Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5277/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Ramin Allahverdiyevin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “9972,08 manat borcun və 119,72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(001)-2022/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 03 avqust 2020-ci il tarixli, 060/2020 saylı “məhsulların nisyə alğı-satqısı barədə” müqavilənin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh ümumi dəyəri 30000 manat olan məhsulu satmış, sonuncu isə həmin məhsulları nisyə olaraq qəbul edib borcu 03 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.
2. 03 avqust 2020-ci il tarixli təhvil-təslim aktında görünür ki, həmin tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 30000 manat olan müxtəlif adda məhsullar təqdim edlmişdir.
3. Cavabdeh tərəfindən İddiaçı MMC-nin rəhbərinə ünvanlanmış 03 avqust 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu 30000 manat pulu 03 aya qədər tam ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ƏİA/3 serialı, 811854 saylı mədaxil qəbzinin kötüyünə əsasən 8020 manat, ƏİA/3 serialı, 81854 saylı mədaxil qəbzinin kötüyünə əsasən 5007,92 manat və ƏİA/3 serialı, 811859 saylı mədaxil qəbzinin kötüyünə əsasən 7000 manat məbləğində ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9972,08 manat borcun və 119,72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alğı-satqısı” barədə 03 avqust 2020-ci il tarixli, 060/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bənidnə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında mövcud borcun etirafı haqqında 03 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır ki, cavabdeh borcunu etiraf etmiş və üç ay ərzində borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmiş, məhsulların dəyərinin bir hissəsi ödənilməmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(001)- 2022/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 9972,08 manat məbləğində pulun vəsaiti tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 119,72 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onun iddiaçıdan inzibati asıllığı olmayıb. Sərbəst şəkildə iddiaçı ilə bağlanmış müqavilənin mahiyyətini bilməsə də, işə ehtiyacı olduğundan, işi itirmək istəmədiyindən iddiaçının təklifi ilə belə bir müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, malları götürməyi və onları satdıqdan sonra əldə edilmiş vəsaiti iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Mülki işdən də göründüyü kimi o, pul götürməmişdir. Yalnız şirkətdən götürdüyü malın satılmasından əldə olacaq dəyərini şirkətə qaytarmağı üzərinə götürmüşdür. Satdığı, əslində şirkətə məlum alıcılara (ticarət obyektlərinə) çatırmalı olduğu malları çatdırmış və onun əvəzinə aldığı pulu şirkətə çatdırmağı öhdəsinə götürmüşdür. Pandemiya dövrünə düşdüyündən aydındır ki, ticarət demək olar ki, dayanmışdı və bəzi obyektlər malları sata bilmədiyindən pulları ona (əslində şirkətə) verə bilməmişlər. Bir çox obyekt isə tamamilə fəaliyyətini pandemiya dövründə dayandırmış, hətta birdəfəlik iflas olaraq bağlanmışdı. Bu haqda iddiaçının da məlumatı var idi. Onunla bağlanmış müqavilə başqa əqdi pərdələmək üçün bağlanan müqavilə kimi qiymətləndirilməli və etibarsız sayılmalıdır. Sahibkarlıq fəaliyyəti həyata keçirən subyekt olaraq iddiaçı əmək müqaviləsini pərdələmək üçün cavabdehlə müqavilələr bağlamış və hesab etmişdir ki, müqavilə şərtləri pozulduğu üçün cavabdeh ona itirilmiş məbləği ödəməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
11. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 598.1. əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri çərçivəsində qəbul edilmişdir, qanuni və əsaslıdır.
24. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir.
25. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini icra etməmişdir. Belə olan halda isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
26. Kollegiya həmçinin bildirir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, işin hallarına əsasən cavabdeh öz könüllü iradəsi əsasında iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, aldığı malların dəyərinin bir hissəsini ödəməklə müqavilənin şərtlərini qəbul etmiş, lakin sonradan öhdəliyini tam icra etməmişdir.
27. Apellyasiya şikayətinin “müqavilənin etibarsız hesab edilməsi ilə bağlı” arqumentinə münasibətdə kollegiya bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı qanuni əsaslar mövcud deyildir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
30. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki, həmin əqd özü-özlüyündə etibarsızdır.
32. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
34. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
35. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
36. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
37. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2022/2022 saylı iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.