert rəyləri ilə cavabdehlərin zəbt etməsi iddia edilən torpaq sahəsinin iddiaçılara X8 xx xxxx 2004-cü il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilməmişdir. Digər tərəfdən rəyə əsasən tərəflərin iddia etdikləri mübahisəli ərazinin dövlət mülkiyyəti olduğu və Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Məhkəmə araşdırılması zamanı da X8 qərarına əlavə edilmiş sxem-cizgi sənədlərinə istinadən tərəflər başqa-başqa yerləri göstərmişdilər. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdehlər Cavabdeh2 və X18 iddiaçıların mübahisələndirdiyi və cavabdehlər tərəfindən zəbt edildiyini iddia etdikləri torpaq sahəsinə ümumiyyətlə hər hansı aidiyyətləri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, X1 və X19 cavabdehlər Cavabdeh2, X21, X20 və X24 qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onların iddiasının rədd edilməsini şərtləndirir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-232/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: X2 və X19 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-232/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5232/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5232/2020
17.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver