Məhkəmə qərarları › İş №2(103)-5288/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5288/2025

19.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5288/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “qohumluq münasibətlərinin və ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4911/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X4 onun bacısı olması, atası X2 xx.xx.1988-ci ildə və anası X8 xx.xx.2006-cı ildə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4911/2025 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilib baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərardadı ilə ərizəsi, bir-biri ilə əlaqədar olmayan (qohumluq münasibətlərinin və ölümün qeyd edilməsi faktının müəyyən olunması) bir neçə tələbin bir ərizədə birləşdirilməsi səbəbindən xüsusi icraat qaydasında icraata qəbul etməmiş və geri qaytarmışdır. Halbuki, o, məhkəməyə müraciət edərək bildirmişdir ki, bacısı X3 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Bacısının 06 may 2024-cü il tarixdə vəfatından sonra həmin mənzili miras kimi qəbul etmiş və qızı X12 ilə birlikdə həmin mənzildən istifadə etmişlər. Mülkiyyət sənədlərində həmin ev bacısı X4 mülkiyyəti kimi qeydə alınmışdır. Bacısının vəfatından sonra əmlakın yeganə vərəsəsi olaraq o qalmışdır. Həmçinin anası X10 24 may 2006-cı ildə Bakı şəhərində, atası X6 isə 13 fevral 1988-ci ildə İran İslam Respublikasının Tehran şəhərində vəfat etmişdir. Buna baxmayaraq, bacısı X4 doğum, anası X8 və atası X2 ölüm faktını təsdiq edən sənədləri əldə edə bilmir. Bütün bu sənədlərin əldə edilməsi və qohumluq faktının müəyyən edilməsi ona qeyd edilən mənzilə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi məqsədilə lazımdır. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, onun verdiyi ərizə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşməsi ilə xüsusi icraat qaydasında verilmiş ərizə hesab olunduğundan geri qaytarılmalıdır. Halbuki, məhkəmə ərizənin mümkünlüyü haqqında məsələyə baxarkən sözügedən hüquqi faktların müəyyən edilməsinin ərizəçiyə bir məqsəd üçün lazım olması məsələsini nəzərə almamışdır. Belə ki, notariat orqanlarına müraciət edərkən vərəsəlik işinin açılması məqdəsilə yuxarıda sadalanan sənədlərin təqdim edilməsi zərurəti yaranır. Bu sənədlərin təqdim edilməməsi ona öz hüquqlarından və qanuni mənafelərindən istifadə etmək imkanını məhdudlaşdırır. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin qərardadını qanunsuz və əsassız hesab edir. Məhkəmə qərardadı qəbul edərkən maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Onun təqdim etdiyim faktlar - doğum, qohumluq və ölüm - ayrı-ayrı məqsədlərə xidmət etmir. Bunların hamısı vahid hüquqi nəticəyə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə və miras işinin açılmasına xidmət edir. Belə ki, ərizədə bu faktların hüquqi nəticəyə çatmaq üçün zəruri olması və niyə başqa yolla təsdiq olunmasının mümkün olmaması göstərilmişdir. Bütün bu tələblər ərizədə tam şəkildə ifadə olunmuşdur. Bununla belə hesab edir ki, məhkəmənin qərardadı ədalət mühakiməsinin əlçatanlıq prinsipinə zidd olmuş, onun hüquqlarının müdafiəsini lüzumsuz çətinləşdirmiş, əlavə maliyyə və vaxt resurslarının sərf edilməsinə səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4911/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından ilk növbədə qeyd edir ki, ərizəçi onun valideyinlərinin ölməsi və X4 onun bacısı olması faktının müəyyən edilməsini xahiş edir. Hər iki hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə bacısının vərəsəsi kimi tanınması və bunun nəticəsi olaraq ondan miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün lazımdır. Belə ki, onun valdeynləri birinci növbə vərəsələrdir və qeyd edilən məsələnin rəsmiləşdirilməsi üçün onların ölümünü təsdiq edən sənədlərin təqdim edilməsi zəruridir. Hüquqi nəticə etibarı ilə ərizədə göstərilən hər iki hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi vahid hüquqi nəticənin (vərəsə kimi tanınmanın) əldə edilməsinə xidmət edir. Bu da öz növbəsində onların bilavasitə biri-biri ilə əlaqəli olduğunu təsdiq edir və bir icraatda baxılmasını şərtləndirir. Bu səbəbdən hazırki ərizə birinci instansiya məhkəməsi tərəfindən göstərilən əsasla geri qaytarıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsi ilə geri qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4911/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar