Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5250/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışların ləğv olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2021-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh8 və Cavabdeh7 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehlər Cavabdeh8 və Cavabdeh7 vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh7 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – DƏDRX) tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* saylı “Çıxarışa” əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən xx/xx-2063/2064 saylı bağ sahəsi (bundan sonra – mübahisəli bağ sahəsi) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur.
2. Üzərində (satıcı) iddiaçı ilə (alıcı) Cavabdeh2 arasında bağlanması qeyd edilən xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilə ona görə bağlanmışdır ki, mübahisəli bağ sahəsi iddiaçı tərəfindən alıcıya 32.000 manata satılmışdır.
3. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
4. (Satıcı) Cavabdeh2 ilə (alıcı) Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilə ona görə bağlanmışdır ki, həmin bağ sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh4 14.000 manata satılmışdır.
5. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, həmin bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır.
6. (Satıcı) Cavabdeh4 ilə (alıcı) Cavabdeh7 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilə ona görə bağlanmışdır ki, Cavabdeh4 həmin bağ sahəsini Cavabdeh7a 25.000 manata satılmışdır.
7. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 adına qeydiyyata alınmışdır.
8. (Satıcı) Cavabdeh7 ilə (alıcı) Cavabdeh8 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilə ona görə bağlanmşdır ki, Cavabdeh7 mübahisəli bağ sahəsini Cavabdeh8 39.000 manata satmışdır.
9. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2020-ci il tarixdə verilmiş “Çıxarışdan” görünür ki, bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh8 adına qeydiyyata alınmışdır.
10. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli bağ sahəsi xx.xx.2001-ci il tarixli 29805 saylı icarə müqaviləsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2010-cu il tarixdə Abbaszadə Azad Abbas-Qulu oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri 7 saylı Dövlət Notariat Kontorunda xx.xx.2010-cu il tarixdə 4Ə/3- 497 saylı reyestr nömrəsi ilə qeydə alınmış “Bağışlama müqaviləsi” əsasında xx.xx.2010cu il tarixdə İddiaçı adına MA seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışla” rəsmiləşdirilmişdir. Bakı Şəhəri 32 saylı Notariat Kontorunun xüsusi notariusu Şövkət Gülməmmədova tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilərək 4Ə-218 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu Elmar Əliyev tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilərək 4Ə-668 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh4 adına, Bakı Şəhəri 7 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilərək 4Ə-324 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” əsasında xx.xx.2017-ci il tarixində Cavabdeh7 adına, Bakı Şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu vəzifəsini icra edən X8 tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilərək 4Ə-60 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsi” əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh8 adına qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir.
11. Bakı Şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair “Alğı-satqı müqaviləsi” rəsmiləşdirilməmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işə baxmış Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən 32 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı “Alğı-satqı müqaviləsinin” rəsmiləşdirilməsi aşkar olunmamışdır. X1 xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə 22 saylı Notariat Ofisində xüsusi notarius kimi fəaliyyət göstərmişdir.
13. "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi xx/xx- 2063/2064 saylı bağ sahəsinin 2017-ci il tarixinə olan bazar dəyəri 120.000 manat təşkil etmişdir. b) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli bağ sahəsi (0,12 hektar) barədə xx.xx.2017-ci il tarixdə 4Ə-218 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, həmin müqaviləyə əsasən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Çıxarışın” ləğv edilməsi, 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə, AN-1 seriyalı, ******* nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, bu müqaviləyə əsasən verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli “Reyestrdən çıxarışın” ləğv edilməsi, 7 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə, AN-İ seriyalı, ******* nömrəsi ilə qeydə alınmış “Alğı-satqı” müqaviləsinin etibarsız hesab olunması, həmin müqaviləyə əsasən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Reyestrdən çıxarışın” ləğv edilməsi, 6 saylı Notariat Kontoru tərəfindən xx.xx.2020-ci il tarixdə, AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, bu müqaviləyə əsasən verilmiş xx.xx.2020-ci il tarixli “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0,12 ha ölçülü mübahisəli bağ sahəsi iddiaçının atası Abbas-zadə X9 tərəfindən xx.xx.2010-cu il tarixdə 4Ə/3-497 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanmışdır. xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışla” iddiaçının adına dövlət qeydiyyatına alınmış, həmin tarixdən bağ sahəsi iddiaçının mülkiyyətində və istifadəsində olmuşdur. Lakin 2021-ci ilin fevral ayında torpağa baxış keçirərkən iddiaçıya məlum olmuşdur ki, tanımadığı şəxslər orada tikinti işləri aparırlar. Söhbət zamanı həmin şəxslər bildirmişlər ki, torpaq sahəsinə dair çıxarışları mövcuddur. Bundan sonra iddiaçı tərəfindən vəkillə müqavilə bağlanaraq bu halın araşdırılması xahiş olunmuş, araşdırma nəticəsində DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********24 saylı xx.xx.2021-ci il tarixli məktubu, 32 saylı Notariat Ofisinin Notariusu Elgün İmanlının X-560 saylı xx.xx.2021-ci tarixli məktubu, 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyevin 1086 saylı, xx.xx.2021-ci il tarixli məktubu, 7 saylı Notariat Ofisinin xüsusi notariusu Nadir Vədətovun 333 saylı, xx.xx.2021ci il tarixli məktubu, 6 saylı Notariat Ofisinin notariusu Ərəstun İmanovun 542 saylı, xx.xx.2021-ci il tarixli məktubu əldə olunmuş, bu sənədlərdən məlum olmuşdur ki, cavabdehlər əlbir olaraq saxta sənədlər və formal alğı-satqı müqavilələri ilə qanunsuz şəkildə mülkiyyətində olan əmlakı xəbəri olmadan ələ keçirmişlər. Belə ki, ilk olaraq bu şəxslər saxta şəkildə tərtib etdikləri, yəni guya 32 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kimi göstərilən və satıcı kimi onun adının qeyd olunduğu xx.xx.2017-ci il tarixli, 4Ə-218 reyestr nömrəli “Alğı-satqı” müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə əmlakını Cavabdeh2 adına qeydiyyata aldırmışlar. Bu hissədə həmin saxta “Alğı-satqı müqaviləsini” dövlət qeydiyyatına almış DƏDRX-nin də səlahiyyətli şəxslərinin aparıcı rolu olmuşdur. Notariuslar tərəfindən təsdiqlənən “Alğı-satqı müqavilələri” elektron şəkildə DƏDRX-də vardır və bu sistem vasitəsilə dövlət qeydiyyatına alacaqları “Alğı-satqı müqavilələrinin” həqiqiliyini görmək imkanına sahibdirlər. Qeyd edilən müqavilə isə 32 saylı Notariat Ofisinin məktubunda göstərildiyi kimi rəsmiləşdirilməmiş və bu saxta müqavilədə 32 saylı Notariat Ofisi göstərilsə də, təsdiqləyən notarius X1 olmuşdur. Halbuki, X1 32 saylı deyil, 22 saylı Notariat Ofisinin notariusudur. DƏDRX-də bu cür tərtib olunmuş “Alğı-satqı müqaviləsinin” sistemdə baxılan zaman dərhal saxta olmasının aydın olması halı mübahisəsizdir. Cavabdeh2 DƏDRX-nin əməkdaşları ilə əlbir olub iddiaçının əmlakını bu şəkildə mülkiyyəti kimi dövlət reyestrində qeydə aldırdıqdan sonra, 14 saylı Notariat Ofisində Cavabdeh3 həmin torpaq barədə bütün hüquqları etibar edərək, yenə həmin notariusda onun adından əvvəlcədən razılaşmaqla və dəyəri 14.000 manat göstərilməklə Cavabdeh4 adına formal alğı-satqı etmişlər. Yenə də razılaşma yolu ilə 7 saylı Notariat Kontorunda Nərmin Süleymünova Cavabdeh5 torpağa dair hüquqları etibar edərək həmin notariusda onun adından əvvəlcədən razılaşmaqla və dəyəri 25.000 manat göstərilməklə Cavabdeh7 formal alqısatqı etmişlər. Sonuncu olaraq isə təkrar qabaqcadan razılaşmaqla 6 saylı Notariat ofisində Cavabdeh7 həmin torpaq sahəsi 39.000 manat göstərilməklə Cavabdeh8 formal alğı-satqı etmişdir. Qeyd olunmalıdır ki, torpağa baxış keçirilib orada tikinti aparılması aşkar olunan zaman torpağın sahibi kimi özünü iddiaçıya təqdim edən şəxs Cavabdeh8 deyil, Ziya adında başqa şəxs olmuş və o, iddiaçıya bildirmişdir ki, torpaq əslində onundur. Mübahisəli bağ torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın bir sotu (100 kv.m) 15.000 manat dəyərindədir, bu o deməkdir ki, 0,12 ha torpaq sahəsinin dəyəri minimum 150.000 manatdır. Yuxarıda sadalanan formal “Alğı-satqı müqavilələrində” bu torpağa biçilən dəyər “14.000”, “25.000” və “39.000” manat olmuşdur. Bu hal da özü-özlüyündə sadalanan bütün “Alğı-satqı müqavilələrinin” formallığını sübut edir. Torpaq sahəsinin saxta “Alğı-satqı müqaviləsi” ilə rəsmiləşdirərək, daha sonra dəyərindən 10 dəfə az qiymətə formal şəkildə ardıcıl olaraq müxtəlif etibarnamələrlə alğı-satqı olunmasından açıq-aydın anlaşılır ki, bütün əməliyyatlar torpağın qanunsuz şəkildə əldə olunmasını pərdələmək üçün aparılmışdır.
16. Cavabdeh8 vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, 2020-ci ilin yanvar ayında təmsil etdiyi şəxsin xalası oğlunun əvvəllər tanıdığı, lakin həbsdə olan Kənan adlı şəxs cəzaçəkmə müəssisəsindən onunla əlaqə saxlayıb yaxın adamının torpaq sahəsini satdığını bildirmiş, daha sonra onlara Əvəz kimi məlum olan bir şəxs ona zəng vuraraq sözügedən torpaq sahəsi haqqında ətraflı məlumat (yerləşdiyi mövqe, torpağın sahəsi və s.) vermişdir. Yanvar ayı ərzində Firudin Əvəzlə görüşərək torpağa baxış keçirmiş, təqdim olunan torpaq haqqında şəhadətnamədə olan koordinatları yoxlamaq üçün şəxsi vəsaiti hesabına torpağın yerləşdiyi əraziyə xüsusi avadanlıqla təchiz olunmuş mütəxəssis dəvət etmişdir. Şəhadətnamədəki koordinatlar yoxlandıqdan sonra torpağın satış qiyməti üzərində müzakirələr aparılmış, ilkin təklif olunan qiymət 85.000 manat olmuş, lakin Firudin buna dərhal etiraz etmişdir. Üstündən bir neçə gün keçdikdən sonra onunla yenidən əlaqə saxlanılmış və fikri öyrənilmiş, o, isə nağd pulu olmadığını, pulun yarısını nağd şəkildə verəcəyini, yarısını isə avtomobil ilə kompensasiya edəcəyini demişdir. Ümumi razılıq belə olmuşdur ki, Firudinin qardaşının istifadəsində olan (2013-cü il buraxılışlı) “Audi A 5” markalı avtomobili 23.000 ABŞ dolları müqabilində ondan götürməklə, yerdə qalan vəsaiti nağd şəkildə verib ümumilikdə torpaq sahəsini 60.000 manat müqabilində alğı-satqı edəcəkdir. Torpağın alğı-satqısı ilə məşğul olan Əvəz avtomobili “AUDİ” Servisdə yoxlatdırmaq istədiyini bildirmiş və Firudin buna etiraz etməmişdir. Avtomobil yoxlandıqdan sonra onu Xətai rayonunda yerləşən notariusa dəvət etmişlər. O, avtomobili pul əvəzi verdiyini rəsmi şəkildə göstərə bilməyəcəyini sözügedən notariusdan öyrəndikdən sonra etiraz etmiş, lakin ona bildirilmişdir ki, onların alıcısı var və gəlib avtomobili bu gün alacaqlar, əldə olunan vəsaiti isə o, torpağın alğısatqısı zamanı banka yerləşdirə biləcək. Elə həmin gün avtomobili almaq üçün iki nəfər tanımadığı şəxs yaxınlaşmış və Əvəzlə həmin şəxslər ticarət etməyə başlamışlar. Əvəz onlara bildirmişdir ki, həbsdə olan Niyaz adlı şəxs həbsdən tez buraxılması üçün bu avtomobili təcili satır. Onlar da alverçi olduqlarını və avtomobili ucuz qiymətə almasalar xeyir qazana bilməyəcəklərini bildirmiş və avtomobilə 19.000 manat təklif etmişlər. Firudin qeyri-ixtiyarı hiddətini bildirmiş və etiraz etmiş, daha sonra onun tanıdığı digər avtomobil alğı-satqısı ilə məşğul olan şəxslər dəvət olunmuşdur. Gələn şəxslər, avtomobil təcili satıldığı üçün, avtomobilə 22.100 manat pul təklif etmiş, əlbəttə ki, o, bu dəfə də etirazını bildirmiş, lakin Əvəz kiminləsə telefonla danışdıqdan sonra pulun təcili lazım olduğunu və təklif olunan qiymətə satmağa razı olduğunu bildirmişdir. Alğı-satqı prosesi başlayandan sonra onun özü ilə gətirdiyi pul məbləği 21.000 manat və avtomobilin satışından əlavə olunan 22.100 manat, cəmi isə 43.100 manat olmuşdur. Alğı-satqı üçün tələb olunan pulun tam tamamlanmadığının onun problemi olmadığını və müqavilənin aşağı qiymətlə yazılacağı təqdirdə heç bir problemin olmayacağını bildirərək alğı-satqı qiyməti 39.000 manat yazılmış, yerdə qalan vəsaitin alğı-satqı və bank faizi xərclərinə xərclənəcəyini və müəyyən bir məbləğin kiməsə verildiyi bildirilmişdir. Torpağa aid çıxarışda adı göstərilən Cavabdeh7 sözügedən notariat kontoruna gəlmiş, AN-İ seriyalı, ******* nömrəli müqaviləyə əsasən mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirmişdir. Bütün rəsmi ödənişlər Firudin tərəfindən ödənilmiş, daha sonra o, torpağa yeni çıxarış və texniki pasport almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmin qurumun nümayəndəsi gəlib torpağa baxış keçirməli olduğunu və ondan sonra ona yeni sənədlərin veriləcəyini bildirmiş, sənədləri hazır olduqdan sonra onunla əlaqə saxlanılmış və ona öz adına olan torpağa aid çıxarış və texniki pasport təqdim olunmuşdur. 2021-ci ilin yanvar ayının əvvəlinə kimi dəfələrlə torpaq sahəsinə getmiş, qonşularla ünsiyyət qurmuş, lakin heç bir əsaslı tikili aparmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlində torpaq sahəsini perimetr boyu dəmir beton konstruksiya dəstəkli mişar daşı ilə hasarlamaq qərarına gəlmiş, işlərin hazırlıq mərhələsində ilk zamanlar adını bilmədiyi və daha sonra adının Namik olduğunu bildiyi bir şəxs ona yaxınlaşıb xeyir-dua verərək torpaq sahəsini neçəyə aldığını soruşmuşdur. O, da öz növbəsində 60.000 manat olduğunu bildirmişdir. Daha sonra həmin şəxslə heç bir kontaktı olmamışdır. Bu söhbətin üstündən qıza zaman sonra Namik Firudinin nömrəsini ustalardan əldə edərək ona zəng vurmuş və bildirmişdir ki, ona məxsus torpaq sahəsinin sənədlərində problem var, görüşmək lazımdır, telefon söhbəti deyil. Görüş zamanı torpağın sənədinin problemli olduğu ehtimalını ona bildirsə də, dəqiq olmadığını, ola bilsin yanıldığını və hər şeyin qanuna uyğun həyata keçdiyini bildirmişdir. Daha sonra xalası oğlu Ziya Kənan adlı şəxslə əlaqə saxlayaraq məsələni bildirmişdir. Kənan demişdir ki, onlar torpaq alğı-satqısı ilə məşğuldurlar və bilirlər ki, onlar torpağı səmərəli qiymətə almışlar, odur ki, onları bu problemlə qorxuzub yenidən torpağı onlardan almaq istəyirlər. Bu məsələdən şübhələndiyi üçün Firudin Əmlak Məsələləri Dövlət Komitəsinə yazılı və şifahi şəkildə müraciət etmiş, bildirmişdir ki, bir vətəndaş olaraq hər hansı bir resursdan istifadə edərək torpağın ondan əvvəl kimə məxsus olduğunu və hansı şəkildə rəsmiləşdiyini heç bir qaynaqdan öyrənə bilməz, rəsmi gəlirlə alğı-satqı edib torpaq sahəsini öz adına rəsmiləşdirmiş və bütün sənədləri qaydasındadır. Həmin şəxs bildirmişdir ki, məsələni araşdırıb onlarla əlaqə saxlayacaq və mehriban şəkildə ayrılmışlar. Daha sonra Namik adlı şəxsə zəng vurub bu məsələnin kim tərəfindən olunduğunu öyrənməyə çalışmışlar. Onlara məlum olmayan və heç vaxt görmədikləri Niyaz (Namikin qardaşı) adlı şəxs onunla əlaqə saxlamış, həbsdən yeni çıxdığını, məhz belə məsələlərə görə həbsdə olduğunu bildirmişdir. Onlar ikilikdə (iddiaçının yaxın adamı və o) Niyazla görüşmüş, Niyaz etiraf etmişdir ki, bu torpağı onlar problemini bilə-bilə birneçə şəxsə satıblar. Bununla da bildirmək istəmişdir ki, iddiaçının nümayəndəsi şəxsən bu söhbətdə iştirak etmişdir və onların əvvəllər bu şəxsləri tanımadıqlarını, kimləsə əlbir olmadıqlarını, torpaq sahəsinin sənədinin hər hansı problemindən xəbərsiz olduqlarını çox gözəl şəkildə bildiyi halda iddia ərizəsində onları kimləsə əlbir kimi göstərmişdir. Adı çəkilən Kənan hazırda təcridxanadadır. Torpaq sahəsini onlara həmin şəxs telefonla təqdim etmişdir. Namik yanvar ayında onlara yaxınlaşıb problem barəsində dolğun olmayan məlumatı verən şəxsdir. Daha sonradan məlum olub ki, bu şəxs torpaq haqqında məlumatlı olub və ondan əvvəlki alğı-satqılar zamanı məsələnin kökünü bilə-bilə saxta alqı-satqı təşkil edib. Bununla bağlı əlində kifayət qədər səs yazıları mövcuddur və istənilən vaxt məhkəmənin diqqətinə təqdim edə bilər. Niyaz Namikin qardaşıdır, onu əvvəllər nə görmüş, nə də tanımışlar. Yuxarıda adı çəkilən Kənanla bir yerdə təcridxanada olublar. Niyazın bildirdiyinə görə Kənan bu problemi bilsə də, onları xəbərdar etməmişdir. Onlara fərqli təkliflər versə də (bu torpağın əvəzinə ev) onun heç bir təklifi ilə razılaşmamışlar. İddiaçının nümayəndəsi ilə üçlü görüş zamanı açıq şəkildə məlum olub ki, iddiaçıya qarşı dələduzluğu məhz bu şəxs edib və onlarla heç bir əlaqəsi yoxdur. Ramil ona satılan torpaq sahəsinin sahibidir. İlk dəfə notarial kontorda görmüşdür, daha əvvəllər tanımamışdır. Alğı-satqı zamanı şəxsən prosesdə iştirak edib və banka qoyulan vəsaiti şəxsən özü çıxarıb. Digər iddiada adları sadalanan şəxsləri tanımır, heç vaxt görməmiş, heç bir əlaqəsi olmamışdır. O, olduqca yüksək vəsait xərcləyərək (60.000 manat torpaq sahəsinin alğı-satqısı üçün, 17.000 manat hasarın inşası üçün) rəsmi şəkildə torpaq sahəsini alğı-satqı etmiş, daha sonra müvafıq icra hakimiyyəti orqanından torpağa aid sənədləri əldə etmiş və rəsmi müraciəti ilə də bu torpaq sahəsinin tarixçəsinin yoxlanılmasını xahiş etmişdir. Kimsə-kiməsə qarşı dələduzluq edibsə, məhz həmin şəxslər məsuliyyət daşımalıdır və dəyən ziyanı ödəməlidir. O, dövlət tərəfindən verilən sənədin düzgünlüyünü rəhbər tutaraq bildirmək istəmişdir ki, sözügedən torpaq sahəsi onun şəxsi mülkiyyətidir. Hesab etmişdir ki, baxılan iş üzrə o, mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində qeydə alınmış şəxs arasında alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında onun vicdanlı əldə edən olduğumu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Bu səbəbdən də qərar qəbul edilərkən onun vicdanlı alıcı olması nəzərə alınmalıdır. Odur ki, iddiaçı ona və digərlərinə qarşı verdiyi iddia tələbinin onun mənafeyinə və maraqlarına toxunan hissədə, yəni, “06 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və xx.xx.2020ci il tarixli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh7 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, alğı-satqıda orada olmuş, notariusdan da soruşduqda demişdir ki, təmiz sənəddir. Etibarnaməni Eminə vermiş, notariat kontoruna alğı-satqı zamanı gəlmişdir. Bu birinci alğı-satqıda olmuş, torpağı 135.000 manata almışdır. İkinci alğı-satqı zamanı notariusda heç bir problem olmamışdır. Notariat kontorunda şəkillərin çəkilib-çəkilməməsi ilə bağlı heç bir şeydən xəbəri olmamışdır və niyə çəkilmədiyini bilmir.
18. Cavabdeh4 nümayəndəsi (vəkili) Vüsal Ələkbərov iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, Namiq adlı şəxs maklerdir. Nərminin yoldaşı torpağı Namiqdən almış, Namiq ona bir torpaq göstərmiş, lakin həmin torpağı deyil başqasını satmışdır. Torpağa dair verilmiş çıxarış Nərminin yoldaşına göstərilən yerə aid olmadığı üçün Namiqdən ödənilmiş pulun geri qaytarılması tələb edilmişdir. Bundan başqa Namiqin digər torpaq sahələrini yanlış göstərərək, satması ilə bağlı 100.000 manatdan çox Nərmin xanımın yoldaşına borcu vardır. Odur ki, iddianın təmin edilməsinə etirazı yoxdur.
19. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Kənan adlı şəxs ona zəng etmiş və dostunun torpaq sahəsi satdığını söyləmiş, demişdir ki, dostunun məhkəmə problemi var, kiməsə pul, nə isə dəymiş ziyan ödənilməlidir, ona görə münasib qiymətə satır. Razılaşdıqdan sonra Kənan onu Əvəz adlı bir şəxslə tanış etmiş, Əvəz ona zəng vurmuş və Mərdəkana-Şüvəlana dəvət etmişdir. Gəlib həmin şəxslə görüşmüş, torpaq sahəsinə baxmış, torpaq sahəsinə aid bütün sənədləri ona təqdim etmişlər, çıxarış Cavabdeh7 adlı bir şəxsin adına olmuşdur. Sənədləri almış, lakin onlara heç nə deməmişdir. Yoxlatdırmışdır ki, həmin çıxarış bu torpağa aiddir və daha sonra bunlarla ticarətə başlamışdır. Birinci 80.000 manat demişlər, lakin yerə baxdıqdan sonra Firudin imtina etmişdir. Daha sonra 60.000 manat təklif etmişlər. Pul əvəzi olaraq Firudinin qardaşına aid 2013-cu il “Audi” markalı avtomobil (hazırda satış qiyməti 23-24 min ABŞ dollardır) 23.000 ABŞ dolları dəyərində qiymətləndirilərək təklif edilmiş, 20.000 manat da pul veriləcəyi deyilmiş, beləliklə 60.000 manata razılaşmışlar. Razılıq əldə olunduqdan sonra onlar tələb etmişlər ki, Cavabdeh7 özü gəlsin və notarial alğı-satqıda iştirak etsin. Qarşı tərəf təklif etmişdir ki, Ramil kiməsə etibarnamə versin, özü gəlməsin, lakin onlar bu təklifdən imtina etmişlər. Alğı-satqı günü notariusa o, Firudin, Əvəz getmişlər, 1 saat sonra isə Ramil gəlmişdir. Notarial prosesə başladıqdan sonra o, soruşmuşdur ki, pulun bir hissəsi maşınla əvəz olunacaqsa bu necə sənədləşdiriləcək? Notariusda bildirmişlər ki, maşını müqavilədə göstərə bilməzlər. Bunlar nümayəndə dəvət etmişlər ki, maşına baxış keçirilsin. Həmin şəxs maşına hansısa qiymət qoymuş, bu işdə bilavasitə maraqlı olan şəxsə zəng edilmiş, o da demişdir ki, dəyərdəyməzinə satılsın, çünki ona bu gün təcili pul lazımdır. Onlar həmin maşını 20.000 manata satmışlar, halbuki ondan 23.000 ABŞ dollar kimi götürmüşlər. Ümumilikdə 40.000 manat pul yaranmış, 20.000 manat Firudin özü ilə gətirmiş, 20.000 manata isə maşın satılmışdır. Pul banka qoyulmuşdur. Orada alğı-satqını da, sığortanı da, rüsumu da Firudin ödəmişdir. Bir sözlə qarşı tərəfin 1 manat belə heç nəyə xərcləri çıxmamışdır. Cavabdeh7 şəxsən özü gəlmiş, onlar dəqiqləşdirmişlər, şəxsiyyət vəsiqəsinə baxmışlar ki, Ramilə aiddir. Alğı-satqı baş tutmuş və onlar halallaşmışlar. Firudin mütəmadi olaraq torpaq sahəsinə gedib-gəlmiş, orada olan qonşularla əlaqə saxlamışdır və orada çəpər-filan olmamışdır. Bu məsələdən bir müddət keçmiş, bu ilin yanvar və ya ötən ilin dekabr ayında orada çəpər çəkməyə başlamışdır. Ukraynada olduğu üçün bu məsələ ilə o, məşğul olmuşdur. Çəpərin təməli beton tökülmüş, beton konstruksiyalı çəpər çəkilmişdir. Çəpər dedikdə hasar nəzərdə tutulur. Həmin hasarın çəkilməsinə 17.000 manat xərc çəkilmişdir. Beton töküldükdə ona bir nəfər şəxs yaxınlaşmış, daha sonra həmin şəxsin Namiq olduğunu bilmişdir. Ona demişdir ki, bu torpağın problemi vardır. Daha sonra o, bu məsələ ilə bağlı Firudinə məlumat vermişdir. Firudin gələn kimi onlar Əmlak Məsələləri Komitəsinə sorğu vermişlər ki, bu vaxt onlara torpaq satılmış, şəhadətnamə onların adına çıxmışdır, xahiş etmişlər araşdırılmaqla bu işdə bir saxtakarlığın olub-olmaması barədə onlara məlumat verilsin. Rəsmi şəkildə onlara cavab gəlmişdir ki, torpaq sahəsi onlara məxsusdur, sənədlərdə heç bir problem yoxdur və işə davam edə bilərlər. Belə bir cavab aldıqdan sonra onlar hasarın inşasını davam etdirmişlər. Hasarın inşası bitmiş, qapı qoyulmuş, içəridə dam tikilmiş, həyət normal qaydaya salınmış, 40 kisə torpaq gətirib tökmüşlər. Daha sonra bir nəfər şəxs gəlib demişdir ki, o, hasarını düzgün çəkməmişdir. Kim olduğunu soruşarkən bildirmişdir ki, o, yan torpağın sahibidir və onun torpaq sahəsini hasarlamışdır. Demişdir ki, onların əlində çıxarış var həmin çıxarışın koordinatları ilə hasar üst-üstə düşür. Öz növbəsində torpağın ona məxsus olduğunu qeyd etməklə araşdırmasını tövsiyə etmişdir. İki gün keçdikdən sonra ona Namiqin qardaşı Niyaz zəng edib demişdir ki, o vaxt çox böyük səhv etmişdir. Ona bildirmişdir ki, rəsmi sənədlə torpaq almışlar. Məlum olmuşdur ki, bunlar əvvəl kiməsə qarşı dələduzluq ediblər. Daha sonra Günel xanımın nümayəndəsi-yaxın qohumu, o və Niyaz görüşmüşlər. İddiaçının nümayəndəsi özü də görmüşdür ki, bu şəxsi tanımırlar, ilk dəfədir görürlər, əvvəllər heç bir münasibətləri olmamışdır. Nə vaxtsa iddiaçıya qarşı saxtakarlığa yol verilibsə onların buna heç bir aiddiyyatları yoxdur. Özlərinə də demişlər ki, o, qanunla gedib alqı-satqı etmiş və əlində dövlətin verdiyi sənəd var. Düşünmüşdür ki, heç kəs mübahisəli torpağa 60.000 manat, hasarına 17.000 manat verməz. Onlar orada ev də tikməyə başlamışlar. Həmçinin qeyd etmişdir ki, Firudin xalası oğludur. Kənan adlı şəxs ona zəng etdikdən sonra o, torpağı Firudinə təklif etmişdir. Torpağa mütəxəssis dəvət etmişlər. Komitənin özündən nümayəndə olmuşdur. Ona 200 manat pul ödəməklə gəlib şifahi koordinat vermişdir. Torpağı alarkən əllərində 20.000 manat vəsait olmuş, avtomobilin satışından da 20.000 manat əldə etmişlər. Alğı-satqıda 39.000 manat göstərilmiş, 1.000 manat rüsuma xərclənmişdir. İlk olaraq onlara 80.000 manat təklif olunmuş, Firudin etiraz etmiş, 2-3 gün sonra təkrar özləri əlaqə saxlamışlar. Onlara 60.000 manata ala biləcəklərini söyləmişlər. Məcburiyyətdən 39.000 manata alğı-satqı etmişlər. Tərəflərin razılığı ilə olmuş, 60.000 manata razılaşmış, onların istəyi ilə 39.000 manat yazılmış, lakin bundan əlavə onlara maşın da verilmişdir. Bu işə qədər o, Cavabdeh7 tanımamış, heç vaxt görməmişdir. Həmin yerdə əmlakın dəyəri ilə maraqlanmış, sotunun hasarlanmış vəziyyətdə 8.000 manat olduğunu bilmişdir. Birinci dəfə Firudinlə torpağa baxmağa gedəndə artıq onlara qiymətlər məlum olmuşdur. Ramilin Günellə nə əlaqəsinin olduğunu bilmir. Aralarında narazılıq olmayıb. Onlar çıxarışı aldıqdan sonra Namiq gəlib demişdir ki, problem var. Onlar Ramilin bu işlə əlaqəsinin olmadığını bilməmişlər. Bütün ödənişləri Firudin etmiş, onların adından ödəmişdir.
20. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunduğu üçün də iş tapa bilməmiş, 2020-ci ilin əvvəllərində işsiz olmuşdur. Bildiyinə görə mübahisəli torpaq sahəsi Ramilin olub, o, sənədləri Ramildən alıb Ziyaya gətirmişdir. Firudini isə notariat kontorunda görmüşdür. Kənan hazırda cəzaçəkmə müəssisəsindədir, Niyaz alğı-satqıdan sonra azad olunmuşdur. Niyazın Ziya ilə münasibəti yoxdur, Ramil ilə var. Bütün bu məsələləri Kənanla Ziya özləri danışıb. Əvvəl torpağı satışa çıxarmışlar, lakin satılmamışdır. Əvvəl torpağa bir dəfə müştəri aparmış, Kənan Ziyaya demişdir ki, bu torpağı alsın. Şərtləri də müzakirə etmişlər. Ziya demişdir ki, qiymətini o desin. Kənan 8.000 manata demişdir. Həmin gün söhbətləri alınmamışdır. Daha sonra Kənan onunla əlaqə saxlamışdır ki, Ziya ilə aralarında konfrans yaratsın. Qiymətini belə razılaşmış, Ziya ilə də özləri danışmışlar. Niyazın 22.500 manat borcu olduğundan torpağı təcili satmışdır ki, borcu qaytarsın. Torpağı 60.000 manata razılaşdırmışlar. Real qiymət olub-olmadığını bilmir. Daha əvvəl adam aparmış, lakin satılmamışdır. Torpaqla problem olduğunu bilməmişdir. Xidmətə görə 600 manat vermişlər. 17.500 manat pulu özlərinə vermişdir. Həmin torpaq sahəsinin üzərində “satılır” sözü görməmiş, torpaq sahəsi 3-5 daşlıq yarımçıq hasarın içində olmuşdur. Çıxarışı daha əvvəl Namiqdən götürmüş, orada Ramilin adı yox, qadın adı olmuşdur. Həmin ad yadında deyil və daha əvvəl Ramili görməmişdir. Avtomobilin alğı-satqısında olmuş, avtomobilə birinci makler 17.000 manat qiymət qoymuşdur. Maşının real qiyməti baha olmuş, Kənan özü demişdir ki, maşını təcili satsınlar. Konfranslar cəzaçəkmə müəssisəsində olub. Niyaz torpaqla bağlı işə görə, Kənan da dələduzluqla bağlı məhkum olunmuşdur.
21. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia tələbinin tam həcmdə təmin edilməsini qət etmiş, eyni zamanda xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
22. Rayon Məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 22.1 “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən 32 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. X1 xx.xx.2011-xx.xx.2020-ci il tarixlərdə Bakı Şəhəri 22 saylı Notariat Ofisində xüsusi notarius kimi fəaliyyət göstərmişdir. Bakı Şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, həmin notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Eyni zamanda mübahisəli bağ sahəsinin qiymətləndirilməsi barədə hesabata əsasən həmin bağ sahəsinin 2017-ci il tarixinə olan bazar dəyəri 120.000 manat təşkil etmişdir. 22.2. İddiaçının iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağ sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və onun əsasında DƏDRX tərəfindən Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, 11242115 saylı “Çıxarışın” ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlar əsasında ümumiyyətlə yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin bağlanmaması aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın alğı-satqısına dair müqavilə ümumiyyətlə notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Odur ki, həmin bağ sahəsi barədə xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” etibarsız hesab olunmalı və mübahisəli daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş “Reyestrdən çıxarış” ləğv edilməlidir. 22.3. Həmin əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığı halda, bu əqdi əsas götürməklə iş üzrə cavabdehə qeyd edilən daşınmaz əmlaka dair dövlət reyestrində çıxarış verilməklə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə müvafiq hər hansı hüquqi əsas olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yəni göstərilən halda iddiaçı tərəf mülkiyyət hüququndan hər hansı bir əsas olmadan məhrum edilir ki, bu da yolverilməzdir. 22.4. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, belə bir müqavilə notarius tərəfindən rəsmiləşdirilmədiyindən nə elektron formada informasiya sistemləri vasitəsilə, nə də təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərilməsi mümkün ola bilməzdi. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən də, göstərilən halın mövcudluğu müəyyən edildiyi halda mülkiyyət hüququnun qeydə alınması aparıla bilər. 22.5. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın alğı-satqısına dair müqavilə ümumiyyətlə notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. 22.6. Məhkəmə iddia tələbinin 14 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, ona əsasən verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli “Çıxarışın” ləğv olunması hissəsinə qiymət verərək qeyd edir ki, məhkəmə iclasında izahat vermiş Cavabdeh4 vəkili (nümayəndəsi) V.Ələkbərov iddia tələbini qismən etiraf edərək, mübahisəli daşınmaz əmlakın Nərminin yoldaşının Namiqdən (Niyazın qardaşı) aldığını və sonuncunun makler olmasını, Namiqin cavabdehə (Nərmin) bir torpaq göstərdiyi, lakin həmin torpağı deyil başqasını satması, torpağa dair verilmiş çıxarış Nərminin yoldaşına göstərilən yerə aid olmadığı üçün Namiqdən ödənilmiş pulun geri qaytarılmasının tələb edildiyi, bundan başqa Namiqin digər torpaq sahələrini yanlış göstərərək, satması ilə bağlı 100.000 manatdan çox Nərminin yoldaşına borcu olduğunu və iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh4 tərəfindən mübahisələnirilmədiyindən qeyd edilən hissədə də iddiaçının tələbi təmin edilməlidir. 22.7. Bundan başqa məhkəmə, iddianın 7 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması və ona əsasən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Çıxarışın” ləğv olunması hissəsinə qiymət verərək qeyd edir ki, Cavabdeh7 verdiyi izahatndan müəyyən edilmişdir ki, mübahisəli əmlak qeydiyyat hüququ ilə Ramilə məxsus olsa da, faktiki sahibi Niyaz adlı şəxs olması və əmlak həmin şəxsin Ramilə olan borcunu ödəmək və eyni zamanda həmin şəxsin həbsdən çıxarılması məqsədilə satılmış olduğu, mübahisəli əmlak satışa məhz Niyaz tərəfindən çıxarılmış olduğu və onun həbsdə yanında dostluq etdiyi Kənan adlı şəxsin və daha əvvəl onlarla birlikdə həbsxanada olmuş, lakin əmlak satılan vaxt azadlıqda olan Əvəz (mülki iş üzrə Firidunun dəvət etdiyi şahid) adlı şəxsin köməkliyi ilə hazırkı işdə sonuncu alğı-satqı müqaviləsi ilə satılmışdır, burdan belə bir nəticəyə gəlmək olur ki, Cavabdeh4 ilə Cavabdeh7 arasında bağlanmış olan alğı-satqı müqaviləsində sonuncun adına hüquqlar qeydə alınmış olsa da, sonuncu hüquq münasibətlərində sadəcə (dolayı) vasitəçi kimi iştirak etmişdir. Odur ki, iddia bu hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir. 22.8. Məhkəmə iddia tələbinin Cavabdeh7 ilə Cavabdeh8 arasında mübahisəli bağ sahəsinin alğı-satqısına dair xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və DƏDRX tərəfindən bağ sahəsinə dair Cavabdeh8 adına xx.xx.2020-ci il tarixdə verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh8 bağ-torpaq sahəsi almaq üçün 80.000 manat vəsaiti olmadığı halda torpağın şəhadətnamədəki koordinatlarını yoxlatdıraraq, torpağın qiymətini 60.000 manata endirilməklə mübahisəli torpağın satış dəyəri ilk olaraq birdən-birə 30 faiz aşağı salınması və bundan başqa razılaşdırılmış məbləğin, torpaq sahibinin nağd pula ehtiyacı olduğu halda 20.000 manatının nağd, qalan hissəsinin isə avtomobilin qiymətini 23.000 ABŞ dollara qiymətə razılaşdırılması, bundan sonra 23.000 ABŞ dollara dəyərləndirilən avtomobilin Cavabdeh7 qohumu Ziya adlı şəxsin dəvət etdiyi şəxslərə 20.000 manata satılması, habelə bu sövdələşmələrin Cavabdeh7 və Cavabdeh8 bir başa iştirakı olmadan aparılması ağlabatan və inandırıcı görünmür. 22.9. Mübahisə predmetinin obyekti olan torpağın ərazi üzrə 0,01 ha hissəsi üçün dəyərinin təqribi 10.000-12.000 manat olduğu halda 0,12 ha torpaq sahəsi üçün əldə olan vəsaitin 39.000 manata alınması bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər, mübahisəli əqdi xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağlamamışdır. 22.10. Əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, əmlak sahibi olmayan şəxslər tərəfindən əmlakın dəyərindən 5 dəfə aşağı qiymətə qiymətləndirilməsi və satışa çıxarılması, mülkiyyətçinin də bu səhnədə rolu sadəcə notariusda imza atmaqdan ibarət olması və digər halların Cavabdeh8 məlum olduğu halda mübahisəli əmlakı vicdanlı şəkildə alması ağlabatan, məntiqli və həqiqət deyildir. Bütün bu hallar onun vicdansız sahib olmasını sübut etməyə kifayət edir. Mövcud qanunvericiliyin tələbinə görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Hazırkı işdə isə mübahisəli əmlakın dəyəri ödənilməklə alındığını demək mümkün deyil, çünki onun dəyəri nə satan, nə də alan tərəfindən müəyyən edilmiş və onlar üçün əhəmiyyətli olmamışdır. 22.11. Göründüyü kimi 32 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Odur ki, məhkəmə tərəfindən həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, onun əsasında verilmiş çıxarış isə ləğv edilməli hesab edilrir. Məhkəmə qeyd edir ki, növbəti alğı-satqı müqavilələri həmin müqavilədən törədiyindən və hər birinin vicdansız alıcı olması müəyyən edildiyindən onlar da etibarsız hesab edilməklə bu müqavilədən doğan nəticələr ləğv olunmalıdır.
23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı Rayon Məhkəməsi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 5.3-cü, 339.3-cü, 394-cü, 329.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 139-1.1.3-cü, 144.1-ci, 144.2-1ci, 144.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.6-cı, 8-ci maddələrinə, “Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına istinad etmişdir.
24. Həmin qətnamədən cavabdehlər Cavabdeh8 və Cavabdeh7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
25. Cavabdeh8 apellyasiya şikayəti iddiaya etirazla bağlı verilən izahatın məzmununa uyğun əsaslandırılmış, Rayon Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmadığı, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyi, gəlinən nəticənin işin hallarına uyğun olmadığı, onun vicdanlı alıcı olduğunun nəzərə alınmadığı irəli sürülmüşdür.
26. Cavabdeh7 apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi alğı-satqı müqavilələrini etibarsız hesab etmək üçün əsas verən halları tam şəkildə müəyyən etməmiş, mövcudluğu məhkəmə tərəfindən şübhə altına alınmış mübahisəli bağ sahəsi barədə xx.xx.2017-ci il tarixdə 4Ə-218 reyestr nömrəsi ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan nüsxəsini əldə etməyərək həmin müqavilənin qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparmamış, sözügedən müqavilənin Bakı Şəhəri 22 saylı Notariat Kontorunda bağlanması imkanını müəyyən etmək üçün hər hansı sorğu verməmiş və həqiqətin aşkara çıxarılması üçün qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri görməmişdir. Mübahisələndirilən bağ torpaq sahəsi ilkin olaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq “Reyestrdən çıxarış” verilmişdir. İddiaçı həmin müqavilənin etibarsızlığını müqavilə bağlandıqdan 4 ildən çox müddət keçdikdən sonra məhkəmə qaydasında tələb etmişdir ki, bununla da həmin əqdi mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi, 1 sotu 15.000 manata yaxın qiymətə olan bağ torpaq sahəsinin uzun illər ərzində sahibsiz qalması və başqa şəxslərin istifadəsinə verilməsini bilməməsi ağlabatan deyildir. Göründüyü kimi, iddiaçı özünün iddia etdiyi kimi, heç də 2021-ci ildə deyil, ən azından müqavilənin bağlanıldığı 2017-ci ilin avqust ayından bağ torpaq sahəsinin özgəninkiləşdirildiyini bilirdi. Bununla da sübuta yetirilir ki, iddiaçı, onunla Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsızlığı ilə bağlı bir ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354-cü maddəsinin 1-ci hissəsinin məzmununa görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi, yaxud da bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə bu müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Rayon Məhkəməsi həmin qanun normasını tətbiq etməməklə maddi hüquq normasının aşkar pozuntusuna yol vermişdir. Torpaq sahəsinə dair bağlanılmış müqavilələrin etibarsız sayılması üçün hər hansı hüquqi əsaslar olmadığı halda, Rayon Məhkəməsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna istinad edərək həmin bağ torpaq sahəsinə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsini” etibarsız hesab etmişdir. Halbuki, sözügedən müqavilə bağlanılarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmiş, həmin dövrdə torpağın mülkiyyətçisi olan şəxs tərəfindən bağ torpaq sahəsi üzərində notariat qaydasında sərəncam verilərək Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. Həmin “Alğı-satqı müqaviləsini” əldə etmədən, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda müqavilənin “22 saylı Notariat Kontorunda bağlanılması” sözlərinin mexaniki səhv olaraq “32 saylı Notariat Kontorunda bağlanması” kimi yazılıb-yazılmadığını aydınlaşdırmadan Rayon Məhkəməsi qanuni şəkildə bağlanılmış müqavilələrin həqiqiliyini şübhə altına almış, “Alğı-satqısı müqavilələrinin” etibarsız sayılması barədə formal mülahizələr əsasında əsassız nəticəyə gələrkən maddi hüquq normasının müddəalarını səhv təfsir və tətbiq etmişdir. Rayon Məhkəməsi ilkin müqavilənin hüquqi mahiyyətindən asılı olmayaraq mübahisələndirilən torpağın sonrakı alıcılarının, o cümlədən Cavabdeh7 vicdanlı alıcı olduğunu nəzərə almamış, hamını bir növ “əlbir olan mütəşəkkil dəstə” şəkilndə təqdim edərək qanuni əldə etdikləri əmlakdan onları məhrum etmişdir. c) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
27. Cavabdeh8 vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh7 vəkili (nümayəndəsi) Nizami Salamov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdilər və təmsil etdikləri şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərin məzmununa uyğun izahat verdilər.
28. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Cavabdeh8 mübahisəli bağ sahəsinə münasibətdə vicdanlı alıcı hesab oluna bilməz. Belə ki, onun iddiaya etirazında təsvir olunanlardan aşağıdakı hallar ortaya çıxır ki, o, torpaq almaq üçün nağd pulu və kifayət edən digər vəsaiti, habelə torpağın satış qiyməti barədə məlumatlı olmadığı halda torpağa şəxsi vəsait sərf edərək şəhadətnamədəki koordinatlarını yoxlatdırmış, bundan sonra torpağın ilkin qiyməti hesablanmış və 85.000 manat müəyyən edilmiş, Firudin buna dərhal etiraz edərək 1-2 gün sonra bu qiymət 60.000 manata endirmişdir. Göründüyü kimi mübahisəli torpağın satış dəyəri ilk olaraq birdən-birə 30 faiz aşağı salınır. Etirazın ilkin olan bu hissələrində belə fikir formalaşdırılmağa çalışılır ki, cavabdeh torpağa diqqət və ehtiyatla yanaşaraq onu hətta vəsaiti hesabına yoxlatdırmaqdan çəkinmir. Bu həqiqət kimi qəbul edilsə, o zaman qəbul olunmalıdır ki, bu cür yoxlamayla bərabər cavabdeh ilk olaraq torpağın faktiki dəyəri ilə də maraqlanmalı idi. Bunu həm qiymət sövdələşməsində torpağın həqiqi dəyəri barədə məlumatlı olması üçün, həm də ümumiyyətlə, maddi vəziyyətinə görə bu torpağı almaq imkanına sahibdir ya yox, onu bilmək üçün. Mübahisəli bağ-torpaq sahəsinin həmin ilə olan dəyəri 180.000 manat təşkil etdiyi üçün 85.000 manat ilkin dəyərə dərhal etiraz etməyi müqabilində qarşı tərəfdən kobud reaksiya almaması bir tərəfə qalsın, hətta 1-2 gün sonra ona telefon edərək qiyməti birdən birə 30 faiz (25.000 manat) aşağı endirmələri artıq onda şübhə yaratmalı idi. Düşünməli idi ki, bu qədər əlverişli və gözəl infrastrukturlu bir yerdə yerləşən, belə bir dəyərə sahib olan torpağı ilkin olaraq dəyərindən iki dəfədən də çox aşağı qiymətə satışa çıxaran şəxslər (həm də mülkiyyətçi olmayan şəxslər, həm də hansısa bilinməyən cəzaçəkmə müəssisəsində olan şəxsin oradan çıxarılması niyyəti ilə satışa çıxaran şəxslər) 1-2 gün içərisində hələ 25.000 manat da birdən birə endirim edirlərsə, artıq bu torpağın bir mülkiyyət kimi onlar və eyni zamanda mülkiyyətçi olan şəxs üçün bir dəyəri yoxdur. Yəni torpaq onlar üçün gözdən çıxarılmış bir torpaqdır. Əmlakın atributlarından ən vacibi onun ifadə olunan və hər kəs tərəfindən qəbul olunan dəyəridir. Təqdim edilən rəydən və kifayət qədər əlçatan olan mənbələrdən əldə edə biləcəkləri məlumatlardan da göründüyü və görünə bildiyi kimi torpaq nə indi, nə də daha əvvəl dəyər itirməmiş, tam əksinə dəyər yüksəldə-yüksəldə getmişdir. Belə olan halda bütün bu halların Cavabdeh8 əmlakın mübahisəli olmasını çatdırmağa kifayət etdiyi qaçılmazdır. İşin bu halına diqqətlə yanaşaraq qiymət verilməsini xahiş etmişdir. 180.000 manat dəyərində əmlaka sahib olan şəxs böyük ürəyə sahib olaraq bunu hədiyyə edə bilər, amma gözdən çıxara bilməz. Hazırkı halda əmlakın dəyərsiz halı ilə bərabər bir də qısa vaxt ərzində dəyər itirə-itirə getməsi hər kəsdə şübhə doğuran və doğurmalı olan bir haldır. Bu hal cavabdehin mübahisəli əmlakı vicdanlı şəkildə almadığını sübut edən hallardan biridir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlak son nəticə olaraq notariusa gedəndə də ciddi şəkildə dəyər itirir və bu itki əvvəlkindən də artıq olmaqla 35 faiz təşkil edir. Göründüyü kimi 1-2 gün içərisində mübahisəli əmlak 85.000 manat ilkin satış qiymətindən 39.000 manata enir. Etiraza diqqət edilsə Cavabdeh8 bu prosesin ilk mərhələsindən bir müştəri kimi satan tərəfə “dərhal etiraz və hiddət” nümayiş etdirir. Qarşılığında da hər zaman qarşı tərəfdən kifayət qədər güzəşt əldə edir. Cavabdeh özü də etiraf edir ki, çıxarışda adı göstərilən şəxsi (mülkiyyətçi) ilk dəfə notariusda görüb. Yazılanlardan, şahid ifadələrindən və digər cavabdeh olan Cavabdeh7 izahatlarından da belə məlum olur ki o mülkiyyətində olan torpağın heç bir “bazarlığında” iştirak etməyib. Torpağın satışından əldə olunacaq gəlirin tamamilə başqa şəxslər üçün, həm də qaranlıq işlərə sərf olunacağı kimi hallar da Firudinə alğı-satqı müqaviləsinə imza atmamışdan əvvəl məlum olub. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli alğı-satqıda Ramil və Firudin şəxsən iştirak edərək imza atmış olsalar belə, bu həmin alqı-satqı müqaviləsinin etibarlı bağlanması anlamına gəlmir. Əsas məqamlardan biri kimi qeyd edilməlidir ki, cavabdehin etirazından və şahid ifadələrindən aydın olur ki, o torpağı araşdırdıqdan (vəsait xərclədikdən sonra) sonra ilkin satış qiymətini öyrənir. Eyni zamanda qiymət barədə ikinci sövdələşmədə qarşı tərəfə bildirir ki, torpaq almaq üçün nağd pulu yoxdur. Demək ki, Firudində əvvəlcədən mövcud olan və səbəbini bildirmək istəmədiyi bir rahatlıq (arxayınçılıq) olmuşdur ki, qiymət hissəsi problem olmamışdır. Bir kəsin əlində 21.000 manat pulu olduğu halda sadəcə 1 sotunun qiyməti 15.000 manatdan başlayan 12 sotluq torpağı ala biləcəyi barədə nə qədər güvən və arxayınçılıq olmalıdır ki, o həmin torpağa xərc qoymaqla onun koordinatlarını yoxlatdırsın. İş üzrə bu cür güvən, rahatlıq və arxayınçılığa sahib olması da onu deməyə əsas verir ki, o, mübahisəli əqdi xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağlamamışdır. Əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, əmlak sahibi olmayan şəxslər tərəfindən əmlakın dəyərindən 5 dəfə aşağı qiymətə qiymətləndirilməsi və satışa çıxarılması, mülkiyyətçinin də bu səhnədə rolu sadəcə notariusda imza atmaqdan ibarət olması və digər yuxarıda sadalanan, həmçinin qeyd edə bilmədikləri lakin, iş üzrə mövcud olan digər halların Firudinə məlum olduğu halda mübahisəli əmlakı vicdanlı şəkildə alması ağlabatan, məntiqli və həqiqət deyildir. Hesab etmişdir ki, bütün bu hallar onun vicdansız sahib olmasını sübut etməyə kifayət edir. Mövcud qanunvericiliyin tələbinə görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Hazırkı işdə isə mübahisəli əmlakın dəyəri ödənilməklə alındığını demək mümkün deyil, çünki onun dəyəri nə satan, nə də alan üçün əhəmiyyətli olmamışdır. Məhkəmədən o məqama da diqqət yetirməsini də xahiş etmişdir ki, nəzərə alsın ki, Firudin işin sadalanan hallarına görə riski qabaqcadan bilə-bilə və bilməli olduğu halda istəyərək bu torpağa mülkiyyət əldə etmiş və dediyi kimi ona dəyən “zərər” 39.000 manatdan ibarət olmuşdur. Lakin bilmədən və istəmədən mülkiyyətindən məhrum olunmaqla ona dəyən maddi zərərin ən aşağı həcmi isə 180.000 manat olmuşdur. Mübahisəli torpaq ona atasının hədiyyəsi olduğu üçün mənəvi zərəri ölçülməyəcək şəkildə böyük olmuşdur. Bu qeyd etdiklərindən sonra daha əvvəldə göstərdiyi kimi, iş üzrə bəhs etdiyi etirazdan başqa qarşı tərəfin məhkəməyə dəvət etdiyi iki nəfər şahid iştirak etmiş və onların vermiş olduqları ifadələrlə, eyni zamanda iş üzrə digər cavabdeh olan Cavabdeh7 verdiyi izahatla aşağıdakı hallar ortaya çıxmışdır mübahisəli əmlaka dair alğı-satqı müqaviləsi notariusda Ramil və Firudin tərəfindən imzalansa da, iradə ifadəsi onların olmamışdır, mübahisəli əmlak qeydiyyat hüququ ilə Ramilə məxsus olsa da, faktiki sahibi Niyaz adlı şəxs olmuşdur və əmlak həmin şəxsin Ramilə olan borcunu ödəmək və eyni zamanda həmin şəxsin həbsdən çıxarılması məqsədilə satılmışdır, mübahisəli əmlak satışa məhz Niyaz tərəfindən çıxarılmış və onun həbsdə yanında dostluq etdiyi Kənan adlı şəxsin və daha əvvəl onlarla birlikdə həbsxanada olmuş, lakin əmlak satılan vaxt azadlıqda olan (Cavabdeh8 dəvət etdiyi şahid-) Əvəz adlı şəxsin köməkliyi ilə hazırkı işdə sonuncu alğı-satqı müqaviləsi ilə satılmışdır, Niyaz Ramilin şikayəti əsasında təqsirli bilinərək ittiham olunmuşdur. Satan şəxslərə mübahisəli əmlakın dəyəri deyil, sadəcə onların ehtiyacları olan qədər pul əldə edə bilməkləri maraqlı olmuşdur. Əmlakı alan şəxsə (Ziya) əmlakın dəyəri maraqlı olmamışdır və onda sadəcə imkanı catacaq qədər pula bu əmlakı əldə edə biləcəyi barədə arxayınlıq olmuşdur. Baxmayaraq ki, həmin şəxs ilk dəfə əmlaka baxış keçirilərkən qarşı tərəfdəki torpağın üzərində yazılan telefonla torpağın 1 sotunun qiymətinin 8.000 manat olduğunu öyrəndiyini bildirmişdir, yəni mübahisəli torpağın dəyərinin 96.000 manat olduğu barədə ona ilk dəfə baxmağa gedərkən məlum olduğunu etiraf etmişdir. Əmlakı alan şəxsə sadəcə torpağın koordinatlarına uyğun olması və notariusda alğı-satqı müqaviləsini mülkiyyətçinin şəxsən imzalaması maraqlı olmuşdur, əmlak barədə digər əhəmiyyətli hallar və məlum məqamlar maraqlı olmamışdır. Yuxarıda qeyd edilən kimi, əmlakın satılma səbəbini müqaviləni imzalamamışdan qabaq bildiyini etiraf etsə də, bu barədə mülkiyyətçidən notariusda qısa da olsa məlumat ala bilmək ehtiyacı hiss etməmişdir. Əmlakın alğı-satqı müqaviləsini formal olaraq Firudin imzalasa da onu faktiki alan və sahib olan şəxs Ziya olmuşdur. Sadalanan bütün bu hallar tərəflərin (Cavabdeh7, istərsə də Cavabdeh8) müqavilə üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin olmadığını göstərir.
29. İşə apellyasiya qaydasında baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. d) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının
30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır.
34. Maddə 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
35. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
36. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
40. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
41. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
42. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
43. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
44. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
45. Maddə 5.6. Daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur.
46. Maddə 8. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. e) Apellyasiya baxışının həddi
57. MPM-nin 372-cı maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
59. Prosessual qanunvericiliyin sadalanan normalarını nəzərə almaqla kollegiya qeyd edir ki, apellyasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və eləcə də mübahisənin mahiyyəti bölünməz xarakterli olduğundan, qətnamə tam yoxlanılır. f) Məhkəmənin hazırki iş üzrə mövqeyi
60. Məhkəmə hazırki iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
61. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
62. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir (bax: bu qətnamənin yuxarıda qeyd edilmiş 44-cü bəndinə).
63. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, 32 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi aşkar olunmamış, həmin müqaviləni təsdiq etdiyi göstərilən notarius Ş.F.Gülməmmədovanın isə xx.xx.2011-xx.xx.2020-ci il tarixlərdə 22 saylı Notariat Ofisində xüsusi notarius kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir.
64. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (bax: bu qətnamənin yuxarıda qeyd edilmiş 36-cı bəndinə) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyrimümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
65. Burada qeyd olunmalıdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlandığı göstərilən xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” ümumiyyətlə mövcud olmamaqla əhəmiyyətsizdir və hər hansı hüquqi nəticə doğurmamışdır (bax: bu qətnamənin yuxarıda qeyd edilmiş 37-ci bəndinə).
66. Bu baxımdan Məhkəmə, iddiaçının həmin “müqavilənin” etibarsız sayılması tələbi ilə bağlı müəyyənləşdirilmiş kəsici müddəti ötürmüş olması barədə irəli sürülən arqumentləri də əsassız hesab edir.
67. Belə ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir (bax: qətnamənin 40-cı bəndi).
68. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir”.
69. Göründüyü kimi, mübahisəli əmlak iddiaçının mülkiyyətindən çıxmadığından, onun müvafiq tələbinə münasibətdə hər hansı müddət tətbiq oluna bilməz və bu həm də o deməkdir ki, əmlakla əlaqədar sonradan bağlanmış müqavilələri səlahiyyətli şəxslər arasında bağlanmış müqavilələr kimi qiymətləndirmək mümkün deyildir.
70. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.
71. İşin bilavasitə Cavabdeh4 vəkilinin (nümayəndəsinin) izahatları əsasında müəyyən olunan hallarından aydın olur ki, 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017ci il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” bağlanmasınadək Cavabdeh2 ilə Cavabdeh4 arasında müqavilənin məzmununun və şərtlərinin müəyyənləşdirilməsi üzrə heç bir əlaqə olmamış, müzakirələr və görüşlər keçirilməmiş, Cavabdeh4 həyat yoldaşı torpaq sahəsinin alğı-satqısı ilə bağlı sövdələşməni həmin sahəyə heç bir aidiyyatı olmayan Namiq adlı şəxslə aparmış, Namiq ona bir torpaq göstərmiş, lakin həmin torpağı deyil, başqasını satmış, torpağa dair verilmiş çıxarış Nərminin yoldaşına göstərilən yerə aid olmadığı üçün o, ödədiyi pulu Namiqdən geri tələb etmişdir.
72. Bu baxımdan Məhkəmə, 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş həmin “Alğı-satqı müqaviləsinin” etibarsız olması ilə bağlı gəlinən nəticəni də qanuni (əsaslı) hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür (bax: bu qətnamənin 42-43-cü bəndləri).
73. Məhkəmə, 7 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci 11 tarixdə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması və ona əsasən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması tələbi üzrə Rayon Məhkəməsinin gəldiyi qənaətlə də razılaşaraq qeyd edir ki, Cavabdeh7 izahatı ilə mübahisəsi gedən əmlakın faktiki sahibinin Niyaz adlı şəxs olduğu və onun Ramilə olan borcunu ödəmək, eyni zamanda həmin şəxsin həbsdən çıxarılması məqsədilə satılmış olduğu, əmlakın satışa məhz Niyaz tərəfindən çıxarıldığı və onun həbsdə yanında dostluq etdiyi Kənan adlı şəxsin və daha əvvəl onlarla birlikdə həbsxanada olmuş, lakin əmlak satılan vaxt azadlıqda olan Əvəz (Cavabdeh8 dəvət etdiyi şahid) adlı şəxsin köməkliyi ilə satıldığı aydın olmuşdur; bu izahatdan belə nəticəyə gəlmək olur ki, Cavabdeh4 ilə Cavabdeh7 arasında bağlanmış “Alğı-satqı müqaviləsində” sonuncunun adına hüquqlar qeydə alınmış olsa da, o, hüquq münasibətlərində sadəcə vasitəçi kimi iştirak etmişdir.
74. Mübahisəli bağ sahəsinin alqı-satqısına dair cavabdehlər Cavabdeh7 və Cavabdeh8 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə münasibətdə isə Məhkəmə aşağıdakıları qeyd edir:
75. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası (bax: bu qətnamənin 32-ci bəndi) məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.Cavabdeh5nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərar).
76. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 18/10/17 il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərar).
77. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
78. İşin yuxarıda şərh olunan hallarından görünür ki, Cavabdeh8 mübahisəli torpaq sahəsini əldə edərkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi olmamış, əmlak saxta (mövcud olmayan) müqavilə əsasında iddiaçının mülkiyyətindən çıxarılmış vəziyyət almışdır (reyestrdə bu cür görünmüşdür). Cavabdeh8 torpağı almaq üçün 80.000 manat vəsaiti olmadığı halda onun koordinatlarını yoxlatdırması, daha sonra torpağın qiymətinin 30 faiz aşağı salınmasına şübhə ilə yanaşmayaraq 23.000 ABŞ dollarına dəyərləndirilən avtomobilin Cavabdeh7 qohumu Ziyanın dəvət etdiyi şəxslərə 20.000 manata satılmasına razılıq verməsi, qiymətinin daha yüksək olduğunu bildiyi və özünün bildirməsinə görə 60.000 manata almağa razılaşdığı sahənin dəyərinin notariat kontorunda 20.000 manat daha aşağı salınmasına da normal yanaşaraq torpağı 39 000 manata əldə etməsi, eləcə də işin digər halları tərəflərin həmin əqdi xoş niyyətlə bağlamadıqları, Cavabdeh8 ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Xüsusilə qeyd olunmalıdır ki, əmlakın dəyəri nə satan, nə də alan tərəfindən müəyyən edilməmiş və onlar üçün əhəmiyyətli olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, əmlak sahibi olmayan şəxslər tərəfindən əmlakın dəyərindən çox aşağı qiymətə qiymətləndirilərək satışa çıxarıldığını bilən, mülkiyyətçinin isə notariusa sadəcə imza etmək üçün gəldiyini görən Cavabdeh8 vicdanlı alıcı olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir.
79. Şərh olunanları ümumiləşdirərək Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
80. Məhkəmə, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə də zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər və nə qədər ki, Cavabdeh8 torpaq üçün nağd pul və qiyməti əslində 23.000 ABŞ dolları olan avtomobil verdiyini bildirir, belə halda hazırkı işin halları baxımından restitusiyanın tətbiqi onun hüquqlarının məhdudlaşdırılmasına şərait yarada bilər. Bu qənaətə gəldiyi zamanı kollegiya həm də, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında şərh olunmuş hüquqi mövqeyi əsas götürür və Cavabdeh8 (həmçinin digər tərəflərə) izah edir ki, o, (onlar) restitusiyanın tətbiqi üçün müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir(lər). Torpaq sahəsinin geri qaytarılmasına münasibətdə isə qeyd olunmalıdır ki, sahə iddiaçının mülkiyyətindən ümumiyyətlə çıxmadığından, müvafiq müqavilələrin etibarsız sayılması restitusiyanın nəticəsini doğurur. g) Məhkəmənin iş üzrə gəldiyi nəticə
81. beləliklə də, yuxarıda göstərilənləri nəzərə alan, MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh8 və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlər Cavabdeh8 və Cavabdeh7 özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.