Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5279/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı SOCAR İddiaçıt Birliyinin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(009)- 51/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR İddiaçıt Birliyi Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, iddiaçının balansında olan torpaq sahəsində ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Bibiheybət» NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o, Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Göründüyü kimi, neft-naz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (40.20.641; 49.49.024 koordinatlarda) cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyəti həyata keçirilməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu Lomonosov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin katekqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(009)-51/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, cavabdeh tərəfindən özbaşına tikinti işlərinin həyata keçirilməsini, təqdim edilmiş sübutlara düzgün qiymət verilməməsini s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 19 mart 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X3 İcraiyyə Komitəsinin) 16.05.1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İşdə olan “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışına əsasən ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi “Bibiheybətneft” NQÇİnin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin koordinatları: 40.20.641, 49.49.024. İş üzrə “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planından görünür ki, Cavabdeh istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2006-cı il tarixli, 2- 381/2006 saylı qətnaməsindən görünür ki, iddiaçılar X2 və Cavabdeh Bakı şəhəri, Lomonosov küçəsi, 4 A saylı evin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. İşdə olan “Bibiheybətneft” NQÇİ-nin Mənzil Təsərrüfat Kontoru tərəfindən Cavabdeh adına açılmış 17016 a saylı mənzil kirayəçisi haqqında məlumatdan görünür ki, Cavabdeh 4 nəfər ailə üzvü ilə Lomonosov küçəsi, 4A ünvandakı özbaşına tikilidə yaşayır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizasının 23.11.2020-ci il tarixli, 10/2030 nömrəli rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ-nin əraziçində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Mülki iş materiallarında tikiliyə dair hər hansısa bir layihə sənədi olmadığından, həmin tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə və onun ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan torpağa görə əmlak vergisi alınmış, həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi, iddiaçının qanuni qüvvədə olan məhkəmə qərarı (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-381/2006 saylı, 16 fevral 2006-cı il tarixli qətnaməsi) ilə mübahisəli yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli məktubuna əsasən qətnamə 19 mart 2006-cı ildə qanuni qüvvəsini almışdır. Bundan əlavə, “Bibiheybətneft” NQÇİ-nin Mənzil Təsərrüfat Kontoru tərəfindən Cavabdeh adına açılmış 17016 a saylı mənzil kirayəçisi haqqında məlumatdan görünür ki, Cavabdeh 4 nəfər ailə üzvü ilə Lomonosov küçəsi, 4A ünvanda yaşayır. Göründüyü kimi, hətta “Bibiheybətneft” NQÇİ-nin Mənzil Təsərrüfat Kontoruna iddiaçının mübahisəli yaşayış sahəsində uzun müddət əvvəl yaşaması məlum olmuş, nəinki bu hala dərhal münasibət bildirməmiş, əksinə cavabdehin adına mənzil kirayəçisi haqqında sənəd tərtib etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, keçən müddət ərzində cavabdehin yaşadığı ev kommunal xidmətlərlə (işıq, qaz və su) təmin edilmiş, bu sahədə dövlət orqanları ilə müvafiq müqavilələr bağlanmışdır. İddiaçı isə cavabdeh tərəfindən istər torpaq sahəsinin əldə olunması zamanı, istər orada fərdi yaşayış evinin inşası zamanı, istərsə də evə köçüb orada yaşamağa başladığı andan etibarən torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı hər hansı xəbərdarlıq və s. bu kimi məlumatlandırmanın edilməsinə dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Məhkəmə kollegiyası mübahisəyə hüquq qiymət verərkən, həmçinin oxşar mübahisələr üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini də nəzərdən keçirməyi zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Yordanov və qeyrilərinin Bolqarıstana qarşı» iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında Məhkəmə hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasma imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Önəryıldızın Türkiyəyə qarşı» qərarında da öz əksini tapmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında həmin işin faktiki hallarına qiymət verərkən qeyd etmişdir ki, dövlət orqanları ərizəçinin hərəkətlərinə yol verməklə ərizəçinin və onun qohumlarının öz yaşayış sahələrində və daşınar əmlaklarında maraqlarının olduğunu de-faktı təsdiq ediblər. Bu mənada, məhkəmə hesab edir ki, ərizəçilər müvafiq dövlət orqanlarının təxminən beş il müddətində xəbərdar olduqları qanunsuzluqlar üçün tənqid oluna bilməz. Məhkəmə razılaşdı ki, «bir çox yerli faktorları əhatə edən mülahizənin həyata keçirilməsi şəhər və ölkənin planlaşdırma siyasətinin və bundan irəli gələn hər hansı təbirlərin seçimində və tətbiqində qaçılmazdır. Lakin, şəhərin planlaşdırma qaydalarına uyğun gəlməyən, müvafiq texniki standartlara zidd olan və dövlətə məxsus torpaq sahəsində inşa olunmuş yaşayış sahəsi ilə üzləşdiyi halda, dövlət orqanları artıq mülahizə sərbəstliyinə əsaslana bilməz. Belə ki, bu mülahizə onları vaxtında, lazımi və ilk növbədə, məntiqi (ardıcıl) qaydada hərəkət etmək öhdəliyindən azad etmir. Hazırkı işdə isə bu belə olmamışdır, ona görə ki, qanunsuz yaşayış məskənlərinin aradan qaldırılması üçün qanunların tətbiqinə aid türk cəmiyyətində yaranmış qeyri-müəyyənlik ərizəçiyə düşünməyə əsas verə bilməzdi ki, onun yaşayış sahəsinə aid vəziyyət qəflətən dəyişə bilər». Həmin işdə Məhkəmə ərizəçinin öz yaşayış sahəsinə münasibətdə əmlak marağının nəticə etibarı ilə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsinin mənası çərçivəsində əhəmiyyətli bir maraq və dolayısı ilə «mülkiyyət» təbiətinə malik olduğu və kifayət qədər tanındığı qənaətinə gəlmişdir. Məhkəmə həmin qərarında hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında isə göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Göründüyü kimi, Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları, qanuni qüvvədə olan məhkəmə qərarını, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (Konvensiyanın) normalarını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab edir ki, cavabdeh uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaqla, ora məhkəmə qərarı ilə istifadə hüququ tanınmış, iddiaçı isə keçən müddət ərzində müvafiq tələbini irəli sürməmiş (buna on illərlə göz yummuş) və bununla cavabdehə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasıma imkan vermişdir. Hətta, hazırki vaxtda mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması (ekspertiza rəyi nəzərə alınmaqla) durumunda belə, cavabdeh məhz uzun müddət əvvəl torpaq sahəsində tikinti aparmış, oradan davamlı və etirazsız olaraq özünün və ailə üzvlərinin yaşayışını təmin etmiş, əmlaka sahiblik və onlan istifadə etmiş, məhkəmə qərarı ilə yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Mülki Məcəllənin 158.1 və 158.2.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqlarından sayılır. Belə olan halda isə, həmin tikilinin əvəzi ödənilmədən (ədalətli kompensasiya verilmədən) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni əsası yoxdur. Bu səbəbdən də, hazırki iddia ərizəsi üzrə digər tələblər də (tikilinin yerləşdiyi torpaq sahəsinin qaytarılması və s.) təmin oluna bilməz. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı SOCAR İddiaçıt Birliyinin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(009)- 51/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(009)- 51/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5279/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5279/2021
06.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver