Məhkəmə qərarları › İş №2(103)-526/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-526/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-526/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 5029,70 manat məbləğində borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 5059,70 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Bakı X6 Departamentində qeydiyyatda olmaqla 14.02.2017-ci il tarixli, 16157 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********00020 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********35 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan istifadə edilmiş 4963,10 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı: istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək), 70% təbii qazdan istifadə üçün yüklənir. Cavabdeh sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, İddiaçı nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-446/2019 sasylı 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019 il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1774/2020 nömrəli 17 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçı Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019 il tarixli, 2(103)- 13415/2019 saylı qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-446/2019 sasylı 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 29 iyun 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 14.02.2017-ci il tarixli 16157 saylı müqavilənin surətindən aydın olur ki, müqavilə əsasında ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürür. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2010-2018-ci illər ərzində təbii qazdan istifadəsi nəticəsində cəmi 5029,70 manat borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir və iş materiallarına əlavə edilmiş xəbərdarlıqdan aydın olur ki, yaranmış borc məbləğini ödəməsi cavabdehə təklif edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 28 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. İşin hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 14.02.2017-ci il tarixli 16157 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X6 Departamenti tərəfindən **********00020 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1302AZ**********35 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, aktların surətləri ona təqdim edilməmişdir. İddiaçı cavabdehin təqsirini sübuta yetirmədən ona əsassız olaraq yüksək məbləğdə cərimə hesablamışdır, cərimənin ödənilməsi barədə ona heç bir xəbərdarlıq etməmişdir və məhkəmə araşdırması zamanı borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri də izah edə bilməmişdir. İddiaçı sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsinin sübutu qismində iddia ərizəsinə qara-ağ təsvirli bir neçə ədəd fotoşəkil əlavə etmişdir ki, həmin fotoşəkillərin cavabdehin evində çəkilib-çəkilməməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa, tərtib edilmiş aktların çoxusu 2016 və 2017-cı illərdə cavabdehin anası X1 adına yazılmışdır. Halbuki, cavabdehin anası 28.09.2015-ci il tarixdə ölmüşdür. Lakin aktlarda cavabdehin anasının imtina etdiyi qeyd edilmişdir. İddiaçı 2017-ci ilin əvvəlində və 2018-ci ilin əvvəlində cavabdeh tərəfindən sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halını aşkar etdiyi halda həmin xətti ləğv etməmişdir, məhkəməyə müraciət edərkən cərimə məbləğini 2017-ci ildə və 2018-ci ildə mövcud olmuş aşağı tariflərlə deyil, indi qüvvədə olan yüksək tariflərlə hesablamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 17 iyun 2020-ci il tarixli qərarında qeyd olunan göstərişlərə əsasən məhkəmənin 04 fevral 2021-ci il qərardadı ilə iş üzrə əlavə məhkəmə-texniki ekspertizası təyin etmişdir. Ekspert qarşısında aşağıdakı sualllar qoyulmuşdur: 1).ünvan 3 ünvanında quraşdırılmış, **********00020 saylı abonent kodu olan sayğacdan kənar qeyri-qanuni qoşulma olmuşdurmu? 2).Qeyd olunan hazırkı iş üzrə sayğacdan kənar qeyri-qanuni qoşulma olubsa, həmin qoşulma iş materiallarının 18, 21, 24, 27, 30, 33, 36 və 39-cu səhifələrində olan fotoşəkillərdə göstərilən müdaxilələrlə eynidirmi? Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli 10/1304 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar quraşdırılmış, **********00020 saylı abonent kodu olan sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Həmin ünvanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdə göstərilən şəraitdə sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə edilə bilərdi. Qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq Kollegiya hesab edir ki, iddiaçı zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və cavabdehin təqsirli olmasını sübut edə bilmədiyindən,bununla da iddianın təmin edilməsi üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etiəməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar