Məhkəmə qərarları › İş №2(103)-5263/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5263/2020

23.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5263/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1620/2020 nömrəli qətnaməsindən cavabdeh «xxxxxxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «elektrik enerjisinin sərfiyyatına görə hesablanmış pulun silinməsi, əsassız və qanunsuz ödənişlərin, habelə elektrik sayğacının ilkin quraşdırıldığı yerə qaytarılması və dəymiş mənəvi ziyana görə təzminatın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, saxta plan-smeta sənədləri tərtib etməklə əsassız və qanunsuz xx.xx.2014-cü il tarixli 173741 saylı kassa mədaxil orderi əsasında ondan alınmış 437 manatın ona qaytarılması; abunə haqqında vərəqlə xx.xx.2019-cu il tarixdə yalançı 3161 kvts. enerji sərfiyyatına görə ödəniş haqqı 221 manat müəyyənləşdirilərək həmin sərfiyyata görə «limitdən artıq sərfiyyat» tariflə hesablanmış 114 manat əlavə etməklə cəmi 335 manat məbləğində saxta borcun hesabından silinməsi; elektrik sayğacının cavabdehin vəsaiti hesabına ilkin quraşdırıldığı yerinə qaytarılması; özünün və ailəsinin şərəf, ləyaqət və işgüzar nüfuzlarının ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi «xxxxxxxx» ASC tərəfindən 5.000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, abunə haqqında vərəqlə xx.xx.2019-cu il tarixdə 3161 kvts. enerji sərfiyyatına görə ödəniş haqqı 335 manat məbləğində borcun silinməsi; özünün və ailəsinin şərəf və ləyaqətinin ləkələnməsinə görə «xxxxxxxx» ASC tərəfindən 5.000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 3 ünvanda yerləşən evində xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək quraşdırılmış 498845 saylı elektrik sayğacı vasitəsi ilə hesablaşma aparılmaqla hər ay 4 kvts.-dan 240 kvts.-a qədər elektrik enerjisini istehlak etmişdir və elektrik enerjisinin sərfinə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək vaxtı-vaxtında 202 manat məbləğində ödəniş etmişdir. Sayğac göstəricisinə uyğun olaraq enerji sərfiyyatına görə cəmi 71 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixdə yaşayış olmayan evində bir ay üçün enerjinin istehlakına dair guya 3161 kvts. yalan qeydiyyat aparılmışdır. Ev onun xüsusi mülkiyyətində olduğu, «xxxxxxxx» ASC tərəfindən elekrik enerjisinin istehlakına dair müqavilə onunla bağlandığı halda, xx.xx.2019-cu il tarixdə onun iştirakı olmadan «xxxxxxxx» ASC-nin Xəzər rayon ET və Sİ tərəfindən 498845 saylı elektrik sayğacının çıxarılmasına dair 153243 saylı akt onun tərəfindən imza edilmədiyinə görə etibarsız sayılmalı və heç bir hüquqi nəticələrə səbəb olmamalıdır. Aktda qeyd olunmuş 007494 kvts. sayğac göstəricisi saxtadır. xx.xx.2014-cü il tarxdən xx.xx.2019-cu il tarixədək olan müddətədək abunə haqqında vərəqdəki sayğac göstəricilərinə əsasən hər ay üçün 4 kvts.-dan 240 kvts.-a qədər 1 aylıq istehlak olunmuş enerjinin miqdarı göstərilməklə 0,20 manatdan 17 manata qədər aylıq ödəniş haqqı müəyyənləşdirmişdir. Eyni zamanda, yeni quraşdırılmış sayğacın göstəricisinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 1 ay ərzində istehlak olunmuş enerjinin miqdarı 11 kvts. göstərilməklə ödəniş haqqı 0,70 manat məbləğində müəyyənləşdirilmişdir. Bundan əlavə, 498845 saylı elektrik sayğacının müayinəsi «xxxxxxxx» ASC-nin Sayğac Quraşdırma və X2 iştirakı olmadan keçirilmiş, müayinə aparılsa da, laboratoriya rəyi ona verilməmişdir. Onun iştirakı olmadan, sayğacın üzərində olan göstərici ona təqdim edilmədən keçirilmiş yoxlamanın və laboratoriya müayinəsinin nəticələri etibarsız və hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Bildirir ki, ona xəbərdarlıq edilmədən və rəsmiləşdirilmədən, özbaşına yeri dəyişdirilmiş 498845 saylı elektrik sayğacının əvvəlki, yəni ilk quraşdırıldığı yerə qaytarılması üçün «xxxxxxxx» ASC-nin Xəzər rayon ET və Sİ-nin əməkdaşları ondan əsassız olaraq 200 manat pul tələb etmişlər. Onun tərəfindən 200 manat ödənilmədiyindən, xx.xx.2019-cu il tarixdə bir ay ərzində istehlak olunmuş enerjinin mərfiyyatını 3.161 kvts. kimi yalançı qeydlər icra etməklə, 221 manat saxta borc hesablanmışdır. Bununla kifayətlənməyərək, üstəlik 3161 kvts. görə 1 aylıq sərfiyyatda «limitdən artıq sərfiyyat» sərfiyyat tarifi ilə əlavə olaraq 114 manat ona borc hesablanmışdır. Ümumilikdə 221 manata 114 manat əlavə edilməklə cəmi 335 manat məbləğində əsassız borc hesablanılmışdır. İstehlakı tərəfindən mümkün olmayan, lakin saxtakarlıq etməklə yalançı elektrik enerjisinin sərfiyyatının dəyərinin ödənilməsinin ondan tələb olunması ilə bağlı məsələnin araşdırılması ilə əlaqədar «xxxxxxxx» ASC-nin Xəzər rayon ET və Sİ-yə dəfələrlə müraciət etdiyi zaman həmin idarənin əməkdaşları ona qarşı kobudluq etmiş, üstünə qışqırmış və digər qeyri-etik qaydada onunla rəftar etmişlər. Bu da onda mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmiş, onun və ailə üzvlərinin şərəf, ləyaqəti və işgüzar nüfuzu ləkələnmişdir. Belə ki, həmin ərazidə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan əri Rövşən Məmmədovun işgüzar nüfuzuna da ziyan dəymişdir. Cəmiyyətdə, qonşular arasında ərinin və onun barəsində mənfi rəy yaranmışdır, o, çoxsaylı müştərilərini itirmiş, ümumiyyətlə qonşular arasında özü və əri etibarsız şəxslər kimi tanınmışlar və gözdən düşmüşlər. İşıq idarəsinin əməkdaşlarının qeyri-etik və qanuna zidd hərəkətləri nəticəsində əsəbləri pozulmuş, hər ikisi yuxusuzluğa düçar olaraq, səhhətlərində əsəb və baş ağrısı ilə müşayiət olunan müxtəlif problemlər yaranmışdır. Bununla da, şərəf, ləyaqət və işgüzar nüfuzları ləkələnərək onlara mənəvi ziyan dəymişdir. Buna görə də, mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat alınaraq ona verilməlidir. Saxta 3161 kvts. yazılmış sərfiyyat ləğv olunmalıdır. Evinə qədər elektrik xəttinin çəkilməsi və elektrik sayğacının quraşdırılması üçün çəkilən xərclər elektroenergetika müəssisəsinin hesabına həyata keçirilməli idi. Bu səbəbdən, cavabdeh tərəfindən qanunsuz və əsassız plan-smeta sənədləri tərtib etməklə xx.xx.2014-cü il tarixli 173741 saylı kassa mədaxil orderi əsasında ondan alınmış 437 manat ona qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1620/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 mənzil 3 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********30003 saylı abunə koduna hesablanmış 335 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh «xxxxxxxx» ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, qətnamənin qismən ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən, tərəflər arasında faktiki münasibətlərə, işin həqiqi hallarına əsaslanmamışdır. Belə ki, hazırki iş sayğac üzrə elektrik enerjisi sərfiyyatının dəyərinin tələb edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sorfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunı nasına görə məsuliyyət daşıyır. Qeyd edilən hallardan görünür ki, məhkəmə tərəfindən maddi və prossesual pozuntulara yol verilməsi ilə düzgün olmayan qətnamə çıxarılmışdır ki, bu da məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəf (nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Cavabdeh isə qətnaməni qismən, iddia tələbinin qismən təmin olunması hissəsində mübahisələndirir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı ünvan 1 mənzil 3 ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş R seriyalı 153243 saylı aktda qeyd olunmuşdur ki, abonentin xx xxxxxxx 2019-cu il tarixli yazılı müraciətinə əsasən elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, sayğacın sxemi düzdür və normal işləyir. Axan yük ölçülmüşdür. Sayğac laboratoriyada yoxlanılmış, normal işlədiyi qeyd olunmuşdur. Buna baxmayaraq, sayğac dəyişdirilmişdir. Buna qədər isə, xx.xx.2019-cu il tarixdə abonentin limit çərçivəsində 221 manat 27 qəpik, limitdən artıq 114 manat 44 qəpiklik elektrik enerjisi sərf etməsi qeyd olunaraq, iddiaçıya cəmi 335 manat 71 qəpik borc hesablanmışdır. Abonentin aylıq sərfiyyatı ilə bağlı cədvəldən göründüyü kimi, iddiaçının hesabat dövrü ərzində cəmi 335 manat 71 qəpik elektrik enerjisi sərf etməsi qeyri-mümkündür. Sayğacın normal şəkildə işləməklə, icazə verilən xəta həddini keçmədiyi nəzərə alındıqda, iddiaçıya elektrik enerjisi sərfiyyatı müqabilində 335 manat 71 qəpik borc yazılmasının heç bir əsası yoxdur. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı adına olan **********30003 saylı abunə koduna hesablanmış 335 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 mənzil 3 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********30003 saylı abunə koduna hesablanmış 335 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2. maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh təşkilat öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat iddiaçıya hesablanan borcun həqiqiliyini sübuta yetirə bilmədiyi üçün işə baxan məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1620/2020 nömrəli qətnaməsi cavabdeh «xxxxxxxx» ASC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar