Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5282/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********63826 X10 9 markalı telefon üçün 2682 (iki min altı yüz səksən iki) manat ödənilməmiş hissə 804 (səkkiz yüz dörd) manat dəbbə pulu borcu yaranmışdır. Ümumilikdə 3486 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3516 manat cavabdeh X3 alınaraq, «xxxxxxxxxxx» X2 ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018- ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********63826 X10 9 markalı telefon almış və nəticədə 3486 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2831 (iki min səkkiz yüz otuz bir) manat (18 ay x 149 manat + 149 manat ilkin ödəniş) olan İMEİ kod **********63826 X10 9 markalı telefon üçün ümumilikdə 3486 (üç min dörd yÜz səksən altı) manat olmaqla, ondan 2682 (iki min altı yüz səksən iki) manat ödənilməmiş hissə (1.49 manat x 540 gün) 804 (səkkiz yüz dörd) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 149 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri'’-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)- 1732/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İMEİ kod **********63826 X10 9 markalı telefon üçün 2682 (iki min altı yüz səksən iki) manat ödənilməmiş hissənin, 80 (səksən) manat dəbbə pulu olmaqla, cəmi 2762 (iki min yeddi yüz altımış iki) manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, “xxxxxxxxxxx” X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi X6 apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1732/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsasdırılmışdır ki, Cavabdeh ilə "xxxxxxxxxxx" MMC arasında mobil telefonun alınması ilə bağlı xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Lakin Cavabdeh həmin telefonu qəbul etməmişdir. Belə ki, müqavilə imzalanan zaman ona telefonun növbəti gün hazır olacağını və gəlib götürüləcəyi bildirilmişdir. Buna baxmayaraq, Cavabdeh aylıq kreditlərini ödəyə bilməyəcəyini düşünüb həmin telefonu almaq fikrindən daşınmışdır. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsinə telefonun Cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olan halda, cavabdeh iddiaçıya müraciət edərək xx xxxxxx 2018ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etsə də, iddiaçı bundan imtina etmişdir.Göründüyü kimi, iddiaçı özü müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, yuxarıda göstərilən telefonu cavabdehin mülkiyyətinə verməmişdir. İddiaçı telefonu cavabdehin mülkiyyətinə vermədiyi üçün də müqavilə formal xarakter daşımış, cavabdehin heç bir öhdəliyi yaranmamışdır. Cavabdehin nümayəndəsi onu da əlavə etmişdir ki, Cavabdeh 2019-cu ilin aprel ayından Türkiyə Respublikasına köçüb orada yaşadığı üçün onun bu məhkəmə prosesindən məlumatı olmamış, ona görə də məhkəmədə iştirak edib lazımi sübutları təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh MMC-dən İMEİ kod **********63826 X10 9 markalı telefon almış və nəticə etibarilə, 3486 manat borcu yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdehin İMEİ kod **********63826 X10 9 markalı telefon üçün 2682 (iki min altı yüz səksən iki) manat ödənilməmiş hissə (1.49 manat x 540 gün) və 804 (səkkiz yüz dörd) manat dəbbə pulu borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, alqı-satqının predmeti olmuş X10 9 markalı **********63826 İMEİ kodlu mobil telefon cihazı Cavabdeh qüsursuz halda təhvil verilmiş və sonuncu bunu şəxsən imza etməklə təsdiqləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən və təhvil-təslim aktından da görünür ki, iddiaçı həmin telefonu tam qüsursuz halda təhvil aldığına dair həmin sənədləri imzalamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)- 1732/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5282/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5282/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver