Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5253/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bunda sonra cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq olaraq ümumi qiyməti 1.117,92 manat olan “Huawei Nova 11İ” markalı telefon, “X8” markalı qulaqlıq, “Kieslect calling” markalı saat və ümumi qiyməti 1.167 manat olan “HP Pavilion” markalı kompüteri nisyə almış və ödəniş cədvəllərinə uyğun olaraq bu əmlakların dəyərini aylar üzrə ödəməyi, həmin şərtləri pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə mübahisəsiz olaraq penya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür (müqaviləyə əlavənin 2-ci bəndi). xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin, cavabdeh bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, ötən dövr ərzində cəmi 1.127,38 manat məbləğində ödəniş etmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (xəbərdarlıq) göndərilməklə yaranmış borc barədə məlumat verilmiş və həmin borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin, bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da lazımi qaydada icra edilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447,27 manat məbləğində əsas, 139,5 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 710,27 manat məbləğində əsas, 203,7 manat məbləğində cərimə borcu yaranmışdır, lakin cavabdehə güzəşt edilərək birinci müqavilə üzrə 44,73 manat, ikinci müqavilə üzrə 71,73 manat məbləğində cərimə hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447,27 manat ödənilməmiş hissə, 44,73 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 710,27 manat ödənilməmiş hissə, 71,73 manat cərimə borcu olmaqla, ümumilikdə 1.274 manat məbləğində borcun və 32,74 manat dövlət rüsumunun alınaraq cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin faktiki hallarına istinad edilərək əsaslandırılmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2937/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 710,27 manat ödənilməmiş hissə, 71.73 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 447,27 manat ödənilməmiş hissə, 44,73 manat cərimə borcu olmaqla, ümumilikdə 1.274 manat məbləğində pul vəsaiti və ödənilmiş 32,74 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim X4).
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cavabdehin iddiaçıya ümumilikdə 1.274 manat məbləğində borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 462.1-ci, 600-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, ödənilmiş məbləğlərin düzgün hesablanmaqla, cərimə borcunun silinməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, onun müqavilə üzrə ödənişləri yerinə yetiribyetirməməsini aydınlaşdırmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilə üzrə ödənişin yerinə yetirilməsinin tələb edilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin o, xəbərdarlığın göndərilməsindən 10 gün əvvəl, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə yenidən 200 manat ödəniş etmişdir. Bununla bağlı ödəniş qəbzləri də apellyasiya şikayətinə əlavə edilmişdir. İddiaçının xəbərdarlıq məktubunu aldıqdan sonra, o, iddiaçıya müraciət etmiş və ödəniş etdiyi halda məhkəməyə müraciət olunmasının səbəbini aydınlaşdırmaq istədikdə yalnışlıq olduğu bildirilmişdir. Lakin, məhkəmə ödənilmiş məbləğləri nəzərə almamış, məhkəməyə müraciət etdikdən sonra 400 manat ödəniş edilməsini nəzərə almadan, iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğlərin tutulmasına dair qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qətnamənin surəti ona göndərilsə də, iddia ərizəsinə etiraz vermək hüququ olmasına dair bildiriş göndərilmədiyindən, qeyd olunan qəbzləri məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Lakin apellyasiya şikayətinə qarşı əsaslandırılmış etiraz və ya hər hansı sənəd məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Hazırkı apellyasiya şikayəti ilə qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləğ hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh müqavilələrin predmeti olan əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərinə istinadən qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda 100 manat, ümumilikdə 200 manat, xx.xx.2024-cü il tarixdə isə 200 manat ödəniş etmişdir. Təqdim edilən ödəniş qəbzlərinin “açıqlama” hissəsindən aydın olur ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icrası istiqamətində xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixdə müvafiq olaraq aparılmış 200 manat və 200 manat məbləğində ödənişin 200 manatı hissəsi (hər müqavilə üzrə 100 manat olmaqla) əsas, 200 manat hissəsi (hər müqavilə üzrə 100 manat olmaqla) isə cərimə borcu hesabından silinmişdir.
19. xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərində həmin ödənişdən sonra xx.xx.2023-cü il tarixli müqavilə üzrə toplam 620,65 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə toplam 406,73 manat əsas borcun ödənildiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərində isə həmin ödənişlərdən sonra qeyd edilən müqavilələr üzrə bu göstəricilər müvafiq olaraq, 670,65 manat və 456,73 manat olmuşdur. Bu tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə tərtib edilmiş maliyyə arayışında da əsas borcdan məhz qeyd edilən məbləğdə ödənişlərin aparıldığı göstərilmişdir. Başqa sözlə, məzmun etibarı ilə maliyyə arayışında əks olunmuş əsas borc üzrə ödənilmiş məbləğlə cavabdeh üçün tam aydın və əlçatımlı olan, məhz onun özü tərəfində təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzində göstərilən məbləğlər eynilik təşkil edir. Bu da öz növbəsində cavabdeh tərəfindən aparılmış 400 manat məbləğində ödənişin iddiaçı tərəfindən nəzərə alındığını təsdiq edir.
20. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 44,73 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 71,73 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir.
21. İddiaçı tərəfindən tələb edilən cərimə borcunun məbləği də müqavilə üzrə qalıq qalmış əsas borc məbləğlərinə tənasübdür.
22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən əsas borc kimi tələb edilən məbləğ düzgün hesablanmış, cərimə borcu əsas borc məbləğinə tənasübdür, həmin məbləğlərin azaldılması üçün hər hansı əsas yoxdur. İddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
23. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.