Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5278/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı SOCARın İddiaçıt Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçın Birliyi neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış torpaq sahəsində (40.20.572; 49.48.987 koordinatlarda) Bakı şəhəri, Səbail rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən ərazisində uzun illərdir ki, fəaliyyət göstərərək neft-qaz hasilatı işləri həyata keçirir. Neft-qaz əməliyyatlarının aparılması üçün yuxarıda göstərilən ünvanda ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin katekqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifdə olunur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində “Azneft” İstaehsalat Birliyi ona aid olan torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Zəbt olunma nəticəsində göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlukəsizliyi qaydaları kobud surətdə pozulmuşdur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Mədinə Bağırova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə İddiaçıt Birliyinin “Bibiheybətneft” NQÇİ-nin (Keçmiş 26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neftqaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəh., Səbail ray., Hüseyinbala Əliyev küçəsində Cavabdeh tərəfindən zəbt edilərək üzərində özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da o, qanunsuz olaraq bu tələblərə əməl etməmişdir. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikinti işlərinin aparılması mövcud texniki təhlükəsizlik qaydalarının tələblərini kobud şəkildə pozmaqla “Azneft” İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədir. Səbail Rayon Məhkəməsi mübahisəli evin yerləşdiyi torpaq sahəsinin SOCAR “Azneft” İB-nin daimi istifadəsinə ayrılmış və “Bibiheybətneft” NQÇİ-nin fəaliyyət göstərdiyi ərazisinin hüdudları daxilində olan sənaye təyinatlı torpaq sahəsinə aid olmasına baxmayaraq cavabdehin özbaşına tikilidə uzun illər yaşamasını əsas tutaraq SOCAR “Azneft” İBnin Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması tələbinə dair iddia tələbi əsassız hesab edilərək təmin edilməmişdir. İş materialında olan Məhkəmə tikintitexniki ekspertizasının 23.11.2021-ci il tarixli, 10/2028 nömrəli rəyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 07.10.2020-ci il tarixli, 20 0920 30 3670 nömrəli mütəxəssis rəyindən görünür ki, 40.20.572; 49.48.987 koordinatlar üzrə yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR “Azneft” İB- nin daimi istifadəsinə ayrılmış və “Bibiheybətneft” NQÇİ-nin fəaliyyət göstərdiyi ərazisinin hüdudları daxilində olan sənaye təyinatlı torpaq sahəsinə aiddir. Həmçinin iddiaçının iddia etdiyi və göstərdiyi kroordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi, nəqliyyat rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Lakin məhkəmə hüquqi əhəmiyyətli sənədləri sübut kimi qiymətləndirməmişdir. Məhkəmə qətnaməsində göstərilən halın torpaq sahəsinə aid mübahisənin mahiyyət üzrə həll edilməsi hesab edilə bilməz. Belə ki həmin tikiliyə aid hüquqların qeyd olunması üçün əsaslardan biri olsa da, torpaq sahəsinin hüququ statusu və yüklülüyü müəyyən edilmədən heç bir əhəmiyyətə malik deyildir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 180, Torpaq Məcəlləsinin 22, 111-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Həsənov apellyasiya şikayətinin məzmunun uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan 07 mart 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh.X1 İcraiyyə Komitəsinin) 16.05.1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir.
10. İş üzrə “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin koordinatları: 40.20.572, 49.48.987.
11. İş üzrə “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planından görünür ki, cavabdeh X2 istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir.
12. İş materiallarında olan Cavabdeh məxsus ünvan 4 ünvanı üzrə 1996-cı ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport Bibiheybətneft NQÇİ MTU-nun 5/30 nömrəli, 22.11.1996- cı il tarixli məktubuna əsasən tərtib edilib.
13. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 23.11.2020-ci il tarixli, 10/2028 nömrəli rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Mülki iş materiallarında tikiliyə dair hər hansı bir layihə sənədi olmadığından, həmin tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 07.1.2020-ci il tarixli, 20 0920 30 3670 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Hüquqi dəyərləndirmə:
15. Kollegiya işin hallarına əsasən qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Hətta Cavabdeh apellyasiya instansiyası məhkəməsində icraat zamanı izahatında həmin evi özünün tikmədiyini, həmin evə 1978-ci il tarixində gəlin köçdüyünü bildirmişdir. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan torpağa görə əmlak vergisi alınmış, həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər.
16. İddiaçı apellyasiya şikayətində cavabdehə özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması ilə bağlı dəfələrlə məlumat verilməsini qeyd etsə də, cavabdehə həqiqətən də qeyd edilən halla bağlı xəbərdarlıq edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
17. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin hüquqa qanuni əsaslarla, o cümlədən məhkəmə qərarı əsasında xitam verilmədiyindən cavabdeh həmin torpaq sahəsindən istifadə hüququndan məhrum edilə bilməz. Eyni zamnada, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür.Məhkəmə hesab edir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
19. Kollegiya həm sadalanan hallara əsasən, həm də iddiaçının Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” qərarında da öz əksini tapmışdır.
22. Həmin qərara görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında“ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər.
23. Qərarda qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci səhifəsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir.»
24. Sadalanan xüsusatlara əsasən, kollegiya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarının müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı SOCAR-ın İddiaçıt Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev