Məhkəmə qərarları › İş №2(103)-5246/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5246/2025

31.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5246/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı “mirasda payın müəyyən edilməsi və miras əmlaka dair müqavilələrin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2463/2025 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh4 (həmçinin digər cavabdeh Aydan Mirzəyevanın qanuni nümayəndəsi) apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə iddiaçının atasından qalmış mirasla bağlıdır. 2.Cavabdeh1 iddiaçının anası, Cavabdeh4 iddiaçının qardaşının arvadı, cavabdeh Aydan Mirzəyeva isə iddiaçının qardaşının yetkinlik yaşına çatmamış övladıdır. İddiaçının atası Ramiz Mirzəyev və anası Cavabdeh1 xx.xx.1983-cü ildə nikah bağlayıblar. Onların iki övladı var: iddiaçı və qardaşı Anar Mirzəyev. İddiaçının qardaşı Cavabdeh4 ilə nikaha daxil olub. İddiaçının atası xx.xx.2007-ci ildə, qardaşı isə xx.xx.2018-ci ildə vəfat edib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2025-ci ildə verilib, daha sonra iddia bir neçə dəfə dəyişdirilib. 4.İddiada tələb olunub: 1) iddiaçının valideynlərinin (ər-arvadın) ümumi əmlakının 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin və həmin pay naturada ayrılsın; 2) iddiaçının atasının ölümündən sonra iddiaçının valideynlərinin (ər-arvadın) ümumi əmlakının iddiaçının anası tərəfindən iddiaçının qardaşı arvadı və qardaşı övladının xeyrinə özgəninkiləşdirilməsinə dair əqdlər əmlakın 1/6 hissəsinə münasibətdə etibarsız hesab olunsun, 1/6 hissə iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin və həmin pay naturada ayrılsın. 5.Həmin əmlak və əqdlər iddia ərizəsində göstərilib. 6.Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək aşağıdakılar qət olunub: 7.Dövlət reyestrində iddiaçının anası Cavabdeh1 adına qeydə alınmış, aşağıda göstərilən əmlakların 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən olunsun: 1) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi; 2) İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən 1.3 ha torpaq sahəsi; 3) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi; 4) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi; 5) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi; 6) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsi; 7) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.21 ha torpaq sahəsi; 8) İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.0942 ha torpaq sahəsi; 9) Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 80/2; 10) Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi; 11) xx.xx.2005-ci il tarixli JN-2674 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. 8.Bundan başqa, qətnamədə aşağıda göstərilən əmlaklara münasibətdə qət olunub: 1) Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 49-da yerləşən 38 nömrəli mənzilin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 2) Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 49-da yerləşən 39 nömrəli mənzilin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 3) Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 9-da yerləşən 14 nömrəli mənzilin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 4) Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 26-da yerləşən 39/40 nömrəli mənzilin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 5) Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.3000 ha həyətyanı torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 6) Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.2155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 7) Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.0977 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 8) Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 9) Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.2176 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 10) Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 13.7310 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı arvadı Cavabdeh4 bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqaviləsi qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 11) Abşeron rayonu, Novxanı kəndindı yerləşən 0.1 ha, 0.365 ha, 0.235 ha, 0.125 ha və 0.115 ha torpaq sahələrinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı qızı Aydan Mirzəyevaya bağışlanması barədə xx.xx.2019-cu il tarixli 4Ə-968, 4Ə-971, 4Ə-972, 4Ə- 973 və 4Ə-974 reyestr nömrəli müqavilələr qismən etibarsız hesab edilsin və həmin əmlakların 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 12) ünvan 1 ünvanında yerləşən bağ evinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı qızı Aydan Mirzəyevaya bağışlanması barədə xx.xx.2019-cu il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 13) Abşeron rayonu, Novxanı kəndində yerləşən 1860 nömrəli bağ evi və 0.12 ha torpaq sahəsinin iddiaçının anası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı qızı Aydan Mirzəyevaya bağışlanması barədə xx.xx.2019-cu il tarixli müqavilə qismən etibarsız hesab edilsin və həmin əmlakın 1/6 hissəsi iddiaçının vərəsəlik payı kimi müəyyən edilsin; 9.Bundan başqa, qətnamə ilə qət olunub ki, qeyd olunan daşınmaz əmlaklara iddiaçının giriş-çıxış imkanı təmin edilsin, onun payına uyğun istifadə və idarə edə bilməsi üçün açarların bir nüsxəsi iddiaçıya verilsin. 10.Bununla yanaşı, qətnamə ilə qət olunub ki, "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC-nin təsis payı üzərində iddiaçının 1/6 hissədə pay hüququ müəyyən edilsin. 11.Qətnamə ilə qət olunub ki, iddia qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 12.İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 13.Cavabdeh1 və Cavabdeh4 (həmçinin digər cavabdeh Aydan Mirzəyevanın qanuni nümayəndəsi) apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 14.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlərin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. 15.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil4 cavabdehlərin apellyasiya şikayətlərinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 16.Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində göstərilən əmlakların hamısı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsininə əsasən, iddiaçının valdeynlərinin (ər-arvadın) ümumi birgə mülkiyyəti sayılıb. Belə ki, həmin əmlaklar dövlət reyestrində iddiaçının anasının adına qeydə alınsa da, iddiaçının valideynləri əmlakları nikah müddətində əldə edib və iddiaçının anası bu əmlakların özünün ayrıca mülkiyyəti olduğunu təsdiq edən sübutlar təqdim etməyib. 17.İddiaçının atasının ölümündən sonra ər-arvadın ümumi mülkiyyətindən iddiaçının atasına çatası əmlak hissəsi mirasa daxil olub. Əgər iddiaçının atası nikahın pozulmasından və ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddətinin keçməsindən sonra ölsəyidi, belə halda ər-arvadın ümumi əmlakında iddiaçının atasına çatası əmlak hissəsi mirasa daxil olmayacaqdı. Lakin iddiaçının atası nikah müddətində ölüb. 18.İddiaçının atasına məxsus əmlak hissəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının ½ hissəsini təşkil edir. İddiaçının atasının 3 vərəsəsi var: iddiaçı, iddaçının anası və iddiaçının qardaşı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, həmin ½ hissədə onların hər birinin miras payı 1/3 hissə təşkil edir, yəni əmlakın 1/6 hissəsi iddiaçının miras payıdır. 19.İddiaçı həmin 1/6 hissəni miras kimi qəbul etmiş sayılır. Belə ki, iddiaçı atasından miras qalmış, "xxxx" ASC-də atasının adına olan bank hesabındakı pul vəsaitini miras kimi qəbul edib. Yəni iddiaçı atasının ölümündən sonra - 2008-ci ildə mirası qəbul etməsi barədə ərizə ilə notariusa müraciət edib, notarius pul vəsaitinin 1/3 hissəsinə xx.xx.2008 və xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə görə, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı atasından qalmış pul vəsaitini qəbul etdiyinə görə, atasından qalmış mirası tamamilə qəbul etmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, həmin 1/6 hissə iddiaçının atasının öldüyü gündən iddiaçının mülkiyyəti sayılır. 20.Atasının ölümündən sonra iddiaçı anasına güvənərək miras payı öz adına sənədləşdirməyib. Lakin iddiaçının qardaşının xx.xx.2018-ci ildə ölməsindən sonra iddiaçının anası iddiaçının güvəndiyi əvvəlki rəftara zidd davaranıb, ər-arvadın ümumi əmlakının dövlət reyestrində öz adına qeydə alınmasından istifadə edərək əmlakların bir hissəsini bağışlama müqaviləsi əsasında iddiaçının qardaşı arvadı və iddiaçının qardaşı qızının adına keçirib. İddiaçının güvəndiyi əvvəlki rəftar ondan ibarət olub ki, gələcəkdə iddiaçı həm də anasının vərəsəsi sayılacaq, ona görə də atasından iddiaçıya qalmış miras payının iddiaçının adına sənədləşdirilməsinə zərurət yoxdur. 21.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığına görə, birinci instansiya məhkəməsi 1/6 hissəni iddiaçının miras payı kimi müəyyən etməklə, habelə bağışlama müqavilələrini 1/6 hissəyə münasibətə etibarsız hesab etməklə düzgün nəticəyə gəlub. Odur ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 22.Qətnamə iddianın rədd edilməsinə aid hissədə də dəyişdirilmədən saxılanılmalıdır. Belə ki, qətnamənin həmin hissəsinin aid olduğu əmlaklar iddiaçının anasının adına iddiaçının atasının ölümündən sonra bağışlama müqaviləsi əsasında qeydə alınıb. Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, həmin əmlaklar iddiaçının anasının ayrıca mülkiyyətidir, iddiaçının atasından qalmış mirasa daxil deyil. 23.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2463/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar