Məhkəmə qərarları › İş №2(103)-5246/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5246/2021

19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5246/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2944/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2014-cü il tarixli, 380-SF/14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, yekun məhkəmə qətnaməsi qəbul edilənə qədər iddianın təmin edilməsi məqsədilə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 2(105)-20/2020 saylı icra sənədi üzrə icra hərəkələrinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2944/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2944/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlidə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2944/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən hakim iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli 2(105)-20/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəypv küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə açıq, hərracda ilkin satış qiyməti 545000 (beş yüz qırx beş min) manat müəyyən edilmişdir. 2(105)-20/2020 saylı icra vərəqəsindən görünür ki, qətnamə icraya yönəldilmişdir. 05.11.2020-ci il tarixli ivə 16.11.2020-ci il tarixli craata başlamaq haqqında qərarlardan görünür ki, 12.06.2020-ci il tarixli, 2(105)-20/20 saylı icra sənədi üzrə icraata başlamışdır. Göründüyü kimi, iddiaçının hazırkı iş üzrə tələb etdiyi iddianın təmini tədbiri təmin olunduğu halda, icra mərhələsində olan digər bir iş üzrə icra hərəkətlərinin həyata keçirilməsinə maneə yaradar, həmin icra hərəkətlərinin dayandırılmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.” Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı hesab etmişdir ki, hazırkı iddianın təmini tədbirinin seçilməsi, qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneçilik törədəcəkdir. Bu səbəbdən də iddianın təmini tədbiri barədə ərizə təmin edilə bilməz Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2944/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2944/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar