Məhkəmə qərarları › İş №2(103)-5290/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5290/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5290/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” ilk iddiasına, cavabdeh Birliyin iddiaçıya qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.778 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00055). Birliyin əməkdaşları iddiaçının yaşadığı evə aid qaz xəttinə və qaz sayğacına baxış keçirmiş və müəyyən etmişlər ki, nə xəttə nə sayğaca müdaxilə edilməmişdir. Buna baxmayaraq qaz sayğacı yenisi ilə əvəz edilmiş və yoxlanılması üçün köhnə sayğac laboratoriyaya göndərilmişdir. Bundan bir müddət sonra Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, köhnə sayğacda problem aşkar olunub buna görə də ona əlavə sərfiyyat olaraq 2.778 manat məbləğində borc hesablanmışdır. İddiaçı bildirir ki, özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər.

3. İlk iddia əsasında Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə icraat başlanmışdır.

4. Bundan sonra, cavabdeh Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) Birliyə vurduğu maddi zərərin əvəzi olaraq 2.682,36 manat məbləğində pulun iddiaçıdan tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiqliklə 2022-ci ilin fevral və mart aylarında evə aid qaz xəttinə cəmi 2 dəfə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq çəkilmiş qaz xəttindən istifadə edilir. Bununla bağlı müvafiq 2 akt tərtib edilmiş və həmin aktlar əsasında aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının taladığı təbii qazın dəyəri 2.799,36 manat məbləğindədir. Buna baxmayaraq, iddiaçı, 2022-ci ilin iyul ayında Birliyə müraciət edərək, onunla təbii qazın alğı-satqısına dair müqavilənin bağlanmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixdə Birlik ilə iddiaçı arasında müqavilə bağlanmış, iddiaçının yaşadığı ünvana abonent hesabı verilmiş, həmin abonent hesabına qeyd edilən 2.799,36 manat məbləğində borc mədaxil edilmişdir. Bu zaman, iddiaçı, ərizə ilə Birliyə müraciət edərək həmin borcun qısa müddət ərzində hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüş və ötən müddət ərzində cəmi 117 manat ödəmiş, qalan borcu – 2.682,36 manatı ödəməmişdir.

6. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 2.778 manat məbləğində borcun silinməsini, ilk iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,78 manat məbləğində pulun cavabdeh Birlikdən tutularaq dövlət büdcəsinə ödənilməsini, qarşılıqlı iddianın rədd edilməsini, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh Birliyin özünə aid edilməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birlik istehlakçı olan iddiaçının qaz xəttinə qanunsuz olaraq qoşulduğunu bildirsə də, bu halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etmədiyindən, hesab edilməlidir ki, iddiaçı tərəfindən Birliyə zərər vurulmamışdır. Bu baxımdan Birliyin iddiaçıya hesabladığı borc iddiaçıdan tutulub Birliyə ödənilə bilməz, həmin borc silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat

9. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat

11. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi 2022-ci ili iyul ayından etibarən cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır. Ünvana **********00055 saylı abonent kodu verilmişdir.

13. Cavabdeh Birlik iddia edir ki, iddiaçının evinə qaz sayğacı quraşdırılmazdan əvvəl (cavabdeh Birliyin bildirdiyinə görə 2022-ci ilin fevral və mart aylarında) kustar üsulla özbaşına qaz xətti çəkilmiş və təbii qazdan qanunsuz istifadə olunmuşdur. Bununla bağlı 2 akt tərtib edilmiş və iddiaçıya əlavə sərfiyyat olaraq 2.799,36 manat məbləğində borc hesablanmışdır. İddiaçı həmin borc ilə razılaşmış və üzərinə öhdəlik götürmüşdür ki, borcun qısa müddət ərzində hissə-hissə ödəyəcək. Buna baxmayaraq iddiaçı cəmi 117 manatı ödəmiş, qalan 2.682,36 manatı isə ödəməmişdir.

14. İddiaçı isə həmin borcu qəbul etmir və əsassız hesablandığı üçün silinməli olduğunu iddia edir.

15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Hazırki iş üzrə iddiaçı tərəfindən ona maddi zərər vurulduğunu və bu zərərə görə iddiaçının 2.682,36 manat ödəməli olduğunu sübut etmək vəzifəsi cavabdeh Birliyin üzərinə düşür.

18. Cavabdeh Birlik tərəfindən təqdim edilmiş iddiaçının Birliyin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədən (iş v. 31) görünür ki, o, 2.799,36 manat məbləğində borcu qəbul edir və həmin borcu hissə-hissə olaraq Birliyə ödəməsini öhdəsinə götürür.

19. Cavabdeh Birlik qarşılıqlı iddiasında iddiaçının kustar üsulla özbaşına qaz xətti çəkib təbii qazdan qanunsuz istifadə etdiyi üçün 02/2022 və 03/2022-ci il tarixlərdə iddiaçının barəsində iki dəfə akt tərtib edilmiş Cavabdeh İB-yə ümumilikdə 2.799,36 manat məbləğində maddi zərər vurmuş olduğunun müəyyən edildiyini qeyd etsə də, həmin tarixli aktları birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

20. Cavabdeh Birlik tərəfindən təqdim edilmiş və iddianın əsası kimi istinad edilməmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li xx.xx.2022-ci il tarixli aktdan (iş v. 35) görünür ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən iddiaçının evinə baxış keçirilən zaman sayğacsız təbii qazdan istifadə etməsi halı müəyyən edilmişdir. Həmin aktda iddiaçının adı qarşısında “imza” qrafasında iddiaçının imzası yoxdur, bunun əvəzinə “imtina” sözü qeyd edilmişdir. Aktda qaz işlədici avadanlıqlar kimi PQ-4 və QSQ avadanlıqları qeyd edilmişdir.

21. Həmin aktda avadanlıqların adı qeyd edilsə də, fotoşəkilləri əlavə edilməmişdir. Akta qaz sayğacının, qaz xətlərinin və evin küçədən çəkilmiş fotoşəkilləri əlavə edilmişdir. Araşdırması zamanı iddiaçının evinin yaxınlığından keçən qaz xətlərinin iddiaçının evinə getməsinə, iddiaçının həmin xətdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəkillərdə boruların olduğu görünsə də, bu borulardan qazın keçməsi və iddiaçının həqiqətən də istifadə etməsini müəyyən etmək mümkün deyil. Şəkillərin nə vaxt çəkilməsi də qeyri-müəyyəndir.

22. Eyni zamanda, iddiaçının təqdim etdiyi video görüntüdən müəyyən edilir ki, onun evində qazla çalışan cihazlardan yalnız dörd gözlü qaz plitəsi mövcuddur. İddiaçının yaşadığı ünvanda kombi və ya qazla çalışan digər qızdırıcılar mövcud deyildir. Dörd gözlü qaz plitəsinin istinad olunan həcmdə qaz sərf etməsi isə mümkünsüzdür.

23. Bundan başqa, iddiaçı öz birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, ona məxsus evdə məişət tələbatlarını ödəmək üçün o, elektrik enerjisindən istifadə etmişdir. Məhkəməyə təqdim etdiyi elektrik enerjisinin sərfiyyatına dəlalət edən saldodan görünür ki, onun kifayət qədər böyük məbləğdə "xxxx" ASC-yə borcu vardır.

24. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə istinad olunan borcun etirafı ilə bağlı iddiaçının verdiyi ərizəyə münasibətdə qeyd edir ki, Birlik, təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirən qurumdur. İstehlakçıların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus deyil. Daxil olduğu münasibətdə istehlakçıların Birlikdən asılı vəziyyətdə olması nəzərə alınaraq cavabdehin Birliyin iddiasına qiymət verərkən təqdim etdiyi sübutların məcmusu nəzərə alınmalıdır. İddiaçının ərizəsi ilə qazın alğı-satqısı haqqında müqavilə eyni tarixdə tərtib edilmişdir. Bu hal iddiaçının öz ünvanına qaz xətti çəkilib sayğac quraşdırılması üçün belə bir şərtlə üzləşməsinə, ərizəyə imza etməyəcəyi təqdirdə yaşadığı ünvana sayğac quraşdırılmayacağı ilə bağlı şübhə yaradan haldır. Cavabdeh Birlik iddiaçının barəsində 2022-ci ilin fevral ayından iddiaçının sayğacdan istifadə etməməsindən məlumatlı olduğunu qəbul etsə də, həmin tarixdən müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixədək iddiaçıya hər hansı xəbərdarlıq edildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə qarşılıqlı iddianın təmin edilməsi üçün iddiaçının verdiyi ərizəni mötəbər sübut kimi qəbul etmir.

25. Cavabdeh Birlik apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən onun təqdim etdiyi sübutların nəzərə alınmamasını dəlil kimi irəli sürmüş və bu sübutlar sırasında təqdim etdiyi abonentin saldosunu da qeyd etmişdir.

26. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, verilən qaz xətti üzrə **********00055 sayla qeydiyyata alınmış abonent koduna (abonent – iddiaçı) 2022-ci ilin iyul ayınadək ümumilikdə cəmi 2.799,36 manat zərər hesablanmışdır.

27. “Abonentin saldosu” cavabdeh Birlik tərəfindən birtərəfli tərtib edilmiş sənəd olduğu üçün maddi zərərin həcmini və digər verilənləri özündə əks etdirsə də, həmin zərərin həqiqətən mövcud olmasını və zərərlə onu vuran şəxs kimi cavabdeh arasında səbəbli əlaqənin olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

28. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdeh Birlik iddiaçı tərəfindən qanunazidd hərəkətlər törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, iddiaçının sayğacdan kənar qazdan istifadə etməsi iş materialları ilə sübuta yetirilmir.

29. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə münasibətdə delikt törədərək Birliyə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, Birliyə vurmadığı zərərin əvəzini ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur.

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

34. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

35. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar