Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5270/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 21.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh QSC BOKT İddiaçı qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 20.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 326.900 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-493/21) iddia qismən təmin edilərək İddiaçı ilə "xxxx" ASCnin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış borcun (əsas, faiz, dəbbə) İddiaçı hesabından silinməsi qət edilmiş, iddia tələbi - İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində və Cavabdeh QSC BOKT-nın İddiaçı qarşı “İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 326.900 (üç yüz iyirmi altı min doqquz yüz) manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Cavabdeh BOKT QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci il tarixdən "xxxx" MMC-də mühafizəçi işləmişdir. "xxxx" MMC "xxxx" ASC-nin balansında olan binaların mühafizəsini həyata keçirmişdir. İddiaçı həmin vaxtlar, o cümlədən 2010-cu ili əhatə edən dövrdə bankın müxtəlif filiallarında mühafizəçi kimi işləmişdir. Həmin vaxt rəisi İbrahim Hüseynov iddiaçını və digər iş yoldaşlarını "xxxx" ASC-nin Nəqliyyat filialına göndərərək, orada əmək müqaviləsini imzalamağı xahiş etmişdir. Bununla əlaqədar iddiaçı həmin filiala getmiş və hansısa sənədlərə imza etmişdir. Bu hadisə təxminən 2010-cu ilin ortalarında baş vermişdir. İddiaçı həmin vaxt imzaladığı sənədlərin məzmununu bilməmiş və həm də rəisin tapşırığı olduğu üçün sənədlərin məzmunu ilə maraqlanmamışdır. Həmin vaxt iddiaçıya heç bir pul vəsaiti verilməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının, habelə digər mühafizəçilərin imzaladıqları müqavilələr əslində kredit müqavilələri olmuşdur. Belə ki, İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya guya 900.000 manat kredit verilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçıya heç bir pul vəsaiti verilməmişdir. Həmin müqavilədə qeyd olunan 895.520 manat pul vəsaiti, habelə digər müqavilələr üzrə də rəsmiləşdirilən pullar bankın rəhbərliyi tərəfindən cinayət yolu ilə mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli 1(101)- 975/2016 nömrəli hökmü ilə "xxxx" MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən "xxxx" ASC-nin İdarə Heyətinin sədri işləmiş Cahangir Hacıyevlə əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 01.06.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və 01.06.2017-ci il tarixdən hökm qanuni qüvvəyə minmişdir. Həmin hökmə əsasən İddiaçı adına rəsmiləşdirilmiş 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə 895.520 manat pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi və zərərçəkmiş bankın mülki iddiasının təmin edildiyi, İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 895.520 manat pul vəsaitinin, onun adına 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə qeyri-qanuni açılmış 895.520 manat kreditin "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilmişdir. İş üzrə vurulmuş maddi ziyanın məbləğlərinin məhkumlar İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyrilərindən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə hökmdən və qərardan görünür ki, iş üzrə dəymiş maddi ziyanın böyük hissəsi, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş 895.520 manat kredit tam şəkildə "xxxx" ASC-yə qaytarılmışdır. Həmçinin iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyriləri bildirmişlər ki, müxtəlif şəxslərin, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş kreditlər üzrə onlara pul vəsaitləri verilməmiş, bankın sərəncamında qalmış və başqa şəxslərə daha yüksək faizlə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən problemli aktivlər üzrə tələb hüququ Cavabdeh QSCyə güzəşt edilmiş və 19.06.2017-ci il tarixli SFK-35 saylı aktla iddiaçıya aid sənədlər Cavabdeh QSC-yə təhvil-təslim edilmişdir. Göründüyü kimi, iddiaçının adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə kredit vasitələri iddiaçıya verilməmişdir və iddiaçı bu vəsaitdən faydalanmamışdır. Bu səbəbdən iddiaçıdan almadığı kreditə görə hesablanmış 326.900 manat faiz məbləğinin tələb edilməsi qanunsuz və əsassızdır. Həmçinin qarşılıqlı iddia üzrə 24.09.2010-cu il tarixli kredit müqaviləsinə görə yaranmış borcun və hesablanmış faizlərin tələb edilməsi üçün üç illik iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan və iddia müddəti keçdiyinə görə rədd olunmasını xahiş edir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Cavabdeh QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alması ilə bağlı İddiaçı dair sənədlər 19.06.2017-ci il tarixli SFK-40 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinə əsasən illik 14% hesablanmaqla 36 ay müddətinə İddiaçı 900.000 manat kredit verilmişdir. 28.09.2020-ci il tarixli kassa məxaric orderinə əsasən 895.520 manat pulun İddiaçı ödənildiyi qeyd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli 1(101)-975/2016 nömrəli hökmündə İddiaçı adına rəsmiləşdirilmiş 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə 895.520 manat pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi və İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 895.520 manat pul vəsaitinin 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə vurulmuş ziyan kimi ödənilməsi öz təsdiqini tapsa da, 24.09.2010-cu il tarixli müqavilə üzrə hesablanmış 326.900 manat faiz borcu ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmənin hökmü ilə 895.520 manat pul vəsaitinin İddiaçı verilmədiyi sübuta yetirilsə də, Bank hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh BOKT QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin adı həmin cinayət işi üzrə zərər çəkmiş kimi deyil, şahid qismində keçmişdir. Onun adına yazılmış 24.09.2010-cu il tarixli, 10682 saylı kredit müqaviləsi üzrə faiz borcu 326900 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki qətnamə ilk iddiaçı tərəfindən mübahisələndirilməmiş, yalnız cavabdeh tərəfindən ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirilmişdir. Göstərilənlərə əsasən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından görünür ki, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsində "xxxx" ASC-nin Nəqliyyat filialı borcalan İddiaçı illik 14% hesablanmaqla 36 ay müddətinə 895.520 manat kredit verilməsi nəzərdə tutulmuşdur. 28.09.2020-ci il tarixli kassa məxaric orderinə əsasən 895.520 manat pulun İddiaçı ödənildiyi qeyd edilmişdir. Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddəti 24.09.2013-cü il tarixdə bitmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14.10.2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi uydurma əqd olmuş, İddiaçı kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmışdır. 28.09.2010-cu il tarixli kassa məxaric orderində göstərilən 895.520 manat vəsait İddiaçı verilməmiş, bankın rəhbərliyi tərəfindən cinayət yolu ilə mənimsənilmiş, daha sonra cinayət işinə baxılan zaman İddiaçı verildiyi iddia edilən 895.520 manat vəsait tam şəkildə vurulmuş maddi zərərin əvəzi kimi "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı həmin hökmə əsaslanaraq məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə kredit borcunun, hesablanmış faizlərin onun hesabından silinməsi barədədir. Cavabdehin qarşılıqlı iddiası isə 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 326.900 manat faiz borcunun İddiaçı tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələri təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, 24.09.2010-cu il tarixli kredit müqaviləsinin uydurma əqd olduğu və həmin kredit müqaviləsi ilə İddiaçı kredit verilmədiyi tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən, həmin kredit müqaviləsi üzrə iddiaçıdan hər hansı borcun tutulması tələb edilə bilməz. Odur ki, kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə İddiaçı iddiası təmin edilməli, İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış 24.09.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış borc (əsas, faiz, dəbbə) İddiaçı hesabından silinməlidir. Qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsinə dair iddiaçının ərizəsinə də qiymət verərək qeyd etmişdir ki, Cavabdeh QSC BOKT-nın qarşılıqlı iddiası əsassız olduğundan iddia müddətinin tətbiqinə lüzüm yoxdur. Əgər qarşılıqlı iddia əsaslı olmuş olsaydı, həmin iddia iddia müddəti ötürüldüyünə görə də rədd edilməli idi. 24.09.2010-cu il tarixli kredit müqaviləsində göstərilən kredit vəsaitindən istifadə müddəti 24.09.2013-cü il tarixdə bitmişdir. Tərəflər arasındakı müqavilə üzrə 985.520 manat vəsaitin həqiqətən də İddiaçı verildiyi təsdiq edildiyi təqdirdə belə, həmin müqavilə üzrə üç illik iddia müddəti 24.09.2016-cı il tarixdə bitmişdir. Cavabdeh QSC BOKT üç illik iddia müddətini də buraxaraq İddiaçı qarşı “24.09.2010-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 326.900 manat faiz borcunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 20.10.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddətinin tətbiqinə dair 30.03.2021-ci il tarixdə məhkəməyə ərizə vermişdir Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarı və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən apellyasiya qaydasında mübahisələndirilən hissədə işin halları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquqnormaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh BOKT QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5270/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5270/2021
28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver