Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5255/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, X10, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, X12, X39 və Cavabdeh10nə qarşı “mirasın qəbulu faktının və miras əmlakda payların müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-ci il tarixli qətnamədən iddia ərizəsində iş üzrə tərəf kimi göstərilməmiş, lakin qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, İddiaçı, cavabdehlər Cavabdeh5, G.Dostəlizadə, G.Abbasova, V.Dostəlizadə və Cavabdeh8 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 06.09.1956-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X4 vəfatından sonra miras qalmış və Bakı şəhəri, Yasamal rayonu, Sovetski küçəsi (hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindəki 1/5 payın mərhumun vərəsələri Ələkbər Dostəlizadə, Ələskər Dostəliyev, Əbülfəz Dostəliyev və Fizzəxanım Babayeva tərəfindən qəbul edilmiş hesab edilməklə, onlarının hər birinin həmin evdə 1/4 pay nisbətində mülkiyyət hüququnun tanınması, fərdi yaşayış evinin altındakı 244 kv.metr ölçülü torpaq sahəsinin miras kütləyə daxil edilməsi, fərdi yaşayış evi və altındakı torpaq sahəsinin 1/12 hissəsinə onun, 1/12 hissəsinə Cavabdeh1, 1/24 hissəsinə Cavabdeh2, 1/24 hissəsinə Cavabdeh7, 1/8 hissəsinə Cavabdeh3, 1/24 hissəsinə Cavabdeh4, 1/24 hissəsinə Cavabdeh6, 1/24 hissəsinə Cavabdeh5, 1/4hissəsinə Cavabdeh8 və 1/2 hissəsinə Cavabdeh9 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən fərdi yaşayış evi Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilər reyestrindən çıxarışa əsasən, mülkiyyət hüququ əsasında iddiaçının nənəsi Ziba Dostəliyevaya, atası X31 (Dostəli-zadə), əmiləri X32, X33 (Dostəliyevlər) və bibisi X48 (Babayeva) məxsus olmuşdur. Həmin fərdi yaşayış evinin bir hissəsi 1924-cü ildə nənəsi Ziba Dostəliyeva tərəfindən satıldıqdan sonra, yerdə qalan hissə 244 kv.m torpaq sahəsində yerləşmişdir. Həmin torpaq sahəsini və üzərindəki mülkü hələ babası X35 08.08.1888-ci il tarixdə X13 160 qızıl pula almışdır. Z.Dostəliyeva 06.09.1956-cı il tarixdə vəfat etdikdən sonra, həmin daşınmaz əmlakdakı miras payı övladları – iddiaçının atası Ələkbər Səfər oğlu, əmiləri Ələsgər Səfər oğlu, Əbülfəz Səfər oğlu və bibisi Fizzə Səfər qızı qəbul etmişlər. Daşınmaz əmlaka olan çıxarışa əsasən, həmin əmlakda mülkiyyətçilərin pay bölgüsü müəyyən edilmədiyindən, paylar bərabər hesab edilir və tərəflərin hər birinin daşınmaz əmlakda 1/5 payı olmuş və vərəsələr Ələkbər Səfər oğlu, Ələsgər Səfər oğlu, Əbülfəz Səfər oğlu və Fizzə Səfər qızı analarından qalan payı miras əmlak kimi faktiki cəhətdən qəbul etdiklərindən, onların daşınmaz əmlakdakı payları hər birinə 1/4 pay olmuşdur. İddiaçının atası Ələkbər Səfər oğlu 13.06.1977-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlakdakı paya vərəsələr aşağıdakılardır: (iddiaçı) İddiaçı; X7 03.04.2006-cı il tarixdə vəfat edib, onun vərəsəsi Cavabdeh1, X11 1995-ci ildə vəfat edib, vərəsələri Cavabdeh2, X14 2002-ci ildə vəfat edib, vərəsəsi Cavabdeh7, əmisi X19 06.02.1985-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlakdakı paya vərəsələr Cavabdeh3 Əbülfəz oğlu, Quliyeva (Dostəliyeva) Gülnarə Əbülfəz qızı 01.07.2009-cu il tarixdə vəfat edib, vərəsələri Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, X20 19.02.1993-cü il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlakdakı paya vərəsəsi Cavabdeh8dır. İddiaçının bibisi Fizzə Səfər qızı 27.11.1981-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlakdakı paya vərəsə Cavabdeh9dır. Lakin onlar 23.05.2019-cu il tarixdə vərəsəlik işinin açılması ilə əlaqədar 12 saylı Notariat Ofisinə müraciət etsələr də, Notariat Ofisi tərəfindən 30.05.2019-cu il tarixdə onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Odur ki, iddiaçı, 06.09.1956-cı il tarixdə vəfat etmiş Ziba Dostəliyevanın vəfatından sonra miras qalmış fərdi yaşayış evindəki 1/5 payın mərhumun vərəsələri Ələkbər Dostəlizadə, Ələskər Dostəliyev, Əbülfəz Dostəliyev və Fizzəxanım Babayeva tərəfindən qəbul edilmiş hesab edilməklə, onlarının hər birinin həmin evdə 1/4 pay nisbətində mülkiyyət hüququnun tanınması, fərdi yaşayış evinin altındakı 244 kv.metr ölçülü torpaq sahəsinin miras kütləyə daxil edilməsini, fərdi yaşayış evi və altındakı torpaq sahəsinin 1/12 hissəsinə onun, 1/12 hissəsinə Cavabdeh1, 1/24 hissəsinə Cavabdeh2, 1/24 hissəsinə Cavabdeh7, 1/8 hissəsinə Cavabdeh3, 1/24 hissəsinə Cavabdeh4, 1/24 hissəsinə Cavabdeh6, 1/24 hissəsinə Cavabdeh5, 1/4hissəsinə Cavabdeh8 və 1/2 hissəsinə Cavabdeh9 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.09.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət edilmişdir. İş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirən DƏDRX Əİ həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlər mövcud deyil, buna görə də nə iddiaçıların, nə də cavabdehlərin həmin əmlaka heç bir subyektiv hüquqları yoxdur. Bundan başqa, İdarənin mütəxəssisləri iddia ərizəsində qeyd edilən ünvana baxış keçirən zaman qeyd edilən ünvanda torpaq sahəsinin zəbt edilməsi və qanunsuz tikililərin inşa edilməsi faktını aşkar etmişlər. DƏDRX Əİ və cavabdeh Notariat Ofisi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bundan başqa iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, G.Quliyev, Cavabdeh6 də apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak etmiş İddiaçı və cavabdehlər Cavabdeh5, G. Dostəlizadə, G.Abbasova, V.Dostəlizadə, Cavabdeh8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdilər ki, mübahisəli ünvanda əlavə torpaq sahəsinin zəbt edilməsi və qanunsuz tikililərin inşa edilməsi halı mövcud deyil. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1-də yerləşən 2 saylı fərdi yaşayış evi ümumbirgə mülkiyyət kimi X54, X22, X23, X24 və X40 adlarına 170 nömrəli kitabda, 7299 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. İİİ-JQ seriyalı, 260397 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Ziba Dostəliyeva 06.09.1956-cı il tarixdə vəfat etmişdir. İ-JQ seriyalı, 426107 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X15 13.06.1977-ci il tarixdə vəfat etmişdir. AZ-T seriyalı, 096727 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur. Atası qrafasında X15 qeyd edilmişdir. AZ-İİ seriyalı, 015823 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X16 27.11.1981-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 987386 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X25 09.04.1997-ci il tarixdə vəfat etmişdir. İ-İE seriyalı, 867002 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, Abasova (Babayeva) Gülnarə Yusif qızı 01.08.1959-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X25, anası qrafasında X34 qeyd edilmişdir. İİİ-JQ seriyalı, 302516 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X19 06.02.1985-ci il tarixdə vəfat etmişdir. İ-İV seriyalı, 848550 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh3 Əbülfəz oğlu xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X19 qeyd edilmişdir. İİ-İE seriyalı, 027298 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, X8 14.08.1960-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X19 qeyd edilmişdir. AZ-İ seriyalı, 370159 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Quliyeva (Dostəliyeva) Gülnarə Əbülfəz qızı 01.07.2009-cu il tarixdə vəfat etmişdir. İX-JQ seriyalı 282480 saylı, İX-JQ seriyalı 402929 saylı və Xİ-JQ seriyalı 496341 saylı “Doğum haqqında şəhadətnamələrdən” görünür ki, Quliyeva (Dostəliyeva) Gülnarə Əbülfəz qızının Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 adında övladları vardır. İV-JQ seriyalı, 388939 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X20 19.02.1993-cü il tarixdə vəfat etmişdir. XVİ-JQ seriyalı, 392949 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh8 27.10.1949-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X20 qeyd edilmişdir. AZ-İ seriyalı, 188336 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Dostəlizadə Əzizağa Ələkbər oğlu 03.04.2006-cı il tarixdə vəfat etmişdir. AZ seriyalı, ******* saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X17 qeyd edilmişdir. 29.06.2019-cu il tarixli, 02.07.2019-cu il tarixli və 03.07.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətlərindən görünür ki, X9, X18 və X2 ataları X3 miras qalmış əmlakın onlara düşən paylarından qardaşları İddiaçı xeyrinə imtina etmişlər. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin sorğusuna verilmiş 23.07.2019-cu il tarixli, **********64 saylı cavab məktubundan görünür ki, yuxarıda qeyd edilən fərdi yaşayış evi tarixsiz olaraq X5, X22, X26, X24, X40 adlarına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli 03.11.2001-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən evin 1 otağı 12.12.2001-ci il tarixdə X27 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 03.11.2001-ci il tarixli 2v-165 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə” əsasən 1/5 hissədən qalan hissə 10.04.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir. Cavabdeh10 30.05.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 23.05.2019-cu il tarixli ərizəsinə cavab olaraq 13.06.1977-ci il tarixdə vəfat etmiş X1 ümumi paylı mülkiyyətlərində olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi itə bağlı müraciətinə baxıldığı bildirilmiş, bununla əlaqədar miras qoyanın sonuncu yaşayış yeri, miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi, qohumluq münasibətlərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yasamal Rayon bələdiyyəsinin 24.06.2001-ci il tarixli, 964 saylı arayışından görünür ki, mərhum X15 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan ev sahiblərindən alınan əmlak və torpaq vergisinin ödəyicisidir və onun 2001-ci il üzrə borcu yoxdur. Göstərilənlərə əsasən işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli əmlak X21 miras qalmış, onun arvadı (iddiaçının nənəsi) və övladları (iddiaçının atası, əmiləri, bibisi) tərəfindən qəbul edilərək adlarına müvafiq çıxarışın verilmişdir. Sonuncuların da vəfatından sonra həmin əmlak onların övladları olan iddiaçı və cavabdehlərə miras qalmış və sonuncular tərəfindən idarə olunmuşdur. DƏDRX Əİ apellyasiya şikayətində bildirir ki, mübahisəli əmlaka dair hüquq müəyyənedici sənədlər mövcud deyil, buna görə də nə iddiaçıların, nə də cavabdehlərin həmin əmlaka heç bir subyektiv hüquqları yoxdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.03.1965-ci il tarixdən 01.09.2000-ci il tarixədək Azərbaycan Respublikasında qüvvədə olmuş Mülki Məcəllənin 532-ci maddəsinin tələbinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, vərəsə, miras əmlakın faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məcəllənin 553-cü maddəsinə görə, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Məcəllənin 563-cü maddəsinə görə, miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Mülki Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məcəllənin 1159.1.3-cü maddəsinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MPM-nin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. MPM-nin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinə X54, X22, X23, X24 və X40 ümumbirgə mülkiyyət hüququ qeydiyyatdan keçmiş və onların adına çıxarış verilmişdir. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, DƏDRX Əİ-nin mütəxəssisləri iddia ərizəsində qeyd edilən ünvana baxış keçirən zaman qeyd edilən ünvanda torpaq sahəsinin zəbt edilməsi və qanunsuz tikililərin inşa edilməsi faktını aşkar etmişlər. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, qeyd edilən dəlilə istinad edən DƏDRX Əİ, həmin dəlildə qeyd edilən halları təsdiq edə biləcək hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətində göstərilənlər qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün DƏDRX Əİ tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün DƏDRX Əİ tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5255/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5255/2021
09.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver