Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-529/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Eyvazov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının pozulması nəticəsində onunla Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi və həmin müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ondan tələb edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 2953 manat olan “Samsung G998 256 GB Silver” markalı mobil telefonun nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə imzalandıqdan və cavabdeh tərəfindən telefon avadanlığı iddiaçıya təhvil verildikdən sonra iddiaçı tərəfindən telefon istifadə edilən zaman müəyyən olunmuşdur ki, telefonda qüsurlar mövcuddur. Belə ki, istifadə zamanı telefonun ekranı ağarmış və həmin ağ rəngli qüsurlar telefonun ekranında qalmağa davam etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İnşaatçılar filialına müraciət edilmiş, telefonda mövcud olan qüsurlar bildirilmiş, buna uyğun olaraq iddiaçıya bildirilmişdir ki, telefon yoxlanması məqsədilə servisə təhvil verilməli, servisdə yoxlamalar aparıldlqdan sonra qüsurlar zavod qüsurudursa, yenisi ilə əvəzlənəcəyini və ya başqa model təklif ediləcəyi qeyd edilmişdir. Telefonun servisdə olduğu müddətdə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində ödəniş etmişdir. İlkin təhvil zamanı iddiaçıya bildirilmişdir ki, servisə qiymətləndirmə aparılması üçün onun tərəfindən ödəniş edilməlidir. Cavabdeh MMC-nin baş ofisində ərizələr yazmağına baxmayaraq iddiaçının problemi həll edilməmiş olaraq qalmış, nəticədə iddiaçı kredit tarixçəsinin korlanmaması məqsədilə yenidən ödəniş etmiş və buna uyğun olaraq xx.xx.2022-ci il tarixdə yeni əlavə 1 imzalanmaqla müqavilənin qüvvədə olma müddəti 24 ay, aylıq ödəniş məbləği isə 109 manat olaraq müəyyən edilmişdir. Cavabdehin əməkdaşlıq etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyində bildirilmişdir ki, qüsurlar iddiaçı tərəfindən həyata keçirilmişdir və ödənişli xidmət göstərilmişdir. Bir müddət sonra iddiaçıya cavabdeh tərəfindən telefon vasitəsilə bildiriş göndərilmişdir ki, borcu mövcuddur. Bundan sonra iddiaçı tərəfindən yenidən cavabdehin Baş Ofisinə şikayət edilmiş, əvvəlcə servis xidməti tərəfindən telefon təmirə qəbul edilməsə də sonradan edilmiş şikayətlər nəticəsində 2022-ci ilin iyul ayında təhvil-təslim aktı əsasında telefon avadanlığı yenidən cavabdehə təqdim edilmiş, lakin ondan sonrakı müddətdə cavabdeh tərəfindən həmin telefon vasitəsi heç bir halda geri qaytarılmamışdır. Cavabdeh qurumun əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, telefondakı qüsurların zavod qüsuru olmasını müəyyən etmək üçün servis tərəfindən qiymətləndirilmə aparılmalıdır ki, həmin qiymətləndirmənin aparılması üçün 600 manat məbləğində ödəniş həyata keçirilməli və bu qüsur iddiaçı tərəfindən edildiyi üçün onun tərəfindən ödəniş edilməlidir. Telefon rəsmi qaydada cavabdehə təqdim edildiyindən və keçən müddət ərzində cavabdeh tərəfindən təmir edilmədən və ya yenisi ilə dəyişdirilmədən iddiaçıya qaytarılmamasına baxmayaraq hazırda cavabdeh tərəfindən borc məbləği iddiaçıdan tələb edilməkdədir. Faktiki olaraq cavabdeh qurum tərəfindən “Baku Service Company“ MMC tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli texniki rəy iddiaçıya sonradan təqdim edilsə də həmin rəyin həqiqi olmağı şübhə doğurur. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ilə (hakim Lətifə Məmmədova) iddia təmin olunmuşdur. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barıədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair 2(103)-535/2025 saylı mülki iş vardır, şifahi məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri (vəkilləri) məsələyə münasibətində bildirmişdir ki, həqiqətən Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair mülki iş vardır, qeyd olunan işlə hazırkı iş tələblər və onlara qarşı etirazlar baxımından bir-biri ilə sıx bağlıdır. Ona görə də, qeyd olunan işlərin birləşdirilərək bir icraatda baxılması məqsədəmüvafiq olardı. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 529/2025 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair 2(105)- 535/2025 saylı mülki işlə birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər iki iş üzrə iddiaların mahiyyəti eyni müqavilə ilə bağlı olmaqla, digər işdə "xxxx" MMC qeyd edilən müqavilə üzrə İddiaçı ödənilməmiş pul tələb edir, hazırkı işdə isə İddiaçı eyni müqavilə üzrə öhdəliyinə xitam verilməsini və s. xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, əsas iddia tələbi alqı-satqı müqaviləsindən irəli gələn borcun tutulması ilə bağlı "xxxx" MMC-nin iddiasıdır və cavabdehin hazırki tələbi (əşyada olan qüsurlara görə öhdəliyə xitam verilməsi, müqavilə üzrə borcun tələb edilməməsi) mahiyyət etibarilə həmin iddiaya qarşı etirazdır. Belə olan halda, iddiaçının hazırki dəlilləri (tələbləri) məhz borcun tutulması barədə digər iddia çərçivəsində araşdırılmaqla mübahisəli məsələlərə birlikdə hüquqi qiymət verilməlidir. Bu hal həmçinin mübahisə ilə bağlı hərtərfli, tam və obyektiv araşdırma aparılması və prosessual qənaət prinsipi baxımından da zəruridir. Məhkəmə kollegiyası hər iki mülki iş üzrə iddiaların əsası və predmetini, irəli sürülmüş iddia tələbləri arasında sıx əlaqə və bağlılığın olmasını nəzərə alaraq hesab edir ki, mülki işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair 2(103)- 535/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin (digər işə birləşdirilsin). Qərardad çıxarıldığı andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-529/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-529/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver