Məhkəmə qərarları › İş №2(103)-5262/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5262/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5262/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1535/2020 nömrəli qətnaməsindən İddiaçı X3 X6 Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı «əsas borcun və faizin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdə 267/13 saylı kredit müqaviləsinə əsasən 1.275 manat 84 qəpik əsas borc, 5 manat 82 qəpik faiz olmaqla, cəmi 1.281 manat 66 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli müqaviləyə görə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X4 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər xx.xx.2018-ci il tarixli S-FK-İB-177 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin X2 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 267/13 saylı «Vakala» borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 2.799 manat məbləğində pul vəsaiti verilmişdir. Borc müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan «Kirby» firmasının istehsalı olan «Sentria» modelli ********** seriyalı nömrəli avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə bank 2.799 manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Borc alan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borc alana verilən borc vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş faktiki sayına görə hər gün illik 20 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu 1.275 manat 84 qəpik, faiz 5 manat 82 qəpik, cəmi 1.281 manat 66 qəpik təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1535/2020 nömrəli qətnaməsi ilə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı «əsas borcun və faizin tutulması» tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə, rədd edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1535/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnaməni ləğv edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 267/13 saylı «Vakala» borc müqaviləsi bağlanmış, ona illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 2.799 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2.771 manat pulu nağd şəkildə bankın kassasından götürmüşdür. Qeyd olunan vəsait «Kirby» firmasının istehsalı olan «Sentria» modelli ********** seriyalı nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması məqsədi ilə verilmişdir. Müqavilənin 4.4-cü bəndinə əsasən borcdan istifadə müddəti xx.xx.2015-ci il tarixdə bitir. Müqaviləyə əlavə edilmiş, müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə son ödəniş tarixi xx xxxxxxx 2015-ci il tarixidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Həmin Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlanır. ( Mülki Məcəllənin 368 və 377.2-ci maddələri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (Mülki Məcəllənin 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (Mülki Məcəllənin 399.4-cü maddəsi). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı QSC BOKT-un Cavabdeh qarşı «əsas borcun və faizin tutulması» tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə mövqeyi düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1535/2020 nömrəli qətnaməsi İddiaçı QSC BOKT-a münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar