Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5258/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X15 nümayəndəsi X8, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və onun nümayəndəsi-vəkili Vəkil, X3, X1, X2 nümayəndəsi (qardaşı) X4 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X15 Cavabdeh qarşı (X7, X5, X9, X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilidən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-360/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Heydər Əliyev adına X18 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, həmin tikilidən cavabdehin çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X17 məxsus Dş-250 mm. (yüngül fleqma) neft boru kəmərinin “Mühafizə Zonası”nın 4 metrliyində torpaq zəbt edilməklə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də özbaşına mişar daşından tamamlanmış bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir və hal-hazırda o ailə üzvləri ilə birlikdə orada yaşayır. Bundan başqa həmin Dş-250 mm. Neft boru kəmərinə paralel zavoda məxsus Dş-400 mm. (mazut), 2 ədəd Dş250 mm. (benzin), Dş-200 mm. (dizel) və Dş-300 mm. (DT-36) neft boru kəmərləri keçir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, Cavabdeh həmin tikilidən çıxarılması və tikili Cavabdeh hesabına sökülməsi, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Heydər Əliyev adına X17 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, valideyinləri Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra 1997-ci ildən Xətai rayonu, ünvan 1 ünvanda məskunlaşaraq hazırda sökülməsi tələbi qoyulan mənzili inşa edərək orda yaşamışlar. O, həmin ünvanda dünyaya gəlmişdir. Xətai rayon məhkəməsi qətnamənin təsviri hissəsində qeyd edir ki, sənədlərdən görünür ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X17 məxsus Dş-250 mm. (yüngül fleqma) neft boru kəmərinin “Mühafizə Zonası”nın 4 metrliyində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də özbaşına mişar daşından tamamlanmış bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir.Bununla bağlı təyin edilmiş ekspertiza rəyində isə Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 72 saylı fərdi yaşayış evi bütövlüklə Heydər Əliyev adına X17 maxsus Dş 250 mm, (yüngül fleqma) magistral boru kəmərinin mühafizə zonasında yerləşir kimi nəticəyə gəlinmişdir. Kim deyir ki, onların yaşadıqları mənzil mühafizə zolağında yerləşmir?! Mübahisəli evdən mühafizə zolağına kimi arada 2 ev olmasına baxmayaraq yeganə yaşayış evinin sökülməsi və boşaldılmasına dair qətnamənin qəbul edilməsi tam yanlışdır. Apellyasiya məhkəmə islasında iştirak edən cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və onların nümayədələri və vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsinin xahiş etmişlər. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiuraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü, qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Apelyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X17 məxsus Dş-250 mm. (yüngül fleqma) neft boru kəmərinin “Mühafizə Zonası”nın 4 metrliyində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də özbaşına mişar daşından tamamlanmış fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli 10/2716 saylı ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 72 saylı fərdi yaşayış evi bütövlüklə Heydər Əliyev adına X17 məxsus Dş 250 mm, (yüngül fleqma) magistral boru kəmərinin mühafizə zonasında yerləşir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Müəyyən olunur ki, neft kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda cavabdehin qanunsuz istifadəsindədir. Mübahisəli tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin kəmərdə baş verə biləcək kiçik bir hadisə insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdehin neft kəmərinin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm ailə üzvlərinin, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi onun üzərinə düşür. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-360/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5258/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5258/2022
03.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver