Məhkəmə qərarları › İş №2(103)-5288/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5288/2024

14.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5288/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə ( Azərbaycan Respublikasının Mənzil X4 ) qarşı “kommunal xidmət haqqı borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)-3210/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m olan mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı mülkiyyətindədir. Həmin mənzillə bağlı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018 ci il tarixli Çoxmənzilli Binaların idarə edilməsi haqqında müqaviləyə əsasən idarəedici təşkilat razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən müvafiq çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmir üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşmaya əsasən müvafiq mənzilə görə kommunal xidmət haqqı borcu 20,98 manat məbləğində müəyyən edilmişdir. 2019-cu ilin mart ayından hazırki dövrə qədər aylar üzrə kommunal xidmət haqqı borcu ödənilsə də, İddiaçı Azərbaycan Beynəlxalq bankının mobil tətbiqində (ABB Mobile) 303,06 manat borcu olduğu görünür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş kommunal borca dair çıxarışdan görünür ki, 2019-cu ilin iyun, iyul, oktyabr, dekabr, 2020-ci ilin fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci ilin yanvar, iyul, 2022-ci ilin aprel, iyul ayları üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunu ödəməmişdir. Hazırda İddiaçı 303,06 manat kommunal xidmət haqqı borcunun ləğv edilməsi, borcun elektron sistemdən və bütün tətbiqlərdən silinməsi və kommunal xidmət haqqı borcunun olmaması barədə Cavabdeh MMC tərəfindən ona arayışın təqdim olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “kommunal xidmət haqqı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 303,06 manat kommunal xidmət haqqı borcunun ləğv edilməsi, borcun elektron sistemdən və bütün tətbiqlərdən silinməsi və kommunal xidmət haqqı borcunun olmaması barədə Cavabdeh MMC tərəfindən ona arayışın təqdim olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi 8, b 4, m 57 (Cavabdeh) ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. 2018-ci ildən mənzili aldığı vaxtdan bugünə qədər kommunal xidmət haqlarını hər ay vaxtında ödəmiş və nəzarət üçün ödəniş qəbzlərini Cavabdeh-nın əməkdaşlarına “whatsapp” vasitəsilə göndərmişdir. Lakin 2022-ci ilin avqust ayında Cavabdeh-nın əməkdaşı Müşfiq müəllim 356 manat kommunal xidmət haqqı borcunun olduğu barədə ona şifahi məlumat vermişdir. Bu barədə həmin vaxtadək nə şifahi, nə də yazılı olaraq borcun olması barədə Cavabdeh tərəfindən bir məlumat verilməmişdir. Hal-hazırda Azərbaycan Beynəlxalq bankının mobil tətbiqində (ABB Mobile) 303,06 manat borcu olduğu qeyd edilmişdir. Bu günədək hər ay vaxtında, heç bir ayda gecikdirmədən kommunal xidmət haqlarını ödəmiş və Cavabdeh-nın əməkdaşlarına ödəniş çeklərini təqdim etmişdir. Ona ödənişdə problem olması, guya ödənişlərin Cavabdeh-nın hesabına köçürülməsində problem olduğu barədə, yalnız 3 ildən sonra şifahi məlumat verilmişdir və bu elektron sistemə işlənilmişdir. Qeyd edilən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə Mənzil X4nə müraciət etmişdir. Cavabdeh-nın xx.xx.2023-cü il tarixli cavab məktubunda aylar üzrə ödənişlər əks olunmuş cədvəl təqdim edilmiş və bəzi aylarda ödənişlərin Cavabdeh MMC-nin hesabına keçmədiyi qeyd olunmuşdur. Həmçinin müvəkkil banka müraciət etməyi tövsiyə edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli, BR3961510 nömrəli və xx.xx.2024-cü il tarixli, BR4354774 nömrəli məktublarla "xxxx" ASC-nə və bir neçə dəfə online qaydada Mərkəzi banka müraciət etmişdir. "xxxx" ASC-nin xx.xx.2024cü il tarixli, KB-2**-KB-***/2-884/2024 nömrəli yekun cavabında təsdiqedici sənədlər təqdim edilməklə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)- 3210/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, İddiaçı Cavabdeh MMC-yə olan 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcunun elektron sistemdən və bütün tətbiqlərdən silinməsi və 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcunun olmaması barədə İddiaçı arayışın verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Mənzil X2 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş kommunal borca dair çıxarışdan görünür ki, 2019-cu ilin mart ayından 2023-cü ilin mart ayına kimi 2019-cu ilin mart, aprel, iyun, iyul, oktyabr, dekabr, 2020-ci ilin fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci ilin yanvar, iyul, 2022-ci ilin mart, aprel, iyul ayları üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunu ödəməmişdir. Lakin, İddiaçı məhkəməyə təqdim etdiyi qəbzlərdən görünən odur ki, həmin aylar üzrə kommunal xidmət haqqı borcu ödənilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli Çoxmənzilli Binaların idarə edilməsi haqqında müqavilə üzrə kommunal xidmətin göstərilməsi müqabilində xidmət haqqının ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və müddətdə yerinə yetirmişdir. Cavabdeh isə iddia etdikləri aylar üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunun həqiqətən ödənilmədiyini təsdiq edəcək mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Müvafiq aylar üzrə borcun ödənilmədiyini göstərən Cavabdeh MMC tərəfindən təqdim edilmiş arayış isə iddiaçının təqdim etdiyi qəbzlərlə təkzib olunmuşdur. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə çoxmənzili binaların idarəedilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə ilə birgə əmlakın saxlanılması və cari təmiri üçün yaşayış sahəsindən istifadəyə görə hər kvadratmetr üçün 0,30 manat xidmət haqqı ödənilməsi müəyyən edilmişdir. Lakin iddiaçı müvafiq tarixlərə borcunun olmamasın təsdiq etmək üçün bəzi ödəniş qəbzləri təqdim etmişdir. Halbuki həmin qəbzlərdə ödəniş tarixi və müddəti uyğunsuzluq təşkil edir. Belə ki, məhkəmənin də istinad etdiyi Mənzil X2 şəxsin sorğusuna cavab məktubunda borc qalığının məktuba əlavə olunmuş cədvəl əsasında formalaşdığı qeyd olunmuş, mədaxil görünmədiyindən təsdiqedici sənədlərin bank çıxarışında əksini tapması üçün müvəkkil banka müraciət olunması tövsiyə edilmişdir. Bank çıxarışı sənədindən kommunal xidmət haqqına görə aylıq ödəniş məbləğinin 20,98 manat olduğu, 2019-cu ilin mart ayından 2023-cü ilin mart ayına kimi 2019-cu il üzrə mart, aprel, iyun, iyul, oktyabr, dekabr, 2020-ci il üzrə fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci il üzrə yanvar, iyul, 2022-ci il üzrə mart, aprel, iyul aylarının ödənişlərinin icra edilmədiyi görünür. Məhkəmə isə qətnamənin növbəti abzasında (ikinci səhifənin sonuncu abzası) 2019-cu ilin mart və aprel aylarını, 2022-ci ilin isə mart ayını istisna etmişdir. Üstəlik, qarşı tərəfin təqdim etdiyi ödəniş qəbzlərinin tarixi ilə tərəflərindən aşkarlanmış borclanma ayları ziddiyyət təşkil edir. Məhkəmənin qətnamənin üçüncü səhifəsində toxunduğu ödəniş sənədləri içərisində aprel ayına dair qəbzin olmaması şübhə doğuran məqamlardandır. Məhkəmənin yol verdiyi əsas hüquq pozuntusu aşağıdakılardır: Əvvəla, Nümayəndə Cavabdeh MMCnin adından nümayəndə kimi çıxış etmək səlahiyyəti yoxlanılmamış, məhkəmə iclasının açılmasından qətnamə elan olunanadək səlahiyyəti olmayan şəxsin izahatı alınmışdır. Bu, prosessual hüquq normalarının kobud şəkildə pozulması və qətnamənin birbaşa ləğvi əsaslarından biridir. Birinci instansiya məhkəməsinin işə baxıldıqdan sonra tələb etdiyi etibarnamə isə qanuna uyğun rəsmiləşdirilməmiş olmuşdur. Məlumdur ki, təqdim olunmuş etibarnamədə bağlandığı tarix qeyd olunmamışdı. Belə olan halda hətta şəxs həmin etibarnamə ilə məhkəmə iclasında belə iştiraka buraxıla bilməzdi. İkincisi, Cavabdeh MMC-nin adından “təmsilçi” kimi izahat verən şəxsin vəsatətinə ("xxxx" ASCnin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması) məhəl qoymamışdır. Belə ki, prosessual qaydaya əsasən həmin vəsatətə dair qarşı tərəfin mövqeyi öyrənildikdən sonra ona münasibət bildirilməli idi (hakim yerində müşavirə edərək qərar qəbul etməli idi). Əslində, "xxxx" ASC müvəkkil bank olduğundan işə cəlb olunmalı və ödəniş həyata keçirildiyi halda mədaxil olunmaması ilə bağlı problemin araşdırılması üçün sübutların tədqiqində iştirak etməli idi. Bu, obyektiv həqiqətə nail olunması üçün mühüm prosessual hərəkət kimi dəyərləndiriləcəkdi. Göründüyü kimi, bu və ya oxşar halarda mülki qaydada sübutetmə yükü bankın üzərinə düşür. Ehtimal oluna bilər ki, bankda vəsait hansısa səbəbdən (texniki və s.) saxlanılmış və icra edilməmişdir. Bundan başqa məhkəmə təqdim edilmiş sənədlər üzrə uyğunsuzluğu aradan qaldırmaq üçün ekspertiza təyin etməli idi. Apellyasiya icraatı zamanı "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.

Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə hesab etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli Çoxmənzilli Binaların idarə edilməsi haqqında müqavilə üzrə kommunal xidmətin göstərilməsi müqabilində xidmət haqqının ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və müddətdə yerinə yetirmişdir. Cavabdeh isə iddia etdikləri aylar üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunun həqiqətən ödənilmədiyini təsdiq edəcək mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Müvafiq aylar üzrə borcun ödənilmədiyini göstərən Cavabdeh MMC tərəfindən təqdim edilmiş arayış isə iddiaçının təqdim etdiyi qəbzlərlə təkzib olunmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, "xxxx" ASC müvəkkil bank olduğundan işə cəlb olunmalı və ödəniş həyata keçirildiyi halda mədaxil olunmaması ilə bağlı problemin araşdırılması üçün sübutların tədqiqində iştirak etməli idi. Bu, obyektiv həqiqətə nail olunması üçün mühüm prosessual hərəkət kimi dəyərləndiriləcəkdi. Göründüyü kimi, bu və ya oxşar halarda mülki qaydada sübutetmə yükü bankın üzərinə düşür. Ehtimal oluna bilər ki, bankda vəsait hansısa səbəbdən (texniki və s.) saxlanılmış və icra edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin cavabdehin hesabına mədaxil edilibedilməməsinin müəyyən edilməsi iş üçün əhəmiyyətlidir. Belə ki, iddiaçı ödənişlər barədə qəbzlərini təqdim edir, cavabdeh isə nəticə etibarı ilə həmin ödənişlərin mədaxil edilib-edilməməsini mübahisələndirir. Apellyasiya baxışı zamanı iddia tələbinin, eləcə də, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi, həmçinin hazırki mübahisənin obyektiv həlli üçün iddiaçı tərəfindən həyata keçirilmiş kommunal xidmət haqlarının cavabdehin hesabına mədaxil edilib-edilməməsinin müəyyən edilməsi üçün cavabdehin bank hesabından çıxarışın məhkəməyə təqdim edilməsi "xxxx" ASC-dən tələb olunması barədə qərardad qəbul edilmişdir. "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onlara məxsus yalnız Birbank mobil tətbiqi vasitəsilə həyata keçirilmiş ödənişlərə dair qəbzlər mövcuddur, digər üsul və vasitələrlə ödənilmiş vəsaitlərə dair məlumatlar "xxxx" ASC-də mövcud deyildir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının öhdəliyi vaxtaşırı olmaqla hissəhissə ödənilməlidir. Belə olan halda Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən müəyyən edilir ki, borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Hazırda isə cavabdeh tərəfindən iddiaçının müəyyən dövr üçün ödənişlər etməsini qəbul edir, lakin qeyd edir ki, bank çıxarışı sənədindən kommunal xidmət haqqına görə aylıq ödəniş məbləğinin 20,98 manat olduğu, 2019-cu ilin mart ayından 2023-cü ilin mart ayına kimi 2019-cu il üzrə mart, aprel, iyun, iyul, oktyabr, dekabr, 2020ci il üzrə fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci il üzrə yanvar, iyul, 2022-ci il üzrə mart, aprel, iyul aylarının ödənişlərinin icra edilmədiyi görünür. Məhkəmə isə qətnamənin növbəti abzasında (ikinci səhifənin sonuncu abzası) 2019-cu ilin mart və aprel aylarını, 2022-ci ilin isə mart ayını istisna etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müəyyən dövr üzrə ödənişlər edildiyindən Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Belə olan halda müəyyən edilir ki, cavabdehin istinad etdiyi aylar üzrə ödənişlər hesaba mədaxil edilməsə belə, iddiaçının öhdəliyi vaxtaşırı olmaqla hissə-hissə ödənilməli olduğundan, eləcə də, cavabdeh tərəfindən iddiaçının müəyyən ödənişlər edilməsi təkzib edilmədiyindən Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən əvvəlki hissə üzrə də ödənişlər edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin etibarnamə ilə bağlı dəlilinə qiymət verərək apelyatorun özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi etibarnaməsinin qanuniliyini şübhə altına almasına tənqidi yanaşır. Belə ki, iş materiallarından görünür ki, o özü məhkəmədə iştirak etmiş və iddia üzrə öz mövqeyini bildirirək prosesual hüquqlarından istifadə etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili formal olaraq verilmiş dəlil kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən apellyasiya şikayəti də qətnamənin ləğvinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)- 3210/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə olan 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcu elektron sistemdən, eləcə də, bütün tətbiqlərdən silinsin və 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcunun olmaması barədə İddiaçı arayışın verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar