Məhkəmə qərarları › İş №2(103)-5246/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5246/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5246/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – MMC) və Cavabdeh2nə (bundan sonra – İcra Şöbəsi) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (oğlu) X4 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, bina № 59/61-da yerləşən 58 №-li mənzilinin satılmasına dair cavabdeh İcra Şöbəsinin tapşırığı ilə cavabdeh MMC tərəfindən təşkil olunmuş hərracın yekunları barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli “Protokolun” etibarsız hesab edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri 6 saylı Notariat Kontorunun notariusu X3 xx.xx.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydinə əsasən tələbkar X2 xeyrinə borclu olan iddiaçıdan 300.000 manat məbləğində pul tutulmalıdır. Həmin icra qeydi üzrə icra hərəkətlərini aparan İcra Şöbəsinin icra məmuru Ramiz Quliyev iddiaçıya məxsus mübahisəli mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı (İş № 8(006)-390/2017) ilə təqdimat qismən təmin edilmiş, mübahisəli mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad iddiaçıya rəsmi qaydada təqdim edilmədən icra edilməsi üçün İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra iddiaçının xəbəri olmadan mənzil qiymətləndirilmiş və mənzilin hərracdan satılması barədə İcra Şöbəsi tərəfindən MMC-yə xx.xx.2018-ci il tarixli, **********/14-5-9 №-li məktub göndərilmişdir. Hərracın keçirilməsi barədə MMC tərəfindən yalnız 1 dəfə iddiaçıya məlumat verilmişdir ki, həmin məlumata əsasən hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Daha sonra isə iddiaçıya hərrac barədə hər hansı bildiriş təqdim edilməmiş, hərracın yekun nəticəsi barədə də heç bir məlumat verilməmişdir. Yalnız 2019-cu ilin mart-aprel aylarında icra məmuru tərəfindən verilən şifahi məlumat əsasında iddiaçıya məlum olmuşdur ki, mənzil üzrə hərracın keçirilməsi baş tutmamış, mənzil tələbkar Ramazan Səlimova təklif edilmiş və mənzilin tələbkar tərəfindən qəbul edilməsi barədə hərracın yekunlarına dair xx.xx.2019-cu il tarixli yekun protokol tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən protokolun ona təqdim edilməsi barədə MMC-yə dəfələrlə müraciət etsə də, bu günədək həmin protokol iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi, hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, mənzil üzərinə həbs qoyulması barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı (İş № 8(006)-390/2017) apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmişdir. Daha sonra isə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin üzərinə qovulmuş həbs götürülmüşdür. Həmçinin o da qeyd edilməlidir ki, icra və ya hərrac işində həmin mənzilin iddiaçının mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd olmamışdır. Belə ki, “Zamiq” Mənzil Tikinti Kooperativin xx.xx.2015-ci il tarixli arayışı həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Göründüyü kimi icra məmurunun təqdimatı əsasında üzərinə həbs qoyulmuş mənzil üzərində mülkiyyət hüququ yoxdur. Mənzilə tələb yönəldilməsi qaydası isə ayrıca iddia icraatı qaydasında mümkündür. Bundan başqa, icra qeydinin verilməsinə əsas olmuş icra sənədi hərrac keçirilməmişdən əvvəl iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən də Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə icra qeydi əsasında İcra Şöbəsinin icraatında olan icra işi üzrə icraat dayandırılmışdır. Həmin qərardad sonradan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Qərardaddan verilmiş şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul etdiyi qərardad (İş № 8(103)-894/2018) ilə xx.xx.2018-ci il tarixli qərardad ləğv edilmiş və icra işi üzrə icraat dayandırılmışdır. İddiaçı yuxarıda qeyd edilən xüsusatlarla bağlı cavabdeh MMC-yə həm şifahi, həm də xx.xx.2018-ci il tarixdə məktub vasitəsi ilə rəsmi qaydada məlumat vermişdir. İcra Şöbəsi tərəfindən də xx.xx.2019-cu il tarixdə MMC-yə məktub ünvanlanaraq hərrac sifarişinin dayandırılması tələb edilmişdir. Lakin MMC qanunvericiliyin tələblərini kobud surətdə pozaraq göstərilənlərə əməl etməli olduğu halda əməl etməmiş və hərracın keçirilməsi üzrə tədbirləri davam etdirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, mənzilin satılması barədə hərracın yekunlarına dair tərtib edilmiş protokol etibarsız hesab edilməli, MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, mənzilin hərracdan satılması ilə bağlı hərracın yeri və vaxtı barədə MMC tərəfindən xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə poçt vasitəsilə bildirişlər iddiaçının icra vərəqəsində qeyd edilən ünvanına göndərilmişdir. xx.xx.2018-ci il tarixli bildirişin şəxsən iddiaçı tərəfindən alınması barədə xəbərnamə mövcuddur. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bildirişlər olan zərflər üzərində “evdə yoxdur” xx.xx.2018-ci il tarixli bildiriş olan zərf üzərində isə “xxxxxxxxxxxxx” qeyd olunmuşdur. Bunlardan başqa, mənzilin satılması barədə hərracın vaxtı və yeri barədə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. Bundan əlavə iddiaçının övladı X1 nümayəndə kimi dəfələrlə, o cümlədən hər hərrac keçirilməmişdən əvvəl MMC-də olmuş və hərracın dayandırılmasını tələb etmişdir. Bundan başqa xx.xx.2019 tarixdə nümayəndə X11 Şöbəsinin hərracın dayandırılması barədə 05-29399/145-9 saylı xx.xx.2019 tarixli məktubunu hərrac təşkilatına təqdim etmiş və hərracın keçirilməsi dayandırılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2019cu il tarixli hərracın yekunlarına dair protokol isə mövcud deyildir. Bu səbəbdən iddia ərizəsi əsassızdır və rədd edilməlidir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində iddiaçı əlavə olaraq qeyd edir ki, Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə qanunsuz, əsassız qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi (övladı) Vüqar Əliyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Hərrac Mərkəzi və İcra Şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri 6 saylı Notariat Kontorunun notariusu X3 xx.xx.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydindən görünür ki, bu qeydə əsasən iddiaçıdan 300.000 manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından (İş № 8(006)- 390/2017) görünür ki, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş və bu qərardadla mübahisəli mənzilin üzərinə qoyulmuş həbs götürülmüş, 71740553 №-li, xx.xx.2014-cü il tarixli icra qeydi üzrə mübahisəli mənzil üzərinə həbs qoyulması barədə İcra Şöbəsinin təqdimatı təmin edilməmişdir. “Hərracın keçirilməsi barədə” xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bildirişlərdən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçının ünvanına hərracın vaxtı və yeri barədə məlumatlar göndərilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, “Hərracın keçirilməsi barədə” iddiaçının ünvanına göndərilmiş xx.xx.2018-ci il tarixli bildiriş həmin ünvan üzrə qəbul edilmiş və bu hal poçt sənədində imza ilə təsdiq edilmişdir (iş v. 59). xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bildiriş olan zərflər üzərində “evdə yoxdur” qeydi ilə, xx.xx.2018-ci il tarixli bildiriş olan zərf isə üzərində “xxxxxxxxxxxxx” qeydi ilə MMC-yə qaytarılmışlar (iş v.52, 54, 56, 57). İddiaçı tərəfin məhkəməyə verdiyi məlumata görə, iddiaçı, qanuni qüvvəsini almış xx.xx.2015-ci il tarixli məhkəmə hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli xəbərnamədən görünür ki, iş üzrə iddiaçı, bütün dövlət, qeyri-dövlət, idarə və təşkilatlarda, məhkəmələrdə, istintaq orqanlarında onu təmsil etməyi və sair hərəkətləri etməyi övladı – X5 etibar etmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan məhkəmə aktlarından görünür ki, 6 saylı Notariat Kontorunun notariusu Ə.İmanovun verdiyi xx.xx.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydi, habelə iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı iddiaçının adından onun səlahiyyətli nümayəndəsi Vüqar Əliyev tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. İddiaçının nümayəndəsi Vüqar Əliyevin xx.xx.2019-cu il tarixdə Hərrac Mərkəzinə ünvanladığı ərizəsindən görünür ki, o, notarius Ə.İmanovun verdiyi xx.xx.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydi əsasında başlanmış icra işi üzrə icraatın dayandırılmasını qeyd edərək, mübahisəli mənzilin hərracdan satılması prosesinin dayandırılmasını və sənədlərin İcra Şöbəsinə qaytarılmasını xahiş etmişdir. “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli, 03/145, xx.xx.2018-ci il tarixli, 03/145-1 №li, xx.xx.2018-ci il tarixli, 03/145-1-2 №-li, xx.xx.2018-ci il tarixli, 03/145-1-2-3 №-li buraxılışlarından görünür ki, mübahisəli mənzilin cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixdə saat 11:00-da, , xx.xx.2018-ci il tarixdə saat 11:00-da, xx.xx.2018-ci il tarixdə saat 11:00-da, xx.xx.2019-cu il tarixdə saat 11:00-da hərraca çıxarılacağına dair elanlar yerləşdirilmişdir. MMC tərəfindən İcra Şöbəsinə ünvanlamış xx.xx.2019-cu il tarixli 128 №-li məktubdan görünür ki, İcra Şöbənin **********/14-5-9 №-li xx.xx.2018-ci il tarixli sifarişinə əsasən mübahisəli açıq hərracda satılmasına dair 6 №-li Notariat Kontoru 7E-40553 №-li xx.xx.2013-cü il tarixli icra vərəqəsi MMC-yə göndərilmişdir. Mübahisəli mənzilin xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 362.000 manat, xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda 10% endirimlə ilkin satış qiyməti 325.800 manat, xx.xx.2018ci il tarixdə keçirilmiş hərracda 20% endirimlə ilkin satış qiyməti 289.600 manata hərraca çıxarılsa da, hərracda iştirakçı olmadığından əmlakın satışı baş tutmamış elan olunmuşdur. Həmin əmlak xx.xx.2019-ci il tarixdə keçirilmiş hərracda 30% endirimlə ilkin satış qiyməti 235.400 manata hərraca çıxarılmış və tələbkar Ramazan Səlimov hərracda iştirak etmək üçün ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur. Lakin iddiaçı tərəfindən İcra Şöbəsinin 05-29399/14-5-9 №-li xx.xx.2019-cu il tarixli hərracın dayandırılması barədə məktubu və ona əlavə olunmuş əmlak üzərinə həbs qoyulması barədə məktubu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı (İş № 8(103)-894/2018) təqdim edildiyindən hərracın nəticələri dayandırılmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hərracın keçirilməsinin vaxtı və yeri müəyyən edilmiş, bu barədə müvafiq kütləvi informasiya vasitələrində elanlar yerləşdirilmiş, habelə mənzilin mülkiyyətçisi olan iddiaçının ünvanına poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Həmin ərəfədə iddiaçı cəzaçəkmə müəssisəsində cəza çəksə də, onun verdiyi genişsəlahiyyətli etibarnamə əsasında hərəkət edən övladı Vüqar Əliyev, bütün bu proseslərdə iştirak etmiş, hətta xx.xx.2018-ci il tarixdə, yəni birinci hərracın keçirilməsinə 14 gün qalmış cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən həmçinin müəyyən edilir ki, mənzillə bağlı ilkin hərrac baş tutmadığına görə, təkrar hərracın keçirilməsi qərara alınmış, hərracın vaxtı və yeri barədə məlumatın kütləvi informasiya vasitəsində yerləşdirilməsi, habelə iddiaçının rəsmi yaşayış yeri üzrə bildirişin göndərilməsi təmin edilmişdir. xx.xx.2019-ci il tarixdə keçiriləcək hərracda iştirak etmək üçün tələbkar Ramazan Səlimov ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur. Lakin iddiaçı tərəf hərracın dayandırılması barədə İcra Şöbəsinin 05-29399/14-5-9 №-li xx.xx.2019-cu il tarixli məktubu və digər sənədləri təqdim etdiyindən hərracın nəticələri dayandırılmışdır. Göründüyü kimi, cavabdeh MMC qanunvericilikdə nəzərdə tutulmuş vəzifəsini icra etmiş, iddiaçının rəsmi yaşayış yeri üzrə ünvana bildirişləri göndərmişdir. Digər tərəfdən icra qeydi, habelə həmin icra qeydi əsasında başlanmış icra sənədlinin icrası ilə bağlı mübahisəli mənzilin üzərinə həbs qoyulması iddiaçının nümayəndəsi Vüqar Əliyev tərəfindən mübahisələndirilmiş, onun hərracın dayandırılması barədə Hərrac Mərkəzinə rəsmi müraciəti belə olmuşdur. Belə olan halda, hesab edilməlidir ki, iddiaçı tərəf hərracın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Bundan başqa, qeyd etmək lazımdır ki, hərracın yeri və vaxtı barədə məlumatlar dövri mətbuatda da dərc edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.). Hərracın təşkili və keçirilmə qaydaları Mülki Məcəllənin 415-ci maddəsi ilə şərtləşdirilmişdir və qanunun tələbindən görünür ki, hərrac o halda məhkəmə tərəfindən etibarsız hesab oluna bilər ki, həmin maddənin tələbləri pozulsun. Lakin MMC tərəfindən təşkil olunmuş hərracın həmin qaydaların pozulması həyata keçirilməsi iş materialları ilə təsdiq olunmur. Bununla da, müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar