Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5277/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X2 iştirakları ilə İddiaçı X3 qarşı “şəriklik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2010-cu il tarixdə cavabdehlə 10 il müddətinə şəriklik müqaviləsi bağladığını, Cəlal Məmmədov müqaviləyə uyğun olaraq müəssəyə taxıl məhsullarının alınması üçün 150 000 manat məbləğində pul qoymalı olduğu halda bunu etmədiyindən “xxxx” MMC-nin direktoru kimi 04 oktyabr 2010-cu il tarixdə cavabdehə məktub ünvanlayaraq həmin tarixdən aralarında bağlanmış müqavilənin etibarsız hesab olunmasını, onun həmin müəssisədə icraçı direktor vəzifəsinin icrasını dayandırdığını və müəssisənin müflisləşdiyini bildirdiyini, lakin buna baxmayaraq cavabdehin müqavilədə göstərilən məbləği ondan tələb etdiyini, müqaviləni bağlayarkən cavabdehin vicdansızlıq nümunəsi göstərərək etimadından suiistifadə etdiyini irəli sürmüş, buna görə də 10 avqust 2010-cu il tarixdə cavabdehlə bağladığı şəriklik müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qanunu düzgün tətbiq etmədiyini, qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir. Kollegiya izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, 10 avqust 2010-cu il tarixdə tərəflər arasında “X1 Şəriklik müqaviləsi” bağlanmış, müqaviləyə əsasən onlar, Arif İbrahimova məxsus “xxxx” MMC-nə aid un dəyirmanını və çörək zavodunu Cəlal Məmmədovun sərmayə kimi yatıracağı 108 000 manat hesabına şərikli işlədib qazanc əldə etməyə razılaşmışlar. İş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli qətnaməsi ilə X2 İddiaçı qarşı iddia tələbi təmin olunmuş, “xxxx” MMC-nin direktoru İddiaçı 108 000 manatın alınaraq X3 ödənilməsi qət olunmuş, həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin 04 iyul 2011-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, əslində qeyd olunan məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-240/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5277/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5277/2021
10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver