Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5289/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh 976,26 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1006,26 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Borc onun təqsiri üzündən yaranmamışdır. O, qeyd olunan mənzili satmış və sudan istifadə etməmişdir. Həmin evdə ustalar işlədiyi vaxt su sərfiyyatı olmuşdur. Cavabdehə aid olmayan borcun ondan tutulması onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, 77 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 282 saylı arayışa əsasən, Cavabdeh, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin 1998-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sahibi olmaqla, orada qeydiyyatda olub və yaşayıb. xx.xx.2017-ci il tarixdən mənzili satması ilə əlaqədar həmin ünvanda yaşamır. İddiaçı ASC-nin VC-01/1-01/351 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh sözügedən mənzilin mülkiyyətçisi olduğu xx.xx.2011-ci il tarixdən 2017-ci ilin oktyabr ayınadək olan dövr ərzində su təchizatından istifadə və tullantı sularının axdılması xidmətlərinə görə 977 manat borcu qalmışdır. Ətraflı abonent kartına əsasən isə, xx.xx.1998-ci il tarixli 13286428 nömrəli müqavilə üzrə 469136 nömrəli müştəri Cavabdeh (abonent kodu: **********090) həmin mənzil üzrə cəmi 976,26 manat borcu vardır. Göründüyü kimi, cavabdeh tərəfindən su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam ödənilmədiyinə görə onun İddiaçı ASC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. Belə olan halda, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, qeyd olunan məbləğdə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Hazırda cavabdeh, apellyasiya şikayətində sözügedən mənzili satdığını, borcun isə həmin tarixdən sonra yarandığını bildirməklə qətnaməni mübahisələndirir. Kollegiya, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, işdən görünür ki, Cavabdeh həmin mənzili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Tərlan Məmmədova satmış və müqavilənin 10-cu bəndində qeyd olunmuşdur ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, Tərlan Məmmədovun iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal-2, 9 saylı mənzilə aid su sayğacının **********090 saylı kodunun onun adına keçirilməsi, sayğaca aid olan 977 manat borcun ondan tələb olunmasının qadağan olunması qət edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda ödənilməsini tələb etdiyi borc məbləğinin mənzilin satılmasından əvvəl, yəni Cavabdeh mülkiyyətində olduğu dövrdə yaranmış olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, bu hal hazırkı iş üzrə preyidusial olduğuna görə Kollegiya, eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7064/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5289/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5289/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver