Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5254/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 11000 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(006)-1723/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini və iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 61.90 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 907.1, 935.1.10; Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018ci il tarixli, 1 nömrəli Fərmanına istinadən qeyd edilmişdir ki, İddiaçı bundan əvvəl Şirkətə qarşı eyni iddia predmeti və eyni əsasla qaldırdığı iddia tələbi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6765/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmin işin materiallarında olan AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda mərhum övladınız X3 adı aşkar olunmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.” İddiaçının vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) xx.xx.1997-ci il tarixində qəbul edilmiş, xx.xx.1997-ci il tarixində qüvvəyə minmişdir. Qanunun qüvvəyə minməsindən sonra Qanunla icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən edilmiş sığortalılar – müvafiq icra hakimiyyəti orqanları ilə Şirkət arasında icbari şəxsi sığorta müqavilələri bağlanmış və buna uyğun olaraq icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilməyə başlanmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanının (bundan sonra – Fərman) 1-ci hissəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Fərmanın 2-ci hissəsinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın istinad olunan hissələrindən göründüyü kimi, Fərman qeyd olunan tarixə qədər həlak olmuş, ölmüş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada birdəfəlik ödəmə verilməsini müəyyən edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi mərhum Nəbiyev Gündüzün vəfat etdiyi tarixdə yəni, xx.xx.1995-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından sözügedən hadisə sığorta hadisəsi hesab edilmədiyi üçün Şirkət tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavab məktubunda da 19 aprel 2018-ci il tarixli fərmana əsasən ödənişin nazirlik tərəfindən həyata keçirildiyinin qeyd edildiyini, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qeyd olunan hərbi qulluqçuların siyahısı nazirliyə göndərilmədiyindən məsələnin aydınlaşdırılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsinin tövsiyə olunduğunu, siyahının nazirliyə göndərilməməsinin səbəbinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə aydınlaşdırılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı təxminən 10 ildir ki, müraciət etdiyini, lakin nəticə olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 153.2.1, 261.0.1; İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 3; "İnzibati icraat haqqında” Qanunun 2, 4, 28-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən münasibətlər inzibati səciyə daşımaqla təminatçısı (qeydiyyatçısı) inzibati orqandır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən diqqətə çatdırılmalıdır ki, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 16.1. İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. 16.3. Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, inzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: • ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; • ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Məhkəmə icraatı prosesi hüquq sahəsi baxımından fərqli xüsusi prosessual prinsiplərə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, İPM-in 12.1-ci maddəsinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hüquq sahəsi üzrə xüsusi prosessual prinsiplər mübahisələrin xüsusiyyəti baxımından işlərin hərtərəfli, ədalətli və obyektiv araşdırılmasına xidmət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. 36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. 36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İş üzrə kompensasiya tələbi dövlət idarəçiliyində olan əmlak hüquqları, habelə müvafiq dövlət orqanlarının normativ aktları, və onlardan irəli gələn hərəkətlərlə (hərəkətsizliklə) bağlı olduğundan bu münasibətlərdən irəli gələn mübahisəyə mülki icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə qərara alımışdır ki:
1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin. 2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. 3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. 3-1. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsdən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir. 4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. 5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 6.1. birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə (bu Fərmanın 3-1-ci hissəsinin müddəaları nəzərə alınmaqla) qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; 6.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; 6.3. birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; 6.4. müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; 6.5. birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 6.6. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin. 7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 7.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etsin; 7.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etsin; 7.3. bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim etsin. 8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər. 9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin. 10. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin. Fərmandan görünür ki, iddia edilən pul vəsaitinin alınması üçün müvafiq hüquqa malik olan şəxsə (varisə) münasibətdə inzibati orqanların fərmana uyğun vəzifə səlahiyyətləri müəyyən edilmişdir. Beləliklə, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İzah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, məsələnin səbəbləri inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq tələblə müvafiq inzibati məhkəmə instansiyasına müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsində: qətnamə və ya qərardadın tamamilə, yaxud qismən ləğv edib, Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 262.0.1-ci maddəsinə görə: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd edilən mübahisəli məsələlərin həlli ilə bağlı iddiaçıya izah edilməlidir ki, ilk növbədə, o öz hüquqlarının müvafiq qeydiyyatı (təsbit edilməsi) üçün buna məsul müvafiq icra hakimiyyəti orqanına (inzibati icraat qaydasında) müraciət etməli və hüquqlarının həlli mümkünsüzlüyü əsasında tələbləri və cavab verməli şəxsləri qanuna müvafiq müəyyən etməklə, iddialarını müvafiq məhkəmə instansiyalarına yönəltməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.