Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5254/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 1713/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi (abonent məlumatlarına əsasən ev 19, mənzil 1) İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00190 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd samovardan və 1 ədəd qızdırıcı radiatordan (sobadan) istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bu akt üzrə qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 34.560 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 4.147,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra eyni hal cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə də aşkar olunmuş və qeyd edilən əsasla eyni tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 12.960 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 1.555,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən aktlar cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin adı, soyadı qeyd edilsə də, abonentin akta münasibəti göstərilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 5.702,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilməklə ona cərimə yazılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Həmin aktlar barədə məlumat əldə etdikdən sonra o, Cavabdeh İB-nin Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən sayğaca müdaxilə edilməsi səbəbdən ona cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır və bu səbəbdən ondan cərimə tutula bilməz.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1713/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00190) hesablanmış 5.202,40 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hisssədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 72,02 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X9).
5. Məhkəmə mülki mübahisənin cavabdeh tərəfindən aktın tərtib edilməsi səbəbindən yaranmasını nəzərə alaraq hesab etmişdir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bundan başqa yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bu barədə akt tərtib edilməli və aktın 1 nüsxəsi cinayət işi başlanılması məsələsinə baxılması üçün cinayət təqibi orqanına göndərilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Eyni zamanda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixindən sonra tərtib edilmiş aktlarların bir surəti inzibati xəta ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli idi. Hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan aşağı (4147,2 və 1555,2) olduğundan cavabdeh inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktın surəti EN-ə göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edilə bilərdi. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan iddiaçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta haqqında müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Lakin, məhkəmə hesab etmişdir ki, abonentin saldosuna nəzər yetirdikdə görünür ki, sayğacdan kənar təbii qazdan istifadəyə görə akt yazıldığı zamanlarda - müvafiq 2022-ci ilin noyabr ayında həmçinin həmin ilin dekabr ayında və 2023-cü ilin yanvar, fevral, mart, aprel və may aylarında abonentin sərf məbləği göstərilməmiş, yəni sərfiyyat sıfır olmuşdur. Lakin həmin evə dair "xxxx" ASC-nin abunə haqqında çıxarışından aydın olur ki, qeyd edilən dövr ərzində elektrik enerjisindən daimi olaraq istifadə edilmişdir. Bu hal isə həmin evdə yaşayışın olmasına dəlalət edir. Məlumdur ki, təbii qazdan pik istifadə zamanı qış ayları hesab edilir. Lakin, həmin aylarda abonentin sərf məbləği 0 kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əvvəlki dövrlərin orta gündəlik qaz sərfi nəzərə alınmaqla (2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel aylarında 80 manat, 2023-cü ilin may ayında isə 20 manat hesablanmaqla) 500 manat məbləğində pul saxlanılmaqla iddiaçının abonent hesabına hesablanmış 5.202,40 manat məbləğində pul silinməlidir. Nəzərə alınmalıdır ki, yeni sayğac abonentin ünvanına xx.xx.2023-cü il tarixdə qoşulmuşdur. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 5.202,4 manat məbləğində borc silinməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, 9.1.5-ci, “Qaz təchizatı” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci, 21.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci, 5.2-ci, 6.5-6.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının qaz xəttinə baxış keçirilərkən onun özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 5.702 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixdə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsinə münasibətdə mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edilməsi əsası ilə iddiaçı barəsində xx.xx.2022-cü il və xx.xx.2023-cü il tarixlərdə aktlar tərtib edilmişdir. İddiaçı da bu aktlarla razılaşmayaraq, onları mübahisələndirmiş və aktlar, habelə onlar əsasında qəbul edilmiş qərarlar üzrə ümumilikdə hesablanmış 5.702,4 manat məbləğində cərimənin silinməsini tələb etmişdir.
22. Məhkəmə kollegiyası qətnamənin yoxlanılan hissəsi ilə bağlı ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.
23. Eyni zamanda, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
24. Lakin cavabdeh tərəfindən aktlar tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsi dayandırılmamış, aktların bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.
25. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir. Buna baxmayaraq, hesablama qaz sayğacının nominal qaz sərfi 4 m3/saat (1-ci akt) və 6 m3/saat (2-ci akt), orta günlük iş rejimi 24 saat (hər iki halda) və hesabat müddəti 360 (1-ci akt) və 90 gün (2-ci akt) üzrə aparılmış və nəticə etibarı ilə iddiaçının istifadə etdiyi qaz qurğularının sayı və xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və sair nəzərə alınmamışdır. Hər bir halda, hamıya məlumdur ki, ilin isti ayları olan iyun, iyul, avqust, nisbətən isti ayları hesab olunan may və sentyabr ayları üzrə qızdırıcı radiatorun nəinki günlük iş rejiminin 24 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Qaz plitəsinin isə təyinatına görə (qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur), həmçinin təhlükəsizlik baxımından 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur.
26. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan cavabdehin əməkdaşlarının 12 ay (360 gün) ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Həmin maddəyə bu məzmunlu dəyişiklik xx.xx.2022-ci il tarixdə edilmiş, xx.xx.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə ilk akt həmin dəyişiklik qüvvəyə mindikdən təxminən 8 aya yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində akt tərtib edilənədək belə bir müayinənin aparılmadığını təsdiq edir və bu baxımdan da hesablamanın müddət etibarı ilə ümumiyyətlə 12 ay üzrə aparılmasını əsassız edir.
27. Məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsinə istinadən o halı da qeyd edir ki, qaz paylayıcı tərəfindən qaz xəttində pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq təkrar müayinə aparılmalıdır. Belə bir müraciətin edilməsi üçün də ilk növbədə istehlakçının müayinənin keçirilməsi və aktın tərtib edilməsi (həmçinin, qanunsuz qoşulma ilə bağlı aktın) barədə məlumatı olmalıdır. Aktın vaxtında istehlakçıya təqdim edilməməsi, istehlakçını, bu hüququndan da məhrum edir.
28. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq həm bununla bağlı tərtib edilmiş aktlarda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də aktlar tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir.
29. Birinci instansiya məhkəməsi də mübahisəyə hüquqi qiymət verərkən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinad etmiş, lakin nəticə etibarı ilə abonentin saldo məlumatlarını əsas götürmüş və sayğacdan kənar təbii qazdan istifadəyə görə akt yazıldığı zamanlarda, yəni 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel və may aylarında evdə yaşayışın olmasına baxmayaraq, abonentin sərf məbləğinin göstərilmədiyni, yəni sərfiyyatın sıfır olmasını nəzərə alaraq, 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel ayları üçün 80 manat, 2023-cü ilin may ayı üçün isə 20 manat hesablamaqla, ümumilikdə 500 manat məbləğində pulu saxlamaq, qalan (5.702,40-500=5.202,40) 5.202,40 manat pulu isə iddiaçının abonent hesabından silmək qənaətinə gəlmişdir. Halbuki, ilk aktın qəbul edildiyi xx.xx.2022-ci il tarixdə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsi artıq qüvvədə idi və həmin maddənin tələbləri mübahisənin bu qaydada (yəni birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq) həll edilməsini və iddianın qeyd edilən əsasla qismən təmin edilməsini istisna edirdi.
30. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsini tətbiq etmiş və həmin maddənin hazırki məzmununa uyğun hüquqi dəyərləndirmə aparmışdır. Halbuki, bu maddə xx.xx.2023-cü il tarixdə edilmiş dəyişiklik nəticəsində yeni redaksiyada verilmişdir. Başqa sözlə, aktların tərtib edildiyi və onların əsasında qərarların qəbul edildiyi xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə həmin maddə birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən məzmunda olmamış, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi hüquq münasibətinin yarandığı zaman mövcud olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilənlər də birinci instansiya məhkəməsinin qətnaməsini yoxlanılan, yəni iddianın təmin edilən hissəsində bu əsasla ləğv edilməsini, həmin hissədə yeni qətnamə çıxarılmasını və tətbiq edilməli olan (yuxarıda göstərilən) hüquq normaları tətbiq edilməklə iddianın həmin hissədə təmin edilməsini şərtləndirir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə iddiaçının abonent hesabına (Abonent kodu: **********00190) hesablanmış 5.202,40 manat məbləğində borc silinməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu da düzgün olaraq 72,02 manat məbləğində müəyyən edilmiş və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə (büdcəsinə) alınmışdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1713/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı abonent hesabına (Abonent kodu: **********00190) hesablanmış 5.202,40 (beş min iki yüz iki manat, qırx qəpik) manat məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.