Məhkəmə qərarları › İş №2(103)-5284/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5284/2024

19.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5284/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “özbaşına tikilinin kompensasiya ödənilməklə sökülməsi və boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki özbaşına tikilidə (evdə) yaşayır, evin yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir.

2. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarındakı (Qanlı gölün şimal-qərb hissəsi) ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "Kristal Bakı” ASC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” ASC-nin icarə əsasında istifadısinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehə 57 000 (əlli yeddi min) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli 340 №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmiş, əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalarına uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri- yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər cavabdehlə dəfələrlə danışıqlar aparılmış, onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Buna baxmayaraq cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, qanunla nəzərdə tutulmayan ədalətsiz məbləğdə, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. "X2” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 60/1 №-li rəyə əsasən cavabdeh tərəfindən M-78 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, ev üçün nəzərdə tutulmuş tikilinin dəyəri - 57000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikililərin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, əksəriyyəti yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədirlər. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən "xxxx" ASC-yə həvalə edilmişdir. Rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə, "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. Sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.

5. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə “X2”nin xx.xx.2024-cü il tarixli 60/1 nömrəli qiymətləndirmə rəyi təqdim olunmuş, həmin rəydə göstərilmişdir ki, mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 57 000 manat təşkil edir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, evin heç bir sənədi olmasa da, o, uzun illərdi həmin tikilini tikib orada yaşayır, ev 4 otaqlıdır. İddiaçıdan pul istəmir və nə qədər məbləğ verilməsindən asılı olmayaraq kompensasiya verilməsinin tərəfdarı deyil. Onu evlə təmin etsinlər, çıxıb gedəcək.

8. Birinci instansiya məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1-ci, 180.1-ci, 180.2-ci, 180.3-cü, 180.4-cü, 560.1-ci, 560.2-ci, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına istinad etməklə aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

9.1. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini uzun illərdi qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonra da sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırki mübahisəyə MM-in 178-ci maddələrinin dispozitiv şərtləri tətbiq edilə bilməz. 9.2. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna "gözlənti hüququ”, "faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab edir. 9.3. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab edir. Məhkəmə "prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etmir, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət verir. 9.4. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. 9.5. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Hüquqdan sui-istifadə yolverilməzdir. 9.6. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən "formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, iddiaçının təqdim etdiyi əsassız “ekspert rəyi”ni əsassız əsas götürüb ədalətsiz qərar çıxardığı, evinin dəyərinin 150 000 – 200 000 manat təşkil etdiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

12. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) iddiaçı ilə aralarında razılıq əldə olunduğunu, bu səbəblə də apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş, iddiaçının nümayəndəsi də bu halı təsdiq etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

14. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

15. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2921/202 saylı iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar